Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1995/2024 05.07.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı MTK-nın cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Bakı- Qazax yolunun 26-cı km ünvanında yerləşən, İddiaçı MTK tərəfindən inşa olunmuş “F”, “E” və “D” zirzəmili və mansard mərtəbəli çoxmərtəbəli yaşayış binaları üzərində İddiaçı MTKnın hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış verilməsi və texniki pasportun tərtib edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı MTK cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Bakı-Qazax yolunun 26-cı km ünvanında yerləşən, İddiaçı MTK tərəfindən inşa olunmuş “F”, “E” və “D” zirzəmili və mansard mərtəbəli çoxmərtəbəli yaşayış binaları üzərində İddiaçı MTK-nın hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış verilməsi və texniki pasportun tərtib edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2015-ci ildə Vergilər Nazirliyində qeydiyyatdan keçərək “**********” nömrəli VÖEN əldə etmiş və hazırda Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun qaydada fəaliyyətini həyata keçirir. ”SAS 2015” MTK İddiaçı MMC-nin hüquqi varisidir. Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ünvanda yerləşən 0,9211 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı MMC-yə məxsusdur. İddiaçı MMC-nin mülkiyyət hüququ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2016-cı il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınaraq ******* nömrəli çıxarış verilmişdir. Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Bakı-Quba yolunun 26-cı km ünvanında yerləşən “F”, "E" və “D” çoxmərtəbəli yaşayış binaları üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciətimizə Cavabdeh publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsində baxılaraq, 30.10,2023-cü il tarixli məktubla ərizənin icrasından imtina edilmişdir. Cavabdeh inzibati orqanın imtina səbəbləri aşağıdakılardır: Yaşayış binalarına dair tikinti obyektinin istismarına icazə sənədi və qanunamüvafiq qaydada təsdiqlənmiş eskiz layihəsi müraciətə əlavə olunmamışdır; Müraciətə əlavə edilmiş çıxarışlarla qeydiyyata alınmış torpaq sahələri üzərində birləşmə əməliyyatının aparılması mümkün olmamışdır; Torpaq sahələrinin təyinatına və hüquqi rejiminə görə bir hissəsinin ehtiyat fondu torpaqlara, bir hissəsinin isə kənd təsərrüfatı təyinatlı torpaqlara aid edildiyi təyinatı üzrə müəyyən edilmiş istifadə rejiminə uyğun tələbləri gözlənilmədən üzərində çoxmərtəbəli yaşayış binalarının inşa edildiyi müəyyən edilmişdir; Sözügedən çoxmərtəbəli yaşayış binalarının ümumi tikintialtı sahəsinin bir hissəsinin qaz xəttinin mühafizə zolağında yerləşdiyi aşkar edilmişdir. Hesab edir ki, imtina əsassızdır, mülkiyyət hüqununun qeydə alınması üçün əsas olmuş bütün sənədlər qeydiyyat orqanına təqdim edilmişdir. Cavabdeh orqan müraciətinə formal imtina verməklə qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 15-ci maddəsi hüquqların dövlət qeydiyyatından imtinanı özündə əks etdirir ki, hazırkı vəziyyətdə həmin imtina əsaslarından heç biri İddiaçınə münasibətdə təsdiqini tapmır. Bundan başqa cavabdeh orqanın xx.xx.2019 və xx.xx.2019-cu il tarixli məktubları ilə (dövlət qeydiyyatının aparılması barədə) Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Bakı-Quba yolunun 26-cı km ünvanında yerləşən "A”, “B” və "C" çoxmərtəbəli yaşayış binaları üzərində “SAS 2015" MTK-nın mülkiyyət hüquqlarının dövlət qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılmışdır ki, həmin binalara münasibətdə hazırki qanunsuz tələblər irəli sürülməmişdir. İmtinanın “torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə bır hissəsinin ehtiyat fondu torpaqları, bir hissəsinin isə kənd təsərrüfatı təyinatlı torpaqlar kımı qeydiyyata alınması" hissəsi ilə bağlı qeyd edirik ki, “A”, "B” və "C" çoxmərtəbəli yaşayış binaları "F", “E" və "D" çoxmərtəbəli yaşayış binaları ilə eyni torpaq sahəsində (0,9211 ha) yerləşir və torpaq sahəsi ******* nömrəli çıxarışa əsasən xüsusi mülkiyyət hüququ ilə İddiaçı MMC-yə məxsusdur. Bundan başqa cavabdeh inzibati orqan bundan əvvəl xx.xx.2022-ci il tarixli məktubla ərizənin icrasından imtina edərkən hazırda göstərdiklərindən fərqli olaraq aşağıdakı səbəbləri göstərmişdir. İddiaçı MTK-nə məxsus Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Bakı-Quba yolunun 26-cı km ünvanında yerləşən “F”, “E" və "D” çoxmərtəbəli yaşayış binalarının tikinti obyektinin istismarına icazə sənədlərində tikintilərin dövlət reyestri tərəfindən tikinti obyektinə verilmiş kodun nömrəsi qeyd edilməmişdir. Sözügedən yaşayış binalarının hər birinə əlavə olaraq tikinti obyektinin istismarına icazə sənədlərinin təqdim edildiyi və sözügedən sənədlərin mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyi aşkar edilmişdir. Çoxmərtəbəli yaşayış binasının yerləşdiyi torpaq sahəsinin təyinatına və huquqı rejiminə görə bir hissəsinin ehtiyat fondu torpaqları, bir hissəsinin isə kənd təsərrüfatı təyinatlı torpaqlar kimi qeydiyyata alındığı müəyyən edilmişdir. Sözügedən çoxmərtəbəli yaşayış binalarının tikinti obyektinin istismarına hazırlıq və icazə sənədində mansard mərtəbəsinin qeyd edilmədiyi, təqdim edilmiş sənədlərdə binanın ümumi sahəsi 16799.0 kv m göstərilsə də, faktiki vəziyyətdə ümumi sahəsinin 18263.6 kv m olduğu, həmçinin istismara hazırlıq sənədində 216 mənzil qeyd olunsa da, faktiki 249 mənzil olduğu müəyyən edilmişdir. Göründüyü kimi cavabdeh orqan hər dəfə müxtəlif səbəblər sadalamaqla müraciətin icrasından imtina edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, aparılan araşdırma zamanı Abşeron rayonu, Ceyrahatan qəsəbəsi, Bakı-Quba yolunun 26-cı km ünvanında yeriəsən “D”, “E” və “F” saylı çoxmərtəbəli yaşayış binalarının tikinti obyektinin istismarına icazə sənədləri və qanunauyğun təsdiqlənmiş eskiz layihələri əvvəlki müraciətə əlavə edilsə də, sonuncu müraciət üzrə sözügedən sənədlərin idarəyə təqdim edilmədiyi, idarəyə təqdim edilmiş **********15, **********96, **********61,**********62 və **********54 reyestr nömrəli çıxarışlarla qeydiyyata alınmış müvafiq torpaq sahələri üzərində birləşmə əməliyyatının aparılmasının mümkün olmadığı, sözügedən torpaq sahələrinin təyinatı və hüquqi rejiminə görə bir hissəsinin ehtiyat fondu torpaqları, bir hissəsinin isə kənd təsərrüfatı təyinatlı torpaqlara aid edildiyi, torpaq sahələrinin təyinatı üzrə müəyyən edilmiş istifadə rejiminə uyğun tələbləri gözlənilmədən üzərində çoxmərtəbəli yaşayış binalarının inşa edildiyi, iddia predmeti olan çoxmərtəbəli yaşayış binalarının ümumi tikintialtı sahəsinin bir hissəsinin qaz xəttinin mühafizə zolağında yerləşdiyi müəyyən olunmuşdur. İş materiallarında olan: - xx.xx.2016-cı il tarixli, **********15 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ünvanında yerləşən 0,9211 ha torpaq sahəsi İddiaçı MMC-nin xüsusi mülkiyyətindədir. - Abşeron rayon İcra Hakimiyyəti başçsının xx.xx.2016-cı il tarixli, 137 nömrəli sərəncamından görünür ki, İddiaçı MMC-yə Ceyranbatan qəsəbəsi ərazisində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, 0853847, 0853854, ******* və 08533842 saylı çıxarışları ilə mükiyyətində olan cəmi 2,11 ha torpaq sahəsində 19 girişli, 9 mərtəbəli yaşayış evlərindən ibarət kompleksin layihələndirilməsinə və tikintisinə icazə verilməsi qərara alınmışdır. - Abşeron rayon İcra Hakimiyyəti başçsının xx.xx.2020-ci il tarixli, 158 nömrəli sərəncamından görünür ki, İddiaçı MTK-ya Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ünvanında inşa olunmuş 1 (D) ədəd 1 girişli 9 mərtəbəli, 2 (E,F) ədəd 2 girişli, 9 mərtəbəli yaşayış binalarının mansard mərtəbəsinin yaşayış kateqoriyasına keçirilməsinə və yaşayış kimi istifadə olunmasına icazə verilməsi qərara alınmışdır. -Abşeron rayon İcra Hakimiyyəti tərəfindən verilmiş tikinti obyektinin istismarına icazələrdən görünür ki, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Bakı-Qazax yolunun 26-cı km ünvanında yerləşən “F”, “E” və “D” zirzəmili və mansard mərtəbəli çoxmərtəbəli yaşayış binalarının istismarına icazə verilmişdir. - xx.xx.2021-ci il tarixli, 005266 nömrəli istismara hazırlıq aktından görünür ki, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Bakı-Qazax yolunun 26-cı km-də zirzəmili, 2 girişli, 9 mərtəbəli zirzəmili yaşayış kompleksinin “E” blokuna dair tərtib edilmişdir. - xx.xx.2020-ci il tarixli, 003752 nömrəli istismara hazırlıq aktından görünür ki, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Bakı-Qazax yolunun 26-cı km-də zirzəmili, 9 mərtəbəli “D” və “F” yaşayış binalarına dair tərtib edilmişdir. Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Bakı-Qazax yolunun 26-cı km ünvanında yerləşən “A”, ”B” və ”C” çoxmərtəbəli yaşayış binaları üzərində mülkiyyət hüququnun qeydə alınması üçün əsas olmuş sənədlərin təsdiq olunmuş surətləri məhkəməyə təqdim edilmişdir. Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, çoxmərtəbəli yaşayış binasının yerləşdiyi torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə bir hissəsinin yaşayış məntəqələri təyinatlı ehtiyat fondu torpaqları, bir hissəsinin isə kənd təsərrüfatı təyinatlı torpaqlar kimi qeydiyyata alındığı müəyyən edilmişdir. Məhkəmənin sorğusuna əsasən “Azəriqaz” İB tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Abşeron rayonu Ceyranbatan qəsəbəsi, Bakı-Qazax yolunun 26-cı km ünvanında yerləşən, İddiaçı MTK tərəfindən inşa olunmuş “F”, “E” və “D” zirzəmili və mansard mərtəbəli çoxmərtəbəli yaşayış binalarının ümumi tikintialtı sahəsi (koordinatlar: 40.53904; 49.66732) “Azəriqaz” İB-yə məxsus qaz kəmərlərinin və qaz qurğularının mühafizə zonasında yerləşmir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu 8ci, 10-cu və 11-ci maddələrində daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı barədə əsaslar, həmin hüquqların dövlət qeydiyyatına alınması üçün tələb edilən sənədlərin siyahısı və təqdim edilən sənədlərə dair tələblər öz əksini tapmışdır. Qeyd olunan müddəalarda maraqlı şəxslərin hüquqlarına və mənafelərinə təsir etməyən və mühüm nəticələrə səbəb olmayan qeydlərin olmaması səbəbindən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün əsaslar mövcud deyil. Belə ki, hüquqların qeydiyyata alınması zamanı hüquqi əsasların olması mütləq amillərdən biridir. Digər tərəfdən o da nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin 9 noyabr 2007-ci il tarixli 647 nömrəli Fərmanı ilə təsdiq edilmiş və 19 mart 2019-cu il tarixli 597 nömrəli Fərmanı ilə dəyişikliklər edilmiş Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında Əsanamənin 8.20-3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallarda tikinti obyektlərinin tikintisinə və istismarına icazə vermək Komitənin vəzifəsidir. Həmin Məcəllənin 101.4-cü maddəsinə əsasə tikinti obyektinin istismarına icazənin vahid forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 102.7-ci maddəsinə əsasən tikinti obyektlərinin istismarına icazə verilməsi barədə qərar qəbul edildiyi gündən, habelə məlumatlandırma icraatının tətbiq olunduğu tikinti obyektlərinin tikintisinin başa çatması barədə sifarişçi tərəfindən məlumat verildikdən sonra, müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (reklam qurğularına münasibətdə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum) 5 iş günü müddətində bu barədə vahid informasiya təminatı sisteminin tərkib hissəsi olan Tikintilərin Dövlət reyestrinə məlumat təqdim etməlidir. Həmin məlumatlar 3 iş günü müddətində Tikintilərin Dövlət reyestrinin internet səhifəsində yerləşdirilir. Həmin Məcəllənin 103.1.6-cı maddəsinə əsasən tikintilərin dövlət reyestri tərəfindən tikinti obyektinə verilmiş kodun nömrəsi tikinti obyektinin istismarına icazədə sənədində göstərilməlidir. Həmin Məcəllənin 104.2-ci maddəsinə əsasən tikintilərin Dövlət reyestri müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır. Həmin Məcəllənin 102.8-ci maddəsinə əsasən bu Məcəllənin 102.1-ci maddəsində nəzərdə tutulmuş tikinti sənədlərinin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 4.2-ci bəndinə əsasən Şəhərsalma və Tikinti Məcəlləsinin 101.4-cü və 102.8-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 12 yanvar tarixli 4 nömrəli qərarı ilə təstiq edilmiş “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydalarının” 1.1-ci bəndinə əsasən tikintilərin Dövlət reyestrinə (bundan sonra - Reyestr) daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları (bundan sonra – Qaydalar) “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.6.26-cı yarımbəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sisteminin tərkib hissəsi olmaqla, Reyestrə daxil edilən məlumatların tərkibini, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması qaydalarını tənzimləyir. Həmin Qaydaların 4.2-ci maddəsinə əsasən tikintiyə icazə verən orqan (qurum) tikintiyə icazə verdiyi tarixdən 3 iş günü müddətində bu Qaydaların 3.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənəd və məlumatları Reyestrə təqdim edir. Bu məlumatlar Reyestr kitabında qeydə alınır, 3 (üç) iş günü müddətində elektron bazaya daxil edilməklə, tikinti obyektinə kod verilir və bu barədə bu Qaydalara Əlavədə göstərilən Şəhadətnamə məlumatları təqdim etmiş tikintiyə icazə verən orqana (quruma) göndərilir. Kağız və elektron daşıyıcılarda qeydə alınmış göstəricilər bir-birinə uyğun olmalıdır. Fərq aşkar edilərsə, kağız üzərində olan yazılara üstünlük verilir. Reyestrə daxil edilmiş tikinti obyektlərinə dair sənəd və məlumatlar qovluqlarda saxlanılır. Gələcəkdə həmin tikintilərdə müvafiq dəyişikliklər edilməsi barədə məlumat daxil olduqda həmin məlumatlar aidiyyəti qovluqlara əlavə olunur və rəhbərin yazılı göstərişi əsasında Reyestrdə müvafiq dəyişikliklər aparılır. Həmin Qaydaların 4.4-cü bəndinə əsasən reyestrin yaranmasından əvvəl tikintisinə başlanılmış, lakin istismarına icazə verilməmiş tikinti obyektlərinə dair bu Qaydaların 3.1.1-ci yarımbəndində nəzərdə tutulan məlumat və sənədlər yerli icra hakimiyyəti orqanı və ya sifarişçi tərəfindən Reyestrə təqdim edilir və tikinti obyektinə kod verilir. Qeyd olunan maddi hüquq normalarının təhlilindən görünür ki, tikinti obyektinə müvafiq kodun verilməsinin məqsədi tikinti fəaliyyətinin vahid informasiya təminatı sisteminin həyata keçirilməsi üçün həyata keçirilir. Başqa sözlə desək Tikinti Reyesterinə tikili barədə məlumatların daxil edilməməsi tikinti obyektinin üzərində dövlət nəzarətinin həyata keçirilməsi üçün vacib amillərdən biri olan texniki göstəricilərə cavab verməməsi anlamı ilə bərabər tutula bilməz. Nəzərə alınmalıdır ki, “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydalarının 4.4-cü bəndində reyestrin yaranmasından əvvəl tikintisinə başlanılmış tikililərə sonradan kodun verilməsi yalnız istismara qəbul edilməyən tikililərə şamil edilmişdir. Bundan başqa o da nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasinin Şəhərsalma və Tikinti Məcəlləsinin 96.2-ci maddəsinə əsasən tikintiyə nəzarətin 1) dövlət nəzarəti, 2) texniki nəzarət, 3) müəllif nəzarəti, 4) daxili əməliyyat nəzarəti növləri vardır. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən tikintiyə texniki nəzarət sifarişçi tərəfindən təmin edilir və müvafiq peşə sertifikatına malik şəxslər tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 98.2-ci maddəsinə əsasən tikintiyə texniki nəzarətin həyata keçirilməsi qaydaları şəhərsalma və tikintiyə dair normativ sənədlərlə tənzimlənir. Həmin Məcəllənin 98.3-cü maddəsinə əsasən texniki nəzarətin həyata keçirilməsinin tələb olunmadığı tikinti obyektləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 17 noyabr tarixli 349 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”nın 1.1ci bəndinə əsasən bu Qaydalar tikinti layihəsində nəzərdə tutulmuş işlərin, o cümlədən tamamlama və abadlıq işlərinin yerinə yetirilməsi nəticəsində obyektin inşası və ya təmiri, yenidən qurulması, yaxud bərpası (bundan sonra – tikinti-quraşdırma) işlərinin bütün mərhələlərində dövlət nəzarətinin həyata keçirilməsi prosedurunu və mexanizmini müəyyən edir. Həmin Qaydaların 1.2-ci bəndinə əsasən tikintiyə dövlət nəzarətinin məqsədi tikintiquraşdırma və söküntü işlərinin qanunvericiliyin tələblərinə uyğun aparılmasını, bu işlərin yerinə yetirilməsi prosesində yol verilmiş pozuntuların vaxtında aşkar edilməsini və aradan qaldırılmasını, tikinti obyektlərinin etibarlılığını (dayanıqlılığını və möhkəmliyini) təmin etməkdir. Həmin Qaydaların 1.3-cü bəndinə əsasən bu Qaydaların müddəaları, Məcəllənin 79.1-ci maddəsinə uyğun olaraq tikintisinə icazə tələb edilməyən obyektlər istisna olunmaqla, bütün tikinti obyektlərinə, habelə “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun 10-cu maddəsinə uyğun olaraq Məcəllənin qüvvəyə minməsindən əvvəl tikintisi başlanılmış və başa çatdırılmamış obyektlərin tikintisinə də şamil olunur. Həmin Qaydaların 1.4-cü bəndinə əsasən tikinti fəaliyyətinin bütün subyektləri, mülkiyyət formasından asılı olmayaraq, tikintiyə dövlət nəzarətini həyata keçirən vəzifəli şəxslərin tikinti obyektlərinə (xüsusi rejimli obyektlərə - müvafiq qaydada razılıq alındıqdan sonra) maneəsiz daxil olmasını, dövlət nəzarətinin həyata keçirilməsi üçün onlara müvafiq şəraitin yaradılmasını, tikintiyə aid tələb olunan sənədlərin təqdim edilməsini və tikintidə aşkarlanmış pozuntuların Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə aradan qaldırılmasını təmin etməlidirlər. Yuxarıda qeyd olunan maddi hüquq normalarından müəyyən edilir ki, Bakı şəhərindən kənarda olan qeyri yaşayış sahələrinin inşası yerli icra hakimiyyətinin müvafiq razılığı əsasında həyata keçirilirdi. İnşa edilmiş tikililər texniki şərtlərə cavab verməli idi. Belə ki, texniki şərtlər tikiliyə verilən icazənin tərkib hissəsi olmuşdur. Yaşayış binasının inşası başa çatdıqdan sonra onun şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünə dair yerli icra hakimiyyəti tərəfindən istismara icazə sənədi verilir. Tikintiyə nəzarətin məqsədi obyektin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə əməl olunmaqla tikilməsini təmin etməkdən ibarətdir. Tikintiyə nəzarətin 1) dövlət nəzarəti, 2) texniki nəzarət, 3) müəllif nəzarəti, 4) daxili əməliyyat nəzarəti növləri vardır. Tikililərə dövlət nəzarəti Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilir və nəzarət çərçivəsində obyektin tikinti layihəsinə uyğun aparılması, inşaat konstruksiyalarının (karkasların, qəliblərin və s.) yararlılığı, tikintinin təhlükəsizliyinin təmin olunması, habelə şəhərsalma və tikinti fəaliyyəti subyektlərinin öz vəzifələrini lazımi qaydada icra etmələri yoxlanılır. Texniki nəzarətmüvafiq peşə sertifikatına malik şəxslər tərəfindən həyata keçirilir və obyektin texniki şərtlərə cavab verib-verməməsini müəyyən edir. Texniki nəzarətin həyata keçirilməsinin tələb olunmadığı tikinti obyektləri müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabineti) tərəfindən müəyyən olunur. Müəllif nəzarəti-layihəçi tərəfindən, daxili əməliyyat nəzarət isə podratçı tərəfindən həyata keçirilir. Hazırkı, iddia tələbinin predmeti olan çoxmənzilli yaşayış binasının tikililərə dövlət nəzarətini həyata keçirən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin təsdiq etdiyi müvafiq İstismara hazırlıq Aktları ilə tikinti qaydalarına uyğun inşa edilməsinə dəlalət edir. Cavabdehin imtina cavabının dəlilləri ilə bağlı məhkəmə qeyd edir ki, cavabdeh dəfələrlə iddiaçıya müxtəlif əsaslarla imtina cavabları verimişdir. Sonuncu imtina cavabının birinci dəlili ondan ibarət olmuşdur ki, iddiaçının əvvəlki müraciətlərinə eskiz layihəsi əlavə edisə də,sonuncu müraciətinə əlavə edilməmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, cavabdeh cavabında özü eskiz layihənin mövcudluğunu təsdiq edir və “İnzibati icraat haqqında” Qanunun tələblərinə zidd olaraq həmin çatışmayan sənədi təqdim etməyi iddiaçıya təklif etməmişdir. Bundan başqa cavabdehin binaların ümumi tikintialtı sahəsinin bir hissəsinin qaz xəttinin mühafizə zolağında yerləşdiyini bildirmişdir. Cavabdehin bu dəlili “Azəriqaz” İB-nin xx.xx.2024-cü il tarixli iddiaçıya ünvanladığı məktubu ilə təkzib edilir. Həmin məktubunda “Azəriqaz” İB Abşeron rayonu Ceyranbatan qəsəbəsi, Bakı-Qazax yolunun 26-cı km ünvanında yerləşən, İddiaçı MTK tərəfindən inşa olunmuş “F”, “E” və “D” zirzəmili və mansard mərtəbəli çoxmərtəbəli yaşayış binalarının ümumi tikintialtı sahəsinin (koordinatlar: 40.53904; 49.66732) “Azəriqaz” İB-yə məxsus qaz kəmərlərinin və qaz qurğularının mühafizə zonasında yerləşmədiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının inşa etdiyi 6 binadan üçü – “A”, “B” və “C” binaları üzrənidə mülkiyyət hüququ qeydə alınmışdır. Həmin binalar üzərində mülkiyyət hüququnun qeydə alınması üçün sənədlər tələb edilərək tədqiq edilmişdir və müəyyən edilmişdir ki, iddiaçı həmin binalar barəsində eyni sənədlər və əsaslarla müraciət etmişdir. Lakin hazırda mübahisə predmeti olan binalarla bağlı cavabdeh müxtəlif əsaslar gətirərək imtina cavabı vermişdir. Cavabdehin binaların yerləşdiyi torpaq sahəsinin təyinatı ilə bağlı məhkəmə qeyd edir ki, məhkəmə tərəfindən cavabdeh orqana müraciət edilərək torpaq sahəsinin hansı hissəsinin ehtiyat fondu torpaqları, hansı hissəsinuin kənd təsərrüfatı təyinatlı olması və ehtiyat fondu torpaqlarının yaşayış məntəqələri perpsektivli torpaqları olub-olmaması barədə məlumat istəmişdir. Lakin cavabdeh sorğuya cavabda imtina cavabında qeyd etdiyi kimi torpaq sahəsinin bir hissəsinin ehtiyat fondu torpaqları, bir hissəsinin isə kənd təsərrüfatı təyinatlı torpaqlara aid olması barədə qeyri-müəyyən cavablar vermişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 33-cü maddəsinə görə bələdiyyələrin ehtiyat fondu torpaqlarına bu Məcəllənin 47-ci maddəsinin 5-ci bəndi ilə müəyyən olunmuş torpaqlar aid edilir. Ehtiyat fondu torpaqlarının istifadəsinə onların müvafiq kateqoriyaya keçirilməsindən sonra yol verilir. Ehtiyat fondu torpaqlarının istifadəsi qaydaları müvafiq normativ-hüquqi aktlarla müəyyən edilir. Həmin Məcəllənin 47-ci maddəsinə görə bələdiyyə ehtiyat fondu torpaqları aşağıdakılardır: yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; hüquqi və fiziki şəxslərin istifadə və icarə hüququna xitam verilən bələdiyyə torpaqları; ehtiyat məqsədləri daşıyan digər bələdiyyə torpaqlar. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin, həmçinin, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun yuxarıda qeyd edilən normalarının tələblərindən görünür ki, bələdiyyənin ehtiyat fondunun yalnız yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqları və ya kənd təsərrüfatına az yararlı və yararsız torpaqları xüsusi mülkiyyətə verilə bilər. Ümumilikdə, ehtiyat fondu torpaqları nın istifadəsinə onların müvafiq kateqoriyaya keçirilməsindən sonra yol verilir. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 5-ci hissəsinə əsasən, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “İnzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınması məqsədlərinə xidmət edir. Nəzərə alınmalıdır ki, bərabərlik prinsipi diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı xüsusi əhəmiyyət daşıyır. Belə ki, həmin prinsiplə ehtiva olunan bərabər yanaşma tələbi diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin ilkin şərti kimi çıxış edir. Belə ki, inzibati orqan diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı vətəndaş qarşısında bərabər yanaşma prinsipini təmin etmək öhdəliyi daşıyır. Bundan başqa, inzibati orqan tərəfindən hazırkı mübahisəyə münasibətdə eyni zamanda istinad olunan Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi də pozulmuşdur. Nəzərə almaq lazımdır ki, inzibati orqan bir tərəfdən eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı inzibati praktikaya, yəni hüququn tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxslərin analoji vəziyyətlərdə həmin praktikanın onlara da tətbiq olunacağına dair əsaslı qanuni gözləntilərinə və həmin praktikaya etimadına bağlıdır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun və artıq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. Məhkəmə xüsusilə qeyd edir ki, publik hüquq sahəsində həyata keçirilən idarəçilik fəaliyyəti zamanı inzibati orqanların konstitusion prinsipləri, o cümlədən bərabər yanaşma və hüquqi dövlət prinsipindən irəli gələn “İnzibati icraat haqqında” Qanunun 13cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsiplərini birbaşa tətbiq etməyə borclu olduğu da nəzərə alınmalıdır. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 15.3-cü maddəsinə əsasən inzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Belə olduğu tədqirdə cavabdeh təşkilatın imtinasında gətirdiyi birinci arqumenti əsassız olur. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Bakı-Qazax yolunun 26-cı km ünvanında yerləşən, İddiaçı MTK tərəfindən inşa olunmuş “F”, “E” və “D” zirzəmili və mansard mərtəbəli çoxmərtəbəli yaşayış binaları üzərində İddiaçı MTK-nın hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi və texniki pasportun tərtib edilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70, (Sumqayıt Məhkəmə Kompleksi) ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-1995/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1995/2024
05.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver