Məhkəmə qərarları › İş №2-1(118)-2001/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2001/2024

16.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2001/2024 16.01.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “cavabdehin **********734 saylı 17 avqust 2023-cü il tarixli qərarının ləğv edilməsi” tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “cavabdehin **********734 saylı 17 avqust 2023-cü il tarixli qərarının ləğv edilməsi” tələbinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2 saylı ərazi vergilər baş idarəsinin **********5525 saylı 17 avqust 2023-cü il tarixli vergi məsuliyyətinə cəlb etmə haqqında qərarı ilə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1 -ci maddəsi ilə 1.000 manat vergi məsuliyyətinə cəlb edilmişdir. O, qərarın surətini 26 sentyabr 2023-cü il tarixdə vergi idarəsindən əlbəəl almışdır. Qərarda qeyd olunmuşdur ki, 09 avqust 2023-cü il tarixdə obyektimdə nəzarət-kassa aparatının işləməməsi müəyyən edilmişdir. Belə ki, Novxanı qəsəbəsinin dəniz sahilində yerləşən “Flaqman” istirahət mərkəzini icarəyə götürüb işlədir.18 iyul 2023-cü il tarixdə kassa aparatı sıradan çıxmış və mən onu təmir etmək üçün Vergilər idarəsinin “Azsmart” servis və kassa nəzarət xidməti iradəsinə aparmışam. Həmin gündən kassa aparatı bu idarədə olmuşdur. O hər gün bu idarəyə zəng vurmuş və aparatı təcili təmir etmələrini tələb etmiş, lakin bu xidmət idarəsində təmiri gecikdirmişlər. Hesab edir ki, barəsində olan qərar ləğv olunmalı və vergi məsuliyyəti üzrə işə xitam verilməlidir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxmışdır. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçının mübahisələndirdiyi: “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2023-cü il tarixli **********7725 nömrəli qərar xx.xx.2023-cü il tarixdə iddiaçının elektron qutusuna göndərilmiş və iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə, saat 14:23-də oxunmuşdur. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2023-cü il tarixli **********7734 nömrəli qərar xx.xx.2023-cü il tarixdə iddiaçının elektron qutusuna göndərilmiş və iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə, saat 12:31-də oxunmuşdur. İddiaçının ərizəsinə əsasən “Elektron sənəd mübadiləsi haqqında” müqavilə bağlanılmış və yazışmalar elektron qaydada aparılmışdır. İddiaçı mübahisə predmeti olan qərarları məhkəmədə mübahisələndirilmə müddətini ötürmüşdür. Qeyd edilənlərə əsasən, iddia tələbinin mümkün sayılmaması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin mümkün sayılmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibat Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini prosessual həmiştirakçılığın yol verənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü həmin məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddiaçı prosessual müddəti ötürdüyü üçün iddia mümkün sayılmamalıdır. Belə ki, mübahisələndirilən qərar qəbul edildikdən sonra iddiaçı tərəfindən qanunla nəzərdə tutulmuş müddət ərzində mübahisələndirilməmişdir. Nəzərə alınmalıdır ki, qeyd olunan qərar 2 saylı Ərazi Vergilər İdarəsi tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2023-cü il tarixli **********7725 nömrəli qərar xx.xx.2023-cü il tarixdə iddiaçının elektron qutusuna göndərilmiş və iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə, saat 14:23-də oxunmuşdur. Vergi ödəyicisinə şəxsi kabinetinə daxil olması üçün vergi orqanı tərəfindən yalnız özünə məlum olan kod və parol verilir və həmin şəxsi kabinet vasitəsi ilə vergi ödəyicisi tərəfindən aparılan bütün yazışmaların riskini vergi ödəyicisinin özü daşıyır. Belə olduğu tədqirdə hazırkı iş üzrə mübahisə predmeti olan qərardan şikayət verilməsinin müddəti ötürülmüşdür. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibatı aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Həmçinin, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Həmin Məcəllənin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Göründüyü kimi İddiaçı mübahisə etdiyi qərardan məlumatlı olmuşdur və şikayət etmə müddəti ötürüldüyündən sonra iddia tələbi ilə qeyd olunan qərarın ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, müvafiq iddiaya mahiyyəti üzrə baxılması üçün mümkünlük şərtləri yerinə yetirilmədiyindən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22-ci, 35-ci, 38-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “cavabdehin **********734 saylı 17 avqust 2023-cü il tarixli qərarının ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəflərə rəsmi qaydada təqdim edildikdən sonra, ondan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanda yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar