Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2000/2024 13.03.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair ərizəyə Sumqayıt İnzibati Məhkəməsində (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:
1. Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 17 avqust 2023-cü il tarixli, **********7725 nömrəli qərardan müəyyən olunur ki, İddiaçı (VÖEN: **********) Azərbaycan Respublikası Azərbaycan Respublikası Vergi Məcəlləsinin (bundan sonra – “VM”) 58.7.1-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə 1.000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi, 29 avqust 2023-cü il tarixədək 1.000 manat məbləğin büdcəyə ödənilməsinin təmin edilməsi qərara alınmışdır.
2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin məsuliyyət qərarının və tələbnamənin göndərilməsi haqqında məktubu 26 sentyabr 2023-cü il tarixdə İddiaçı göndərilərək, tərtib olunmuş 9 avqust 2023-cü il tarixli DVX seriyalı 023815 nömrəli akta əsasən vergi qanunvericiliyinin pozulması haqqında çıxarılmış 17 avqust 2023-cü il tarixli, **********7725 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi" qərar və "Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə" tələbnamənin göndərilirməsi və maliyyə sanksiyasının qısa müddət ərzində büdcəyə ödənilməsinin təmin edilməsi ona tövsiyə olunması bildirilmişdir.
Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq:
3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 8 dekabr 2023-cü il tarixli, **********012800 nömrəli məktubundan müəyyən olunur ki, 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 7 avqust 2023-cü il tarixli, **********5055 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən, İddiaçı fəaliyyət göstərdiyi Sumqayıt şəhəri, Corat ünvanında yerləşən **********-29002 kodlu “Flagman" adlı təsərrüfat subyektində (obyektində) 9 avqust 2023cü il tarixdə “Nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması” və “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi” məsələləri üzrə operativ vergi nəzarəti tədbiri həyata keçirilmişdir. Operativ vergi nəzarəti zamanı müştəriyə göstərilmiş xidmətə görə 28 manatın ödənildiyi və ödəniş müqabilində müştəriyə qəbzin təqdim edilmədiyi və bir nəfər işçinin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi müəyyən edilmişdir. Araşdırma zamanı təsərrüfat subyektində (obyektində) nəzarət kassa aparatının nasaz olduğu və “Nəzarət-kassa aparatının işləmədiyi dövrdə aparılan əməliyyatların uçotu kitabı" təqdim edilmədiyi üçün həmin məbləğin bərpa edilməsi mümkün olmamışdır. Belə ki, operativ vergi nəzarəti tədbirinə başlanılan vaxt vergi ödəyicisinin səlahiyyətli nümayəndəsindən “Nəzarət kitabçasının olub-olmaması barədə soruşulmuş və “nəzarət kitabçası” təqdim edilmədiyi üçün bu barədə tərtib edilmiş aktlarda müvafiq qeydlər edilmişdir. Həmçinin, vergi ödəyicisinin səlahiyyətli nümayəndəsi X6 "Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarla və Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən" çıxarışla tanış olmuş, "OVN keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında tələbnaməni və aşkar edilmiş qanun pozuntularına əsasən tərtib edilmiş 9 avqust 2023-cü il tarixli DVX seriyalı 006859 və 023815 nömrəli aktları imzalamış və bir nüsxələrini qəbul etmişdir. Tərtib edilmiş aktlar əsasında vergi ödəyicisinə 10 avqust 2023-cü il tarixli **********906100 və **********907800 nömrəli “OVN materiallarına baxılması barədə-BİLDİRİŞ” göndərilərək, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 49-cu maddəsinə əsasən qəbul ediləcək qərar üzrə materiallara baxılmada iştirak etmək üçün zəruri hesab etdiyi sənədlərlə özü və ya səlahiyyətli nümayəndəsi 17 avqust 2023-cü il tarixdə 2 saylı Ərazi Vergilər Baş İdarəsinə dəvət edilsədə vergi ödəyicisi və ya səlahiyyətli nümayəndəsi materiallara baxılmada iştirak etməmiş və 17 avqust 2023-cü il tarixli **********7725 və **********7734 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət cəlb edilməsi haqqında” Qərarlar onun iştirakı olmadan çıxarılmış və 17 avqust 2023-cü il tarixli **********671300 və **********679900 nömrəli “Məsuliyyət qərarının və tələbnamənin göndərilməsi haqqında” məktublarla vergi ödəyicinə göndərilmişdir.
4. Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə **********7726 nömrəli tələbnaməyə əsasən, İddiaçı vergi qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları 1.000 manat təşkil etmişdir.
5. Vergi ödəyiciləri ilə yazışmalar barədə 25 yanvar 2024-cü il tarixli, **********671300 nömrəli hesabata əsasən, İddiaçı 23 avqust 2023-cü il tarixdə məsulliyət qərarının və tələbnamənin göndərilməsi haqqında bildiriş göndərilmiş və həmin bildiriş 25 sentyabr 2023-cü il tarixdə oxunmuşdur.
MÜBAHİSƏLİ HÜQUQİ MƏSƏLƏNİN QİSA XÜLASƏSİ
6. İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının VM-in 58.7.1-ci maddəsi ilə vergi məsuliyyətinə cəlb etmə barədə olan cavabdehin 17 avqust 2023-cü il tarixli, **********5525 saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin 17 avqust 2023-cü il tarixli, **********5525 saylı vergi məsuliyyətinə cəlb etmə haqqında qərarı ilə VM-in 58.7.1-ci maddəsi ilə 1.000 manat vergi məsuliyyətinə iddiaçı cəlb edilib. İdidaçı qərarın surətini 26 sentyabr 2023-cü il tarixdə vergi idarəsindən əlbəəl almışdır. Qərarda qeyd olunmuşdur ki, 9 avqust 2023-cü il tarixdə obyektimdə nəzarət-kassa aparatının işləməməsi müəyyən edilmişdir. Məhkəmənin nəzərinə çatdırılır ki, Novxanı qəsəbəsinin dəniz sahilində yerləşən “Flaqman" İstirahət mərkəzini iddiaçı icarəyə götürüb işlədir. 18 iyul 2023-cü il tarixdə kassa aparatı sıradan çıxmış və iddiaçı onu təmir etmək üçün Vergilər idarəsinin “Azsmart” servis və kassa nəzarət xidməti idarəsinə aparmışdır. Həmin gündən kassa aparatı bu idarədə olmuşdur. İddiaçı hər gün bu idarəyə zəng vurmuş və aparatı təcili təmir etmələrini tələb etmişdir. Lakin bu xidmət idarəsində təmiri gecikdirmişlər. Bu barədə servis idarəsi ilə olan bütün danışıqları telefonunda qalmışdır və onları məhkəməyə təqdim edəcək. Həmçinin, bu servis idarəsinə hər ay 15 manat xidmət haqqı ödəyir. Bunları verginin işçilərinə demiş, lakin onlar sözlərinə əhəmiyyət verməmiş və iddiaçıya 1.000 manat cərimə yazılmışdır. Bu məsələ iddiaçıdan asılı olmamaldır. Buna görə də vergi məsuliyyətinə cəlb edilməyi əsassız və qanunsuzdur. Buna görə də qərar ləğv olunmalı və vergi məsuliyyəti üzrə işə xitam verilməlidir.
8. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - “İPM”) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
9. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və tərəflər işin halları, mübahisənin vəziyyəti və iddianın mümkünlüyü ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar.
TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ:
10. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, obyektinin bütün işlərini X3 etibar etmişdir. Elektron informasiya sistemindən istifadə edə bilmədiklərini, ancaq poçt vasitəsi ilə gələn sənədlərlə işlərinin aparıldığını bildirmişdir. Bu səbəbdən, elektron kabinetində cavabdeh tərəfindən yerləşdirilən qərardan məlumatlı olmadığını bildirmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq müddətin ötürülməsinin səbəbi kimi qonşusunun rəhmətə getməsini, cavabdeh orqana qərarın surətini almaq üçün müraciət etməsinin vaxtını bilmədiyini bildirmişdir.
11. Məhkəmə 13 mart 2024-cü il tarixinə təyin edilmiş iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında öz nümayəndəsinin iştirakını təmin etməmişdir. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar.
12. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
13. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş cavabdehin səlahiyyətli nümayəndəsi X7 izahatlarında iddianın mümkün sayılmamasını xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, vergi ödəyiciləri ilə yazışmalar barədə olan qanunvericiliklə müəyyən olunmuş qaydada təsdiq edilmiş hesabata əsasən, iddiaçıya 23 avqust 2023-cü il tarixdə məsulliyət qərarının və tələbnamənin göndərilməsi haqqında bildiriş göndərilmiş və həmin bildiriş 25 sentyabr 2023-cü il tarixdə oxunmuşdur (§ 5).
ƏSASLANDİRMA HİSSƏSİ
İddianın növü və mümkünlüyü
14. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının pul hesablaşmalarının aparılması qaydalarının pozulması üçün cavabdeh orqan tərəfindən 1.000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Bu barədə cavabdeh tərəfindən iddiaçı elektron kabinet vasitəsi ilə 23 avqust 2023-cü il tarixdə məlumatlandırılmışdır. 26 sentyabr 2023-cü il tarixdə iddiaçıya həmin qərarın surəti cavabdeh orqan tərəfindən verilmişdir.
15. Göründüyü kimi, hazırki iddia mübahisələndirmə haqqında iddiadır.
16. Qanunvericiliyin tələblərinə əsasən, iddianın mümkünlüyü şərtlərinin mövcudluğu tərəflərin tələbindən asılı olmayaq məhkəmə tərəfindən öz xidməti vəzifəsinə uyğun olaraq yoxlanılmalıdır. Belə olan halda isə, iddianın mümkünlük şərtlərinin mövcudluğunun sübuta yetirilməsi iddiaçının üzərinə düşür.
17. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun:
18. 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir;
19. 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir;
20. 3.1-ci maddəsinə əsasən, bu qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur.
21. Məhkəmə qeyd edir ki, İPM inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur.
22. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir.
23. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.”
24. İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur.
25. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
26. Həmin Məcəllənin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
27. Həmin Məcəlləsinin 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.
28. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adışəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.
29. Göründüyü kimi, iddia müddətlərinə riayət edilməsi iddianın mümkünlüyü komponentlərindən biridir.
30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2001ci il tarixli qərarında göstərilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı.
31. Avropa İnsan Hüquqları Məhkəməsinin “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə xx.xx.2000-ci il tarixli qərarında qeyd edilmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar.
32. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün qiymətləndirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir.
33. İş materiallarından görünür ki, vergi ödəyiciləri ilə yazışmalar barədə 25 yanvar 2024-cü il tarixli, **********671300 nömrəli hesabata əsasən, iddiaçıya 23 avqust 2023-cü il tarixdə məsulliyət qərarının və tələbnamənin göndərilməsi haqqında bildiriş göndərilmiş və həmin bildiriş 25 sentyabr 2023-cü il tarixdə oxunmuşdur.
34. İddia ərizəsində iddiaçı qərarın surətini 26 sentyabr 2023-cü il tarixdə vergi idarəsindən əlbəəl aldığını bildirmişdir.
35. İddia ərizəsinə qoşma şəklində əlavə edilmiş “Məsuliyyət qərarının və tələbnamənin göndərilməsi haqqında” məktubdan görünür ki, mübahisələndirilən qərar 26 sentyabr 2023-cü il tarixdə iddia tərəfə təqdim edilmişdir.
36. İddiaçı iddia ərizəsi ilə məhkəməyə 1 noyabr 2023-cü il tarixdə müraciət etmişdir.
37. Nəzərə alınmalıdır ki, qüvvədə olmuş qanunvericilik belə aktların mübahisələndirilməsi ilə bağlı iddiaların irəli sürülməsi üzrə 30 gün müddət müəyyən etmişdir. İddiaçı isə 1 noyabr 2023-cü il tarixdə məhkəməyə müraciət etməklə həmin iddia müddətini ötürmüşdür.
38. Məhkəmə tərəfindən iddiaçıya İPM-in 13-cü maddəsinin tələblərinə əsasən hüquqi yardım edilərək, ona prosessual müddətin bərpası barədə ərizə, bu halı təsdiq edən sübutlarla birlikdə məhkəməyə təqdim edilməli olması izah edilmişdir.
39. Məhkəmə iclasında iştirak edən iddiaçı məhkəməyə “buraxılmış prosessual müddətin bərpası barədə” ərizə təqdim edərək, buraxılmış prosessual müddətin bərpa olunmasını xahiş etmişdir.
40. Ərizədə bildirilmişdir ki, qərardan məlumatı olmamışdır. Vergi İdarəsinə hesabatla əlaqərar gedərkən onlara qərar barəsində məlumat verilmişdir. Ərizə yazıb qərarın surətini almış və həmin müddətdən hesablamaqla şikayət vermişdirlər. Məhkəmə tərəfindən adına elektron kabinet açılması barədə məlumatları olmamışdır. Ümumiyyətlə, elektron informasiya sistemindən istifadə edə bilmir, elektron kargüzarlıqla davranışı bacarmır. Bu səbəbdən adi poçt vasitəsi ilə gələn sənədlərlə işlərini qururlar. Vergi qərarı ünvanlarına adi poçt vasitəsi ilə gəlmədiyinə görə ondan məlumatımız olmamışdır. Həmçinin, obyektin bütün işlərini etibarnamə əsasında qohumu X3 etibar etmişdir. Sənədləşmə və obyektin fəaliyyəti ilə bağlı bütün işləri həmin şəxs yerinə yetirmiş və onun bu işlərdən məlumatı olmamışdır. Odur ki, Y.Məmmədovun şahid qismində dindirilməsi vacibdir. Qərardan şikayət veilməsi üçün qanunda nəzərdə tutulmuş müddətin buraxmasını üzrlü hesab edilməsi və X4 şahid qismində dindirilməsini xahiş etmişdir.
41. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilən ərizə imzalanmamışdır. Bununla yanaşı, ərizədə qeyd olunanları məhkəmə prosesində iştirak edən iddiaçı şifahi izahatında da qeyd etdiyi üçün, məhkəmə müddətin ötürülməsinin üzrlü hesab edilməsi ilə bağlı aşağıdakıları bildirir.
42. Maddə 70. Vergi ödəyiciləri ilə yazışma 70.1. Vergi orqanının vergi ödəyicisinə və ya vergi ödəyicisinin vergi orqanına tələbi yazılı şəkildə və ya elektron formada tərtib edilməmişdirsə və bir tərəf onu digər tərəfə verməmişdirsə, belə tələblərin heç biri vergi orqanı və ya vergi ödəyicisi üçün hüquqi qüvvəyə malik deyildir. 70.2. Vergi orqanının vergi ödəyicisinə göndərdiyi hər hansı qərar, akt, bildiriş, tələbnamə, məktub və ya digər sənədlər (onların surətləri) adı göstərilməklə vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir. Elektron üsulla göndərilən sənədlərin möhürlə təsdiq edilməsi tələb olunmur. 70.2-1. Sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə aşağıdakı formalardan birinə uyğun göndərildikdə (verildikdə), lazımi qaydada çatdırılmış sayılır: 70.2-1.1. vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) şəxsən verildikdə şəxsən verildiyi gün; 70.2-1.2. poçt rabitəsi vasitəsilə vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvanına göndərildikdə - poçta təqdim edildiyi gündən 5 iş günü keçdikdən sonra; 70.2-1.3. elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra. 70.2-2. Sənədlər (onların surətləri) bu Məcəllənin 70.2-1.1-ci maddəsinə əsasən şəxsən verildikdə, vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. 70.2-3. Bu Məcəllənin 70.2-1.2-ci və 70.2-1.3-cü maddələrində nəzərdə tutulmuş qayda vergi ödəyicisinin (onun səlahiyyətli nümayəndəsinin) inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. 70.2-4. Vergi ödəyicilərinin müraciətlərinə vergi orqanının cavabları elektron üsulla vergi ödəyicisinin elektron kabinetinə göndərilir. Vergi ödəyicisinin müraciəti əsasında həmin cavabların kağız daşıyıcıda olan surəti ona verilir.
43. VM-in 13.2.72-ci maddəsinə əsasən, elektron kabinet – vergi ödəyicisi kimi uçota alınma zamanı təqdim edilən ərizəyə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılan, gücləndirilmiş elektron imza və (və ya) vergi orqanı tərəfindən verilən kod-parol ilə daxil olmağa imkan verən, vergi ödəyicisi ilə vergi orqanı arasında qarşılıqlı məlumat mübadiləsini təmin edən fərdi elektron səhifə;
44. Məhkəmə qanunvericiliyin tələblərini əsas götürərək, iddiaçı tərəfin mübahisələndirmə haqqında hazırkı iddianın qaldırılması üzrə buraxılmış müddətin səbəblərinə dair dəlillərini aşağıdakı səbəblərdən müddətin buraxılması üçün üzrlü hesab etmir.
45. İlk növbədə ona görə ki, iddiaçının məhkəmə iclasında verdiyi izahatlar arasında uyğunsuzluq mövcuddur. Məhkəmə iclasında əvvəlcə qonşusunun vəfatı ilə əlaqəli olaraq müddəti ötürdüyünü bildirsə də, daha sonra elektron kargüzarlıqla davranışı bacarmamasını əsas gətirmişdir.
46. İkinci növbədə ona görə ki, iddia ərizəsində və ona qoşma şəklində əlavə edilmiş sənədlərdən görünür ki, qərarı əlbəəl 26 sentyabr 2023-cü il tarixində əldə etmişdir. Hətta bu müddətdən hesablansa belə, iddia ərizəsi verilməsi üçün nəzərdə tutulmuş müddət ötürülmüşdür.
47. Üçüncüsü ona görə ki, elektron kargüzarlıqla davranışı bacarmamaq üzrlü hal kimi qəbul edilə bilməz.
48. Məhkəmə qeyd edir ki, İPM-in 24-cü maddəsində qanunla nəzərdə tutulmuş müddətin üzrlü səbəbdən buraxılması hallarında prosessual müddətin bərpası imkanı nəzərdə tutulmuşdur. Bu, İPM-in 38-ci maddəsinə əsasən iddia qaldırmaq müddətinə də aiddir. Prosessual müddətin, yəni prosessual hərəkətin buraxılmasından əvvəlki prosessual vəziyyətin bərpa olunmasının xüsusiyyəti ondan ibarətdir ki, buraxılmış və sonradan edilən prosessual hərəkət müəyyən şərtlər daxilində vaxtında edilmiş hərəkət qismində nəzərdən keçirilir. İPM-in 130.1-ci maddəsinə əsasən, prosessual hərəkətləri etmək hüququnun keçməsi, yəni bu hərəkətlər üçün qüvvədə olan müddətlər və ya bunun üçün nəzərdə tutulmuş icraat mərhələsi ərzində prosessual hərəkətin edilməməsi tərəf üçün prosesin başa çatması ilə nəticələnir.
49. Nəzərə alınmalıdır ki, prosessual müddətin bərpası proses iştirakçısının qanunla müəyyən edilmiş hər hansı bir müddəti buraxması ilə şərtləndirilir. Bu mənada müddətin buraxılması yalnız o zaman mövcud olur ki, tərəf öz iradəsindən asılı olmayaraq hərəkətsizlik etsin (məsələn, müddət axımı barədə məlumata malik olmaması və ya başqa halların tərəfin müddətə riayət edə bilməməsinə gətirib çıxarması səbəbindən). Əgər tərəf bilərəkdən hərəkətsizlik edibsə, bu o deməkdir ki, müddətə riayət olunmasına maneə mövcud olmamışdır.
50. Müxtəlif əsaslar mövcud olduqda, prosessual müddətin bərpası yalnız o halda mümkündür ki, müddətin buraxılması əsası ilə müddət buraxılması arasında səbəbli əlaqə olsun. Bu o deməkdir ki, prosessual hərəkətin edilməsinə maneə olmuş əsasın yaranmayacağı təqdirdə, tərəf, əslində həmin hərəkəti vaxtında edə bilərdi. Səbəbli əlaqənin mövcud olmadığı halda, prosessual müddətin bərpası üçün şərtlər də mövcud olmayacaqdır. Müddətin bərpa edilə bilməsi üçün onun təqsir olmadan buraxılmış olması lazımdır. Təqsir o zaman mövcud olmur ki, müddətə riayət olunmasını təmin etmək üçün tərəf zəruri və gözlənilən ehtiyat tədbirlər görməsinə baxmayaraq, müddət yenə də buraxılmış olsun.
51. Bundan əlavə, iddiaçı obyektin bütün işlərini etibarnamə əsasında qohumu X3 etibar etdiyi üçün, onun şahid qismində dindirilməsini xahiş etmişdir (§ 40).
52. Məhkəmə iclasında X1 və hazırki işlə bağlı əlaqəsi müəyyən edilən zaman iddiaçı onun aşbaz olduğunu bildirmişdir. Eyni zamanda, həmin şəxsin iddiaçının içisi olması, sənədləşmə və s. kimi işləri aparmaqda məsul olmasını təsdiq edən sübutlar da təqdim edilməmişdir.
53. MPM-in 62.1-ci maddəsinə əsasən, məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər.
54. Bu səbəbdən məhkəmə ərizədə adıçəkilən şəxsi şahid kimi dindirməmişdir.
55. Beləliklə, aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir, müddətin bərpa edilməsinə dair iddia tərəfindən verilmiş ərizə təmin edilməməli və iddia mümkün sayılmamalıdır.
56. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
57. Göstərilənlərə əsasən və İPM-in 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “iddiaçının vergi məsuliyyətinə cəlb etmə barədə olan cavabdehin 17 avqust 2023-cü il tarixli, **********5525 saylı qərarının ləğv edilməsi” tələbi mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər.
Hakim: Könül Həbibova