Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1991/2021 15.10.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Oruclu Nurlan Zöhrab oğlunun katibliyi, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “onun 26.05.2021-ci il tarixli və 10.06.2021-ci il tarixli şikayət ərizələrinin cavablandırılmasında ifadə olunan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin vəzifəli şəxslərinin hərəkətlərinin (hərəkətsizliyinin) qanunsuz hesab olunması və 2-ci məharət dərəcəsinin 1 pillə aşağı endirilməsi haqqında N №li hərbi hissə komandirinin N.05.2021-ci il tarixli 075 №li əmrinin ona aid hissəsində ləğv olunması” tələbinə dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “onun 26.05.2021-ci il tarixli və 10.06.2021-ci il tarixli şikayət ərizələrinin cavablandırılmasında ifadə olunan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin vəzifəli şəxslərinin hərəkətlərinin (hərəkətsizliyinin) qanunsuz hesab olunması və 2-ci məharət dərəcəsinin 1 pillə aşağı endirilməsi haqqında N №li hərbi hissə komandirinin N.05.2021-ci il tarixli 075 №li əmrinin ona aid hissəsində ləğv olunması” barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, 15.08.1998-ci il tarixdən 24.08.2021-ci il tarixədək AR Müdafiə Nazirliyinin müxtəlif hərbi hissələrində xidmət etmişdir. AR Müdafiə Nazirinin 01224 №-li, 24.08.2021-ci il tarixli əmri ilə “polkovnik- leytenant” hərbi rütbəsində N №-li hərbi hissədən “Hərbi Xidmətkeçmə Haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) ehtiyata buraxılmışdır. N №-li hərbi hissədə “Hərbi inspeksiyanm baş zabiti - inspektor” vəzifəsində xidmət edərkən birbaşa rəisi olan Hərbi inspeksiyanm rəisi, general-mayor Lənkəran Əliyevin təqdimatına əsasən N №-li hərbi hissə komandirinin N.05.2021-ci il tarixli, N №-li əmri ilə 2-ci məharət dərəcəsi 3-cü məharət dərəcəsinə endirilmişdir. Məharət dərəcəsinin 1 pillə aşağı salınmasını qanunsuz və əsassız hesab edir. Belə ki, “Azərbaycan ordusunun hərbi qulluqçularına məharət (ixtisas) dərəcələrinin verilməsi (təsdiq edilməsi) qaydaları haqqında” Əsasnamənin 37-ci maddəsində məharət dərəcəsinin endirilməsi şərtləri göstərilmişdir. Onun məharət dərəcəsinin 1 pillə aşağı endirilməsi haqqında N №-li hərbi hissə komandirinin N.05.2021ci il tarixli, N №-li əmrində sadalanan şərtlər həmin Əsasnamənin 37-ci maddəsində göstərilən şərtlərə uyğun gəlmir. O, 26.05.2021-ci il tarixdə nümayəndəsi vasitəilə AR Müdafiə Nazirinə və N №-li hərbi hissə komandirinə təkrar şikayət ərizəsi ilə müraciət edərək general-mayor Lənkəran Əliyevin onu təhqir etdiyini, məharət dərəcəsini 1 pillə aşağı salınması haqqında raport yazacağı ilə hədələdiyini bildirmiş və onun iddiaçıya qarşı qanunsuz hərəkətlərinə və özbaşınalığına son qoyulmasını, məharət dərəcəsinin ləğv olunmasının və ona elan edilə biləcək əsassız inzibati cəzalarının qarşısının alınması barədə göstəriş verilməsini xahiş etmişdir. Lakin müraciəti cavabsız və nəticəsiz qalmış və N №-li hərbi hissə komandirinin N №-li N.05.2021-ci il tarixli əmri ilə 2-ci məharət dərəcəsi 1 pillə aşağı endirilmişdir. Bundan sonra o, 10.06.2021-ci il tarixdə yenidən nümayəndəsi vasitəsilə AR Müdafiə Nazirliyinə və N №-li hərbi hissə komandirinə ərizə ilə müraciət edərək 2-ci məharət dərəcəsinin 1 pillə aşağı salınmasının səbəbləri barədə ona məlumat verilməsini və N №-li hərbi hissə komandirinin N.05.2021-ci il tarixli əmrinin ləğv olunması üçün göstəriş verilməsini xahiş etmişdir. Lakin onun bu müraciəti də bugünədək cavablandırılmamış və nəticəsiz qalmışdır. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə uyğun olaraq ona hüquqi yardım olunması üçün məhkəməyə dəvət olunmuş və həmin normaya uyğun olaraq onun tələbi aydınlaşdırılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarında qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub- olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub- olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar, iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. Hazırki işdə iddiaçı onun 26.05.2021-ci il tarixli və 10.06.2021-ci il tarixli şikayət ərizələrinin cavablandırılmasında ifadə olunan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin vəzifəli şəxslərinin hərəktlərinin (hərəkətsizliyinin) qanunsuz hesab olunması və 2-ci məharət dərəcəsinin 1 pillə aşağı endirilməsi haqqında N №li hərbi hissə komandirinin N.05.2021-ci il tarixli 075 №li əmrinin ona aid hissəsində ləğv olunmasını məhkəmədən xahiş edir. Göründüyü kimi iddia inzibati aktın ləğvi ilə bağlı olmaqla Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia növünə aiddir. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Mübahisləndirmə haqqında iddialara baxılması üçün prosessual qanunvericilikdə müəyyən şərtlər nəzərdə tutulmuşdur ki, bu şərtlərə əməl olunmadan məhkəmədə iddia qaldırılması həmin iddiaya baxılmasının mümkünsüzlüyünə səbəb olur. Buna görə də qeyd edilən iddia növünün şərtlərinə uyğun olaraq məhkəmə müddət məsələsinə münasibət bildirilməsini zəruri hesab edir və hesab edir ki, hazırki işdə iddianın qaldırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti ötürülmüşdür. Belə ki, iddiaçının məhkəmədə mübahisələndirdiyi əmr N №li hərbi hissə komandirinin N.05.2021-ci il tarixli 075 №li əmrinin ona aid hissəsində ləğv olunması ilə bağlı olmaqla N may 2021-ci il tarixdə qəbul edilmişdir. Yuxarıda qeyd edilən və iddiaçıya təqdim edilən sənədlərin təqdim edilməsi vaxtından uzun müddət keçdikdən sonra məhkəməyə ərizə verməklə mübahisələndirmişdir ki, bu da iddia verilməsi ilə əlaqədar qanunvericiliyin tələblərinə ziddir. Azərbaycan Respublikası İPM-nin 48.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bununla əlaqədar sənədləri məhkəməyə təqdim etməyə borcludurlar. Göründüyü kimi hazırkı iş üzrə iddiaçının mübahisələndirdiyi əmrdən həmin əmr ona elan olunduğu tarixdən 30 gün şikayət vermək hüququ olmuşdur. Beləliklə iddiaçı mübahisələndirilən əmrdən məlumatı olduğu halda 4 aydan artıq müddət keçdikdən sonra, 01.10.2021-ci ildə məhkəməyə müraciət etməklə iddia müddətini ötürmüşdür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “onun 26.05.2021-ci il tarixli və 10.06.2021-ci il tarixli şikayət ərizələrinin cavablandırılmasında ifadə olunan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin vəzifəli şəxslərinin hərəkətlərinin (hərəkətsizliyinin) qanunsuz hesab olunması və 2-ci məharət dərəcəsinin 1 pillə aşağı endirilməsi haqqında N №li hərbi hissə komandirinin N.05.2021-ci il tarixli 075 №li əmrinin ona aid hissəsində ləğv olunması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Mirzəyeva
Məhkəmə qərarları › İş №2-1(118)-1991/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1991/2021
15.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver