Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1997/2024 28.10.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsi) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyanın təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İddia ərizəsinə qoşma şəklində əlavə edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:
1. AZE seriyalı, 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1956-cı il tarixdə Quba rayonunun Əlibəyqışlaq kəndində doğulmuşdur.
2. İddiaçı məxsus 28 fevral 1974-cü il tarixli “Əmək kitabçası”.
3. İddiaçı məxsus HЗ seriyalı, ******* nömrəli “Hərbi Bileti”nin surəti.
4. SSSR Quraşdırma və Xüsusi Tikinti İşlər Nazirliyi Kadrlar və Təhsil Müəssisələri üzrə Baş İdarəsinin 18086 nömrəli şəhadətnaməsindən görünür ki, İddiaçı 1 dekabr 1978-ci il tarixdən 31 mart 1979-cu il tarixədək həmin nazirliyin yanında kurs üzrə istehsaldankənar (с отрывом от производства) təhsil almış və ona elektrik qaynaqçı ixtisası təyin olunmuşdur.
5. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı göndərilmiş 25 iyun 2023-cü il tarixli, 3-17-1/2-S-147851/2023 nömrəli “Yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında” məktubundan görünür ki, təqdim etdiyi əmək kitabçasının, hərbi biletinin surətlərinə və X1 sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən sığorta stajı (12 noyabr 1974-cü il tarixdən 1 noyabr 1976-cı il tarixədək hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla) 24 il 8 ay 17 gün təşkil edir. Eyni zamanda, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 1 yanvar 2006-cı il tarixədək 23 il 9 ay 17 gün sığorta stajına uyğun olaraq 18.135,20 manat, 1 aprel 2020-ci il tarixdən 1 aprel 2021-ci il tarixədək 11 ay sığorta stajına uyğun olaraq 50,62 manat olmaqla, ümumilidə 18.185,82 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə pensiya hüququ yaranan tarixdə tələb olunan 28.800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. Məlumat üçün bildirilmişdir ki, 1 fevral 2023-cü il tarixdən etibarən qanunvericiliklə tələb olunan pensiya kapitalının məbləği 40.320 manat, minimum əmək pensiyasının məbləği isə 280 manat müəyyən edilmişdir. Həmçinin, 1 yanvar 2006-cı il tarixdən 1 iyul 2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən 12 fevral 2021-ci il tarixdən yaşa görə müavinət təyin edilmiş, ödənişi 1 yanvar 2023-cü il tarixdən 220 manat məbləğində olmaqla davam etdirilir.
6. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı göndərilmiş 22 iyul 2023-cü il tarixli, 3-A-1/2-S-165259/2023 nömrəli məktubundan görünür ki, ona 12 fevral 2021-ci il tarixdən yasa görə sosial müavinət təyin edilib, 1 yanvar 2023-cü il tarixdən müavinətin məbləği 220 manata çatdırılıb. X1 sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən 1 yanvar 2006-cı il tarixdən 1 iyul 2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı üçün, avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün hesab edilmir. Ümumi iş stajı təsdiq edən zəruri sənədləri (əmək kitabçası, əyani təhsil haqqında diplom və hərbi bilet) və ya notariat qaydada təsdiq olunmuş surətlərini təqdim etməklə təkrar müraciəti əsasında yaşa görə əmək pensiyası hüququna qanunvericiliyə uyğun olaraq baxılacağı bildirilmişdir.
7. Azərbaycan Respublikası Quba Rayonu İcra Hakimiyyəti başçısının Vladimirovka inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 26 oktyabr 2023-cü il tarixli, 877 nömrəli arayışından görünür ki, Əlibəyqışlaq kənd sakini İddiaçı Quba rayonu Əlibəyqışlaq kəndində qeydiyyatdadır və hal-hazırda həmin kənddə yaşayır.
Cavabdeh tərəfindən məhkəmənin sərəncamına münasibətdə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş inzibati icraat materiallarına görə:
8. AZE seriyalı, 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surəti (§1);
9. İddiaçı məxsus 28 fevral 1974-cü il tarixli “Əmək kitabçası” (§2);
10. İddiaçı məxsus HЗ seriyalı, ******* nömrəli “Hərbi Bileti”nin surəti (§3);
11. SSSR Quraşdırma və Xüsusi Tikinti İşlər Nazirliyi Kadrlar və Təhsil Müəssisələri üzrə Baş İdarəsinin 18086 nömrəli şəhadətnaməsi (§4);
12. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı göndərilmiş 25 iyun 2023-cü il tarixli, 3-17-1/2-S-147851/2023 nömrəli “Yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında” məktubu (§5).
Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:
13. Azərbaycan Respublikasının Dövlət Arxivinin 30 yanvar 2024-cü il tarixli, 3-48- DA/2-118/2024 nömrəli məktubundan görünür ki, Azərmontaj tikinti trestinin, həmçinin trestin təlim mərkəzinin sənədləri arxivə dövlət mühafizəsinə verilməməsi səbəbindən, İddiaçı barədə axtarış aparılması imkanı xaricindədir.
14. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinin 29 fevral 2024-cü il tarixli, 3-29-63/2-207/2024 nömrəli məktubundan görünür ki, Azərmontaj tikinti tresti Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin tabeliyində olmadığı üçün sorğuya cavab verilməsi imkan xaricindədir.
15. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin məhkəmənini təkrar sorğusuna cavab olaraq təqdim etdiyi 18 aprel 2024-cü il tarixli, 3-23/2-1504/2024 nömrəli məktubundan görünür ki, Azərmontaj tikinti trestinin arxiv sənədləri Elm və Təhsil Nazirliyinin Arxiv Fonduna təhvil verilmədiyindən məsələnin araşdırılması imkan xaricindədir.
16. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş pasport, Qeydiyyat və Miqrasiya Agentliyinin 19 aprel 2024-cü il tarixli, 18/2-10313/24 nömrəli məktubundan görünür ki, 12 aprel 1954-cü il təvəllüdlü X8 5 iyul 2005-ci il tarixdən hazırkı vaxtadək ünvan 3 ünvanında qeydiyyatdadır. 23 yanvar 1959-cu il təvəllüdlü X4 13 mart 2010-cu il tarixdən 16 aprel 2022ci il tarixədək Quba rayonu, Əlibəyqışlaq kəndində qeydiyyatda olmuş, vəfat etdiyi üçün 16 aprel 2022-ci il tarixdə şəxsiyyət vəsiqəsi fəaliyyətsizləşdirilmişdir.
17. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 19 aprel 2024-cü il tarixli, **********307200 nömrəli məktubundan görünür ki, kommersiya hüquqi şəxslərin dövlət reyestrində Azərmontaj tikinti trestinin təlim mərkəzi adlı hüquqi şəxsin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyildir.
18. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 19 aprel 2024-cü il tarixli, 3-17-1/2-90444/2024 nömrəli məktubundan görünür ki, X1 Sisteminin “Pensiya” altsisteminə əsasən X2 ümumi əsaslarla pensiya təyin edilməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Bildirilir ki, MEİS-in “Pensiya” altsisteminə əsasən X6 əmək pensiyası Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən ödənildiyindən sorğu aidiyyəti üzrə baxılması üçün göndərilmişdir.
19. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 22 aprel 2024-cü il tarixli, 3-17-1/2-92223/2024 nömrəli məktubundan görünür ki, vətəndaş X3 Mərkəzi Filial tərəfindən hər hansı növ əmək pensiyası ödənilmir. Buna görə də adıçəkilən şəxsə dair Mərkəzi Filialda pensiya işi mövcud olmadığından, pensiya işinin göndərilməsinə dair məsələyə münasibət bildirilməsi mümkün deyildir. Əlavə olaraq, vətəndaş X5 pensiya işinə dair sənədlərin təsdiq edilmiş surətləri qoşma ilə göndərilmişdir.
b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
İddiaçı tərəfin tələbi və əsasları
20. İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 6 avqust 1973-cü il tarixdən 31 yanvar 1974-cü il tarixə kimi Azərmontaj tikinti Trestində təhsil aldığı dövrün əmək pensiyası təyin edilməsi üçün sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir.
21. İddia tələbinin dəlilləri aşağıdakılardan ibarət olmuşdur: - 1 avqust 1973-cü il tarixdə Azərmontaj tikinti trestinin təlim mərkəzinə daxil olaraq 31 yanvar 1974-cü il tarixdə həmin kursu bitirmişdir. Bundan sonra müxtəlif təşkilatlarda 14 aprel 1998-ci il tarixə kimi müxtəlif təşkilatlarda əmək fəaliyyətinin davam etdirib əmək fəaliyyəti ilə məşğul olmuşdur. 1 dekabr 1978-ci il tarixdə ordu sıralarına çağırılıb, 31 mart 1979-cu il tarixdə başa vurmuşdur; - 2021-ci ildə hüquqmüəyyənedici sənədləri toplayıb cavabdeh təşkilata müraciət edib yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. Cavabdeh təşkilat 24 il 8 ay 17 gün sığorta stajı olduğunu bildirmiş, 12 fevral 2021-ci il tarixdən yaşa görə müavinat təyin etmişdir; - cavabdeh təşkilat yaşa görə əmək pensiyası təyin edərkən, Azərmontaj tikinti trestinin təlim kursunda 1 avqust 1973-cü il tarixdən 31 yanvar 1974-cü il tarixdə olan dövrü nəzərə almamışdır. Ona görə də yaşa görə əmək pensiyası deyil, sosial müavinat təyin etmişdir. - iddiaçı cavabdeh təşkilata müraciət edib, iddiaçıya yaşa görə pensiya təyin edilməsini xahiş etmişdir. Cavabdeh təşkilat yaşa görə pensiya təyin edilməsinə imtina etmişdir. Ona görə də imtina İlə razılaşmayaraq, məhkəməyə müraciət etməli olmuşdur. - əmək kitabçasından aşkar olur ki, o, 1 avqust 1973-cü il tarixdən 31 yanvar 1974-cü il tarixə kimi Azərmontaj tikinti trestinin nəznində olan təlim kursunda təhsil almışdır və qeyd olunan dövr sığorta stajı kimi nəzərə alınmırsa, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməlidir.
22. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə, “Əmək pensiyası haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.2, 7, prosessual hüquqi əsası kimi isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 73-75-ci maddələrinə istinad olunmuşdur.
23. İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
24. Məhkəmənin 13 iyun 2024-cü il tarixli, 2-1(118)-1997/2024 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinin (bundan sonra – “üçüncü şəxs”) üçüncü şəxs qismində (adi cəlb etmə) inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır.
25. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir.
Cavabdeh tərəfin iddia ərizəsinə qarşı mövqeyi - etiraz və onun dəlilləri:
26. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
27. Etirazın əsasları: Yasa görə əmək pensiyasının təyin edilməsi üçün 2 əsas eyni anda mövcud olmalıdır: 1) iddiaçının yaşı bu qanunda göstərilən yaş həddinə çatmalıdır; 2) iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir və yaxud azı 25 il sığorta stajı olmalıdır. İddiaçıya nəzərən birinci əsasla bağlı qeyd edilmişdir ki, o, qanunla müəyyən edilmiş yaş həddinə çatmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx xxxxxx 1956-cı il tarixdə anadan olmuşdur. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yaş həddinə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq 12 fevral 2021-ci il tarixdə (65 yaş) çatmışdır. İkinci əsasla bağlı qeyd edilir ki, iddiaçının əmək kitabçasına və hərbi biletinə əsasən cəmi 24 il 8 ay 17 gün sığorta stajı vardır ki, bu da qanunvericiliklə tələb olunan 25 il sığorta stajından azdır. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 1 yanvar 2006-cı il tarixədək 23 il 9 ay 17 gün sığorta stajına uyğun olaraq 18.135,20 manat, 1 aprel 2020-ci il tarixdən 1 aprel 2021-ci il tarixədək 11 ay sığorta stajına uyğun olaraq 50,62 manat olmaqla, ümumilikdə 18.185,82 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə iddiaçının pensiya hüququ yaranan tarixdə tələb olunan 28.800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. 1 fevral 2023-cü il tarixdən etibarən qanunvericiliklə tələb olunan pensiya kapitalının məbləği 40.320 manat, minimum əmək pensiyasının məbləği isə 280 manat müəyyən edilmişdir. Həmçinin, 1 iyun 2006-cı il tarixdən 1 iyul 2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Qeyd olunanları nəzərə alaraq, cavabdeh tərəfindən iddiaçıya 12 fevral 2021-ci il tarixdən yaşa görə sosial müavinət təyin edilmiş, 1 fevral 2023-cü il tarixdən müavinətin məbləği 220 manata çatdırılmışdır.
28. Etirazın maddi hüquqi əsası kimi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2, 7, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddələrinə, “Sosial sığorta haqqında Azərbaycan Respublikasının Qanununa, “Əmək pensiyalarının təvin edilməsi, hesablanması, yenidən hesablanması, bir növündən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarının 4-cü maddəsinin 1-ci bəndində, ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” 15 may 2020-ci il tarixli və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 1 dekabr 2010-cu il tarixli Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun Qərarlarına, prosessual hüquqi əsası kimi isə İPM-in 47-ci maddəsinə istinad olunmuşdur.
c) Tərəflərin iştirakı və izahatları:
29. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin dəlillərinə (§21) uyğun izahat verərək, iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir.
30. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək, etirazda qeyd olunan dəlillərə (§27) əsaslanaraq, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
31. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üçüncü şəxs məhkəmə iclasında təmsil edilməmişdir.
32. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2021-ci il tarixli, 2-1(102)-895/2021 saylı qərarında qeyd olunmuşdur ki, “30. İnzibati icraatın əsas prinsiplərindən olan çəkişmə, işin hallarının hərtərəfli araşdırılması və proses iştirakçılarının dinlənilmə hüquqlarının təmin edilməsi prinsipləri iş üzrə prosesin tərəflərin iştirakı ilə aparılmalı olduğunu tələb edir və bununla bağlı məhkəmənin üzərinə müvafiq vəzifələr düşür. İstisna hallarda tərəflərin məhkəmə icraatından yayındığı qənaətinə gəlmək üçün kifayət qədər əsaslar olduqda məhkəmə işə onların iştirakı olmadan da baxa bilər. Lakin belə qənaətə gəlmədən əvvəl məhkəmə öz üzərinə düşən vəzifələri yerinə yetirməli və tərəflərin prosesdə iştirakdan yayındığı ilə bağlı qəti fikrə gəlməlidir. Tərəfin prosesdə iştirakdan yayındığı qənaətinə gələ bilmək üçün məhkəmədə elə bir inam formalaşmalıdır ki, tərəfin davranışından artıq görünür ki, o, mübahisə ilə bağlı prosessual marağını itirdiyindən icraatdan yayınır. Buna qədər isə məhkəmə müvafiq tərəfə ondan konkret olaraq hansı prosessual hərəkətlər etməli olduğunu gözlədiyini açıq şəkildə bildirməli, eləcə də, prosesdə iştirak etməmənin doğuracağı hüquqi nəticələr barədə aydın məlumat vermək vəzifəsini yerinə yetirməlidir. Bu isə onu tələb edir ki, tərəflərə ünvanlanan bildiriş məzmun etibarilə göstərilən tələblərə cavab verməli, qanun müddəasının təkrarlanması şəklində formal xəbərdarlıqdan ibarət olmamalıdır. ...
42. Göründüyü kimi, məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərin məlumatlandırılması yalnız bildirişin qanunauyğun formada tərtib edilməsindən yox, eləcə də həmin bildirişin tərəflərə lazımi qaydada çatdırılmasından ibarətdir. Məhkəmələr məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verərkən həm bildirişin mətnini qanunauyğun formada tərtib etməli, həm də həmin bildirişin proses iştirakçılarına qanunvericilikdə nəzərdə tutulan formada təqdim edilməsini təmin etməlidir.”
33. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).
34. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar.
35. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxsin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ
İddianın mümkünlüyü:
36. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.
37. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.
38. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
39. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.
40. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.
Tətbiq edilən hüquq:
41. Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. ...
42. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2012-ci ilin yanvarın 1-dək, qadınların yaş həddi 2010-cu ilin yanvarın 1dən başlayaraq 2016-cı ilin yanvarın 1-dək hər il altı ay artırılır. (xx.xx.2017-dək, yəni mübahisəli hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan redaksiya) 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 22.1. Əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir.
43. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ... ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti; ...
44. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” (hüquq münasibətinin yarandığı zaman qüvvədə olan): 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı; ...
45. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnaməsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.
46. İPM-n müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Məhkəmənin mövqeyi:
47. Azərbaycan Respublikasının Konstitusiyası və beynəlxalq-hüquqi aktlar sosial təminat hüququnu əsas insan və vətəndaş hüquqlarından biri kimi təsbit edir. Sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır.
48. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, işləyən pensiyaçıların qulluq stajına görə əmək pensiyasına əlavələri almaq hüququ qanunla nəzərdə tutulmuş əlavə sosial təminatdır, onların alınması hüququ isə şəxs tərəfindən ödənilmiş sosial sığorta haqlarından deyil, onun müvafiq statusundan (dövlətlə xidməti və ya əmək münasibətlərinin mövcudluğundan) asılıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 2014-cü il 14 noyabr tarixli Qərarı).
49. Əmək pensiyası qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara ödənilən aylıq pul ödənişidir. Başqa sözlə, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir.
50. Əmək pensiyaları haqqında qanunvericiliyin yuxarıda sadalanan tələbinə əsasən yasa görə əmək pensiyasının təyin edilməsi üçün 2 əsas eyni anda mövcud olmalıdır: 1) iddiaçının yaşı bu qanunda göstərilən yaş həddinə çatmalıdır; 2) iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir və yaxud azı 25 il sığorta stajı olmalıdır.
51. Hazırkı iş üzrə iddiaçı qanunla müəyyən edilmiş yaş həddinə çatmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx xxxxxx 1956-cı il tarixdə doğulmuşdur. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yaş həddinə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq 12 fevral 2021-ci il tarixdə (65 yaş) çatmışdır.
52. Mübahisə ikinci əsasa görə yaranmışdır. Belə ki, iddiaçı 1 avqust 1973-31 yanvar 1974-cü il tarixlərində Azərmontaj tikinti trestinin təlim mərkəzində təhsil aldığını, daha sonra 14 aprel 1998-ci il tarixə kimi müxtəlif təşkilatlarda əmək fəaliyyəti ilə məşğul olduğunu, həmçinin 1 dekabr 1978-31 mart 1979-cu il tarixlərində ordu sıralarına xidmət göstərdiyini əsas götürərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.
53. Cavabdeh isə etirazında qeyd etmişdir ki, iddiaçının əmək kitabçasına və hərbi biletinə əsasən cəmi 24 il 8 ay 17 gün sığorta stajının, yəni tələb olunan 25 il sığorta stajından azdır. Həmçinin, qeyd olunmuşdur ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 1 yanvar 2006-cı il tarixədək 23 il 9 ay 17 gün sığorta stajına uyğun olaraq 18.135,20 manat, 1 aprel 2020-ci il tarixdən 1 aprel 2021-ci il tarixədək 11 ay sığorta stajına uyğun olaraq 50,62 manat olmaqla, ümumilikdə 18.185,82 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə iddiaçının pensiya hüququ yaranan tarixdə tələb olunan 28.800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. 1 fevral 2023-cü il tarixdən etibarən qanunvericiliklə tələb olunan pensiya kapitalının məbləği 40.320 manat, minimum əmək pensiyasının məbləği isə 280 manat müəyyən edilmişdir. Həmçinin, 1 iyun 2006-cı il tarixdən 1 iyul 2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır.
54. Bununla da, cavabdeh iddiaçıya münasibətdə həm iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının, həm də 25 il sığorta stajının tamalanmadığını əsas götürməklə, iddianın əsassız hesab etmişdir.
55. İddiaçı həm məhkəmə iclaslarında verdiyi izahatlarında, həm də iddia ərizəsində fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının tələb olunan pensiya kapitalından az olmasına dair cavabdehin dəlilini mübahisələndirməmiş, onun 6 avqust 1973cü il tarixdən 31 yanvar 1974-cü il tarixə kimi Azərmontaj tikinti Trestində təhsil aldığı dövrün əmək pensiyası təyin edilməsi üçün sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir.
56. Beləliklə, hazırkı mübahisənin əsası iddiaçının 6 avqust 1973-cü il tarixdən 31 yanvar 1974-cü il tarixə kimi Azərmontaj tikinti Trestində təhsil aldığı dövrün əmək pensiyası təyin edilməsi üçün sığorta stajına daxil edilməli olub-olmaması ilə bağlıdır.
57. Cavabdeh orqanın mövqeyinə görə iddiaçının 6 avqust 1973-cü il tarixdən 31 yanvar 1974-cü il tarixə kimi Azərmontaj tikinti Trestində qiyabi və ya əyani əsaslarla təhsil almasını müəyyən etmək mümkün olmadığından, həmin illər sığorta stajına daxil edilməməlidir.
58. Yəni, Azərmontaj tikinti Trestində təhsilin hansı əsaslarla aprarıldığı qeyrimüəyyəndir: əyani ola da bilər, olmaya da.
59. Məhkəmə mübahisəni araşdırmaq üçün proses gedişində tələbə dair sorğularla müvafiq qurumlara müraciət etmişdir.
60. İş materialına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, SSSR Quraşdırma və Xüsusi Tikinti İşlər Nazirliyi Kadrlar və Təhsil Müəssisələri üzrə Baş İdarəsinin 18086 nömrəli şəhadətnaməsindən görünür ki, İddiaçı 1 dekabr 1978-ci il tarixdən 31 mart 1979-cu il tarixədək həmin nazirliyin yanında kurs üzrə istehsaldankənar (с отрывом от производства) təhsil almış və ona elektrik qaynaqçı ixtisası təyin olunmuşdur.
61. Məhkəmə iclasında iştirak etmiş iddiaçı izahatında bildirmişdir ki, əvvəllər mövcud olan təcrübəyə əsasən Azərmontaj tikinti Trestində təhsilinə dair şəhadətnaməni verməklə SSSR Quraşdırma və Xüsusi Tikinti İşlər Nazirliyi Kadrlar və Təhsil Müəssisələri üzrə Baş İdarəsinin 18086 nömrəli şəhadətnamə ona təqdim edilmişdir.
62. Bu səbəbdən, məhkəmə tərəfindən üçüncü şəxsin ünvanına aşağıdakı məzmunlu sorğu göndərilmişdir:
63. İddiaçı iddia ərizəsində 1 avqust 1973-cü ildə Azərmontaj tikinti trestinin təlim mərkəzinə daxil olaraq 31 yanvar 1974-cü ildə həmin kursu bitirdiyini bildirmişdir. Qeyd olunan dövr onun əmək kitabçasında da qeyd olunmuşdur. İddiaçı məhkəmə prosesində bidirmişdir ki, qeyd olunan kursu bitirməsinə dair diplomu itirmişdir. Göstərilən işin obyektiv və tam araşdırılması məqsədi ilə, 1 avqust 1973-cü ildə Azərmontaj tikinti trestinin təlim mərkəzinə daxil olaraq 31 yanvar 1974-cü ildə həmin kursdakı təhsilin əyani yoxsa, qiyabi təhsilalma formasında olmasına aydınlıq gətirilməsi zərurəti yaranmışdır. Odur ki, aşağıdakı məsələlərə münasibət bildirilməsi xahiş olunur: a. Azərmontaj tikinti trestinin təlim mərkəzindəki kurs təhsilalmanın hansı formasında - əyani, yoxsa qiyabi formada aparılmışdır? b. Əgər əvvəlki suala münasibətdə Sizdə hər hansı bir məlumat mövcud deyildirsə, oxşar vəziyyətdə hazırda bu tipli kurslarda təhsil əyani, yoxsa qiyabi formada həyata keçirilir? c. Əgər qeyd olunan təlim mərkəzində keçirilmiş kursun müddəti əmək kitabçasında qeyd olunmuşdursa, kursun əyani formada həyata keçirilməsi nəticəsinə gəlməyə əsas verirmi? d. Ümumiyyətlə, əvvəlki dövrlərdə peşə təhsili, onun növləri barədə başqa hər hansı bir məlumat mövcuddurmu?
64. Yuxarıdakı sorğuya münasibətdə üçüncü şəxsin cavabı “Azərmontaj tikinti tresti Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin tabeliyində olmadığı üçün sorğuya cavab verilməsi imkan xaricindədir.”
65. Daha sonra məhkəmə təkrar sorğu ilə üçüncü şəxsə sorğu ilə müraciət edilərək “peşə təhsili müəssisələrində təhsilin qiyabi şəkildə həyata keçirilə bilərmi?” sualının cavablandırılması xahiş olunmuşdur.
66. Lakin təkrar sorğuya münasibətdə Azərmontaj tikinti trestinin arxiv sənədlərinin Elm və Təhsil Nazirliyinin Arxiv Fonduna təhvil verilmədiyindən məsələnin araşdırılması imkan xaricində olduğu bildirilmişdir.
67. Azərbaycan Respublikasının Dövlət Arxivinin məktubundan görünür ki, Azərmontaj tikinti trestinin, həmçinin trestin təlim mərkəzinin sənədləri arxivə dövlət mühafizəsinə verilməməsi səbəbindən, iddiaçı barədə axtarış aparılması imkanı xaricindədir.
68. Göründüyü kimi, həm iş materialında olan, həm sorğulara orqanlar tərəfindən verilmiş cavablarla Azərmontaj tikinti trestində təhsilin əyani yoxsa, qiyabi olmasını müəyyən etmək mümkün olmamışdır.
69. Lakin bu vəziyyət mübahisənin həll edilməsinə maneə ola bilməz. Çünki, mübahisə iddiaçının Azərmontaj tikinti Trestində qiyabi və ya əyani əsaslarla təhsil alıb-alması ilə bağlıdır. Deməli, cavabdeh orqan hesab edir ki, peşə təhsili qiyabi əsaslarla da aparıla bilər. Bu səbəbdən mötəbərliliyi mübahisələndirilməyən əmək kitabçasında qeyd olunmuş təhsil illərini sığorta stajına daxil etməmişdir.
70. Cavabdeh orqan ehtimal əsasında öz mövqeyini bldirdiyi üçün, məhkəmə hesab edir ki, peşə təhsilinin ehtimalla da olsa mümkün ola biləcəyi məsələsinə aydınlıq gətirilməsi mübahisənin həlli baxımından əsas olacaqdır.
71. “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının Qanununun 10.7-ci maddəsinə əsasən, peşə təhsili müəssisələrində təhsilalma əyani formada həyata keçirilir.
72. Göründüyü kimi, norma dispozitiv məzmunlu deyildir və adıçəkilən Qanunda qiyabi sözü belə işlədilməmişdir.
73. Cavabdeh orqanın mövqeyi ehtimala söykəndiyi üçün, məhkəmə prosesi gedişində beynəlxalq təcrübələr də araşdırılmışdır. Nümunə kimi Türkiyə Respublikasının “X12” tədqiq edilmişdir. Lakin bu Qanunda belə peşə təhsili əyani qeyd olunmuşdur. Digər ölkələrdə peşə təhsili kolleclərdən kənarda əyani şəkildə aparılır.
74. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 15.1-ci maddəsinə əsasən, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır
75. İPM-in 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
76. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmənin gəldiyi qənaətə görə, iddiaçının 6 avqust 1973-cü il tarixdən 31 yanvar 1974-cü il tarixə kimi Azərmontaj tikinti Trestində təhsil aldığı dövrün əmək pensiyası təyin edilməsi üçün sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
NƏTİCƏVİ HİSSƏ
77. Şərh edilənlərə və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilsin. İddiaçı Azərmontaj tikinti trestinin təlim mərkəzində 1 avqust 1973-cü il tarixdən 31 yanvar 1974-cü il tarixədək keçmiş kursun müddəti iş stajına daxil edilərək, yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi – Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Könül Həbibova