Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1983/2022 19.07.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Burcayev İmran Ramazan oğlunun sədrliyi, Muradova Ülkər Taleh qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Sumqayıt şəhəri, Çerkassi küçəsi, 76-cı məhəllə ərazisində yerləşən qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, dövlət reyestrindən Çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt Məhkəmə Kompleksinin (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) binasında inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia tələbini onunla əsaslandırımışdır ki, Sumqayıt Şəhər Bələdiyyəsinin xx.xx.2007- ci il tarixli 27 saylı qərarı ilə 2-ci qrup Qarabağ müharibəsi əlili İddiaçı, yəni iddiaçıya Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində Çerkassi küçəsində kommersiya obyektinin tikinti - quraşdırılması məqsədilə 24 kvadrat metr torpaq sahəsi istifadə üçün icarəyə ayrılmışdır. Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli 12 saylı Sərəncamı ilə ayrılmış 24 kvadrat metr torpaq sahəsində inşaat pasportuna uyğun kommersiya obyektinin tikinti-quraşdırılmasına icazə verilmişdir. Obyektin tikintisinə icazə verilməsinə dair sənəd və məlumatlar Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Tikintilərin Dövlət reyestrinə daxil edilmiş, tikinti obyektlərinə verilən koda dair Şəhadətnamə mövcuddur. Torpaq sahəsi ilə bağlı torpaq sahəsinin planı və ölçüsü tərtib edilmiş, X2 kitabında xx.xx.2011-ci il tarixdə 4930 nömrə ilə uçota alınmışdır. Eyni zamanda Sumqayıt Şəhər Bələdiyyəsi ilə icarə müqaviləsi bağlanmış, icarə müqaviləsinin müddəti bitməmiş, aidiyyəti qurumlar tərəfindən tikinti obyektinin istismarına icazə verilmişdir. İddiaçı Sumqayıt şəhəri, 76-cı məhəllə, Çerkassi küçəsində yerləşən bu qeyriyaşayış binası üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən Çıxarışın və texniki pasportun verilməsi ilə əlaqədar aidiyyəti üzrə cavabdeh orqana müraciət etmiş, lakin həmin idarə iddiaçıya daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə xx.xx.2022- ci il tarikli imtina məktubu - bildiriş göndərdi. Həmin imtina məktubunda qeyd olunmuşdur ki, idarənin mütəxəssisləri tərəfindən daşınmaz əmlakın natura quruluşu və ölçülərinin ərizəyə əlavə olunmuş sənədlərə uyğun olub-olmamasını müəyyənləşdirmək üçün sözügedən qeyri- yaşayış binasına müayinə baxışı keçirilərkən müəyyən olunmuşdur ki, ləğv olunmuş DT və XK tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli 4930 nömrəli torpaq sahəsinin plan və ölçüsündə qeyd edilən koordinatlarla faktiki koordinatlar arasında 0,3 metr sürüşmə fərqi vardır. Həmçinin faktiki tikintialtı sahənin 1,5 kvadrat metr hissəsi **********27-06301 reyestr nömrəli qeyri-yaşayış binasının torpaq sahəsi ilə üst-üstə düşür və 2,5 kvadrat metr zəbt torpaq sahəsi mövcuddur. Əvvəla, koordinatlar arasında 0,3 metr sürüşmə fərqi vardırsa, bu hal iddiaçıdan asılı olmayan səbəblərdən yaranmışdır. Faktiki tikintialtı sahənin 1,5 kvadrat metr hissəsinin **********27-06301 nömrəli qeyri-yaşayış binasının torpaq sahəsi ilə üst-üstə düşməsində də təqsiri yoxdur. İddiaçı heç kimin 2,5 kvadrat metr torpaq sahəsini zəbt etməmişdir. Bununla bağlı heç kim, heç bir qurum indiyə kimi iddiaçıya öz iradını bildirməmişdir. Qeyd edilməlidir ki, sözügedən obyekt texniki tikilmişdir. 2014- cü ildə Sumqayıt Şəhər İcra Hakimiyyəti bu obyektin və onun yanında yerləşən bütün obyektlərin ön fasad hissəsinə üzlük daşının vurulmasını tapşırmışdır. Həmin vaxtlar icra hakimiyyətinin təyin etdiyi işçilər tərəfindən bu sıradakı bütün obyektlərin ön hissəsində, eyni zamanda göstərilən obyektdə irəli çıxarılmaqla konstruksiyalar qurulmuş, bunun nəticəsində 2,5 kvadrat metr əlavə sahə artmışdır. Həmin konstruksiyalarda üzlük daşının vurulması üçün iddiaçı tərəfindən 1000 manatdan artıq vəiait xərclənmişdir. Sözügedən obyektə bitişik obyektin sahibinin deməsinə görə o da obyektin sənədləşdirilməsi ilə bağlı müraciət edən zaman 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən eyni qaydada imtina cavabı verilmiş, lakin məhkəməyə müraciətindən sonra məsələ öz həllini tapmış və obyektin qanuni sənədlərini əldə etmişdir. Ümumiyyətlə iddiaçı heç kimin yerinə girməmiş, heç kimin torpaq sahəsini zəbt etməmidirm. Eyni vəziyyətdə olan qonşu obyektlərin sahibləri dövlət reyestrindən çıxarış əldə etmişlər. Təqdim edilən fotoşəkillərə baxanda Çıxarışın verilməsi üçün imtinanın tam əsassız olduğu görünür. 24 kvadrat metr torpaq sahəsi ilə bağlı imzalanmış xx.xx.2011-ci il tarixli 241 nömrəli torpaq icarəsi müqaviləsinin müddəti hal-hazırda bitməmiş, uzadılmışdır. Bu barədə rəsmi sənədlər vardır. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarına əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin qərarın 6.1-ci bəndində qeyd olunmuşdur ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.2.). İş materiallarından göründüyü kimi iddia ərizəsi imzalanmamışdır. Eyni zamanda məhkəmə iclasında protokoldan kənar ifadə vermiş İddiaçı etibarnamə üzrə nümayəndəsi X1 bildirmişdir ki, iddia ərizəsi onun tərəfindən hazırlanmış və iddiaçının deyil, onun iradə ifadəsini əks etdirir. İddiaçı hazırkı iddia tələbini irəli sürməkdə niyyəti olmamışdır. Eyni zamanda X1 iddiaçının yaxın qohumu olmadığı üçün məhkəmədə onun səlahiyyətli nümayəndəsi hesab edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 69-cu maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Zəruri olduqda, məhkəmə izahat vermək üçün tərəfi şəxsən məhkəməyə çağırmaq hüququna malikdir. Fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir (69.1-1.) Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 15.1-ci bəndinə əsasən məhkəmələrə tövsiyə edilsin ki, işlərə baxarkən prosesin tərəfləri və onların prosesdə təmsil olunmaları ilə bağlı İPM-in müddəalarına əməl olunmasına ciddi diqqət yetirsinlər. Tərəfin həm inzibati prosessual hüquq qabiliyyətinə, həm də mülki və ümumi hüquq normalarına uyğun olaraq fəaliyyət qabiliyyətinə malik olub-olmadığı, eləcə də prosesdə nümayəndə və ya vəkil vasitəsilə lazımı qaydada təmsil edilib-edilmədiyi aydınlaşdırılmalıdır (İPM-in 25 və 26-cı maddələri). Tərəfin həm mülki, həm də prosessual hüquq və fəaliyyət qabiliyyətinə malik olub-olmadığı, eləcə də prosesdə nümayəndə və ya vəkil vasitəsilə lazımı qaydada təmsil edilib-edilmədiyi aydınlaşdırılmalıdır (15.2.). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia tələbi mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İmran Burcayev
Məhkəmə qərarları › İş №2-1(118)-1983/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1983/2022
19.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver