Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-20/2024 01.05.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X4 Kamal qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Vəkil və üçüncü şəxs X1 iştirakı ilə, İddiaçı oğlunun cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı Abşeron rayonu Goradil bələdiyyəsinin 30 noyabr 2007-ci il tarixli, 17 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün Goradil kəndindən ona ayrılmış 0.0662 ha ölçüdə olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, müvafiq çıxarışın və torpaq sahəsinin planı və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Abşeron rayonu Goradil bələdiyyəsinin 30 noyabr 2007-ci il tarixli, 17 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün Goradil kəndindən ona satılmış 0.08 ha ölçüdə olan torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu Goradil bələdiyyəsinin qərarı ilə ayrılmış 0,08 ha torpaq sahəsinin 138 kv m hissəsindən imtina etdiyini bildirmiş və Abşeron rayonu Goradil bələdiyyəsinin 30 noyabr 2007-ci il tarixli, 17 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün Goradil kəndindən ona ayrılmış 0.0662 ha ölçüdə olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, müvafiq çıxarışın və torpaq sahəsinin planı və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X3 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu Goradil bələdiyyəsinin 30 noyabr 2007-ci il tarixli 17 saylı qərarı ilə Goradil kəndində yerləşən 0,08 ha ölçüdə olan torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün iddiaçıya satılmışdır. Həmin torpaq sahəsinin ayrılması barədə qərarın qəbul edilməsindən əvvəl keçmiş DTXK-nın Abşeron rayon şöbəsi tərəfindən verilmiş 30 noyabr 2007-ci il tarixli, 1487 saylı rəydə həmin torpaq sahəsi alqısatqı predmeti olduğuna görə onun satılmasına şöbənin etirazının olmadığı bildirilmişdir. Bundan başqa Goradil kəndi ərazisindən ayrılması nəzərdə tutulmuş 0,08 ha ölçüdə olan torpaq sahəsi barədə X2 onun kordinatları da göstərilmişdir. İddiaçı tərəfindən torpağın dəyəri qismində Goradil bələdiyyəsinə 500,0 manat məbləğində pul vəsaiti ödənilmişdir. Bundan sonra həmin torpaq sahəsi naturada mərz nişanları qoyulmaqla iddiaçıya təhvil verilmişdir Abşeron rayonu Goradil bələdiyyəsinin 30 noyabr 2007-ci il tarixli qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün Goradil kəndindən iddiaçıya ayrılmış 0,08 ha ölçüdə olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsi məqsəqi ilə bütün lazımi sənədləri əlavə etməklə cavabdehə müraciət etmişdir. Lakin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi idarəsi müxtəlif bəhanələr gətirərək, 0,08 ha ölçüdə torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina etmişdir. Bununla əlaqədar məcbur olaraq həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil iddia ərizəsində qeyd olunanları müdafiə edərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsindən görünür ki, aparılan araşdırma zamanı, Goradil bələdiyyəsi tərəfindən İddiaçı 0,08 ha torpaq sahəsinin 30 noyabr 2007-ci il tarixdə ayrılmasına baxmayaraq, alqı-satqı aktının, rayon icra hakimiyyəti orqanının memarlıq xidmətinin rəyinin ərizəyə əlavə edilmədiyi aşkar edilmişdir. Göründüyü kimi torpaq sahəsinin satışı qanunla müəyyən edilmiş qaydada həyata keçirilməmişdir. Əlavə olaraq baxış keçirilmiş ərazidə yerləşən torpaq sahəsinin yüksək gərginlikli (6 kVt) elektrik xəttinin mühafizə zolağında yerləşdiyi aşkar edilmişdir. Həmçinin müraciət üzrə əlavə edilmiş sənədlərdə torpaq sahəsinin 1(bir) konturda yerləşdiyi göstərilməsinə baxmayaraq, faktiki vəziyyətdə torpaq sahəsinin 2 (iki) konturda, bir hissəsinə dair isə X6 adına ləğv edilmiş DT və XK tərəfindən **********0540 nömrəli (A№195417) torpaq sahəsinin planı və ölçüsü tərtib edildiyi müəyyən edilmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş, lakin səbəbini bildirmədən nümayənfəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Üçüncü şəxs X3 iddianı qəbul etmədi və izah etdi ki, iddiaçının mülkiyyət hüququnun qeydə alınmasını istədiyi torpaq sahəsi ona məxsusdur. Belə ki, mərhum həyat yoldaşı X8 ilə xx.xx.2010-cu il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Həyat yoldaşı X8 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Həyat yoldaşının sağlığında Abşeron rayon Görədil bələdiyyəsindən alqı-satqı müqaviləsi əsasında fərdi yaşayış evi tikintisi üçün 0.06 ha torpaq sahəsi almışdır. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən qeyd edilən torpaq sahəsinə dair torpaq sahəsinin A seriyalı, 195417 nömrəli planı və ölçüsü (X11 kitabında 12501 nömrə ilə uçota alınıb) tərtib edilmişdir. O və 2 azyaşlı övladı mərhum həyat yoldaşının hüquqi varisləridir və mərhum həyat yoldaşından miras qalmış əmlaka dair vərəsəlik haqqında şəhadətnamənin verilməsi üçün Bakı şəhəri 8 saylı notariat ofisində vərəsəlik işi açılmışdır. Həyat yoldaşının vəfatından sonra təkbaşına qaldığı üçün və maddi imkanları çətin olduğuna görə o, həmin torpaq sahəsində hər hansı bir tikinti işləri apara bilməmişdir. Bir müddət öncə ona məlum olmuşdur ki, Abşeron rayon Görədil bələdiyyəsi tərəfindən mərhum həyat yoldaşına ayrılmış həmin torpaq sahəsinin bir hissəsi İddiaçı və onun həyat yoldaşı X9 tərəfindən, digər hissəsi isə X10 adlı şəxs tərəfindən ayrı-ayrılıqda zəbt olunmuş və həmin torpaq sahəsində qanunsuz tikinti işləri aparılmışdır. Bununla bağlı həmin şəxslərin özbaşına zəbt etdikləri torpaq sahəsindən çıxarılmaları və apardıqları qanunsuz tikinti işlərinin həmin şəxslərin vəsaiti hesabına sökülməsi ilə bağlı tərəfindən qısa müddət ərzində məhkəməyə müraciət olunacaqdır. Göründüyü kimi iddiaçının mülkiyyət hüququnun qeydə alınmasını istədiyi torpaq sahəsi mərhum həyat yoldaşı X5 irsi transmissiya qaydasında ona və iki övladına miras qaldığına görə həmin torpaq sahəsi üzərində İddiaçı qanunsuz olaraq mülkiyyət hüququnun tanınması nəticə olaraq onların mülkiyyət hüququnun pozulmasına səbəb olur. İş materiallarında olan: - Abşeron rayon Görədil bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 17 saylı qərarından görünür ki, İddiaçı 0,08 ha torpaq sahəsinin satılması qərara alınmışdır. - 82 nömrəli qəbzdən görünür ki, İddiaçı bələdiyyə hesabına 200 manat pul ödəmişdir. -DTXK-nin Abşeron rayon şöbəsinin xx.xx.2007-ci il tarixli rəyindən görünür ki, İddiaçı və qeyrilərinə torpaq sahəsinin satılmasına etiraz etmir. - Abşeron RİH Memarlıq və Tikinti şöbəsinin xx.xx.2006-cı il tarixli, 135/2 nömrəli rəyindən görünür ki, E.Hüseynova və qeyrilərinə fərdi yaşayış evi məqsədilə torpaq sahəsinin ayrılmasına etiraz etmir. - Abşeron rayon Görədil bələdiyyəsinin X2n görünür ki, İddiaçı ayrılmış 0,08 ha torpaq sahəsinə dair tərtib edilmişdir. - Bakı şəhəri 11 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş ərizədən görünür ki, İddiaçı Abşeron rayon Görədil bələdiyyəsi ərazisində ayrılmış 0,08 torpaq sahəsinin 0,0138 ha hissəsindən imtina edir. - DT və XK-in Abşeron rayon şöbəsi tərəfindən verilmiş A №195417 plan və ölçü sənədindən görünür ki, həmin sənəd Abşeron rayon Görədil bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 14 nömrəli qərarı ilə ayrılmış 600,9 kv.metr torpaq sahəsinə dair tərtib edilmişdir. - Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, imtina məktubunda və mütəxəssis rəyində torpaq sahəsinin başqa şəxslərə məxsus çıxarışla mülkiyyətində olan torpaq sahələrinin sərhədlərinin daxilində yerləşdiyi torpaq sahələrinə dair çıxarışlar və onların verilməsi üçün əsas olmuş sənədlər məhkəməyə təqdim edilmişdir. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, İddiaçı Abşeron rayon Goradil bələdiyyəsinin xx.xx.2007- ci il tarixli 17 nömrəli qərarı ilə satılmış 0,08 ha sahəsi torpaq sahəsinə aid hüquqmüəyyənedici sənədləri (torpaq sahəsinin çıxarışı) təqdim edilmədiyindən naturada mövcud olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Lakin İddiaçı faktiki istifadəsində olan 0,0824 ha torpaq sahəsinin 0,0655 ha hissəsi məhkəmə tərəfindən təqdim olunmuş iş materialında Abşeron rayonu Goradil bələdiyyəsinin X2 göstərilən 0,08 ha torpaq sahəsinin döngə nöqtələrini koordinatları ilə üstüstə düşür. İddiaçı faktiki istifadəsində olan 0,0824 ha torpaq sahəsinin 0,0302 ha hissəsi yüksək gərginlikli (6 kVt) elektirik xəttinin mühafizə zolağında yerləşir, (sxemdə göstərilmişdir). İddiaçı faktiki istifadəsində olan 0,0824 ha torpaq sahəsinin 0,0138 ha hissəsi başqa şəxslərə məxsus çıxarışla mülkiyyətlərində olan torpaq sahələrinin sərhəddləri daxilində yerləşir (sxemdə göstərilmişdir). ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının nümayəndəsinin və üçüncü şəxsin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə qəbul edilmiş «Marks Belçikaya qarşı» qərarında göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 23 oktyabr 2007-ci il tarixli 466-lllQD saylı qanunla “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə edilmiş dəyişikliyə əsasən xx.xx.2007-ci il tarixdən etibarən həmin dövrdə Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilərdi. Həmin Qanunun 9.6-cı maddəsinə əsasən bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarilxi qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, ““Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin 2008-ci il 12 dekabr tarixinədək, yəni mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir (Əsasnamənin 7-ci bəndi). Beləliklə, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması və ya alqı-satqı aktınını sonradan bağlanması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi)” Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, ”Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir.” Məhkəmə hesab edir ki, sözügedən torpaq sahəsinin iddiaçıya bələdiyyə tərəfindən satılması iş materialları ilə təsdiq edilir. Alqı-satqı aktının, rayon icra hakimiyyəti orqanının memarlıq rəyinin tərtib iddiaçının müraciətinin təmin olunmasından imtina üçün mötəbər dəlil hesab edilə bilməz. Həmin sənədlərin düzgün və qanunauyğun şəkildə tərtib edilməsi iddiaçının deyil, bələdiyyənin və müvafiq dövlər otqanlarının vəzifələrinə aid olmuşdur. Cavabdehin torpaq sahəsinin yüksək gərginlikli elektrik xəttinin altında yerləşməsinə münasibətdə məhkəmə qeyd edir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyində qeyd olunur ki, İddiaçı faktiki istifadəsində olan 0,0824 ha torpaq sahəsinin 0,0302 ha hissəsi yüksək gərginlikli (6 kVt) elektirik xəttinin mühafizə zolağında yerləşir, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın 8-cu bəndinə görə elektrik şəbəkələrindən binalara, qurğulara, ağac-kol sahələrinə qədər, hava elektrik ötürücü xətlərinin naqillərindən yer və su səthinə qədər olan minimal məsafələr (qabarit, kəsişmə, yaxınlaşma) Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən təsdiq olunmuş müvafiq qaydalara əsasən müəyyən edilir və binaların layihələşdirilməsi, tikintisi, ağacların, kolların əkilməsi, budanması və kəsilməsi zamanı mütləq bu Qaydalara riayət edilməlidir. Qaydaların 12-ci bəndinə görə elektrik şəbəkələrinin mühafizə zonalarında həmin şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan aşağıda göstərilən işlərin yerinə yetirilməsi qadağandır: a) binaların və qurğuların tikintisi, quraşdırılması, təmiri, yenidən qurulması və sökülməsi.... Beləliklə, Qaydaların tələbindən göründüyü kimi mühafizə zolağına aid məhdudiyyətlər tikililərin aparılması və s.ilə bağlı olmuşdur. Məhkəmə hesab edir ki, cavabdehin bu dəlili torpaq sahəsinə dair münasibətdə tətbiq edilməsi onun mülkiyyət hüququnun məhdudlaşdırılması ilə nəticələnə bilər. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehin bu dəlili də əsassız hesab edilməlidir. İddiaçıının iddia etdiyi torpaq sahəsinin bir hissəsinin (138 kv m ) başqa şəxsə verilmiş torpaq sahəsinin ölçü və sənədində göstərilən torpaq sahəsi ilə üst-üstə düşməsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı həmin hissədən imtina etdiyini və torpaq sahəsinin ölçüsü azaldılmaqla mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmişdir. Mütəxəssis rəyinə əlavə edilmiş sxemdən görünür ki, başqa şəxslərlə üst-üstə düşən hissə torpaq sahələrinin kənarlarında yerləşir, bu baxımdan həmin hissə çıxılmaqla mülkiyyət hüququnun qeydə alınması mümkündür. Məhkəmə həmçinin onu qeyd etməyi zəruri hesab edir ki, iddiaçıya torpaq sahəsinni ayrılmasına dair bələdiyyə qərarı qüvvədədir. X1 həmin bələdiyyə qərarının ləğv edilməsinə dair iddiası Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(118)-3549/2023 saylı qərardadı ilə iddia müddətinin ötürülməsi ilə əlaqədar mümkün sayılmamışdır və həmin qərardad Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(105)-201/2024 saylı qərardadı ilə dəyişdirilmədən saxlanılmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Bununla bağlı məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, Abşeron rayonu Goradil bələdiyyəsinin 30 noyabr 2007-ci il tarixli 17 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün Goradil kəndindən ona ayrılmış 0,0662 ha ha ölçüdə olan torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reystrdən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Abşeron rayonu Goradil bələdiyyəsinin 30 noyabr 2007-ci il tarixli 17 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0,0662 ha ölçüdə olan torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın və planı və ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70, (Sumqayıt Məhkəmə Kompleksi) ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-20/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-20/2024
01.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver