Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2001/2021 29.11.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X3 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər Qeydiyyat şöbəsinə qarşı “11 mart 2019-cu il təvəllüdlü oğlu X6 21 mart 2021-ci il tarixdə ünvan 1 ünvanında ölümü ilə bağlı ölüm haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı 11 mart 2019-cu il təvəllüdlü oğlu X6 21 mart 2021-ci il tarixdə ünvan 1 ünvanında ölümü ilə bağlı ölüm haqqında şəhadətnamənin verilməsi üçün Sumqayıt şəhər Qeydiyyat şöbəsinə müraciət etmiş, cavabdehin 21.09.2021-ci il tarixli, 05/Q-3451/15 saylı məktubu ilə müraciətin təmin edilməsindən imtina edilmişdir. İmtinanın əsası kimi qeyd edilmişdir ki, Azərbaycan Respulikası Ailə Məcəlləsinin 194-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının,onun qonşularının,mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdriyyətinin və baqa şəxslərin məlumatı üzrə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31.10.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “X1 dövlət qeydiyyatı Qaydası” nın 8.5-ci bəndinə əsasən Ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Azərbaycan Respulikası Ailə Məcəlləsinin 194-cü maddəsi tələblərini və ölümü təsdiq edən sənədin olmadığını nəzərə alaraq, Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən ərizənin təmin edilməsi mümkün hesab edilməmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının 11 mart 2019-cu il təvəllüdlü oğlu X7 21 mart 2021 ci il tarixdə Sumqayıt şəhəri, 11-ci mkr. ev 6, mənzil 48-də ölmüşdür. 17 sentyabr 2021-ci il tarixli, 2006 nömrəli arayışdan da göründüyü kimi Sumqayıt şəhər Təcili və X4 Stansiyasının əməkdaşları çağırışla evə gəlmiş və övladının ölümü ilə bağlı Sumqayıt şəhər Təcili və X4 Stansiyasının baş həkim əvəzi M.Abdullayev bu arayışı tərtib etmişdir. Bir müddət sonra 21 sentyabr 2021-c i il tarixdə ərizə ilə müraciət edərək 11 mart 2019-cu il təvəllüdlü oğlu X6 ölümünü qeydə alaraq ölüm haqqında şəhadətnamə verilməsini Sumqayıt Qeydiyyat şöbəsindən xahiş etmişdir. Sumqayıt Qeydiyyat şöbəsi tərəfindən də 21 sentyabr 202.1-ci il tarixli 05/Q 3451/15 nömrəli məktubla ölümün qeydə alınmasından imtina edilmiş, bunun üçün məlikəməyə müraciət etməli olduğu bildirilmişdir. İddiaçı qeyd edir ki, ortada şəxsin vəfatı ilə bağlı Sumqayıt şəhər Təcili və X4 Stansiyasının baş həkim əvəzi M.Abdullayev tərəfindən tərtib edilmiş arayış vardır. Bu gün iddiaçı, əsassız yerə verilən imtina məktubuna görə məcbur qalmışdır ki, hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. “X1 X2” təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 8.6- ci maddəsinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (Ölüm haqqmda həkim arayışı ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci bəndinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş "X1 dövlət qeydiyyatı Qaydası"nın 8-ci bəndində ölümün qeydə alınması qaydaları göstərilmişdir. Həmin qaydalara əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. (8.1). Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. (8.2). Ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. (8.3). Ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir (8.5). Ölüm, ölüm haqqında aktların qeydiyyat kitabında ölüm haqqında akt qeydləri aparmaq yolu ilə qeyd edilir(8.6).Məhkəmə qaydasında ölmüş elan edilən şəxslərin ölümünün, ölüm haqqında məlumatın verilməli olduğu müddət keçdikdən sonra ölümün qeydiyyatı Qeydiyyat şöbəsində, konsulluq idarəsində və icra hakimiyyətinin nümayəndəliyində ölüm haqqında aktların qeydiyyat kitabında ümumi qaydalarla ilk qeydiyyat kimi həyata keçirilir, lakin sıra nömrəsindən sonra "Vaxtı keçmiş qeydiyyat" sözləri əlavə edilir. Məhkəmə qaydasında ölmüş elan edilən şəxslərin ölümü qeyd edilərkən ölüm haqqında akt qeydlərində ölümün vaxtı məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi tarixlə göstərilir. Əgər ölüm faktı məhkəmə qətnaməsində müəyyən tarixlə göstərilibsə, ölüm haqqında akt qeydində ölümün tarixi məhkəmə qətnaməsində yazılmış tarixlə göstərilir (8.7). Ölüm haqqında məlumatlar akt kitablarında qeydə alındıqdan sonra ölüm haqqında şəhadətnamə yazılır. Ölüm haqqında şəhadətnamənin tarixi və nömrəsi barədə məlumatlar ölüm haqqında akt qeydinin 16-cı qrafasına əlavə edilir(8.14). Ölüm haqqında şəhadətnamə ölən şəxsin müraciət etmiş yaxın qohumlarına təqdim olunur(8.15). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31.01.2018-ci il tarixli 05 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın tələblərinə əsasən “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Ölüm hadisəsi yaşayış yerində baş veribsə Təcili və X4 Stansiyasının (TTTYS) həkimi ölüm hadisəsini təsdiq edir, bu barədə çağırış vərəqəsində qeydiyyat aparmaqla vəfat edənin şəxsiyyətini təsdiq edən sənəd əsasında “Xəbərdarlıq vərəqəsi”ni tibb müəssisələrinə təqdim etmək üçün doldurur. Ölümün baş vermə səbəbi məlum olan hallarda şəhadətnamə “Xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. Göründüyü kimi cavabdeh inzibati orqanın Təcili və X4 Stansiyasının xəbərdarlıq vərəqəsi əsasında ölümün qeydiyyatının aparması səlahiyyəti olmamışdır. Cavabdeh inzibati orqanın ölümün qeydiyyatının apara bilməsi üçün yuxarıda qeyd olunan “Ölüm haqqında tibbi şəhadətnamə’' vəya məhkəmə qərarı təqdim edilməlidir. Məhkəmə hesab edir ki, qeydiyyat orqanı qanunvericiliyin tələblərinə riayət etməklə, iddiaçıya düzgün izah verməklə imtina etmiş, lakin iddiaçı düzgün hüquqi müdafiə vasitəsi seçməyərək, müvafiq ümumi məhkəməyə müraciət etməli olduğu halda, əsassız olaraq cavabdeh inzibati orqanın hərəkətlərini mübahisələndirmişdir. Eyni zamanda, məhkəmə qeyd edir ki, ölüm haqqında tibbi şəhadətnamə tibb müəssisələri tərəfindən verilir ki, həmin şəhadətnamənin verilməsi ilə bağlı həmin müəssisələrə qarşı iddialara da ümumi məhkəmələr tərəfindən baxılır. Belə ki, inzibati məhkəmə icraatında bütün hallarda tərəfin biri kimi və bir qayda olaraq cavabdeh qismində inzibati orqan çıxış edir. Azərbaycan Rəspublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə “inzibati orqanların Təsnifatı” təsdiq edilmişdir ki, həmin təsnifatda Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin tibb müəssisələri inzibati orqan kimi müəyyən olunmamışlar. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda isə ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir ki, bu halda qeyd edilən faktın müəyyən olunmasına dair mübahisələr üzrə işlərə Azərbaycan Respublikası Ailə Məcəlləsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən xüsusi icraat qaydasında ümumi məhkəmələr tərəfindən baxılır. Beləliklə hər bir halda mübahisə həllini müvafiq ümumi məhkəmədə tapmalıdır. Məhkəmə iddiaçının dəlillərinidə əsaslı hesab etmir. İddiaçı qeyd edir ki, qeydiyyat üçün lazım olan sənəd var, sadəcə olaraq inzibati orqan qanundan irəli gələn öhdəliyini icra etmir. Yuxarıdada qeyd olunduğu kimi məhkəmə hesab edir ki, Səhiyyə Nazirliyinin müəyyən etdiyi konkret formalı “Ölüm haqqında tibbi şəhadətnamə” olmadıqda, inzibati orqan digər arayışlar əsasında qeydiyyat apara bilməz. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın təqdim edilən sənədlər əsasında ölümün qeydə alınmasından imtinası əsaslı olduğu üçün, iddia rədd edilməlidir. İddiaçıya izah olunsun ki, Azərbaycan Respublikası Ailə Məcəlləsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində nəzərdə tutulmuş hüquq müdafiə vasitələrindən istifadə edərək, müvafiq ümumi məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 4, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddia rədd edilsin. Qərar təqdim olunan gündən 30 (otuz) gün müddətində ünvan 3 ünvanında yerləşən Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-2001/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2001/2021
29.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver