Məhkəmə qərarları › İş №2-1(118)-1995/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1995/2023

06.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1995/2023 06.04.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Cavabdehnə qarşı iş üzrə Giriş hissə: Hakim Burcayev İmran Ramazan oğlunun sədrliyi, Maxsudova Ülkər Taleh qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “iddiaçının soyadının “Mədədli”dən “Mədətov”a dəyişdirilməsi, doğum haqqında akt qeydində soyadının “Mədətov” kimi qeyd edilməsi vəzifəsinin öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına Sumqayıt Məhkəmə Kompleksinin (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “Mədədli”dən “Mədətov”a dəyişdirilməsi, doğum haqqında akt qeydində soyadının “Mədətov” kimi qeyd edilməsi vəzifəsinin öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxx 2001-ci ildə Şuşa rayonunun Malıbəyli kəndində doğulmuşdur. Doğum haqqında akt qeydi Cavabdehndə 06 aprel 2001-ci il tarixli, 10 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. İddiaçının doğum haqqında şəhadətnaməsində soyadı "Mədədli" kimi, ata adı X4, ana adı isə X2 qeyd edilmişdir. 20 sentyabr 2017-ci il tarixdə Şuşa Rayon Polis İdarəsi tərəfindən iddiaçıya AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsi verilmişdir. 04 may 1971-ci il təvəllüdlü atası X5 və 06 apel 1976-cı il təvəllüdlü anası X1 "Mədədov" və "Mədədova”-dan müvafiq olaraq "Mədətov” və “Mədətova-ya dəyişdirilməsi ilə əlaqədar Cavabdehnə müraciət etmişlər və müraciətlərinə müsbət cavab verilərək atasının soyadı “Mədədov”-dan "Mədətov"-a, anasının soyadı isə “Mədədova”-dan “Mədətova”-ya dəyişdirilmişdir. Atasına 07 dekabr 2022-ci il tarixli, AZ-İV№ 674673 saylı yeni doğum haqqında şəhadətnamə verilmişdir. Bundan əlavə iddiaçının valideynləri arasında bağlanmış nikahı təsdiq edən 10 dekabr 2022-ci il tarixli, AZ-İİ № 542369 saylı yeni nikah haqqında şəhadətnamə verilmişdir. Həmin nikah haqqında şəhadətnamədə də atasının soyadı Mədətov, anasının soyadı isə Mədətova kimi qeyd olunmuşdur. İşin faktiki halları ilə müəyyən olunur ki, artıq bu gün atasının soyadı Mədətov, anasının soyadı isə Mədətovadır. İddiaçı soyadının "Mədədli”-dən “Mədətov”-a dəyişdirilməsi üçün müvafiq olaraq Cavabdehnə ərizə ilə müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının soyadının dəyişdirilməsindən imtina edilmiş və ona 26 noyabr 2022-ci il tarixli imtina məktubu verilərək məhkəməyə müraciət etməyi bildirilmişdir. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia tələbinə etiraz edərək iddiaçının soyadına dəyişiklik edilməsi barədə ərizəsinə qeydiyyat şöbəsində baxılmasının mümkün olmadığını bildirmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı iddia ərizəsi ilə eyniməzmunlu izahat verərək tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh orqan məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında təmsil edilməmiş, məhkəmə iclasına nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəməyə mübahisə predmetinə dair sənədlər təqdim edilmişdir. Həmin sənədlərə aşağıdakılar daxildir: • İş materiallarında olan iddiaçıya məxsus xx.xx.2017-ci il tarixdə Şuşa RPŞ tərəfindən verilən AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən gprünür ki, İddiaçı xx.xx.2001-ci il tarixdə Şuşa rayonunun Malıbəyli kəndində anadan olmuş, həmin ərazidə qeydiyyatdadır. • AZ-İV № 674673 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, iddiaçının atası X3r. O, xx.xx.1971-ci ildə Şuşa rayonunun Malıbəyli kəndində anadan olmuşdur (şəxsiyyət vəsiqəsinin seriyası AA4692145; FİN 1N12N96). • AZ-İİ № 542369 nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən iddiaçının atası X6 ilə anası X8 arasında nikah 16 mart 1997-ci il tarixdə qeydə alınmış, yeni nikah haqqında şəhadətnamə xx.xx.2022-ci il tarixdə verilmişdir. • Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli, 05/Q-36/62 nömrəli məktubla iddiaçının ərizəsinin icrasından imtina edilmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydinə dəyişikliyin edilməsi, kifayət qədər əsaslar olduqda VVAQ şöbələri, mübahisə olduqda isə məhkəmə qətnaməsi əsasında həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarına əsasən milli azlıq, azsaylı xalq və etnik qrupların nümayəndələri olan Azərbaycan Respublikası vətəndaşlarının, doğumu Azərbaycan Respublikasının ərazisində qeydə alınmış və daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin müraciətləri əsasında onlara adların, ata adlarının və soyadların verilməsi və dəyişdirilməsi bu Qaydalara uyğun olaraq həyata keçirilir (1.2.). Həmin qaydaların 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının 18 yaşına çatmış hər bir vətəndaşının ərizəsinə əsasən onun mövcud soyadının sonluğuna dəyişiklik edilir. 18 yaşına çatmayanların soyadlarının sonluğuna dəyişiklik onların valideynlərinin və digər qanuni nümayəndələrinin (övladlığa götürənlərin, qəyyumun və ya himayəçinin) ərizəsi əsasında həyata keçirilir. Soyadın sonluğuna dəyişiklik edilməsi ilə əlaqədar müvafiq akt qeydlərində bu barədə qeyd edilir və yeni şəhadətnamələr verilir (5.3.). Soyadın sonluğuna dəyişiklik edilməsi haqqında ərizə vətəndaşın yaşayış yeri və ya müvafiq aktın olduğu yer üzrə qeydiyyat şöbəsinə və ya konsulluğa verilir. Müvafiq akt qeydləri (ərizə verən şəxsin doğumu, nikahı, övladlarının doğumu və sair) ərizəni qəbul etmiş qeydiyyat şöbəsində və ya konsulluqda olduqda, soyadın sonluğuna dəyişiklik orada edilir və əvvəllər verilmiş şəhadətnamələr ləğv edilməklə, ərizə verən şəxsə yeni şəhadətnamələr verilir (5.4.). Qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən soyadın sonluğuna dəyişiklik edilməsinə şəxs həm yetkinlik yaşına çatanadək, həm də yetkinlik yaşına çatdıqdan sonra yol verilir. Soyadın sonluğuna yetkinlik yaşına çatdıqdan sonra növbəti dəfə dəyişiklik edilməsinə yol verilmir (5.10.). Adın verilməsindən və ya dəyişdirilməsindən imtina edilməsi barədə qeydiyyat orqanının qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər (1.5.). İş materiallarından görünür ki, xx xxxx 2001-ci il təvəllüdlü İddiaçı ona məxsus “Mədədli” soyadının “Mədətov” olması ilə bağlı cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan isə öz məktubunda müraciətə qeydiyyat şöbəsində baxılmasının mümkünsüzlüyünü qeyd edərək ərizənin icrasından imtina etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının soyad sonluğunun dəyişdirilməsini istisna edəcək hər hansı bir faktiki halın mövcudluğu cavabdeh orqan tərəfindən müəyyən edilmədiyinə görə iddiaçının soyadının sonluğunun “Mədədli”dən “Mədətov”a dəyişdirilməsi məqsədə müvafiq hesab olunur. Habelə, iş materiallarından da göründüyü kimi iddiaçının hər iki valideyninin soyadı “Mədətov”dur. Belə ki, işdə olan doğum haqqında və nikah haqqında şəhadətnamələrlə həmin hallar təsdiq olunur. Eyni zamanda cavabdeh orqan məhkəmə iclasına dəvət olunmasına və iddiaya münasibət bildirilməsi tələb olunmasına baxmayaraq məhkəmə iclasında təmsil edilməmiş və iddia tələbini təkzib edən halları məhkəməyə təqdim edə bilməmişdir. Bundan əlavə məhkəmə qeyd edir ki, “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarına əsasən ərizə verən şəxs cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edildiyi dövrdə, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğu olduqda, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs olduqda adın, ata adının, soyadın dəyişdirilməsinə yol verilmir. Belə ki, məhkəmə araşdırılması zamanı iddiaçının məhkumluğunun olması, habelə şübhəli və ya təqsirləndirilən şəxs qismində cinayət mühakimə icraatına cəlb edilməsi müəyyən edilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır (maddə 15.1). Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz (maddə 15.2.). İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur )24.1.). Həmin Qanunun 63-cü maddəsinə görə inzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yazı və hesab səhvlərini düzəldə bilər (maddə 63.1). İnzibati orqan düzəliş edilməsi zəruri olan sənədi tələb edə bilər (maddə 63.2). Azərbaycan Respublikası İnzibati prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə görə inzibati icraat qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 14.3-cü maddəsinə görə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin müvcudluğunu sübut etmək vəzifəsi həmin orqanın üzərinə düşür. Normaları ümumiləşdirərək məhkəmə hesab edir ki, İddiaçı soyadının “Mədədli”dən “Mədətov”a dəyişdirilməsi öhdəliyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı soyadının “Mədədli”dən “Mədətov”a dəyişdirilməsi öhdəliyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İmran Burcayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar