Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2004/2025 30.05.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: X19 Təşəkkül oğlunun sədrliyi, X11 oğlunun katibliyi, Üçüncü şəxs X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “X1 adına işlənilmiş JN-347 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiasına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, Xaçmaz rayonunun Qusarçay kəndində 1500 kvm torpaq sahəsi və üzərində yerləşən yaşayış evi JN 583 saylı 30213018 kodlu sənədə əsasən mərhum atası X5 məxsus olmuşdur. Həmin evə Xaçmaz rayon Tİ və MHQ idarəsi tərəfindən texniki pasport işlənmişdir. Atasından miras qalmış əmlaka vərəsəlik haqqında şəhadətnamə almaq üçün notariat ofisinə müraciət edərkən atasının adına çıxarış olmadığına görə ona izah edilmişdir ki, mülkiyyət hüququnun təsdiqləndirmək üçün 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edilməlidir. O da 5 saylı Ərazi İdarəsinə müraciət etmiş,həmin idarədən mütəxəsiss əraziyə baxaraq ölçmə işləri aparmaq istəyərkən əmisi X3 əraziyə gələrək imkan verməmişdir, nəticədə ərazidə müayinə işlərinin aparılması mümkün olmamışdır. Bununla əlaqədar DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsinin miitəxəsissi cavab vermişdir ki, mübahisə olduğuna görə ölçmə işlərinin aparılması mümkün olmamışdır. Məcbur olaraq ölçmə işlərinin aparılmasına yaradılmış maneələrin aradan qaldırılması tələbinə dair məhkəmədə iddia qaldırmışdır. 1978-ci ildə verilmiş Texniki pasportdan müəyyən olunur ki, Xaçmaz rayonu Qusarçay kəndində yerləşən ümumi sahəsi 78 kv.m olan, 4 otaqlı iki mərtəbəli fərdi yaşayış evi X4 xüsusi mülkiyyətindədir. JN 0583 kodlu, 30213018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktından müəyyən olunur ki, X4 mülkiyyətinə Xaçmaz rayonu, Qusarçay kəndində yerləşən 0.06 ha pay torpaq sahəsi verilmişdir. Xaçmaz rayon Qusarçay İƏD nümayəndəliyi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamədən müəyyən olunur ki, X8 xx.xx.2015-ci ildə vəfat etmişdir. xx.xx.2021 -ci il tarixli, AZ İV541680 saylı doğum haqqında şəhadətnamədən müəyyən olunur ki, İddiaçı xx.xx.1998-ci ildə doğulmuş, ata qrafasında X8, ana qrafasında--Nümayəndə qeyd olunmuşdur.Atasından miras qalmış Xaçmaz rayonunun Qusarçay kəndində yerləşən 0.15 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 87 kv.m olan dörd otaqlı, iki mərtəbəli yaşayış evinə vərəsəlik almaq üçün ərazidə ölçmə işlərinin aparılması üçün DƏDRX-in 5 saylı Ərazi İdarəsindən gəlmiş əməkdaşlara maneçilik törətməsi səbəbindən ölçmə işləri apara bilməmişlər.Bununla əlaqədar Xaçmaz rayon məhkəməsi iddianı təmin etməsə də, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(105)-313/2023 saylı qətnaməsi ilə iddiam təmin olunaraq həmin iş üzrə cavabdehlər X3 və X6 hüquqa zidd hərəkətlərinə son qoyulması, onların üzərinə çıxarışın verilməsi ilə əlaqədar ölçmə işlərinin aparılmasına yaradılmış maneələrin aradan qaldırılması (Xaçmaz rayonu, Qusarçay kəndində yerləşən 1500 kv.m torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 87 kv.m olan 4 otaqlı, iki mərtəbəli yaşayış evinə dair hüquqların dövlət qeydiyyatına alınması üçün qeydiyyat orqanının mütəxəssisləri tərəfindən aparılan zəruri hərəkətlərə mane olmamaq) vəzifəsi qoyulmuşdur.Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(102)- 2032/2023 saylı qərarı ilə cavabdeh tərəfin kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(105)-313/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.Müvafiq sənədləri toplayaraq atasından miras qalmış evi adına rəsmiləşdirmək istərkən məlum olmuşdur ki, evin yerləşdiyi həyətyanı torpaq sahəsinə əmisi X1 adına JN-347 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə işlənmişdir. Həmin şəhadətnamənin ləğv olunması üçün 5 saylı Xaçmaz Ərazi İdarəsinə etdiyi xx.xx.2024-cü il tarixli müraciətinə cavab olaraq xx.xx.2024-cü il tarixli, 3-21-3-34/2-Q-0108-8/2024 saylı cavabda göstərilir ki, şəhadətnamənin ləğvi məhkəmənin qərarı ilə mümkündür.Yuxarıda göstərildiyi kimi qeyd olunan məhkəmə qərarları ilə onun vərəsə olmağı və atasından miras qalmış mülkə hüququmun olması təsdiqlənmişdir. Məlum olmuşdur ki, evin yerləşdiyi həyətyanı torpaq sahəsinə əmisi X1 adına JN-347 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin işlənməsi mənim atamdan miras qalmış mülkü adıma rəsmiləşdirməyə maneçilik yaradır. Ona görə də həmin şəhadətnamə ləğv edilməlidir. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin prosesində iştirak edən İddiaçı, iddiaçının nümayəndəsi Nümayəndə eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdilər. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia ərizəsində göstərilənlərlə əlaqədar bildirilir ki, İddiaçı Xaçmaz rayonu, Qusarçay kəndində yerləşən X7 məxsus torpaq sahəsinə dair ləğv edilmiş DTXK-nin Xaçmaz rayon şöbəsi tərəfindən hazırlanmış JN-347 “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin ləğv edilməsi barədə 5 saylı Xaçmaz Ərazi İdarəsinə daxil olmuş xx.xx.2024-cü il tarixli ərizə ilə müraciət etmişdir. Ərizəyə xx.xx.2024-cü il tarixli, 3-21-3-34/2-F-00188/2024 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki: “Müraciətinizə cavab olaraq bildiririk ki, Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikası qanunun 2.4 maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir və ərizədə qeyd olunan Xaçmaz rayonu, Ağyazıbuduq kəndində yerləşən torpaq sahəsinə dair Xaçmaz rayonu, Qusarçay kəndində yerləşən X7 məxsus torpaq sahəsinə dair ləğv edilmiş DTXKnin Xaçmaz rayon şöbəsi tərəfindən hazırlanmış JN-347 “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin ləğvinə verilmiş göstərişin icrası yalnız məhkəmənin qərarı ilə mümkündür.” Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri üzərində hüquqları təsdiq edən..... şəhadətnamələr....” daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.6-cı maddəsinə əsasən Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh inzibati orqan nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdeh inzibati orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinə qarşı etiraz edən üçüncü şəxs X3 bildirmişdir ki, iddiaçı iddiasını 1978ci ildə verilmiş Texniki pasporta əsasən Xaçmaz rayonu Qusarçay kəndində yerləşən ümumi sahəsi 78 kv.m olan 4 otaqlı iki mərtəbəli fərdi yaşayış evinin və JN 0583 kodlu, 30213018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən Qusarçay kəndində 0,06 ha torpaq sahəsinin mərhum atası X4 xüsusi mülkiyyətində olması və evin yerləşdiyi həyətyanı torpaq sahəsinin onun adına JN-347 saylı “Torpağın mülkiyyətə verilməsinə” dair Şəhadətnamənin olması ilə əsaslandırmışdır. İddiaçının belə bir tələb irəli sürməsi üçün ilkin şərt tələb edilən ev və torpaq sahəsinin atasına məxsus olmasını təsdiq edən sənədləri təqdim etməsi və bundan sonra həmin daşınmaz əmlaka dair vərəsəlik hüququnun tanınması üçün bu barədə “Vərəsəlik hüququ haqqında şəhadətnamə”nin olmasıdır. Lakin, hazırkı iş üzrə iddiaçı tələb edilən ev və torpaq üzərində vərəsəlik hüququnun olmasını təsdiq edən sənədləri təqdim etməmişdir. Eyni zamanda bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.Qanunvericiliyin tələbindən və işin hallarından göründüyü kimi İddiaçı mirası qəbul etməmiş və qəbul etmək üçün müəyyən edilmiş müddəti ötürmüşdür.Həmin müddət ərzində isə mirası faktiki olaraq mən qəbul etmişəm, əmlaka sahiblik etmiş, sərəncam vermiş, kommunal xidmətlərini ödəmiş, qardaşıma mən və bacım Lalə Hacıyevə baxmış və onun dəfn xərclərini onlar ödəmişdir.Göründüyü kimi iddiaçı qanun üzrə vərəsə, həmçinin həmin evə və torpağa sahibliyi və istifadə hüququ olmadığından, miras əmlakın vaxtında qəbul etmədiyindən onun mənim nənə yurdum olan evə və torpağa dair mülkiyyət hüququnun əldə etməsinə hər hansı subyektiv hüququ da yoxdur.Belə ki, Xaçmaz rayonu, Qusarçay kəndində yerləşən torpaq sahəsi və onun üzərində yerləşən 87 kv.m olan iki mərtəbəli yaşayış evi nənəm X10ma məxsus olmuşdur. Həmin evdə mən, digər üç bacısı və üç qardaşı doğulmuşlar. Hal- hazırda həmin evdə o və bacısı Lalə Hacıyevə yaşayır və ev uzun illərdir ki, onların istifadəsindədir. Evin bütün kommunal xidmətləri onun tərəfindən ödənilir. X18 hərbi xidmətdən qayıtdıqdan sonra peşə məktəbinə daxil olmuş və məktəbi bitirdikdən sonra işləmək üçün Rusiya Federasiyasına getmişdir. Qardaşı 1995-ci ildə isə evə qayıtmışdır. Evə qayıdarkən xəstə halda olmuşdur. Onun yaddaş pozğunluğu var idi. Qardaşı iddiaçının anası Nümayəndə ilə birlikdə rəsmi nikah olmadan həmin evdə cəmi 2-3 ay yaşamışlar. Sonradan Nümayəndə qardaşının xəstə olduğunu görüb çıxıb getmişdir. Getdikdən sonra isə 2-3 dəfə ərə getmişdir. Qardaşı uzun sürən xəstəlikdən sonra 2015-ci ildə vəfat etmişdir. Qardaşının dəfnində nə Nümayəndə nə də onun qızı İddiaçı iştirak etməmişdir. Qardaşının bütün dəfn xərcini o və bacısı çəkmişdir. İddiaçı bir dəfə də olsun həmin evdə olmamışdır. Onun qardaşının qızı olmasından belə xəbəri olmamışdır. Onlar sadəcə onun iddia qaldırmasından sonra xəbəri olmuşdur. Sevdanın soyadı Ömərova olmuş, sonradan məqsədli şəkildə onların soyadına keçmişdir. Onun niyyəti onların nənə yurdu olan evi ələ keçirib satmaq olmuşdur. O, həmin evdə bir gün də olsun yaşamamışdır. Qardaşı xəstə olarkən belə nə anası nə də özü gəlməmişdir. Qardaşı xəstə olarkən onun qulluğunda o və bacısı olmuş və onun bütün müalicə xərcini onlar ödəmişdir.Həmçinin iddiaçı onun adına JN-347 saylı “Torpağın mülkiyyətə verilməsinə” dair Şəhadətnamənin hansı əsasla ləğv olunmasını əsaslandıra bilməmişdir.Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən üçüncü şəxs eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: cavabdehin xx.xx.2024-cü il tarixli, 3-21-3-34/2-Q-0108-8/2024 nömrəli imtina məktubu, etiraz ərizəsi, Xaçmaz rayon Notariat ofisinin xx.xx.2023-cü il tarixli, 1324 nömrəli məktubun surəti, X17 filialı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arxiv arayışının surəti, Xaçmaz RİHB Qusarçay kəndi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 790 nömrəli arayışın surəti, JN-347 saylı “Torpağın mülkiyyətə verilməsinə” dair Şəhadətnamənin surəti, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 3-21-3- 0/2-15031/2024 nömrəli məktubu, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(105)-313/2023 nömrəli qətnaməsinin surəti və digər sənədlər daxildir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun mübahisə predmeti olan torpaq sahəsinə mülkiyyət hüququnun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 22-ci maddəsinin tələbləri baxımından yaranmış olur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDKR-in 5 saylı Ərazi İdarəsi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının iddia etdiyi torpaq sahəsi DƏDKR-in 5 saylı Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDKR-in 5 saylı Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDKR-in 5 saylı Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı DƏDKRin 5 saylı Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqanın xx.xx.2024-cü il tarixli, 3-21-3- 34/2-Q-0108-8/2024 nömrəli imtina məktubu ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Mübahisəli daşınmaz əmlakın Xaçmaz rayonunda yerləşməsini nəzərə alaraq məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Mövcud mübahisənin ədalətli həll edilməsi məqsədilə məhkəmə tərəfindən torpaq sahəsinə dair arxiv məlumatları alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 3-21-3-0/2-15031/2024 nömrəli məktubuna əlavə edilmiş sənədlərdən müəyyən olunmuşdur ki, iddiaçının ləğv etmək istədiyi JN-347A saylı “Torpağın mülkiyyətə verilməsinə” dair Şəhadətnamə qanunvericiliyin tələblərinə uyğun olaraq üçüncü şəxs X2 ayrılmışdır. Belə ki, Xaçmaz rayon Aqrar islahatı komissiyasının xx.xx.2001-ci il tarixli 01 saylı qərarı qəbul edilmiş və adlı siyahılarda X1 adı qeyd olunmuşdur. Sözügedən şəhadətnamənin həyətyanı sahəsinin qaiməsi hissəsində, torpağın ölçüsünün 799.2 m2, fərdi yaşayış evinin ölçüsünün isə 86.2 m2 olduğu qeyd edilmişdir. Üçüncü şəxs X3 da izahatında qeyd etdiyi kimi həmin vaxtdan sözügedən torpağın və fərdi yaşayış evinin faktiki, istifadəçisi və mülkiyyətçisi olmuşdur. İş materiallarından o da müəyyən edilir ki, iddiaçının mərhum atasından miras qalmış əmlaklara dair iki hüquqmüəyyənedici sənəd tərtib edilmişdir. Birincisi Qusarçay kəndi üzrə 1996-2000-cı illərə aid 07 saylı təsərüfatbaşına kitabında mərhumun adı qeyd olunmuş və fərdi yaşayış evinin altındakı torpaq sahəsinin ölçüsünün 0.15 ha olması bildirilmişdir. İkincisi isə JN 0583 kodlu, 30213018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktından müəyyən olunur ki, X4 mülkiyyətinə Xaçmaz rayonu, Qusarçay kəndində yerləşən 0.06 ha pay torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı üçün verilmişdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 73-cü maddəsinə əsasən torpaq sahələri üzərində hüquqi və fiziki şəxslərin hüquqlarına xitam verilməsinin əsasları qeyd olunmuşdur. Lakin, iddiaçı tərəfindən tədqim edilən sübutlar ilə mübahisə predmetinə dair Torpaq məcəlləsinin bu maddəsində nəzərdə tutulmuş hər hansı əsas müəyyən edilmədi. Həmçinin, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, torpağa dair verilmiş şəhadətnamələr-daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biridir. Həmin Qanunun 10.2.1-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri əlavə edilir. Həmin Qanunun 15.1.5-ci maddəsinə əsasən daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatından imtina olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.6-cı maddəsinə əsasən Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Beləliklə məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın sözügedən şəhadətnamənin ləğv edilməsindən imtinası qanunsuz olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 81, 85 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “X1 adına işlənilmiş JN-347 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X20
Məhkəmə qərarları › İş №2-1(118)-2004/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2004/2025
30.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver