Məhkəmə qərarları › İş №2-1(118)-2008/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2008/2025

02.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2008/2025 02.10.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Qusar rayonu İmamqulukənd bələdiyyəsinin 28 sentyabr 2007-ci il tarixli qərarı ilə rayonun Quxur-Oba kəndində iddiaçıya məxsus 0.12 ha torpaq sahəsinin 0.0949 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı məhkəməyə müraciət edərək Qusar rayonu İmamqulukənd bələdiyyəsinin 28 sentyabr 2007-ci il tarixli qərarı ilə rayonun Quxur-Oba kəndində iddiaçıya məxsus 0.12 ha torpaq sahəsinin 0.0949 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsini xahiş etmişdir. İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, Qusar rayonu İmamqulu kənd bələdiyyəsinin 28 sentyabr 2007-ci il tarixli qərarı ilə rayonun Quxur-Oba kəndində fərdi yaşayış evinin tikilməsi üçün iddiaçıya 0.12 ha torpaq sahəsi ayrılmışdır. xx.xx.2007-ci ildə bununla bağlı müvafiq Akt tərtib edilmişdir.Qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə (bundan sonra - cavabdeh) müraciət edilmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli imtina məktubunda göstərilmişdir ki, xx.xx.2007-ci il tarixli, 09/3 saylı qərarı əsasında tərtib olunmuş torpaqların alqı-satqısına dair akt ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsində xx.xx.2014-cü il tarixində qeydə alınmış, bələdiyyə torpaqları müvafiq müqavilə ilə rəsmiləşdirilir, təqdim edilmiş yerquruluşu planında göstərilən yer faktiki yerdən ayrıdır, həmçinin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsindən 330 kv-luq və 10 kv-luq yüksək gərginlikli elektrik xətləri keçir və həmin elektrik xətlərinin mühafizə zolağına düşür. Həmin məktub rəsmi olaraq xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir. Cavabdeh formal mülahizələrə əsasən müraciətimi təmin etməmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldınlmadıqda. Cavabdeh mülkiyyət hüququnun qeydə alınmasından imtina edərkən həmin maddədə göstərilmiş heç bir hala əsaslanmamışdır. Həmçinin, cavabdeh orqana ərizə ilə müraciət edərək 0.12 ha torpaq sahəsinin 0.0251 ha 330 kv və 10 kv hava elektrik xəttinin mühafizə zonasında saxlanıraq qalan 0.0949 ha torpaq sahəsinə çıxarışın verilməsini xahiş etmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd etmişdir ki, mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyatına alınması ilə bağlı müraciət etdiyiniz, fərdi yaşayış evinin yerləşdiyi 0.12 ha torpaq sahəsinə dair ərizənizə əlavə edilmiş Qusar rayonu İmamqulukənd bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 09/3 saylı qərarı əsasında tərtib olunmuş torpaqların alqı-satqısına dair akt ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsində xx.xx.2014-cü il tarixində qeydə alınmışdır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinə əsasən bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. Qusar rayon İmamqulukənd bələdiyyəsi tərəfindən təsdiq edilmiş 1:2000 miqyaslı yerquruluşu planında göstərilən yer faktiki yerdən fəqlidir. Bundan əlavə, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsindən 330 kv-luq və 10 kvluq yüksək gərginlikli elektrik xətləri keçir və həmin daşınmaz əmlak elektrik xətlərinin mühafizə zolağına düşür. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirak olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: Qusar rayonu İmamqulukənd bələdiyyəsinin 28 sentyabr 2007-ci il tarixli 09/03 saylı qərarı ilə bələdiyyənin ehtiyat fondun alqı-satqı predmeti olan torpaq sahəsindən fərdi yaşayış evi tikilməsi məqsədilə 0.12 ha torpaq sahəsi satılmışdır. Torpağın alqı-satqısına dair akt 02 oktyabr 2007-ci il tarixdə tərtib və təsdiq edilmişdir. Torpaq sahəsinin dəyərinin ödənilməsinə dari qəbzin surəti məhkəməyə təqdim edilmişdir. Qusar rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli məktubunda Qusar rayonu, İmamqulukənd bələdiyyəsinin heç bir il üçün sənədlərinin arxivə təhvil verilmədiyi qeyd edilmişdir. Qusar rayonu İmamqulukənd bələdiyyəsinin xx.xx.2025-ci il tarixli, 08 saylı məktubu ilə İmamqulukənd bələdiyyəsinin 28 sentyabr 2007-ci il tarixli 09/03 saylı iclas protokolunun, kassa mədaxil qəbzinin, torpaqların alqı-satqı aktının, yerquruluşu planının surəti təqdim edilmişdir. Azərişıq ASC-nin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmşdir ki, qeyd olunan torpaq sahəsi 330 kV-luq və 10 kVluq elektrik verilişi xətlərinin mühafizə zonasında yerləşir. Elektrik qurğularının mühafizə zonaları “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 16 may tarixli, 261 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair Tələblər”ə əsasən müəyyən edilir. Məhkəmə sorğusuna cavab olaraq cavabdehin 07 iyul 2025-ci il tarixli məktubu ilə torpaq sahəsinin müayinə aktı məhkəməyə təqdim edilmişdir. Müayinə aktında qeyd edilmişdir ki, torpaq sahəsindən naturada hər tərəfdən hasara alınaraq, üzərində 2020-ci il tarixində tikinti altı sahəsi 117.9 kv.m olan 2 (iki) mərtəbəli fərdi yaşayış evi və həyət tikililəri inşa olunmaqla istifadə olunur, torpaq sahəsinin faktiki koordinatlarını TEKUİS və AZCAD modelinə inteqrasiya olunmuş torpaqların elektron kadastrı uçotu məlumat bazasında istifadəçi adlarını “İddiaçı və X1” qeyd olunaraq “yaşayış məntəqələrinin torpaqları”na aid bələdiyyə mülkiyyət kimi, uqodiyası “tikinti altında olan torpaqlar”ı olmaqla uçota alınmışdır. Lakin, torpaq sahəsinin faktiki koordinatlarını “islahat - kompleks yerquruluşu layihəsində” (DWG-də) dəqiqləşdirildikdə isə “kənd təsərrüfatı təyinatlı” təmiz suvarılan əkin torpaq sahəsidir. Mübahisə predmeti olan 0.12 hektar torpaq sahəsinə dair ilkin torpaq ayırma sənədlərinə əlavə edilmiş və ləğv edilmiş DTXK-nın Qusar rayon şöbəsi tərəfindən təsdiq edilmiş “yerquluşu planındakı ölçülərini (38.1 m X 31.5 m) torpaq sahəsinin faktiki ölçüləri ilə və torpaq sahəsinin həmin planına uyğun faktiki yerləşmə mövqeyinin müqayisə etdikdə fərq mövcud deyildir. Qeyd: Torpaq sahəsinin 0.0251 hektar hissəsi ərazidən 330 kV-luq yüksək gərginlikli “DƏRBƏND” HEVX-nin qoruma zolağına və 0.0228 hektar hissəsi isə həmin xətt ilə paralel keçən 10 kV-luq yüksək gərginlikli elektrik verilişi xəttinin qoruma zolağına düşür (yəni torpaq sahəsinin 0.0949 hektar hissəsi hər hansı kommunikasiya xətlərinin qoruma zolağına düşmür). Torpaq sahəsi ilə bağlı qonşu torpaq mülkiyyətçiləri ilə hər hansı sərhəd mübahisəsi aşkar olunmamışdır. Məhkəmə sorğusuna cavab olaraq cavabdehin 06 avqust 2025-ci il tarixli məktubu ilə torpaq sahəsinə bitişik torpaq sahələrinin çıxarışları və onların verilməsinə əsas olmuş sənədlər məhkəməyə təqdim edilmişdir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati prosessual qanunvericilikdə qaldırılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, Qusar rayonu İmamqulukənd bələdiyyəsinin 28 sentyabr 2007-ci il tarixli 09/03 saylı qərarı ilə bələdiyyənin ehtiyat fondun alqı-satqı predmeti olan torpaq sahəsindən fərdi yaşayış evi tikilməsi məqsədilə 0.12 ha torpaq sahəsi satılmışdır. İddiaçı bələdiyyə qərarı ilə ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını istəyir. Cavabdeh orqan imtinasını onunla əsaslandırır ki, Qusar rayonu İmamqulukənd bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 09/3 saylı qərarı əsasında tərtib olunmuş torpaqların alqı-satqısına dair akt ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsində xx.xx.2014-cü il tarixində qeydə alınmışdır. Qusar rayon İmamqulukənd bələdiyyəsi tərəfindən təsdiq edilmiş 1:2000 miqyaslı yerquruluşu planında göstərilən yer faktiki yerdən fərqlidir. Bundan əlavə, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsindən 330 kv-luq və 10 kv-luq yüksək gərginlikli elektrik xətləri keçir və həmin daşınmaz əmlak elektrik xətlərinin mühafizə zolağına düşür. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmamışdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 7-ci bəndinin tələbinə görə torpaq sahəsinin mülkiyyətə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 5-ci bəndinə əsasən bələdiyyələr öz ərazilərində bələdiyyə torpaqlarından həyətyanı sahə və kənd təsərrüfatı məqsədləri üçün, sənaye, nəqliyyat, rabitə və digər obyektlərin, fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi, sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri tikililərin inşası, habelə inzibati və çoxmənzilli çoxmərtəbəli binaların tikintisi üçün qanunvericiliyə və bu Əsasnamənin 2-4-cü bəndlərinə uyğun olaraq hüquqi və fiziki şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə, həmçinin bələdiyyələrin öz ehtiyaclarını və fəaliyyətlərini təmin etmək üçün torpaq sahəsi ayırırlar. Həmin Əsasnamənin 22-ci bəndinə görə bələdiyyə hərraca və ya müsabiqəyə çıxarılan torpaq sahəsi üzərində onun mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul edərək, həmin qərarın bir nüsxəsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, daşınmaz əmlakın kadastr xəritəsindən çıxarış və qeydiyyata alınmış hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış ilə birlikdə hərracı (müsabiqəni) təşkil etmək üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Göründüyü kimi torpaq sahəsi üzərində hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün hüquqi əsas mövcuddur. Cavabdehin imtinasının ilkin əsasına münasibətdə məhkəmə qeyd edir ki, torpaq sahəsi bələdiyyə qərarı ilə fərdi yaşayış evinin tikintisi məqsədilə satılmış, torpaq sahəsinin dəyəri ödənilmişdir. Qusar rayonu İmamqulukənd bələdiyyəsinin 28 sentyabr 2007-ci il tarixli 09/03 saylı qərarı hazırda qüvvədədir və mübahisələndirilmir. Torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. Cavabdeh imtinasının ikinci əsasında qeyd edir ki, Qusar rayon İmamqulukənd bələdiyyəsi tərəfindən təsdiq edilmiş 1:2000 miqyaslı yerquruluşu planında göstərilən yer faktiki yerdən fərqlidir. Məhkəməyə təqdim edilmiş müayinə aktında qeyd edilmişdir ki, mübahisə predmeti olan 0.12 hektar torpaq sahəsinə dair ilkin torpaq ayırma sənədlərinə əlavə edilmiş və ləğv edilmiş DTXK-nın Qusar rayon şöbəsi tərəfindən təsdiq edilmiş “yerquluşu planındakı ölçülərini (38.1 m x 31.5 m) torpaq sahəsinin faktiki ölçüləri ilə və torpaq sahəsinin həmin planına uyğun faktiki yerləşmə mövqeyinin müqayisə etdikdə fərq mövcud deyildir. Bundan əlavə cavabdeh qeyd edir ki, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsindən 330 kv-luq və 10 kv-luq yüksək gərginlikli elektrik xətləri keçir və həmin daşınmaz əmlak elektrik xətlərinin mühafizə zolağına düşür. Məhkəməyə təqdim edilmiş müayinə aktında qeyd edilmişdir ki, torpaq sahəsinin 0.0251 hektar hissəsi ərazidən 330 kV-luq yüksək gərginlikli “DƏRBƏND” HEVX-nin qoruma zolağına və 0.0228 hektar hissəsi isə həmin xətt ilə paralel keçən 10 kV-luq yüksək gərginlikli elektrik verilişi xəttinin qoruma zolağına düşür (yəni torpaq sahəsinin 0.0949 hektar hissəsi hər hansı kommunikasiya xətlərinin qoruma zolağına düşmür). İddiaçının tələbi torpaq sahəsinin 0.0949 hektar hissəsi ilə bağlı olduğundan məhkəmə hesab edir ki, qeyd edilən hissədə mübahisəli hal qalmır. Bundan əlavə, torpaq sahəsinin müayinə aktında qeyd edilmişdir ki, torpaq sahəsindən naturada hər tərəfdən hasara alınaraq, üzərində 2020-ci il tarixində tikinti altı sahəsi 117.9 kv.m olan 2 (iki) mərtəbəli fərdi yaşayış evi və həyət tikililəri inşa olunmaqla istifadə olunur, torpaq sahəsinin faktiki koordinatlarını TEKUİS və AZCAD modelinə inteqrasiya olunmuş torpaqların elektron kadastrı uçotu məlumat bazasında istifadəçi adlarını “İddiaçı və X1” qeyd olunaraq “yaşayış məntəqələrinin torpaqları”na aid bələdiyyə mülkiyyət kimi, uqodiyası “tikinti altında olan torpaqlar”ı olmaqla uçota alınmışdır. Lakin, torpaq sahəsinin faktiki koordinatlarını “islahat-kompleks yerquruluşu layihəsində” (DWGdə) dəqiqləşdirildikdə isə “kənd təsərrüfatı təyinatlı” təmiz suvarılan əkin torpaq sahəsidir. Məhkəmə araşdırması zamanı cavabdehin 06 avqust 2025-ci il tarixli məktubu ilə torpaq sahəsinə bitişik torpaq sahələrinin çıxarışları və onların verilməsinə əsas olmuş sənədlər məhkəməyə təqdim edilmişdir. Torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahələrinə dair çıxarışlar və onların verilməsinə əsas olmuş sənədlərdən görünür ki, həmin torpaq sahələri üzərində mülkiyyət hüquqları yaşayış məntəqələri torpaqları kimi qeydə alınmışdır. Formalaşmış məhkəmə təcrübəsinə əsasən həmin ərazidə yerləşən qonşu torpaq sahiblərinin hüquqları qeydə alındığı və onlara bu barədə müvafiq çıxarışın verildiyi halda, onlarla eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən cavabdeh tərəfindən imtina olunması Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 5-ci hissəsinə ziddir. “İnzibati icraat haqqında” Qanunun 12.2-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Beləliklə, məhkəmə tərəfindən torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını istisna edən hal müəyyən edilmir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə tədqiqatı zamanı iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün həmin maddədə qeyd olunan hallardan heç biri müəyyən olunmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər; 15.1-ci maddəsinə əsasən, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; Hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri təmin edildiyindən, cavabdehin imtinası qanunsuz və əsassız olmuşdur. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olmuş, cavabdehin dəlilləri əsassız olmaqla formal xarakter daşımışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Qusar rayonu İmamqulukənd bələdiyyəsinin 28 sentyabr 2007-ci il tarixli, 09/03 saylı qərarı ilə ayrılmış 0.12 ha torpaq sahəsinin 0.0949 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə həvalə edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar