Məhkəmə qərarları › İş №2-1(118)-2002/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2002/2022

22.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2002/2022 22.06.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlununun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Sumqayıt şəhəri, “Qızıl-Qum” yaşayış massivi ərazisində icarəsində olan torpaq sahəsinin icarə hüququ əsasında İddiaçı adına qeydə alınması və bu barədə müvafiq çıxarışın verilməsi; Sumqayıt şəhəri, “Qızıl-Qum” yaşayış massivi ərazisində iddiaçıya məxsus ünvanda yerləşən hər biri 701,5 kv.m olmaqla ümumi 1403 kv.m olan 2 ədəd fərdi yaşayış evinə, hər biri 94,5 kv.m olmaqla ümumi 189 kv.m olan 2 ədəd yay mətbəxinə, biri 127 kv.m, digəri 115 kv.m olmaqla, ümumi 242 kv.m olan 2 ədəd qaraja və 71,3 kv.m olan bir ədəd gözətçi otağına mülkiyyət hüquqlarının İddiaçı adına qeydiyyata alınaraq, bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsi” tələbinə dair iddia tələbi üzrə inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, Qızılqum yaşayış massivi ərazisində yerləşən iddiaçıya məxsus daşınmaz əmlak üzərində icarə və mülkiyyət hüquqlarının qeydə alınaraq çıxarışın verilməsi ilə əlaqədar cavabdeh inzibati orqana müraciət etmiş, lakin, cavabdeh orqan 28 fevral 2022-ci il tarixli, **********13 saylı məktubu ilə onun xahişini təmin etməkdən imtina etmişdir. Hesab edir ki, cavabdeh orqanın imtinası əsassızdır. Belə ki, Sumqayıt şəhəri, “Qızıl-Qum” yaşayış massivi ərazisində onunla icarə hüququ əsasında müqaviləsi bağlanmış torpaq sahəsində inşa edilmiş tikililər ona məxsus və onlara dair hüquq müəyyənedici sənədlər tam qaydasında olmaqla, aidiyyəti orqanlar tərəfindən lazımi təsdiq olunmuşdur. Mülkiyyət hüququnun da daxil olduğu konstitusion hüquqların qorunması vəzifəsi qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bər-a/bər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxmışdır. Lakin, iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək iddia tələbinin təmin edilməsini və işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia ərizəsində göstərilən hallar araşdırılmış və müəyyən edilmişdir ki, İddiaçı Sumqayıt şəhəri, Qızılqum yaşayış massivi ərazisində yerləşən daşınmaz əmlak üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə xx.xx.2022-ci il tarixli ərizə ilə Cavabdeh publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmiş və və onun müraciəti **********13 nömrəsi ilə qeydiyyata alınmışdır.Bununla əlaqədar olaraq ərizəyə əlavə edilən sənədlərin araşdırılması zamanı müəyyən olunmuşdur ki, Sumqayıt Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli torpaq icarə müqaviləsi mövcud qanunvericiliyin tələblərinə uyğun bağlanmamışdır. Odur ki, göstərilən səbəblərdən Sumqayıt şəhəri, Qızılqum yaşayış massivi ərazisində yerləşən daşınmaz əmlak üzərində istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciətinizin icrası təmin oluna bilmir. Həmçinin, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunun 9.6-cı maddəsində edilmiş dəyişikliyə əsasən bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir.“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12.6-cı maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Həmin Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasın! (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Göründüyü kimi, hazırkı iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının Cavabdeh publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalıdır. Qeyd edilənlərə əsasən iddianın mümkün sayılmaması haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdeh inzibati orqanın xx.xx.2022-ci il tarixli **********13 nömrəli imtina məktubu, etiraz ərizəsi, 02 nömrəli, 12 yanvar 2022-ci il tarixli icarə müqaviləsi, 244 nömrəli 30 oktyabr 2002-ci il tarixli icarə müqavilsənin surəti, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı 358 nömrəli, xx.xx.2022-ci il tarixli məktubunun surəti, Sumqayıt şəhər Bələdiyyəsinin 25 nömrəli, 30 yanvar 2002-ci il tarixli qərarının surəti, Sumqayıt şəhər Bələdiyyəsi tərəfindən verilmiş 2091a nömrəli İnşaat Pasportunun surəti, Sumqayıt Şəhər İcra Hakimiyyəti Memarlıq şöbəsinin xx.xx.2005-ci il tarixli Aktının surəti, texniki baxış rəyinin surəti, İnşaat Pasportunun surəti,Tikilinin istismara qəbul edilməsi haqqında qəbul komissiyasının 27 nömrəli, xx.xx.2011-ci il tarixli istismara qəbul aktının surəti, Sumqayıt şəhər X2 idarəsi tərəfindən verilmiş 1127 nömrəli, xx.xx.2005-ci il tarixli rəyin surəti, daşınmaz əmlakın tikintisinə dair eskiz layihənin surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun mübahisə predmeti olan torpaq sahəsinə icarə hüququnun və yaşayış sahəsinə istifadə hüququnun əmələ gəlməsi vaxtından yaranmış olur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDRX-in 2 saylı Ərazi İdarəsi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan torpaq sahəsi DƏDRX-in 2 saylı Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDRX-in 2 saylı Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDRX-in 2 saylı Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı DƏDRXin 2 saylı Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqanın xx.xx.2022-ci il tarixli **********13 nömrəli məktubu ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Daşınmaz əmlak Sumqayıt şəhəri ərazisində olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyesteri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 8.0.11-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar, Azərbaycan Respublikası Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayə müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Sumqayıt şəhəri, Qızılqum yaşayış massivi ərazisində yerləşən daşınmaz əmlak üzərində icarə və mülkiyyət hüquqlarının qeydə alınaraq çıxarışın verilməsi ilə əlaqədar cavabdeh inzibati orqana müraciət etmiş, lakin, cavabdeh orqan 28 fevral 2022-ci il tarixli, **********13 saylı məktubu ilə onun xahişini təmin etməkdən imtina etmişdir. Sumqayıt şəhəri, “Qızıl-Qum” yaşayış massivi ərazisində iddiaçı ilə icarə hüququ əsasında torpağın icarə müqaviləsi əsasında torpaq sahəsində inşa edilmiş tikililərə dair bütün hüquqmüəyyənedici sənədlər aidiyyəti orqanlar tərəfindən lazımi təsdiq olunmasına baxmayaraq iddiaçının müraciəti cavabdeh tərəfindən müsbət həll edilməmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmişdir. Cavabdeh təşkilat imtinanın əsası kimi iddiaçı ilə Sumqayıt Bələdiyyəsi tərəfindən bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsinin qanunvericiliyin tələblərinə uyğun bağlanmaması göstərilmişdir. Qeyd olunan arqumentlə əlaqədar məhkəmə qeyd etməyi zəruri bilir ki, Sumqayıt Bələdiyyəsi mülkiyyətində olan torpaq sahəsi üzərində fiziki şəxs ilə icarə müqaviləsinin rəsmiləşdirilməsində diskression səlahiyyətə malikdir və onun bu səlahiyyəti qanunla müəyyən edilmiş hallarda məhdudlaşdırıla bilər. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.2-ci maddəsinə əsasən müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. Torpaq İcarəsi haqqında Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqlar mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə, torpaq müsabiqələri və ya hərracları vasitəsilə icarəyə verilə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət icarəsinə verilməsi istisna olmaqla, bələdiyyə torpaqları üzərində icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə 28 oktyabr 2008-ci il tarixli 709-İİİQD saylı Azərbaycan Respublikasının Qanununun İX bəndinə əsasən əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və xarici hüquqi şəxslərin icarəsində olan sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililər inşa edilmiş, habelə bu qanun qüvvəyə minənədək sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililərin inşası və ya fərdi və kooperativ qarajların tikintisi üçün Azərbaycan Respublikası vətəndaşlarının icarəsinə verilmiş torpaqlar istisna olmaqla, digər torpaqlara münasibətdə icarə müqaviləsi yalnız açıq torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər. Qanunvericilikdə torpaqlara münasibətdə icarə müqaviləsinin yalnız açıq torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilməsi barədə tələb 28 oktyabr 2008-ci il tarixdə qəbul edilmiş və 12 dekabr 2008-ci il tarixdən qüvvəyə minmiş qanunun tətbiqi ilə yaranmış və bu qanun qüvvəyə minənədək sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililərin inşası və ya fərdi və kooperativ qarajların tikintisi üçün Azərbaycan Respublikası vətəndaşlarının icarəsinə verilmiş torpaqlar istisna olaraq qeyd edilmişdir. İş materiallarının araşdırılması zamanı müəyyən edilmişdir ki, Sumqayıt şəhər Bələdiyyəsinin 29 yanvar 2002-ci il tarixli qərarı ilə yaşayış, ofis və xidmət sahəsi kimi 4.000 m2 torpaq sahəsi ayrılmış və İddiaçı ilə Sumqayıt bələdiyyəsi arasında qeyd olunan torpaq sahəsi ilə bağlı ilkin icarə müqaviləsi 30 oktyabr 2002-ci ildə bağlanmış və sonradan 2041-ci ilədək uzadılmışdır. Qeyd olunan bələdiyyə qərarından məlum olur ki, həmin torpaq sahəsi fərdi yaşayış evinin inşasından əlavə həmçinin xidmət sahəsi üçün, yəni sahibkarlıq məqsədi ilə ayrılmışdır. Ona görə də məhkəmə hesab edir ki, qeyd olunan torpaq sahəsinə dair bağlanmış 12 yanvar 2022-ci il tarixli 02 saylı torpaq icarə müqaviləsinin rəsmiləşdirilməsi üçün açıq hərracın keçirilməsinə zərurət yoxdur. Başqa sözlə desək 12 yanvar 2022-ci il tarixli icarə müqaviləsi qanunvericiliyin tələblərinə uyğun bağlanmaması ilə əlaqədar cavabdeh təşkilatın gətirdiyi arqument əsassızdır. Cavabdeh təşkilatın gətirdiyi 2-ci arqumentlə əlaqədar məhkəmə qeyd etməyi zəruri bilir ki, İddiaçı icarəsinə verilmiş torpaq sahəsinin üzərində 2005-ci ildə tikililər inşa etdirmişdir. Həmin tikililərin eskiz lahiyəsi Sumqayıt Şəhər İcra Hakimiyyətinin memarlıq və şəhərsalma şöbəsi tərəfindən təsdiq edilmiş və 22 avqust 2011-ci ildə istismara qəbul aktı qəbul edilmişdir. Hesab olunur ki, həmin tikilər Qanunun tələblərinə uyğun inşa edildiyindən həmin tikililərin üzərində mülkiyyət hüququnun qeydə alınması ilə bağlı hər hansı bir məhdudiyyət mövcud deyil. Belə ki, Azərbaycan Respublikasinin Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2-ci maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. Həmin Məcəllənin 60.1-ci maddəsinə əsasən bina və qurğuların layihələndirilməsi və tikintisi zamanı tikinti ərazisinin baş planı, memarlıq-planlaşdırma və konstruksiya bölmələri, mühəndis-kommunikasiya təminatı və inşaat materialları ilə bağlı yanğın təhlükəsizliyinə dair ümumi tələblər bu Məcəllənin 15.1.4-cü maddəsində nəzərdə tutulmuş şəhərsalma və tikintiyə dair texniki normativ hüquqi aktlar əsasında müəyyən edilir. Həmin Məcəllənin 74.1-ci maddəsinə əsasən bu Məcəllənin 79-80-ci maddələrində (tikintisinə icazə tələb olunmayan və məlumatlandırma icraatı çərcivəsində aparılan tikililər) nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. Həmin Məcəllənin 80.1.1-ci maddəsinin 16 may 2017-ci il tarixinədək qüvvədə olan redaksiyasına əsasən insanların yaşaması və toplanması, habelə istehsalat fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmayan yerüstü mərtəbələrinin sayı ikidən, hər mərtəbəsinin hündürlüyü 3 metrdən, ümumi sahəsi 1400 kvadratmetrdən və tikinti sahəsi 1000 kvadratmetrdən çox olmayan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. Həmin Məcəllənin 101.1-ci maddəsinə əsasən tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir.Həmin Məcəllənin 101.2-ci maddəsinin 01 fevral 2018-ci il tarixinə qüvvədə olan redaksiyasına əsasən tikinti obyektinin istismarına icazə müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyəti) tərəfindən verilir. Həmin Məcəllənin 84.1-ci maddəsinin 16 may 2017-ci tarixinə qüvvədə olan redaksiyasına əsasən texniki şərtlər tikintiyə verilən icazənin tərkib hissəsidir. Həmin Məcəllənin 96.1-ci maddəsinə əsasən tikintiyə nəzarətin məqsədi obyektin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə əməl olunmaqla tikilməsini təmin etməkdən ibarətdir. Həmin Məcəllənin 96.2-ci maddəsinə əsasən tikintiyə nəzarətin 1) dövlət nəzarəti, 2) texniki nəzarət, 3) müəllif nəzarəti, 4) daxili əməliyyat nəzarəti növləri vardır. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən tikintiyə texniki nəzarət sifarişçi tərəfindən təmin edilir və müvafiq peşə sertifikatına malik şəxslər tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 98.2-ci maddəsinə əsasən tikintiyə texniki nəzarətin həyata keçirilməsi qaydaları şəhərsalma və tikintiyə dair normativ sənədlərlə tənzimlənir. Həmin Məcəllənin 98.3-cü maddəsinə əsasən texniki nəzarətin həyata keçirilməsinin tələb olunmadığı tikinti obyektləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. İş materillarına əlavə edilmiş sənədlərin araşdırılması zamanı və yuxarıda qeyd olunan maddi hüquq normalarının tələbləri baxımından müəyyən olundu ki, mübahisə predmeti olan tikililərin inşası zamanı Qanunun tələbləri pozulmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir, Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə yuxarıda şərh olunanlara əsasən məhkəmə bu nəticəyə gəlir ki, fərdi yaşayış evi üzərində iddiaçının mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmaması ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olmadığından iddia tələbi təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.1, 85.1-ci və 110-cu maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı adına Sumqayıt şəhəri, “Qızıl-Qum” yaşayış massivi ərazisində icarəsində olan torpaq sahəsinin icarə hüququ əsasında onun adına qeydə alınması, bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyi və İddiaçı adına olan Sumqayıt şəhəri, “Qızıl-Qum” yaşayış massivi ərazisində yerləşən hər biri 701,5 m2 olmaqla ümumi 1403 m2 olan 2 ədəd fərdi yaşayış evinə, hər biri 94,5 m2 olmaqla ümumi 189 m2 olan 2 ədəd yay mətbəxinə, biri 127 m2, digəri 115 m2 olmaqla, ümumi 242 m2 olan 2 ədəd qaraja və 71,3 m2 olan bir ədəd gözətçi otağına mülkiyyət hüquqlarının onun adına qeydiyyata alınaraq, bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə havalə olunsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar