Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-200/2021 26.02.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X2 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Şamaxı rayon filialına qarşı “iddiaçının 1973-1978-ci il tarixlərində ünvan 1 kolxozunda təsərrüfat işlərində işlədiyi müddətlərin ümumi iş stajı kimi sosial sığorta stajına daxil edərək iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi və keçmiş müddət üçün alınmamış əmək pensiyası məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı pensiya təyini üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən xx xxxx 2020-ci il tarixli, **********6 saylı məktubla iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İmtinanın əsasını iddiaçının 1973-1978ci illərdə Şamaxı rayon “Kommunizm” Kolxozunda işlədiyi dövrlərin əmək kitabçasında əksini tapmaması təkil etmişdir. İddiaçı razılaşmayaraq, məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı milliyəti rusdur, Azərbaycan Respublikası vətəndaşıdır, xx.xx.1958-ci ildə Şamaxı rayonunun Astraxanovka (indiki Qızmeydan) kəndində anadan olmuşdur. Hal–hazırda ərizədə qeyd edilmiş ünvanda yaşayır. 1973-1978-ci il tarixlərdə ünvan 1 kolxozunda təsərrüfat işlərində işləmişdir. Yaşa görə əmək pensiyası almaq ilə əlaqədar Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Şamaxı rayon filialına ərizə ilə müraciət etmişdir. Lakin cavabdeh ərizəni rədd edərək bildirmişdir ki, tələb olunan ümumi iş stajı olmadığına görə iddiaçının yaşa görə əmək pensiyası hüququ yoxdur. Belə ki, 1973-1978-ci il tarixlərində Şamaxı rayonunun Astraxanovka kənd Kommunizm kolxozunda təsərrüfat işlərində işlədiyi dövrlər əmək kitabçasında əksini tapmadığı üçün yaşa görə əmək pensiyası təyin edilməsi mümkün olmamış, iddiaçının narazı qalacağı halda məhkəməyə müraciət edə biləcəyi qeyd edilmişdir. Ona görə də iddiaçı məhkəməyə müraciət etmişdir. İddiaçı hesab edir ki, imtina əsassızdır. Çünki onun əmək kitabçası var, bundan əlavə 1973-1978-ci il tarixlərində ünvan 1 kolxozunda təsərrüfat işlərində işlədiyini sübut edən arxiv arayışını, Şamaxı RİHB-nın Qızmeydan İƏD-si üzrə nümayəndəliyinin Aktını və sairə işləməsini təsdiq edən rəsmi arayışları və sənədləri də cavabdehə təqdim etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən, İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikası “Əmək Pensiyaları haqqında” Qanunun 31.1-ci, 32.1-ci, 37.7-ci, 3.1-ci, 4.1-ci, 22.1-ci və 23.2-ci və sairə maddələri, Azərbaycan Respublikası ƏƏSMN Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması, saxlanılması qaydalarının İİİ bölməsinin 3.1.-ci bəndi, “Sosial sığorta haqqında” Qanunun 8-ci, 9-cu, 10-cu maddələri, “Vətəndaşların pensiya təminatı haqqında” AzərbaycaN Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən, Azərbaycan Respublikası “Əmək Pensiyaları haqqında” Qanunun 21-ci maddəsinə, “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması, saxlanılması” Qaydalarının 4.2.7-ci bəndinə, Azərbaycan Respublikası “Əmək Pensiyaları haqqında” Qanunun 25-ci maddəsinə uyğun olaraq iddiaçıya 1973-1978-ci il tarixlərində ünvan 1 kolxozunda təsərrüfat işlərində işlədiyi müddətin ümumi iş stajı kimi sosial sığorta stajına daxil edilərək iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi və keçmiş müddət üçün alınmamış əmək pensiyası məbləğinin hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməlidir. Qeyd olunanlara əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X1 iştirak etmiş, iddia ərizəsinə uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazında qeyd edir ki, məhkəmənin icraatında İddiaçı cavabdeh Əmək və Əhaiinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şamaxı rayon filialına qarşı “kolxozda işlədiyi müddətin ümumi iş stajı kimi sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin olunması ” tələbinə dair 2-1(118)-1071/2020 saylı inzibati iş vardır. İddiaçı iddia ərizəsində cavabdehin xx.xx.2020-ci il tarixli **********6 saylı imtinasının əsassız hesab olunması, 1973-1978-ci illərdə Şamaxı rayon “Kommunizm” kolxozunda işlədiyi müddətin sığorta stajına daxil edilməklə yaşa görə pensiyanın təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən tələb edir. Hesab edirlər ki, iddiaçının iddia tələbi tam əsassızdır və aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir: Əvvəlcə məhkəmənin nəzərinə çatdırırlar ki, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 il yaşına çatmış kişilərin və 60 il yaşına çatmış qadınların (x xxxx 2019 - xx xxxx 2020-ci illər üçün) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017- ci il iyulun 1-dəkyaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021 -ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. AR ƏƏSMN-nin Kollegiyasının xx.xx.2017-ci il tarixli, 17 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarını 3.1 -ci maddəsinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilən zaman Qanunun qüvvəyə mindiyi xx.xx.2006- cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alınır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçıya yaşa görə pensiya 62 yaşdan təyin edilə bilər. Bunun üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, 2) pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda. İddiaçı onun barəsində ikinci halın mövcudluğundan çıxış etməklə, yəni 25 il sığorta stajına malik olduğu nəzərə alınmaqla ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. İş materiallarında olan iddiaçının pensiya işinə əlavə edilmiş əmək kitabçasının surəti və AR Milli Arxiv İdarəsi Dövlət X5 arxiv arayışları əsasında (əmək haqqı cədvəlləri) ilə iddiaçının 20 il 07 ay 6 gün sığorta stajının olduğu müəyyən edilmişdir. Aşağıda həmin hesablama qaydası təqdim olunur: 1978-ci ildə - 3 ay 1979-cu ilidə 12 ay 1980-ci ildə - 12 ay 1981 -ci ildə - 9 ay 1982-ci ildə - 6 ay 1983-cü ildə - 2 ay 1984-cü ildə - 12 ay 1985-ci ildə - 12 ay 1986-cı ildə - 12 ay 1987-ci ildə - 12 ay 1988-ci ildə - 7 ay 1989-cu ildə - 11 ay 1990-cı ildə - 12 ay 1991 -ci ildə - 10 ay 1992-ci ildə - 12 ay 1993-cü ildə - 12 ay 1994-cü ildə - 11 ay 1995 - 2000-ci illərdə - 72 ay 2001 -ci ildə - 8 ay 247 ay ~ 20,6 il = 20 il 7 ay 6 gün. Belə olan halda iddiaçının ümumilikdə sığorta stajının müddəti 20 il 07 ay 06 gün təşkil edir. Bu isə yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunvericiliklə tələb olunan sığorta stajından, yəni 25 ildən azdır. Əlavə olaraq da qeyd edirlər ki, 1973-1978-ci illərdə iddiaçının “Kommunizm” kolxozunda işləməsi faktı əmək kitabçasında deyil, yalnız Dövlət X5 təqdim etdiyi arxiv çıxarışında öz əksini tapır. Həmçinin cavabdeh məhkəmənin nəzərinə çatdırmışdır ki ,Şamaxı rayonu Astraxanovka kəndi (hazırda Qızmeydan kəndi) “Kommunizm” kolxozunda işləyən kişilər üçün minimum adam günü 240, qadınlar üçün isə minimum adam günü 120 gün kimi hesablanır. İddiaçı isə 1973-cü ildə (73 adam günü) və 1974-cü (114 adam günü) ildə tələb olunan minimum 120 günü tamamlaya bilmədiyi üçün həmin illər sığorta stajına tam bir il kimi hesablana bilməz. 1973-cü il üçün 07 ay 03 gün, 1974- cü il üçün isə 11 ay 04 gün kimi hesablanmalıdır. Və beləliklə, işə əlavə olunmuş arxiv çıxarışı əsasında iddiaçının 05 il 06 ay 07 günlük iş stajı var. Lakin bu faktı təsdiqlədəcək əmr kitabından çıxarışın arxiv tərəfindən təqdim olunmaması səbəbindən həmin illərdə iddiaçının kolxozda işlədiyi dövrün sığorta stajına daxil edilməsi əsassız və qanunsuz hesab olunmalıdır. 1973-cü ildə iddiaçının yaşı 15 yaş təşkil edirdi. Həmin dövrdə SSSR-in Əmək Qanunları Məcəlləsinə əsasən isə əmək qabiliyyətli yaş 16 yaş hesab olunduğu üçün 16 yaşına çatmamış şəxslərlə bağlanılan əmək müqaviləsi etibarsız sayılır və belə müqaviləni bağlayan işəgötürən inzibati məsuliyyətə cəlb edilir. Ona görə də iddiaçının xx.xx.1974-cü il (16 yaşın tamam olma tarixi) tarixinə qədər olan illəri iş stajına daxil ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Ali Məhkəmənin analoji işlərə baxdığı zaman özünün formalaşdırdığı hüquqi mövqeyə əsasən, qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz.” Qüvvədən düşmüş 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun müddəalarına nəzər yetirdikdə oxşar məsələlərin həmin Qanunda da təsbit edildiyini müşahidə edirik. Belə ki, qeyd edilən Qanunun 12-ci maddəsinə müvafiq olaraq, kişilər üçün pensiya hüququnun yaranması üçün 2 şərtin olması tələb olunur: 1) 60 yaş 2) azı 25 il iş stajı. Göründüyü kimi şəxsə pensiya təyin ediiməsi üçün hər iki şərtin eyni anda mövcud olması tələb olunur. Əks təqdirdə şəxsin pensiya hüququ yaranmayacaq və bununla əlaqədar şəxsə cavabdeh orqan tərəfindən imtina verilməsi qanunun tələblərinə uyğun və əsaslı olacaqdır. Yuxarıda qeyd edilən Qanunların müddəalarının məzmunundan göründüyü kimi qanunla müəyyən edilmiş yaş həddinə çatmış şəxsin pensiya hüququnun yaranması üçün tələb olunan əsas şərtlərdən biri sığorta stajıdır. Lakin iddiaçının pensiya işinə əlavə edilmiş əmək kitabçasının surətindən və təqdim olunan əmək haqqı cədvəllərindən göründüyü kimi onun sığorta stajı ümumilikdə 20 il 07 ay 06 gün təşkil edir. Əmək qabiliyyətli yaş belə olan halda istər qüvvədən düşmüş Qanunda, istərsə də hal-hazırda qüvvədə olan Qanunda müəyyən edilmiş yaş həddinə çatmış qadınlar üçün pensiya hüququ qazanmağının əsas şərti kimi azı 25 il sığorta stajın olması tələb kimi qeyd edilmişdir. İddiaçı öz iddiasını müvafiq sənədlərlə sübuta yetirə bilmədiyindən qanunvericiliyin yuxarıda qeyd edilən normalarının tələbləri rəhbər tutulmaqla iddia tələbi əsassız və qanunsuz hesab edilməlidir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında cavabdeh nümayəndəsi X4 iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Dövlət X5 xx xxxxxx 2020-ci il tarixli, 157 saylı arayışında iddiaçının 1973-1978-ci illərdə Şamaxı rayon Astraxanovka kənd “Kommunizm” kolxozunda işləməsi öz təsdiqini tapmışdır. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İş materiallarından və tərəflərin izahatından görsənir ki, hazırkı mübahisənin yaranmasının əsasını iddiaçınin işlədiyi və arxiv arayışları ilə müəyyən olunan dövrlərin cavabdeh tərəfindən sosial sığorta stajına daxil edilməməsi təşkil edir. Məhkəmə aşağıda qeyd olunanlara əsasən iddianı əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər bir vətəndaşın sosial təminat konstitusiya hüququ onun qanunla müəyyən edilmiş hallarda və məbləğdə pensiya almaq hüququnu da nəzərdə tutur. Bu mənada, pensiya təminatı sosial təminat hüququnun mühüm tərkib hissəsi kimi çıxış edir və Azərbaycan Respublikasının qoşulduğu bir sıra beynəlxalq-hüquqi aktlarda da öz əksini tapmışdır. Qeyd edilən konstitusion müddəadan çıxış etməklə Azərbaycan Respublikasının qanunvericiliyi sosial təminat hüququnun əldə edilməsi və həyata keçirilməsi qaydalarını müəyyənləşdirmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Əmək Pensiyaları haqqında Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iş stajının əmək kitabçasına əsasən hesablanmalı olmasını səbəb gətirərək Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Dövlət X5 xx xxxxxx 2020-ci il tarixli, 157 saylı arayışında qeyd olunan dövrləri nəzərə almaması qanuna uyğun deyildir. Belə ki, həmin arayışda iddiaçının 1973-1978-ci illərdə Şamaxı rayon Astraxanovka kənd “Kommunizm” kolxozunda işləməsi öz təsdiqini tapmışdır. Vətəndaşın iş stajının müəyyən olunmasında müvafiq arayışın nəzərə alınmamasını məhkəmə yuxarıda qeyd olunan konstitusion hüququn pozulması kimi qiymətləndirir və bu qənaətə gəlir ki, həmin arayışda qeyd olunan dövrlər iddiaçıya yaşa görə əmək pensiyasının hesablanması zamanı sosial sığorta stajı kimi nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçı pensiya yaşına çatmışdır və əmək kitabçasına əsasən isə 20 il 7 ay 6 gün sosial sığorta stajı vardır. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Dövlət X5 xx xxxxxx 2020-ci il tarixli, 157 saylı arayışında qeyd olunan iddiaçının 1973-1978-ci illərdə Şamaxı rayon Astraxanovka kənd “Kommunizm” kolxozunda işlədiyi dövrlər, illər üzrə əmək günləri əsas götürülərək 05 il 06 ay 07 gün sosial sığorta stajı kimi nəzərə alınanda isə iddiaçının 25 ildən artıq sosial sığorta stajı yaranmış olur. Beləliklə iddiaçıya münasibətdə qanunvericilikdə tələb olunan yetərli şərtlər mövcud olduğuna görə, yəni iddiaçı pensiya yaşına çatdığına və 25 ildən artıq sosial sığorta stajı olduğuna görə ona yaşa görə əmək pensiyası hesablanmalıdır. Məhkəmə cavabdehin dəlillərinədə münasibət bildirməyi vacib sayır. Beləki, cavabdeh inzibati orqan dövlət arxivinin arayışı ilə təsdiq olunan dövrləri sosial sığorta stajı kimi nəzərə almır. Məhkəmə ilk növbədə qeyd edir ki, inzibati orqanın qanunvericiliyə zidd və ədalətsiz olan və eyni zamanda uzun müddətli məhkəmə praktikasında qanunsuz olduğu qəbul edilmiş bu mövqeyi davam etdirməsi, xüsusilə yaşa görə əmək pensiyası hüququ yaranmış şəxslərin zaman baxımından vacib sayılacaq gözlənən hüquqlarının təminin uzanmasına və nəticədə onların hüquqlarının pozulmasına səbəb olur. Bu eyni zamanda dövlətin vətəndaşlar qarşısındakı konstitusion öhdəliyinin təminin reallaşmasına maneə yaradır və prosessual qənaət prinsipinədə ziddiyət təşkil edir. Cavabdeh bundan başqa qeyd edir ki, 1973-cü ildə iddiaçının yaşı 15 yaş təşkil edirdi. Həmin dövrdə SSSR-in Əmək Qanunları Məcəlləsinə əsasən isə əmək qabiliyyətli yaş 16 yaş hesab olunduğu üçün 16 yaşına çatmamış şəxslərlə bağlanılan əmək müqaviləsi etibarsız sayılır və belə müqaviləni bağlayan işəgötürən inzibati məsuliyyətə cəlb edilir. Ona görə də iddiaçının xx.xx.1974-cü il (16 yaşın tamam olma tarixi) tarixinə qədər olan illəri iş stajına daxil ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsi mülki hüquq münasibətlərnin müəyyən olunmasında tətbiqi zəruri olduğu halda, inzibati hüquq münasibətlərinin müəyyən olunmasına yalnız inzibati məhkəmə icraatının əsas prinsiplərinə zidd olmadığı halda tətbiq edilə bilər(İPM 1.2). Pensiya təminatı ilə bağlı qanunvericilik və inzibati məhkəmə icraatı xüsusi olaraq tənzimləndiyi üçun bu normanın əsas müəyyən edici norma kimi tətbiqi inzibati məhkəmə icraatı ilə ziddiyət təşkil edir. Pensiya yaşı və pensiya şərtlərinin dinamikası nəzərə alınanda qeyd olunan norma əksər hallarda vətəndaşların hüquq tələbi irəli sürməsinə əsas ola biləcək norma kimi qəbul edilə bilər. Ama qeyd olunduğu kimi pensiya təminatı ilə bağlı qanunvericilik xüsusi olaraq tənzimləndiyi nəzərə alınaraq, prosessual baxımdanda inzibati məhkəmə icraatının prinsipləri nəzərə alınaraq bu kateqoriya mübahisələr həll edilməlidir. Məhkəmə inzibati orqanın sovet dövründəki qanunvericiliyə istinad edərək, “əmək stajının arxiv arayışı nəzərə alınaraq hesablansa belə, 16 yaşından əvvəlki dövrlər hesablana bilməz” mövqeyi ilədə razılaşmır. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 46.4-cü maddəsinə əsasən Əmək müqaviləsi on beş yaşına çatmış fiziki şəxslərlə bağlanıla bilər. Uşaq Hüquqları haqqında Konvensiyanın 31-ci bəndində qeyd olunur ki, iştirakçı dövlətlər uşağı istirahət etmək və asudə vaxta malik olmaq hüququnu, onun yaşına uyğun oyunlarla, əyləncəli tədbirlərdə iştirak etmək vətədbirlər, habelə təhsil sahəsində tədirlər görürlər. Bu məqsədlə digər beynəlxalq sənədlərin müvafiq müddəalarını rəhbər tutaraq iştirakçı dövlətlər: a) işə qəbul üçün minimal yaş həddi və ya minimal yaş həddləri müəyyən edirlər; b) iş gününün müddəti və əmək şəraiti haqqında lazımi tələblər müəyyən edirlər; v) bu maddənin səmərəli surətdə həyata keçirilməsini təmin etmək üçün müvafiq cəza növləri və ya digər sanksiyalar nəzərdə tuturlar. Uşaq hüquqları dövlətin xüsusi nəzartində olan sahə olduğu kimi, pensiya təminatı hüququda cəmiyyətin xüsusi təbəqəsini əhatə edən xüsusi bir sahədir. Məhkəmə hesab edir ki, uşaq hüquqlarının pozulması pensiya hüquqlarının məhdudlaşdırılmasına əsas kimi çıxış edə bilməz. Hazırda qüvvədə olan qanunvericiliyə əsasən əməyə cəlb edilmə yaşı 15 yaş olduğuna görə, cavabdehin bu dəlili əsaslı hesab edilə bilməz. Eyni zamanda cavabdehin “16 yaşdan əvvəlki dövrün sosial sğorta stajı kimi nəzərə alna bilməz” dəlili qəbul edilsə belə, hazırkı konkret iş üzrədə iddiaçının əmək stajının hesablanması zamanı onun 16 yaşına kimi məhdud iş stajının olması, yəni 1973-cü ildə az əmək günü olması və 1974-cü ildə 16 yaşınına qədər (xx.xx.1974-cü il) kolxozlarda təsərrüfat işlərinin əsasən olmadığı nəzərə alınmalıdır. Beləliklə yuxarıda qeyd olunanlara əsasən iddiaçının qanunvericiliyə əsasən yaşa görə əmək pensiya hüququ yarandığına görə iddia əsaslı hesab edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının 1973-1978-ci il tarixlərində Şamaxı rayonunun Astraxanovka (indiki adı Qızmeydan) kənd “Kommunizm” kolxozunda təsərrüfat işlərində işlədiyi müddətlər ümumi iş stajı kimi sosial sığorta stajına daxill edərək iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi və keçmiş müddət üçün alınmamış əmək pensiyası məbləğinin hesablanaraq ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı 1973-1978-ci il tarixlərində ünvan 1 kolxozunda təsərrüfat işlərində işlədiyi müddətlər (Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Dövlət X5 xx xxxxxx 2020-ci il tarixli, 157 saylı arayışında qeyd olunan dövrlər) ümumi iş stajı kimi sosial sığorta stajına daxill edərək, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi və keçmiş müddət üçün alınmamış əmək pensiyası məbləğinin hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Şamaxı rayon filialının üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 2 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-200/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-200/2021
26.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver