Məhkəmə qərarları › İş №2-1(118)-199/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-199/2022

24.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-199/2022 24.02.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X4 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi X2 (Mak.Go Global” MMC-də hüquqşünas vəzifəsində işləyən, ünvan 1 ünvanında yaşayan) Cavabdehin nümayəndələri X5 (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin Müraciətlərə baxılması və hüquq şöbəsində dövlət vergi müfəttişi işləyən, ünvan 2 ünvanında yaşayan) və X3 (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin operativ nəzarət şöbəsində baş dövlət vergi müfəttişi işləyən, ünvan 3 ünvanında yaşayan) iştirakı ilə İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı 16.05.2021-ci il tarixli **********9842 nömrəli qərarının ləğv edilməsi tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin iddiaçı barədə tərtib etdiyi 16.05.2021-ci il tarixli **********9842 nömrəli qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 01.07.2021-ci il tarixli qərardadı ilə inzibati işin aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin 16.05.2021 -ci il tarixli **********9842 nömrəli qərarı ilə Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilmədən verilməsinə görə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 977265.89 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Cavabdeh orqan tərəfindən verilmiş vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə **********9843 nömrəli tələbnamə verilərək qərarda göstərilən məbləğin dövlət büdcəsinə ödənilməsi tələb edilmişdir. Halbuki, iddiaçının istinad olunan satışı topdansatış qaydada həyata keçirməsi sübuta yetirilməmiş, MMC tərəfindən heç bir qanun pozuntusuna yol verilməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi C.Həmidov iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndələri X9 və X7 iddia tələbini qəbul etməyərək izah etdilər ki, Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən İddiaçı MMC-yə məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt yolu ünvanında yerləşən anbarda malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələləri üzrə 31.03.2021 -ci il tarixdən 29.04.2021-ci il tarixədək operativ vergi nəzarəti həyata keçirilmişdir. Operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı 01.04.2021-ci il tarixdə saat 13:50-də Baş İdarə tərəfindən İddiaçı MMC-yə məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt yolu ünvanında yerləşən anbarda Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələbləri pozularaq elektron qaimə tələb olunduğu halda heç bir elektron qaimə verilmədən 9772658,89 manat məbləğində malların ayrı-ayrı vergi ödəyicilərinə topdansatış qaydasında satılması faktı aşkar olunmuş və 01.04.2021-ci il tarixli 001599 nömrəli Akt tərtib edilmişdir. Həmin akt MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X6 təqdim edilsə də, nümayəndə aktı qəbul etməkdən və imzalamaqdan imtina etmişdir. Nəticədə vergi orqanı tərəfindən MMC-də keçirilmiş operativ vergi nəzarətinin nəticələri haqqında 01.04.2021-ci il tarixli 001599 nömrəli akta, eləcə də Vergi Məcəlləsinin müvafiq maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərin olmaması üzrə tərtib edilmiş akta və digər sənədlərə əsasən MMC-nin 977265.89 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır. İddiaçı MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə təqdim etdiyi 01.04.2021-ci il tarixli arayışda qeyd etmişdir ki, MMC-yə məxsus olan təsərrüfat subyeki Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt yolunun üzərində yerləşən anbardan ibarətdir. Digər yerlərdə MMC-yə məxsus obyekt (anbar) yoxdur. 01.04.2021-ci il tarixdə yoxlama keçirilən dövrdə anbarda və digər yerdə saxlancda və yolda MMC-yə məxsus mal yoxdur. Anbar boşdur, MMC- nin iş vaxtı həftənin 6 günü olmaqla saat 10:00-dan 18:00-a qədərdir. MMC-nin ticarət əlavəsi 2 (iki) faizdir. Eyni zamanda İddiaçı MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə 01.04.2021-ci il tarixdə verdiyi izahatda bildirmişdir ki, idxal olunmuş mallar qabaqcadan sifariş əsasında gətirilir və həmin mallara görə ödənilən pul vəsaiti ofisdə alındığı üçün NKA (nəzarət kassa aparatı) anbarda deyil, ofisdə yerləşir. Baş İdarənin əməkdaşları tərəfindən tərtib edilmiş 01.04.2021-ci il tarixli aktda da Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt yolu ünvanında (anbarda) operativ vergi nəzarətinin həyata keçirildiyi, anbarın pərakəndə satış üçün uyğun olmayan yerdə olması və nəzarət kassa aparatının göstərilən ünvanda olmaması qeyd edilmişdir. MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X8 NKA-nın (nəzarət kassa aparatı) Binəqədi rayonu, Ziya Bünyadov prospektində yerləşən qeydiyyatsız ofisdə olduğunu və bütün əməliyyatların oradan aparıldığını bildirmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.63 maddəsində topdansatışın anlayışı verilmişdir: topdansatış - malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qaimə-faktura və ya elektron-qaimə faktura və ya elektron vergi hesab-faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Dövlət Vergi Xidmətinin məlumat bazasında da İddiaçı MMC-nin əsas fəaliyyət növü kimi ixtisaslaşdırılmamış topdansatış göstərilmişdir. Göründüyü kimi İddiaçı MMC tərəfindən Vergi Məcəlləsinin 58.13 maddəsinin tələbləri pozularaq heç bir elektron qaimə təqdim edilmədən 9772658,89 manat məbləğində mal müxtəlif vergi ödəyicilərinə topdan şəkildə satılmışdır. İş materiallarına əlavə edilmiş : -Kommersiya qurumunun dövlət reyestrindən çıxarışdan görünür ki, İddiaçı MMC 21.09.2018-ci ildə vergi orqanından qeydiyyata alınmışdır. - Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında **********260 nömrəli qərarından görünür ki, İddiaçı MMC-yə məxsus obyektdə 31.03.2021-ci ildən 29.04.2021ci il tarixədək operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmışdır. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən aparılan Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, İddiaçı MMC-də növbədənkənar operativ vergi nəzarəti barədə qərar reyestrdə qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin 31.03.2021-ci il tarixli **********75298 nömrəli tələbnaməsindən görünür ki, İddiaçı MMC-dən operativ vergi nəzarətinin aparılması üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmişdir. -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 16.05.2021-ci il tarixli **********9842 nömrəli qərardan görünür ki, İddiaçı MMC-yə elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 977265.89 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. - Operativ vergi nıəzarətinin nəticəsi haqqında 01.04.2021-ci il tarixli 001599 nömrəli aktdan görünür ki, MAK.GO GLOBAL” MMC-yə məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt yolu ünvanında yerləşən anbarda idxal olunmuş 8217268,98 manatlıq malın 117646,06 (ƏD/V_li) manatını e-qaimə ilə satdığını, qalan hissəsini isə ticarət əlavəsi və ƏDV ilə birlikdə 9772658,89 manata ayrı-ayrı vergi ödəyicilərinə topdan şəkildə sataraq Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələblərinin pozulması müəyyən edilmişdir. Vergi ödəyicisinin səlahiyyətli nümayəndəsi aktl imzalamaqdan imtina etmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin **********9843 nömrəli tələbnaməsindən görünür ki, İddiaçı MMC-dən büdcəyə ödənilməli olan 977265.89 manat vəsaitin 26.05.2021-ci il tarixədək Sumqayıt YXO-nun hesabına ödənilməsi tələb edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını, iş materiallarını, o cümlədən iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İİ hissəsinə əsasən heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 50.1-ci maddəsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır:..... 50.1.13. malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən bu Məcəlləyə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Məhkəmə qeyd edir ki, cavabdeh vergi orqanı mübahisələndirilən qərarın qəbul edilməsi üçün əsası kimi iddiaçı müəssisənin topdansatış qaydada satış həyata keçirdiyi halda malları elektron qaimə-faktura tərtib edilmədən verməsi olmuşdur. Bununla bağlı məhkəmə hesab edir ki, məhkəmə araşdırması zamanı iddiaçının topdansatış fəaliyyəti ilə məşğul olmasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilmədi. İddiaçının yüksək məbləğdə satlş etməsi faktı onun topdansatış fəaliyyətlə məşğul olması faktı kimi qiymətləndirilə bilməz. Ümumiyyətlə, vergi ödəyicisinin pərakəndə və ya topdansatış fəaliyyətlə məşğul olmasını müəyyənləşdirmək üçün hər hansı məbləğ nəzərdə tutulmamışdır. İddiaçının topdansatış fəaliyyətlə məşğul olması yalnız vergi orqanının ehtimalıdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.62-ci maddəsinə görə pərakəndə satış – malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektronqaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Həmin Məcəllnin 13.2.63-cü maddəsinə əsasən topdansatış – malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Məhkəmə hesab edir ki, vergi ödəyiciinin elektron qaimə faktura göndərmək vəzifəsi yalnız vergi ödəyicisi kimi uçotda olan şəxslərə münasibətdə aid edilməlidir. Bu halda iddiaçının pərakəndə satış nöqtəsi kimi alıcı - fiziki şəxslərin sahibkarlıq subyekti olub-olmaması və onların vergi ödəyicisi kimi uçota alınıb-alınmamasını yoxlamaq kimi bir vəzifəsi yoxdur. Belə ki, iddiaçı pərakəndə qaydada satış həyata keçirdiyindən belə bir vəzifə daşımamışdır və kassa aparatının çekini verməklə kifayətlənmişdir. Qanunverici topdansatış fəaliyyəti ilə məşğul olan sahibkara pərakəndə satış fəaliyyəti ilə məşğul olmağı qadağan etmir. Vergi Məcəlləsinin 16.1.11-7-ci maddəsinə əsasən pərakəndə ticarət və (və ya) ictimai iaşə fəaliyyəti zamanı malların (işlərin, xidmətlərin) alıcılarına onların tələbinə əsasən nəzarət-kassa aparatının çeki ilə yanaşı, elektron qaimə-faktura təqdim etmək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın 3.12-ci bəndinə əsasən vergi ödəyicisi topdansatış ticarətlə yanaşı, digər fəaliyyət növləri həyata keçirdikdə, alınmış malların təyinatına uyğun olaraq ayrıca uçota almalıdır. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş “Pərakəndə ticarət fəalkiyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması”Qaydasının 4.2-ci bəndinə əsasən, vergi ödəyicisinin təsərrüfat subyektində (obyektdə) mallar pərakəndə və topdansatış qaydasında təqdim edildikdə, bu fəaliyyətlər üzrə malların mədaxilinin və məxaricinin (satışının) uçotu ayrılıqda aparılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Həmin Məcəllənin 53.3-cü maddəsinin dördüncü bəndində qeyd edilir ki, vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarına və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal- İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin İddiaçı MMC barəsində 16.05.2021-ci il tarixli **********9842 saylı qərarı ləğv edilməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin İddiaçı MMC barəsində 16.05.2021ci il tarixli **********9842 saylı qərarı ləğv edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar