Məhkəmə qərarları › İş №2-1(118)-1984/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1984/2022

17.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1984/2022 17.06.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X5 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “Abşeron rayon Məmmədli kənd Bələdiyyəsinin 24 oktyabr 2002-ci il tarixli 84 saylı qərarı ilə ayrılmış Abşeron rayon Məmmədli kəndi ərazisində yerləşən sözügedən 0,06 ha torpaq sahəsinə dair məlumatların arxiv sənədlərinə əlavə edilməsi vəzifəsinin cavabdehin qarşısında öhdəlik olaraq qoyulmasına” dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia qaldıraraq “Abşeron rayon Məmmədli kənd Bələdiyyəsinin 24 oktyabr 2002-ci il tarixli 84 saylı qərarı ilə ayrılmış Abşeron rayon Məmmədli kəndi ərazisində yerləşən sözügedən 0,06 ha torpaq sahəsinə dair məlumatların arxiv sənədlərinə əlavə edilməsi vəzifəsinin cavabdehin qarşısında öhdəlik olaraq qoyulmasına” dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 2019-cu il tarixdə X3 Abşeron rayonu, Məhəmmədi kəndində yerləşən 0.06 hektar torpaq sahəsini almışdır. Qeyd edir ki, sözügedən torpaq sahəsi Abşeron rayonu, Məhəmmədi kənd bələdiyyəsinin 24 oktyabr 2002-ci il tarixli 84 saylı Qərarı ilə X4 adına ayrılmışdır (Qərardan çıxarışın surəti qoşmaya əlavə olunur). Aldığı həmin torpaq sahəsini sənədləşdirmək üçün Abşeron rayon Məhəmmədi kənd bələdiyyəsinə müraciət etmiş, oradan ona bildirmişdirlər ki, qeyd olunan torpaq sahəsinin arxiv sənədlərini əldə etdikdən sonra yaxınlaşsın. Daha sonra iddiaçı vətəndaş X3 aldığı və Abşeron rayonu Məhəmmədi kəndində yerləşən 0,06 ha torpaq sahəsinin arxiv sənədlərini əldə etmək üçün, Abşeron Rayon Dövlət Arxiv idarəsinə müraciət etmiş, sözügedən qurumdan ona verilən cavab məktubunda isə qeyd edilən torpaq sahəsinə dair heç bir məlumatın aşkar olunmadığı qeyd edilmişdir (sözügeən məktub qoşmaya əlavə olunur). Necə ola bilər ki, Abşeron rayon Məhəmmədi kənd bələdiyyəsinin 24 oktyabr 2002ci 1 tarixli, 84 saylı Qərarı ilə Abşeron rayon Məhəmmədi kəndi ərazisində 0.06 ha torpaq sahəsi ayrılır, lakin həmin Qərar arxiv sənədlərinə daxil edilmir? Hazırda Abşeron rayon Məhəmmədi kənd bələdiyyəsinin 24 oktyabr 2002-ci il tarixli, 84 saylı Qərarı ilə ayrılmış Abşeron rayon Məhəmmədi kəndi ərazisində yerləşən sözügedən 0,06 ha torpaq sahəsinlə dair məlumatların Abşeron rayon Məhəmmədi kənd bələdiyyəsi tərəfindən arxiv sənədlərinə əlavə edilməsi zərurəti yaranmışdır. Bu səbəbdən də mövcud tələblə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Tələbin hüquqi əsaslandırılması: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin 3-cü hissəsinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası MM-nin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. AR İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlər edilməsini tələb edə bilər. Məhkəmə iclasında iddiaçıya hüquqi yardım edilmiş, iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 05 saylı qərarının 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını yoxlamalıdırlar. İş materiallarından və iddiaçının izahatından görsənir ki, iddiaçı Abşeron rayon Məmmədli kənd Bələdiyyəsinin 24 oktyabr 2002-ci il tarixli 84 saylı qərarı ilə X4 adına ayrılmış Abşeron rayon Məmmədli kəndi ərazisində yerləşən sözügedən 0,06 ha torpaq sahəsinə dair məlumatların arxiv sənədlərinə əlavə edilməsini istəyir. Göründüyü kimi iddiaçı digər şəxslərlə bağlı hüquq tələbi irəli sürür. Lakin mövcud qanunvericiliyə əsasən bu tələbi həmin şəxsin özü irəli sürə bilər. İddiaçı etibarnamə ilə torpaq sahəsini aldığını bildirir. Lakin qanunvericilkdə torpaq sahəsinin bu cür əldə edilməsi nəzərdə tutulmamışdır. Bu halda məhkəmə hesab edir ki, iddiaçının hazırki iddia tələbi üzrə subyektiv hüququ yoxdur. Bundan əlavə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddia öhdəliyin icrası haqqında iddiadır. X1rılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırki iddia tələbi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3ci maddəsinə uyğun olaraq inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara aiddir. (öhdəliyin icrası haqqında iddia) Bu halda isə iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl inzibati orqana müraciət etməli, inzibati orqan imtina və ya hərəkətsizlik edərsə məhkəmədə iddia qaldıra bilər. Lakin iş materiallarından görsənir ki, iddiaçı eyni tələblə ilkin olaraq inzibati orqana müraciət etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Həmçinin izah edilsin ki, hüquq sahibi ilkin olaraq inzibati orqana müraciət edə bilər. İnzibati orqan imtina və ya hərəkətsizlik edərsə eyni tələblə inzibati məhkəməyə müraciət edə bilər. Eyni zamanda iddianın uğurluluq ehtimalı nəzərə alınaraq daha səmərəli hüquq müdafiə vasitəsi seçilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar