Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2006/2021 06.12.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Xaçmaz rayonu Xaçmaz bələdiyyəsinin 31 yanvar 2007-ci il tarixli 01 saylı qərarına əsasən ona fərdi yaşayış evinin tikintisi üçün Xaçmaz rayonu Qobuqıraq kənd Ağçayarası ərazisində 500,0 kv.m torpaq sahəsinə dair mülkiyyət hüquqularının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarım verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, Xaçmaz rayonu Xaçmaz bələdiyyəsinin 31 yanvar 2007-ci il tarixli 01 saylı qərarına əsasən ona fərdi yaşayış evinin tikintisi üçün Xaçmaz rayonu Qobuqıraq kəndi Ağçayarası ərazisində 500,0 kv.m torpaq sahəsi ayrılmışdır. Bu barədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən razılıq almış, həmin torpaq sahəsini sənədləşdirmək üçün müvafiq olaraq DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Həmin idarə tərəfindən ona imtina cavabı verilmişdir. Həmin cavabda qeyd edilir ki, Xaçmaz rayonu Xaçmaz bələdiyyəsinin 31 yanvar 2007-ci il tarixli 01 saylı qərarı əsasında tərtib olunmuş torpaqların alqı-satqısına dair akt ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsində 27.09.2008-ci il tarixdə qeydə alınmışdır. Torpağa dair arxiv çıxarışı da mövcuddur. Cavabdehin imtinası qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəməyə teleqram ilə müraciət edərək covid-19 vaksinasiya pasportu olmadığından iclasda iştirak edə bilmədiyini və iddia tələbinə onun iştirakı olmadan baxıb təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı Xaçmaz şəhəri ərazisində yerləşən 0.05 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarınızın dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə 17.08.2021-ci il trixli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Ərizəyə 23.08.2021-ci il tarixli **********52 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki, “Sənədlərin ekspertizası zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarınızın dövlət reyestrində qeydiyyatına alınması ilə bağlı müraciət etdiyiniz 0.05 ha torpaq sahəsi Xaçmaz rayonu, Xaçmaz bələdiyyəsinin 31.01.2007-ci il tarixli 01 saylı qərarı əsasında tərtib olunmuş torpaqların alqı-satqısına dair akt ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsində 27.09.2008-ci il tarixdə qeydə alınmışdır. Bildirilir ki, həmin dövrdə 23 oktyabr 2007 tarixli 466-İİİQD saylı qanunla “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə edilmiş dəyişikliyə əsasən 01.12.2007-ci il tarixdən etibarən həmin dövrdə Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilərdi. Yuxarıda qeyd olunanları nəzərə alaraq ərizənizin icrası Ərazi idarəsi tərəfindən mümkün olmamışdır.” “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinə əsasən bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 11.1 -ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini,məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası qanununun 9.1.1 -ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. Vətəndaş tərəfindən yuxarıda qeyd olunan qanuna müvafiq olaraq sənədlərin və ərizənin təqdim olunmaması səbəbindən daşınmaz əmlakın müayinəsi keçrilməmiş, həmin torpaq sahəsinin digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsi müəyyən edilməmişdir, ərizəyə dair texniki hissə ilə heç bir münasibət bildirilməmişdir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı və cavabdeh orqan nümayəndəsinin iştirakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə hazırkı mübahisəyə iddiaçının və cavabdeh orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdehin **********52 nömrəli, 23.08.2021-ci il tarixli imtina məktubu, etirazı, Xaçmaz rayonu Xaçmaz Bələdiyyəsinin 31 yanvar 2007-ci il tarixli, 01 nömrəli qərarı, DTXK-nın Xaçmaz rayon şöbəsi tərəfindən verilmiş 29.12.2006-cı il tarixli, 2463 nömrəli rəyin surəti, DTXKnın Xaçmaz rayon şöbəsi tərəfindən verilmiş Torpaq sahəsinin planı və ölçüsü, Torpağın alğı-satqısına dair akt, Xaçmaz rayon Dövlət Arxivinin 630 nömrəli, 07.06.2021-ci il tarixli arxiv çıxarışı və digər sənədlər daxildir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, "Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4)İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyatının müəyyən edilməsi də vacib meyyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun mübahisə predmeti olan torpaq sahəsinə istifadə hüququnun yaranması haqqında Xaçmaz rayonu Xaçmaz Bələdiyyəsinin 31 yanvar 2007-ci il tarixli, 01 nömrəli qərarının verildiyi vaxtdan yaranmış olur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDRX-in 5 saylı Ərazi İdarəsi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan torpaq sahəsi DƏDRX-in 5 saylı Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDRX-in 5 saylı Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDRX-in 5 saylı Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İddiaçı DƏDRXin 5 saylı Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqanın **********52 nömrəli, 23.08.2021-ci il tarixli məktubu ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyatının müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.4-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Cavabdehin rəsmi ünvanının Xaçmaz rayonu ərazisi olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyatı baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin qanunun 8-ci maddəsinə əsasən, Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar bunlardır: .....8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd və.s. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, İddiaçı Xaçmaz rayon Xaçmaz Bələdiyyəsinin 31.01.2007-ci il tarixli 01 nömrəli qərarı əsasında 500 m2 torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinin ayrılmasının məqsədə uyğunluğu haqqında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin müvafiq rəyi 29 dekabr 2006-ci ildə verilmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsinin müdirinin iştirakı ilə qeyd olunan torpaq sahəsinin sxematik plan sərhədləri ölçülüb, nişangah qoyulduqdan sonra İddiaçı təhvil verilmiş və bu barədə müvafiq sənəd rəsmiləşdirilmişdir. Torpaq sahəsinin dəyəri olan 180 manat pul 27 sentyabr 2008-ci ildə 5 saylı qəbz əsasında Xaçmaz bələdiyyəsinin hesabına köçürülmüşdür. Həmin torpaq sahəsi hal-hazırda iddiaçının faktiki istifadəsindədir. İddiaçı adına ayrılmış 500 m2 torpaq sahəsi üzrə yaranmış onun mülkiyyət hüquqlarını DƏDRX-də qeydə alınmasını tələb edir, lakin cavabdeh təşkilat həmin hüququn qeydə alınmasından imtina edir. Cavabdeh təşkilatın imtinasında və etirazında gətirdiyi arqument aşağıdakılardan ibarətdir: 1) Torpağın alğı-satqısına dair aktın Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsində 27.09.2008-ci il tarixində qeydiyyata alınması, 2) Torpaq sahəsinin yerləşdiyi yerin məlum olmaması, həmin torpaq sahəsinin digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşübdüşməməsinin müəyyən edilməsinin mümkün olmaması. Məhkəmə cavabdeh təşkilat tərəfindən gətirilən arqumentləri araşdıraraq hesab edir ki, torpaq sahəsinin qeydiyyata alınmasından imtina üçün cavabdeh təşkilat tərəfindən gətirilən arqumentlər əsassız olduğundan iddia tələbi təmin edilməlidir. Cavabdeh təşkilatın gətirdiyi 1-ci arqumentdə münasibətdə məhkəmə qeyd edir ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 6.5-ci maddəsinin 28 oktyabr 2008-ci ilə qədər olan redaksiyasına əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Qanunun qeyd olunan maddəsindən məlum olur ki, bələdiyyə tərəfindən torpaq sahəsi ayrılmadan öncə DTXKnin müvafiq rəyi alınmalıdır. Nəzərə alınmalıdır ki, bələdiyyə tərəfindən torpaq sahəsi ayrılmamışdan öncə DTXK-nin verməli olduğu rəyin məqsədi qeyd olunan torpaq sahəsinin keyfiyyəti, kateqoriyası, dövlət və ya xüsusi mülkiyyətdə olub-olmamasını, o cümlədən torpaqların vahid registrinin həyata keçirmək məqsədi daşıyırdı. Belə ki, 04 may 2015-ci ilədək qüvvədə olmuş “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi haqqında Əsasnamənin” 1-ci bəndinin 3-cü hissəsinə görə komitə yerquruluşu, dövlət torpaq kadastrı, torpaqların monitorinqi, onların münbitliyinin təmin olunması, geodeziya və xəritəçəkmə sahəsində dövlət siyasətini formalaşdıran və həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Məhz bu səbəbdən bələdiyyə tərəfindən torpaq sahələri ayrılmamışdan öncə DTXK-nin müvafiq rəyinin alınması məcburi xarakter daşıyırdı. Bələdiyyə tərəfindən torpaq sahəsi ayrılarkən müvafiq rəyin DTXK-dən alınmadan torpaq sahəsinin ayrılması ciddi qanun pozuntusu hesab olunardı. Göründüyü kimi Xaçmaz rayonu Xaçmaz Bələdiyyəsinin 31.01.2007-ci il tarixli 01 nömrəli qərarı qəbul edilərkən qanunvericiliyin tələbi gözlənilmişdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbərinə əsasən əldə edilmişdir. Müvafiq qanunda dəyişiklik 27.10.2007-ci il tarixində olduğu halda iddiaçı ilə Xaçmaz bələdiyyəsi arasında alqı-satqı aktı 31.01.2007-ci il tarixində bağlanmışdır. Lakin həmin alqı-satqı müqaviləsi qanuna dəyişiklik edildikdən sonra, yəni 27.09.2008-ci ildə ləğv edilmiş DTXK-də qeydiyyata alınmışdır. Hesab olunur ki, qeyd olunan alqı-satqı müqaviləsinin 27.10.2007-ci ildən sonra qeyd alınması qanun pozuntusu hesab edilə bilməz. Belə ki, alqı-satqı müqaviləsinin ləğv edilmiş DTXK-da qeydə alınması torpağın ayrılması hesab edilə bilməz. Başqa sözlə desək qanunvericilikdə əldə edilmiş hüququn qeydiyyat orqanında qeydə alınması ilə bağlı müddət məhdudiyyəti mövcud deyil. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh təşkilatın iddia tələbinə dair gətirdiyi 1-ci arqumenti əsassızdır. Cavabdeh təşkilatın imtinasında gətirdiyi 2-ci arqument ilə bağlı, yəni torpaq sahəsinin yerləşdiyi yerin məlum olamaması, həmin torpaq sahəsinin digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsinin müəyyən edilməsinin mümkün olmamasına münasibətdə məhkəmə qeyd etməyi zəruri bilir ki, “İnzibati icraata haqqında” Azərbaycan Respublikası Qanunun 28.1.2 və 45.1-ci maddələrinə əsasən cavabdeh inzibati orqanın inzibati orqan kimi inzibati araşdırma aparmaq və sübutları təqdim etmək vəzifələri vardır. İş materiallarından müəyyən olunur ki, cavabdeh bununla bağlı hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Belə olduğu tədqirdə cavabdeh təşkilatın gətirdiyi 2-ci arqumentdə öz əhəmiyyətini itirmiş olur. Həmçinin məhkəmə qeyd edir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və onun ərazi idarələrinin fəaliyyət istiqamətləri və vəzifələri qanunvericiliklə tam və dəqiq olaraq müəyyən edilmişdir və həmin fəaliyyət istiqamətlərində hər hansı nəzarətedici funksiya nəzərdə tutulmamışdır. Başqa sözlə qüvvədə olan qanunvericiliyin tələbinə görə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və onun ərazi idarələri bir qayda olaraq mövcud hüquqların dövlət reyestrində qeydiyyata alınması funksiyasını həyata keçirən bir qurumdur. Həmin qurumun fəaliyyətini biləvasitə tənzimləyən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində də təsbit olunur ki, bu qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir. Eyni zamanda, yerli icra nümayəndəliklərinin fəaliyyətinə, eləcə də onlar tərəfindən qəbul edilən qərarların qanunamüvafiq qaydada qəbul edilib-edilməməsinə nəzarət edən müvafiq icra hakimiyyəti orqanı mövcuddur. Yəni qeyd edilən orqan tərəfindən qərarların qanunamüvafiq qaydada qəbul edilib-edilməməsinin cavabdehə hər hansı aidiyyəti yoxdur. “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Xaçmaz rayonu Xaçmaz Bələdiyyəsinin 31 yanvar 2007-ci il tarixli 01 nömrəli qərarına əsasən fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 500 m2 torpaq sahəsi üzərində İddiaçı xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq mülkiyyət hüququna dair çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə həvalə olunsun. Qərar tam formada təqdim olunduğu gündən 30 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə ondan, Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-2006/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2006/2021
06.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver