Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1994/2024 06.06.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi 313 ünvanında yerləşən “A”, “B” və “C” (1, 2 və 3 nömrəli) zirzəmili, mansardlı çoxmərtəbəli yaşayış binaları üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın və texniki sənədlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiasına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı məhkəməyə ilkin olaraq müraciət edib Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi 313 ünvanında yerləşən “A”, “B” və “C” zirzəmili və mansard mərtəbəli çoxmərtəbəli yaşayış binaları üzərində İddiaçı MTK-nın hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi və texniki pasportun tərtib edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbini dəqiqləşdirərək, yuxarıda qeyd edildiyi kimi nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MTK Azərbaycan Respublikası Vergilər Nazirliyində qeydiyyatdan keçərək ********** nömrəli VÖEN əldə etmiş və hazırda Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun qaydada fəaliyyətini həyata keçirir. MTK-nın əsas fəaliyyət istiqaməti yaşayış komplekslərin inşaatını həyata keçirməkdən ibarətdir.ünvan 1 ünvanda yerləşən 0.102470 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı MTK-ya məxsusdur. MTK-nın mülkiyyət hüququ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınaraq çıxarış verilmişdir. ünvan 2 ünvanda yerləşən “A”, “B” və “C” çoxmərtəbəli yaşayış binaları üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciətinə 4 saylı Abşeron Ərazi İdarəsində baxılaraq, xx.xx.2023-cü il tarixli məktubla ərizənin icrasından imtina edilmişdir. Hesab edir ki, imtina əsassızdır, tərəfindən mülkiyyət hüqununun qeydə alınması üçün əsas olmuş bütün sənədlər qeydiyyat orqanına təqdim edilmişdir. Cavabdeh orqan müraciətinə formal imtina verməklə qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur.Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 15-ci maddəsi hüquqların dövlət qeydiyyatından imtinanı özündə əks etdirir ki, hazırkı vəziyyətdə həmin imtina əsaslarından heç biri İddiaçınə münasibətdə təsdiqini tapmır. Bundan başqa imtinanın birinci hissəsi ilə bağlı qeyd edirik ki, tikinti obyektinin istismarına icazə sənədi, qanunamüvafiq qaydada təsdiqlənmiş eskiz layihəsi və digər zəruri sənədlər qovluq şəkildə inzibati orqana təqdim olunmuş, lakin cavabdeh bizə məlum olmayan səbəbdən həmin sənədlərin müraciətə əlavə olunmaması qənaətinə gəlmişdir.İmtinanın ikinci hissəsi ilə bağlı qeyd edirik ki, çoxmərtəbəli yaşayış binalarının yerləşdiyi torpaq sahəsinin 0.102470 ha hissəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı MTKnın, 0.8007 ha hissəsi isə təsisçi X1 mülkiyyətindədir. İnzibati orqana müraciət edərkən Cəmilə Əliyevanın razılıq ərizəsi qovluğa əlavə olunsa da cavabdeh bu hissədə də düzgün nəticəyə gəlməmişdir. İmtina qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi və vəkili eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdə göstərilənlər araşdırılmış və aşağıdakılar müəyyənləşdirilmişdir: Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi 313 ünvanında yerləşən “A”, “B” və “C” çoxmərtəbəli yaşayış binalarının tikinti obyektinin istismarına icazə sənədləri və eskiz layihələri əvvəlki müraciətə əlavə edilsə də sonuncu müraciət üzrə sözügedən sənədlərin idarəyə təqdim edilmədiyi və çoxmərtəbəli yaşayış binalarının yerləşdiyi torpaq sahəsinin nizamnamə pay fonduna verilmədiyi müəyyən olunmuşdur.Gösətirlən səbəbdən ərizənin icrası mümkün olmamışdır.Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin Abşeron Rayon İcra Hakimiyyətini və Dövlət Şəhərsalma və Arxitektura Komitəsini üçüncü şəxs qismində işə cəlb olunmasının zəruriliyinə münasibətdə məhkəmə qeyd edir ki, Abşeron rayon İcra Hakimiyyəti tikilinin inşasına icazə verib istismara qəbul etdiyinə görə, tikili Abşeron rayonunun inzibati ərazisində yerləşdiyi görə (yəni inşa edilən tikililərə verilən icazələr Bakı şəhəri istisna olunmaqla yerli icra hakimiyyətləri tərəfindən verildiyinə görə) adları qeyd olunan təşkilatların nə zəruri, nə də adi qaydada cəlb edilməsinə lüzum yoxdur. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdehin xx.xx.2023-cü il tarixli, 3-21-3-32/2-13012/2023 nömrəli imtina məktubu, etirazı, DƏDRX tərəfindən verilmiş **********89 reyestr nömrəli çıxarışın təsdiqlənmiş surəti, İddiaçı təsis sənədləri, çoxmənzilli yaşayış sahəsinə dair eskiz layihənin təsdiqlənmiş surəti, Abşeron Rayon İcra Hakimiyyəti başçısının 72 nömrəli, xx.xx.2018-ci il tarixli Sərəncamın təsdiqlənmiş surəti, Abşeron Rayon İcra Hakimiyyəti başçısının 403 nömrəli, xx.xx.2020-ci il tarixli Sərəncamın təsdiqlənmiş surəti, Abşeron Rayon İcra Hakimiyyəti başçısının Tikinti obyektinin istismarına dair xx.xx.2021-ci il tarixli, 60 nömrəli icazəsinin surəti, Abşeron Rayon İcra Hakimiyyəti başçısının Tikinti obyektinin istismarına dair xx.xx.2021-ci il tarixli, 61 nömrəli icazəsinin surəti, Abşeron Rayon İcra Hakimiyyəti başçısının Tikinti obyektinin istismarına dair xx.xx.2021-ci il tarixli, 66 nömrəli icazəsinin surəti, Abşeron Rayon İcra Hakimiyyəti başçısının Tikinti obyektinin istismarına dair xx.xx.2022-ci il tarixli, 01 nömrəli icazəsinin surəti, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin təsdiq etdiyi ö/004543 nömrəli, xx.xx.2021-ci il tarixli İstismara hazırlıq Aktı, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin təsdiq etdiyi ö/005262 nömrəli, xx.xx.2021-ci il tarixli İstismara hazırlıq Aktı, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin təsdiq etdiyi ö/005300 nömrəli, xx.xx.2022-ci il tarixli İstismara hazırlıq Aktı, cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 321332/2-4763/24 nömrəli məktub və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4)İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun mübahisə predmeti olan çoxmənzilli yaşayış binalarına Abşeron Rayon İcra Hakimiyyətinin obyektin tikintisinə icazənin verildiyi vaxtdan yaranmış olur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDKR-in 4 saylı Ərazi İdarəsi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan torpaq sahəsi DƏDKR-in 4 saylı Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDKR-in 4 saylı Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDKR-in 4 saylı Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı DƏDKRin 4 saylı Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqanın xx.xx.2023-cü il tarixli, 3-21-3- 32/2-13012/2023 nömrəli imtina məktubu ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Mübahisəli daşınmaz əmlakın Abşeron rayonunda yerləşməsini nəzərə alaraq məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin qanunun 8-ci maddəsinə əsasən, Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar bunlardır: .....8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd və.s. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı üzvü və payçısı X1 ünvan 3 ünvanında xüsusi mülkiyyətində olan 0.8007 ha torpaq sahəsində yerləşən çoxmənzilli yaşayış binalarının üzərində İddiaçı mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə əlaqədar DƏDKR-in 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmişdir. Həmin müraciət cavabdeh təşkilat tərəfindən qeydiyyata alınmışdır. Lakin, inzibati orqan müraciətdə göstərilən və yeni inşa edilmiş çoxmənzilli yaşayış binalarına dair İddiaçı mülkiyyət hüququnu qeydiyyata almaqdan imtina etmişdir. Bundan sonra iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, özü tərəfindən inşa edilmiş və ünvan 3 ərazisində yerləşən çoxmənzilli yaşayış binalarının üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması öhdəliyinin DƏDKR-in 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulmasını xahiş etmişdir. Cavabdeh təşkilatın imtina məktubu və etiraz ərizəsində çoxmənzilli yaşayış binalarının üzərində mülkiyyət hüquqlarının qeydə alınmasından imtina üçün gətirdiyi arqumentlər aşağıdakılardan ibarətdir: 1) çoxmərtəbəli yaşayış binalarının tikinti obyektinin istismarına icazə sənədləri və eskiz layihələri əvvəlki müraciətə əlavə edilsə də sonuncu müraciət üzrə sözügedən sənədlərin idarəyə təqdim edilmədiyi, 2) Yaşayış binalarının yerləşdiyi torpaq sahəsinin İddiaçı MTK-nın nizamnamə pay fonduna verilmədiyi, Cavabdehin imtinasında göstərdiyi 1-ci arqumentə münasibətdə məhkəmə qeyd edir ki, müvafiq torpaq sahəsinə dair iddiaçı tərəfindən məhkəməyə bütün hüquqmüəyyənedici sənədlər təqdim edilmişdir. Belə olan halda cavabdeh təşkilatın imtinası öz əsassız mülahizəsinə əsaslanmışdır. Bundan başqa məhkəmə aşağıdakıları da qeyd etməyi zəruri bilir. Nəzərə alınmalıdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu 8-ci, 10-cu və 11-ci maddələrində daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı barədə əsaslar, həmin hüquqların dövlət qeydiyyatına alınması üçün tələb edilən sənədlərin siyahısı və təqdim edilən sənədlərə dair tələblər öz əksini tapmışdır. Qeyd olunan müddəalarda maraqlı şəxslərin hüquqlarına və mənafelərinə təsir etməyən və mühüm nəticələrə səbəb olmayan qeydlərin olmaması səbəbindən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün əsaslar mövcud deyil. Belə ki, hüquqların qeydiyyata alınması zamanı hüquqi əsasların olması mütləq amillərdən biridir. Digər tərəfdən o da nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin 9 noyabr 2007-ci il tarixli 647 nömrəli Fərmanı ilə təsdiq edilmiş və 19 mart 2019-cu il tarixli 597 nömrəli Fərmanı ilə dəyişikliklər edilmiş Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında Əsanamənin 8.20-3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallarda tikinti obyektlərinin tikintisinə və istismarına icazə vermək Komitənin vəzifəsidir. Həmin Məcəllənin 101.4-cü maddəsinə əsasə tikinti obyektinin istismarına icazənin vahid forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 102.7-ci maddəsinə əsasən tikinti obyektlərinin istismarına icazə verilməsi barədə qərar qəbul edildiyi gündən, habelə məlumatlandırma icraatının tətbiq olunduğu tikinti obyektlərinin tikintisinin başa çatması barədə sifarişçi tərəfindən məlumat verildikdən sonra, müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (reklam qurğularına münasibətdə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum) 5 iş günü müddətində bu barədə vahid informasiya təminatı sisteminin tərkib hissəsi olan Tikintilərin Dövlət reyestrinə məlumat təqdim etməlidir. Həmin məlumatlar 3 iş günü müddətində Tikintilərin Dövlət reyestrinin internet səhifəsində yerləşdirilir. Həmin Məcəllənin 103.1.6-cı maddəsinə əsasən tikintilərin dövlət reyestri tərəfindən tikinti obyektinə verilmiş kodun nömrəsi tikinti obyektinin istismarına icazədə sənədində göstərilməlidir. Həmin Məcəllənin 104.2-ci maddəsinə əsasən tikintilərin Dövlət reyestri müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır. Həmin Məcəllənin 102.8-ci maddəsinə əsasən bu Məcəllənin 102.1-ci maddəsində nəzərdə tutulmuş tikinti sənədlərinin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 4.2-ci bəndinə əsasən Şəhərsalma və Tikinti Məcəlləsinin 101.4-cü və 102.8-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 12 yanvar tarixli 4 nömrəli qərarı ilə təstiq edilmiş “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydalarının” 1.1-ci bəndinə əsasən tikintilərin Dövlət reyestrinə (bundan sonra - Reyestr) daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları (bundan sonra – Qaydalar) “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.6.26-cı yarımbəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sisteminin tərkib hissəsi olmaqla, Reyestrə daxil edilən məlumatların tərkibini, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması qaydalarını tənzimləyir. Həmin Qaydaların 4.2-ci maddəsinə əsasən tikintiyə icazə verən orqan (qurum) tikintiyə icazə verdiyi tarixdən 3 iş günü müddətində bu Qaydaların 3.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənəd və məlumatları Reyestrə təqdim edir. Bu məlumatlar Reyestr kitabında qeydə alınır, 3 (üç) iş günü müddətində elektron bazaya daxil edilməklə, tikinti obyektinə kod verilir və bu barədə bu Qaydalara Əlavədə göstərilən Şəhadətnamə məlumatları təqdim etmiş tikintiyə icazə verən orqana (quruma) göndərilir. Kağız və elektron daşıyıcılarda qeydə alınmış göstəricilər bir-birinə uyğun olmalıdır. Fərq aşkar edilərsə, kağız üzərində olan yazılara üstünlük verilir. Reyestrə daxil edilmiş tikinti obyektlərinə dair sənəd və məlumatlar qovluqlarda saxlanılır. Gələcəkdə həmin tikintilərdə müvafiq dəyişikliklər edilməsi barədə məlumat daxil olduqda həmin məlumatlar aidiyyəti qovluqlara əlavə olunur və rəhbərin yazılı göstərişi əsasında Reyestrdə müvafiq dəyişikliklər aparılır. Həmin Qaydaların 4.4-cü bəndinə əsasən reyestrin yaranmasından əvvəl tikintisinə başlanılmış, lakin istismarına icazə verilməmiş tikinti obyektlərinə dair bu Qaydaların 3.1.1-ci yarımbəndində nəzərdə tutulan məlumat və sənədlər yerli icra hakimiyyəti orqanı və ya sifarişçi tərəfindən Reyestrə təqdim edilir və tikinti obyektinə kod verilir. Qeyd olunan maddi hüquq normalarının təhlilindən görünür ki, tikinti obyektinə müvafiq kodun verilməsinin məqsədi tikinti fəaliyyətinin vahid informasiya təminatı sisteminin həyata keçirilməsi üçün həyata keçirilir. Başqa sözlə desək Tikinti Reyesterinə tikili barədə məlumatların daxil edilməməsi tikinti obyektinin üzərində dövlət nəzarətinin həyata keçirilməsi üçün vacib amillərdən biri olan texniki göstəricilərə cavab verməməsi anlamı ilə bərabər tutula bilməz. Nəzərə alınmalıdır ki, “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydalarının 4.4-cü bəndində reyestrin yaranmasından əvvəl tikintisinə başlanılmış tikililərə sonradan kodun verilməsi yalnız istismara qəbul edilməyən tikililərə şamil edilmişdir. Bundan başqa o da nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasinin Şəhərsalma və Tikinti Məcəlləsinin 96.2-ci maddəsinə əsasən tikintiyə nəzarətin 1) dövlət nəzarəti, 2) texniki nəzarət, 3) müəllif nəzarəti, 4) daxili əməliyyat nəzarəti növləri vardır. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən tikintiyə texniki nəzarət sifarişçi tərəfindən təmin edilir və müvafiq peşə sertifikatına malik şəxslər tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 98.2-ci maddəsinə əsasən tikintiyə texniki nəzarətin həyata keçirilməsi qaydaları şəhərsalma və tikintiyə dair normativ sənədlərlə tənzimlənir. Həmin Məcəllənin 98.3-cü maddəsinə əsasən texniki nəzarətin həyata keçirilməsinin tələb olunmadığı tikinti obyektləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 17 noyabr tarixli 349 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”nın 1.1-ci bəndinə əsasən bu Qaydalar tikinti layihəsində nəzərdə tutulmuş işlərin, o cümlədən tamamlama və abadlıq işlərinin yerinə yetirilməsi nəticəsində obyektin inşası və ya təmiri, yenidən qurulması, yaxud bərpası (bundan sonra – tikinti-quraşdırma) işlərinin bütün mərhələlərində dövlət nəzarətinin həyata keçirilməsi prosedurunu və mexanizmini müəyyən edir. Həmin Qaydaların 1.2-ci bəndinə əsasən tikintiyə dövlət nəzarətinin məqsədi tikinti-quraşdırma və söküntü işlərinin qanunvericiliyin tələblərinə uyğun aparılmasını, bu işlərin yerinə yetirilməsi prosesində yol verilmiş pozuntuların vaxtında aşkar edilməsini və aradan qaldırılmasını, tikinti obyektlərinin etibarlılığını (dayanıqlılığını və möhkəmliyini) təmin etməkdir. Həmin Qaydaların 1.3-cü bəndinə əsasən bu Qaydaların müddəaları, Məcəllənin 79.1-ci maddəsinə uyğun olaraq tikintisinə icazə tələb edilməyən obyektlər istisna olunmaqla, bütün tikinti obyektlərinə, habelə “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun 10-cu maddəsinə uyğun olaraq Məcəllənin qüvvəyə minməsindən əvvəl tikintisi başlanılmış və başa çatdırılmamış obyektlərin tikintisinə də şamil olunur. Həmin Qaydaların 1.4-cü bəndinə əsasən tikinti fəaliyyətinin bütün subyektləri, mülkiyyət formasından asılı olmayaraq, tikintiyə dövlət nəzarətini həyata keçirən vəzifəli şəxslərin tikinti obyektlərinə (xüsusi rejimli obyektlərə - müvafiq qaydada razılıq alındıqdan sonra) maneəsiz daxil olmasını, dövlət nəzarətinin həyata keçirilməsi üçün onlara müvafiq şəraitin yaradılmasını, tikintiyə aid tələb olunan sənədlərin təqdim edilməsini və tikintidə aşkarlanmış pozuntuların Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə aradan qaldırılmasını təmin etməlidirlər. Yuxarıda qeyd olunan maddi hüquq normalarından müəyyən edilir ki, Bakı şəhərindən kənarda olan qeyri yaşayış sahələrinin inşası yerli icra hakimiyyətinin müvafiq razılığı əsasında həyata keçirilirdi. İnşa edilmiş tikililər texniki şərtlərə cavab verməli idi. Belə ki, texniki şərtlər tikiliyə verilən icazənin tərkib hissəsi olmuşdur. Yaşayış binasının inşası başa çatdıqdan sonra onun şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünə dair yerli icra hakimiyyəti tərəfindən istismara icazə sənədi verilir. Tikintiyə nəzarətin məqsədi obyektin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə əməl olunmaqla tikilməsini təmin etməkdən ibarətdir. Tikintiyə nəzarətin 1) dövlət nəzarəti, 2) texniki nəzarət, 3) müəllif nəzarəti, 4) daxili əməliyyat nəzarəti növləri vardır. Tikililərə dövlət nəzarəti Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilir və nəzarət çərçivəsində obyektin tikinti layihəsinə uyğun aparılması, inşaat konstruksiyalarının (karkasların, qəliblərin və s.) yararlılığı, tikintinin təhlükəsizliyinin təmin olunması, habelə şəhərsalma və tikinti fəaliyyəti subyektlərinin öz vəzifələrini lazımi qaydada icra etmələri yoxlanılır. Texniki nəzarət- müvafiq peşə sertifikatına malik şəxslər tərəfindən həyata keçirilir və obyektin texniki şərtlərə cavab verib-verməməsini müəyyən edir. Texniki nəzarətin həyata keçirilməsinin tələb olunmadığı tikinti obyektləri müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabineti) tərəfindən müəyyən olunur. Müəllif nəzarəti-layihəçi tərəfindən, daxili əməliyyat nəzarət isə podratçı tərəfindən həyata keçirilir. Hazırkı, iddia tələbinin predmeti olan çoxmənzilli yaşayış binasının tikililərə dövlət nəzarətini həyata keçirən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin təsdiq etdiyi müvafiq İstismara hazırlıq Aktları ilə tikinti qaydalarına uyğun inşa edilməsinə dəlalət edir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 15.3-cü maddəsinə əsasən inzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Belə olduğu tədqirdə cavabdeh təşkilatın imtinasında gətirdiyi birinci arqumenti əsassız olur. Cavabdeh təşkilatın etirazda göstərdiyi ikinci arqumenti, yəni yaşayış binasının yerləşdiyi torpaq sahəsinin İddiaçı MTK-nın nizamnamə pay fonduna verilmədiyini araşdıraraq müəyyən olundu ki, torpağın mülkiyyətçisi olan X4 ilə SAS İnşaat MTK arasında qeyd olunan torpaq sahəsi ilə bağlı xx.xx.2123-cü il tarixinədək icarə müqaviləsi bağlanmış və çoxbərtəbəli yaşayış binalarının yerləşdiyi torpaq sahəsi üzərində İddiaçı icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Ona görə də cavabdeh təşkilatın gətirdiyi 2-ci arqument də əsassız olur. Cavabdeh təşkilat qeydiyyat orqanı kimi üzərinə düşən əsas vəzifələri yerinə yetirmək əvəzinə əsasız yerə formal tələb irəli sürməklə qanunla ona verilmiş hüququdan sui-istifadə edir. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hüquqlardan sui-istifadə qadağandır. Bundan başqa nəzərə alınmalıdır ki, cavabdeh təşkilatın hərəkətləri “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə ziddir. Belə ki, Həmin Qanunun 19.1-ci maddəsinə görə İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Göründüyü kimi iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin mötəbərliyini şübhə halına gətirən hər hansı bir dəlil cavabdeh təşkilat tərəfindən məhkəməyə təqdim edilməmişdir. Həmçinin məhkəmə onu da qeyd etməyi zəruri bilir ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 2021-ci il 30 noyabr tarixli 03 nömrəli qərarı ilə təsdiq edilmiş AzDTN 2.7-2 Yaşayış binaları. Layihələndirmə normalarının 1-ci bəndinə əsasən “Yaşayış binaları. Layihələndirmə normaları”nın tələblərinə yeni tikilən, hündürlüyü 75 m-dən çox olmayan çoxmənzilli yaşayış binalarının və mənzil tipli yataqxanaların, çoxfunksiyalı binaların tərkibində yaşayış sahələrinin layihələndirilməsində, həmçinin, onların istismarı, texniki yeniləşdirilməsi, yenidən qurulması və əsaslı təmirində təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq bütün hüquqi və fiziki şəxslər tərəfindən riayət olunmalıdır. Həmin Normaların 3-cü bəndinə əsasən iki və daha çox mənzildən ibarət, mənzillərinin ümumi istifadə sahələri və mühəndis sistemləri olan yaşayış binası- çoxmənzilli yaşayış binası hesab olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 21 fevral tarixli 51 nömrəli qərarı ilə təsdiq edilmiş “Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydalar”ın 4-cü bəndinə əsasən 9 və daha çox mərtəbəli çoxmənzilli yaşayış binaları- çoxmətəbəli yaşayış binaları, 5-8 mərtəbəli çoxmənzilli yaşayış binaları- orta mərtəbəli yaşayış binaları, 5 mərtəbəyə qədər olan çoxmənzilli yaşayış binaları isəazmərtəbəli yaşayış binaları hesab olunur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 13.2-ci maddəsinə əsasən otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş ev yaşayış evi hesab edilir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.11-ci maddəsinə əsasən insanların yaşaması, fəaliyyəti, təbiət təsirlərindən qorunması, onlara sosial, mədəni və məişət xidmətlərinin göstərilməsi, eləcə də istehsalat sahələrinin yerləşdirilməsi və ya maddi dəyərlərin saxlanması üçün nəzərdə tutulmuş qapalı həcm-fəza quruluşuna malik olan tikinti obyekti-bina hesab edilir. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 135 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestrinin aparılması Qaydaları”nın 1-ci bəndinə əsasən dövlət reyestrinin aparılması dedikdə, daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqları, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsi, onlara xitam verilməsi barədə məlumatların dövlət reyestrinə daxil edilməsi başa düşülür. Həmin Qaydaların 10.3-cü bəndinə əsasən dövlət reyestrinin bölmələrinə konkret daşınmaz əmlak növünün adı verilir. Sadalanan maddi hüquq normalarından məlum olur ki, ümumi istifadə sahələri və mühəndis sistemləri olan çoxmənzilli yaşayış binalarının çoxmərtəbəli, ortamətəbəli və azmərtəbəli növləri var. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin tələblərinə əsasən yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş və yardımçı sahələrdən ibarət yaşayış sahələri fərdi yaşayış evləri hesab edilir. Göründüyü kimi çoxmətəbəli yaşayış binaları ilə fərdi yaşayış evləri arasında olan fərq Qanunvericilikdə öz əksini tapmışdır. Yəni həmin normalardan görünür ki, çoxmətəbəli yaşayış evləri yalnız çoxmənzilli ola bilər. İddiaçının inşa etdirdiyi tikili çoxmərtəbəli yaşayış binasıdır. Məhkəmə qeyd etməyi zəruri bilir ki, “Daşınmaz əmlakın dövlət reyestrinin aparılması Qaydaları”nın 18.5.1-ci maddəsində göstərilmiş bölmələrin arasında azmərtəbəli və ortamərtəbəli yaşayış binaları anlayışı nəzərdə tutulmadığı halda həmin mənzillər çoxmərtəbəli yaşayış binaları bölməsinə daxil edilirlər. Halbuki, “Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydalar”da qeyd olunan çoxmərtəbəli yaşayış binalarının fərqi göstərilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Sas İnşaat MTK tərəfindən öz icarəsində olan 0,8007 ha torpaq sahəsi üzərində inşa edilmiş çoxmənzilli yaşayış binalarının daşınmaz əmlakın 05 bölməsində qeyd olunmasında cavabdeh təşkilatın qarşısında hər hansı bir məhdudiyyət mövcud deyil. Nəzərə alınmalıdır ki, qeyd olunan binalarda ümumilikdə 382 mənzil var, 300-dən çox mənzildə sakinlər yaşayır və onların hər birinin yaşadıqları mənzilə gözləntili mülkiyyət hüququ var. Lakin qeyd olunan binalar üzərində mülkiyyət hüququ qeydə alınmadığına görə sakinlər öz mənzilləri üzərində mülkiyyət hüququnun rəsmiləşdirməkdən məhrum olunmuşdurlar. Məhkəmə onuda qeyd etməyi zəruri bilir ki, cavabdeh təşkilat tərəfindən məhkəməyə təqdim edilmiş etirazında çoxmərtəbəli yaşayış binasının sənaye, rabitə və nəqliyyat təyinatlı torpaq sahəsində inşa edilməsinə münasibət bildirilməsədə, məhkəmə inzibati icraatın ümumi prinsiplərinə uyğun olaraq qeyd olunan məsələyə hüquqi qiymət verilməsini zəruri bildir. Belə ki, Azərbaycab Respublikası Torpaq Məcəlləsinin 9.2-ci maddəsinə əsasən torpaqlar kateqoriyalar üzrə kənd təsərrüfatı təyinatlı torpaqlarına, yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqlarına, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlara, xüsusi qorunan ərazilərin torpaqlarına, meşə fondu torpaqlarına, su fondu torpaqlarına və ehtiyyat fontu torpaqlarına bölünür. Həmin Məcəllənin 22.1-ci maddəsinə əsasən sənaye, rabitə, nəqliyyat, ticarət, ictimai-iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada, ayrılan və əldə edilən torpaq sahələri sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar sayılır.Qeyd olunan Məcəllənin sənaye, rabitə və nəqliyyat təyinatlı torpaq sahələrinə aid olan fəsildə qeyd olunant torpaq sahələrinin üzərində çoxmərtəbəli yaşayış binalarının inşasına hər hansı bir qadağa yoxdur. Müqahisə üçün iri ticarət obyektləri, iri iaşə obyektləri ilə çoxmərtəbəli yaşayış binalarını göstərmək olar. Nəzərə alınmalıdır ki, iri ticarət obyektlərində olan insan kütləsinin sayı hecdə yaşayış binasının sakinlərindən az deyil. Ona görə də məhkəmə hesab edir ki, qeyd olunan kateqoriyadan olan torpaq sahələrinin üzərində çoxmərtəbəli yaşayış binalarının inşa edilməsi yolveriləndir və həmin halın əks göstərişi qanunvericilikdə imperativ norma kimi göstərilməyib. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi 313 ünvanında yerləşən “A”, “B” və “C” (1, 2 və 3 nömrəli) zirzəmili, mansardlı çoxmərtəbəli yaşayış binaları üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın və texniki sənədlərin verilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-1994/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1994/2024
06.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver