Məhkəmə qərarları › İş №2-1(118)-2009/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2009/2024

01.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2009/2024 01.02.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçılar X13 və X7 cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsinə qarşı iş üzrə (Açar sözlər: məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi, iddiaçı X4, iddiaçıların qanuni nümayəndəsi İddiaçı iştirakları ilə, iddiaçı X13 və X7 cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 1 fevral 2024-cü il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:

1. İddiaçıların qanuni nümayəndəsi İddiaçı məxsus AA seriyalı, 095340 saylı məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Dövlətqaçqınkomun 6 oktyabr 2004-cü il tarixli qərarına əsasən ona məcburi köçkün vəsiqəsi verilmişdir. Vəsiqənin “Hər il qeydiyyatdan keçmək barədə məlumat” hissəsindən görünür ki, sonuncu dəfə 1 fevral 2024-cü il tarixdə qeydiyyatdan keçilmişdir.

2. AZ-İ seriyalı, 019930 saylı “Nikahın bağlanması haqqında şəhadətnamə”nin surətindən görünür ki, İddiaçı ilə X2 nikahları 15 may 2003-cü il tarixdə bağlanmışdır.

3. AZ-İV seriyalı, 243856 saylı “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X14 20 mart 2006-cı il tarixdə doğulmuşdur. Atası İddiaçı, anası X5r. Qeydiyyat Zəngilan rayon qeydiyyat şöbəsi tərəfindən aparılmışdır.

4. AZ-İV seriyalı, 243857 saylı “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X13 20 mart 2006-cı il tarixdə doğulmuşdur. Atası İddiaçı, anası X5r. Qeydiyyat Zəngilan rayon qeydiyyat şöbəsi tərəfindən aparılmışdır.

5. Azərbaycan Respublikası Zəngilan rayon İcra Hakimiyyəti baçısının Zərnəli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 1 fevral 2024-cü il tarixli, 6 saylı arayışından görünür ki, İddiaçı və övladları X14 və X1 rayon Havalı kəndində daimi qeydiyyatdadırlar. Məcburi köçkündürlər və aylıq müavinət alırlar. Səbail rayonu, Badamdar qəsəbəsi Ş.Məmmədov 16/34 ünvanında müvəqqəti məskunlaşmışlar. Uşaqların anası X10 Bakı şəhərində qeydiyyatda olduğu üçün, məcburi köçkün statusu yoxdur.

6. Cavabdehin 18 oktyabr 2023-cü il tarixli məktubunun məzmunundan görünür ki, 20 mart 2006-cı il təvəllüdlü iddiaçı X13 və 20 mart 2006-cı il təvəllüdlü iddiaçı X7 anası X3 qeydiyyatı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, Seyran Məmmədov küçəsi, ev 16, mənzil 33 ünvanında olduğundan onlara məcburi köçkün statusunu təsdiq edən sənədin (vəsiqə) verilməsi “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçmüş şəxslərə) məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəsinin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinin tələblərinə əsasən imkan xaricindədir.

Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq:

7. Cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsi (bundan sonra – “cavabdeh”) tərəfindən göndərilən 26 dekabr 2023-cü il tarixli, 3-36/2-4368/2023 saylı məktubun məzmunundan görünür ki, Komitənin Regional idarəetmə və status şöbəsinin 2007-2023-cü illəri əhatə edən elektron məlumat bazasında İddiaçı və X6 məcburi köçkün statusunu təsdiq edən sənədin (vəsiqə) verilməsi barədə qeyd aşkar edilməmişdir.

8. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən göndərilmiş 15 yanvar 2024-cü il tarixli, 18/2-782/24 saylı məktubun məzmunundan görünür ki, xx xxxxxxx 1976-cı il təvəllüdlü İddiaçı 7 may 2006-cı il tarixdən hazırkı vaxtadək Zəngilan rayonu, Havalı kəndində qeydiyyatdadır. 4 aprel 1977-ci il təvəllüdlü X15 9 aprel 1999-cu il tarixdən 14 may 2014-cü il tarixədək Bakı şəhəri, Badamdar yolu, ev 99, mənzil 10-da, 14 may 2014-cü il tarixdən hazırkı vaxtadək Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci Yaşayış Massivi, Seyran Məmmədov küçəsi, ev 16, mənzil 33 ünvanında qeydiyyatdadır.

9. Azərbaycan Respublikası Zəngilan Rayon İcra Hakimiyyətinin 8 yanvar 2024-cü il tarixli, 5-83/2-04/2024 saylı məktubunun məzmunundan görünür ki, Zəngilan rayonunun Havalı kənd sakini 20 mart 2006-cı il təvəllüdlü iddiaçı X14 və 20 mart 2006-cı il təvəllüdlü iddiaçı X13 məcburi köçkündür, aylıq müavinət alırlar. Hal-hazırda Səbail rayonu, Badamdar qəsəbəsi, Ş.Məmmədov 16/34 ünvanında müvəqqəti məskunlaşmışlar. Qeyd edilir ki, uşaqların anası X10 Bakı şəhər qeydiyyatında olduğu üçün övladları – iddiaçılara məcburi köçkünlük vəsiqəsi düzəldilməsində problemlər yaranmışdır.

b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

İddia ərizəsinin dəlilləri

10. İddiaçı (bundan sonra – “iddiaçıların qanuni nümayəndəsi”) cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 20 mart 2006-cı il təvəllüdlü X13 və 20 mart 2006-cı il təvəllüdlü X11 (bundan sonra birlikdə - “iddiaçılar”) məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

11. Daha sonra iddiaçıların qanuni nümayəndəsi əsl olmayan iddiaçının əsl iddiaçı ilə əvəz edilməsi barədə ərizə təqdim edərək, əsl olmayan İddiaçı əsl iddiaçılar N.Əsgərli və Ş.Əsgərli ilə əvəz edərək, onu isə qanuni nümayəndə kimi qəbul edilməyini xahiş etmişdir. Ərizə 7 dekabr 2023-cü il tarixli protokol ilə icraata qəbul edilmişdir.

12. İddia onunla əsaslandırılmışdır ki, iddiaçıların qanuni nümayəndəsi Zəngilan rayonundan məcburi köçkündür. 15 may 2003-cü ildə X8 ilə nikaha daxil olmuşdur. Birgə nikahlarından 3 may 2004-cü il təvəllüdlü X16, 20 mart 2006-cı il təvəllüdlü iddiaçı N.Əsgərli və 20 mart 2006-cı il təvəllüdlü iddiaçı Ş.Əsgərli doğulmuşdur. İddiaçıların qanuni nümayəndəsinə cavabdeh tərəfindən Zəngilan rayonundan məcburi köçkün olmağı ilə bağlı AA095340 nömrəli vəsiqə verilmişdir. Lakin cavabdeh onun uşaqlarına məcburi köçkün statusu və vəsiqəsini verməmişdir. Bununla bağlı cavabdehə 6 oktyabr 2023-cü il tarixli ərizə ilə müraciət etsə də, nəticəsi olmamışdır (§ 6). Cavabdeh orqanın verdiyi imtina cavabı mövcud qanunvericiliyə tamamilə ziddir. Çünki, cavabdeh iddiaçılara məcburi köçkün statusu və vəsiqəsinin verilməsi məsələsinə Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsinin Kollegiyası 16 iyul 2004-cü il tarixli qərarı ilə təsdiq olunmuş “Qaçqınlara və məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) statusu sənədlərinin verilməsinə dair Qaydaları”nın normalarını tətbiq etmək əvəzinə 23 may 2013-cü il tarixli qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəsinin verilməsinə dair Qaydalar”ın tələblərini tətbiq edib. Odur ki, cavabdehin iddiaçılara məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi barədə qərar qəbul edilməsi zəruridir.

13. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 149, “İnsan hüquqularının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 14-cü maddələrinə, Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsinin Kollegiyası 16 iyul 2004-cü il tarixli qərarı ilə təsdiq olunmuş “Qaçqınlara və məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) statusu sənədlərinin verilməsinə dair Qaydaları”na, prosessual hüquqi əsası kimi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 35.1, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddələrinə istinad olunmuşdur.

İddia ərizəsinə qarşı etirazın dəlilləri

14. Cavabdeh tərəfindən iddiaya qarşı verilmiş yazılı etirazda qeyd edilmişdir ki, iddiaçıların sözügedən iddia tələbi tam əsassız və qanunsuz olduğundan, həmçinin heç bir etibarlı sübutla öz təsdiqini tapmadığından, məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, qanuni nümayəndənin “övladlarına məcburi köçkün vəsiqəsinin verilməsi” barədə Komitəyə daxil olmuş müraciəti cavabdeh tərəfindən cavablandırılaraq bildirilmişdir ki, "Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) "məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinin tələblərinə əsasən, valideynlərindən atası "məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara məcburi köçkün statusunu təsdiq edən vəsiqə verilir.

15. Bildirilir ki, iddiaçıların anası X3 qeydiyyatı Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, Seyran Məmmədov küçəsi, ev 16, mənzil 33 ünvanında olduğundan övladlarına məcburi köçkün statusunu təsdiq edən sənədin (vəsiqə) verilməsi imkan xaricindədir. Azərbaycan Respublikasında məcburi köçkünlərin statusunun müəyyənləşdirilməsi “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Prezidentinin 1 fevral 2005-ci il tarixli, 187 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Qaçqınların və X12 üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”yə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 5 iyun 2013-cü il tarixdə qeydiyyatdan keçmiş və Azərbaycan Respublikasının Qaçqınların və X12 üzrə Dövlət Komitəsinin 23 may 2013-cü il tarixli, 1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”a uyğun olaraq həyata keçirilir. Cavabdeh tərəfindən məcburi köçkünlərin miqrasiyası, uçotu və qeydiyyatına dair işlər görülməkdədir. Xüsusilə vurğulanır ki, müvafiq işlərin təşkili, sistemliliyin və uçotun düzgün aparılmasını təmin edərək, baş verə biləcək bir sıra neqativ halların qarşısını alır. Həmçinin, cavabdehin sözügedən istiqamətlər üzrə həyata keçirdiyi fəaliyyətlər, işğaldan azad edilmiş ərazilərə köçürülmə prosesinin səmərəli və effektiv təşkili üçün konstruktiv tədbirlərin müəyyənləşdirilməsinə və həyata keçirilməsinə imkan yaradacaqdır.

16. İddiaçılara məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi ilə bağlı sənədlər Komitənin aidiyyəti struktur bölməsində araşdırılan zaman müəyyən olunmuşdur ki, iddiaçıların atası qanuni nümayəndə məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malikdir; qanuni nümayəndə ünvan 4i ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır; iddiaçıların anası X10 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malik deyildir; X10 Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, Seyran Məmmədov küçəsi, ev 16, mənzil 33 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İddiaçıların anası X3 yaşayış yeri üzrə qeydiyyat ünvanı işğaldan azad olunmuş rayon (şəhər) olmadığından - “Bakı şəhərinin Səbail rayonu” olduğundan, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı yarımbəndinə əsasən, ona məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsindən imtina edilmişdir. Etiraza əsasən, iddiaçıların cavabdehə qarşı “məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi”nə dair iddia tələbinin əsassız olduğu üçün rədd olunması məhkəmədən xahiş edilmişdir.

c) Tərəflərin iştirakı və izahatları:

17. Məhkəmə iclaslarında iştirak edən iddiaçılar və onların qanuni nümayəndəsi iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. İddiaçıların qanuni nümayəndəsi cavabdeh tərəfindən göndərilən 26 dekabr 2023-cü il tarixli məktubda qeyd edilən Komitənin Regional idarəetmə və status şöbəsinin 2007-2023-cü illəri əhatə edən elektron məlumat bazasında İddiaçı və X6 məcburi köçkün statusunu təsdiq edən sənədin (vəsiqə) verilməsi barədə qeyd aşkar edilməməsinə (§ 7) münasibətdə bildirmişdir ki, elektron bazada 2007-ci il tarixindən sonra qeydiyyat aparılmışdır, ona məcburi köçkün vəsiqəsi 2004-cü il tarixdən verildiyi üçün (§1), həmin bazada məlumat olmamışdır. Bundan əlavə, onun uşaqları vahid aylıq müavinət alırlar.

18. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh öz nümayəndəsi ilə məhkəmə iclasında təmsil olunmamışdır. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar.

19. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ

a) İddianın mümkünlüyü:

20. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.

21. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.

22. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

23. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.

24. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmiş və əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.

b) Tətbiq edilən hüquq:

25. Azərbaycan Respublikası Konstitusiyası Maddə 25. Bərabərlik hüququ İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. İİ. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. (-) İV. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. (-)

Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. (-) İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.

26. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanunu:

Maddə 1. Bu Qanunda istifadə edilən əsas anlayışlar Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları daşıyır: (-) məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. (-) Maddə 9. Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələsini həll edən orqanlar Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları (“Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Azərbaycan Respublikasının Qaçqınların və X12 üzrə Dövlət Komitəsi öz səlahiyyətləri daxilində həyata keçirirlər) qəbul edirlər. Maddə 10. Qaçqın və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi haqqında vəsatətin qaldırılması qaydası Qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında (xx.xx.1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Qaçqınların və X12 üzrə Dövlət Komitəsi) qeydiyyatdan keçməlidirlər. Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Maddə 12. Şəxsin qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi haqqında vəsatətə baxılması qaydası Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında (xx.xx.1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Qaçqınların və X12 üzrə Dövlət Komitəsi) qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. (-)

27. Qaçqınların və X12 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli, 1 №-li qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”:

4.1. “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilir: (-) 4.1.6. Valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara. (-)

28. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 187 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”:

1.1. Azərbaycan Respublikasının Qaçqınların və X12 üzrə Dövlət Komitəsi (bundan sonra - Komitə) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkün olmuş şəxslərin (bundan sonra -qaçqınlar və məcburi köçkünlər) yerləşdirilməsi, məskunlaşdırılması, repatriasiyası, sosial müdafiəsi, işğaldan azad olunmuş ərazilərdə onların sosial, mənzil-məişət şəraitinin yaxşılaşdırılması sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. 3.1. Komitə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla “məcburi köçkün” statusu, həmin statusu təsdiq edən sənəd (vəsiqə) verir və bu statusdan məhrum edir.

29. İPM:

58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

c) Məhkəmənin mövqeyi

30. İstinad edilmiş normaların mənasından görünür ki, məcburi köçkün statusu ölkə daxilində köçürülmüş şəxslərə müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında verilir. Bu statusun verilməsi üçün isə şəxs müvafiq icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikasının Qaçqınların və X12 üzrə Dövlət Komitəsində qeydiyyatdan keçməli və həmin gündən bir ay ərzində müvafiq qərar qəbul olunmalıdır.

31. Məcburi köçkün statusunun verilməsi üçün hər hansı bir qaydanın müəyyən edilməsi məqsədilə digər hüquqi aktın qəbul edilməsi bu Qanunda nəzərdə tutulmamışdır. Bunun əksinə olaraq qaçqın statusu verilməsi qaydasının Azərbaycan Respublikası Prezidentinin müvafiq aktı ilə tənzimlənməsi göstərilmişdir.

32. Məhkəmə cavabdehin mövqeyini əsassız hesab edərək bildirir ki, iddiaçılara məcburi köçkün statusunun verilməsindən imtina edilərkən Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydaların 4.1.6-cı bəndinə istinad edilməsi Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində nəzərdə tutulmuş bərabərlik hüququna aid tələblərə ziddir.

33. Azərbaycan Respublikası Prezidentinin 1 fevral 2005-ci il tarixli, 187 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qaçqınların və X12 üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”nin 3.1-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla “məcburi köçkün” statusunun, həmin statusu təsdiq edən sənədin (vəsiqənin) verilməsi və bu statusdan məhrum edilmə Azərbaycan Respublikasının Qaçqınların və X12 üzrə Dövlət Komitəsinin səlahiyyətlərinə aid edilmişdir.

34. Hazırkı iş üzrə müəyyən olunur ki, iddiaçılar onlara məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi barədə tələblə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən isə “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinə istinad edilməklə iddiaçıların valideynlərinin yaşayış yeri üzrə qeydiyyat ünvanının işğaldan azad olunmuş rayon (şəhər) olmaması səbəbindən ona məcburi köçkün vəsiqəsinin verilməsindən imtina edilmişdir.

35. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununda “məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs)” anlayışı “Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxs” olaraq müəyyən edilmişdir.

36. Cavabdeh orqanın imtinanın əsası kimi istinad etdiyi “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinə “valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlar” “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verildiyi şəxslər olaraq müəyyən edilmişdir.

37. Qaydaların istinad edilən bəndinə görə, o uşaqlara məcburi köçkün statusu və onu təsdiq edən vəsiqə verilir ki, 1) valideynlərindən atası “məcburi köçkün” statusuna malik olsun; 2) hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olsun; 3) Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış olsun.

38. Hazırkı işdə iddiaçılara münasibətdə 1 və 3-cü şərtlərin ödənilməsi mübahisəsizdir. Cavabdeh də bunu mübahisələndirmir.

39. Cavabdehin etirazının əsas dəlili iddiaçılara münasibətdə Qaydaların 4.1.6cı bəndində nəzərdə tutulan 2-ci şərtin ödənilməməsi ilə bağlıdır. Yəni, cavabdeh bildirir ki, iddiaçıların anasının qeydiyyatı Bakı şəhərindədir.

40. Məhkəmə bildirir ki, sözügedən Qaydalarda göstərilən hər iki valideynin qeydiyyat ünvanının daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olması ilə bağlı tələb “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmamışdır. Beləliklə, Qaydalar “məcburi köçkün” statusu əldə etmək üçün Qanunda nəzərdə tutulmayan “yaşayış yeri üzrə qeydiyyatla bağlı” məhdudiyyət müəyyən etmişdir. Bu isə hüquq və azadlıqlara müdaxilə ilə bağlı qanunilik tələbinə uyğun gəlmir. Çünki, Azərbaycan Respublikası Konstitusiyasının və “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələblərinə görə, qanundan aşağı səviyyəli aktlar qanuna uyğun olmalı, onun normaları ilə ziddiyyət yaradan hüquq normaları nəzərdə tutulmamalıdır.

41. Məhkəmə qeyd edir ki, bu Qaydalar sonradan qəbul edilmiş və iddiaçıların vəziyyətini ağırlaşdırmışdır. Onların doğum tarixlərində qüvvədə olan hüquqi aktlarda belə bir tələb mövcud olmamış, iddiaçılar məcburi köçkünlərə verilən güzəşt və təminatlardan istifadə etmişdir.

42. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz.

43. Qazanılmış hüquqlara münasibətdə bu qaydada yanaşma həmçinin Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinin tələblərindən də irəli gəlir. Həmin normaya görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ-hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Bu mənada, məhkəmə hesab edir ki, iddiaçıya məcburi köçkün statusu almış şəxs kimi müavinət öənildikdən sonra qanunvericilikdə baş vermiş onun hüquqi vəziyyətinin ağırlaşmasına səbəb ola bilən hallar iddiaçıya münasibətdə tətbiq edilə bilməz.

44. Eyni zamanda, məhkəmə kassasiya instansiya məhkəməsinin qərarlarında məhkəmə təcrübəsinə dair verilən aşağıdakı izahların qeyd edilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-652/2022 saylı iş üzrə qəbul etdiyi 19 aprel 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, “Yuxarıda göstərilmiş qanunun normalarına uyğun olaraq məcburi köçkün statusunun alınmasının nəticəsi kimi dövlətin təyin etdiyi birdəfəlik və digər yardım almaq hüququnu iddiaçı qazanmışdır. Bu hüququn tərkib hissəsi kimi şəxsə yemək xərci ilə bağlı aylıq müavinətin verilməsi nəzərdə tutulmuş və bu məsələlər istinad olunmuş Qaydalarda tənzimlənmişdir. Hər iki hüquqi aktın yuxarıda istinad edilmiş əlaqəli təhlili isə o nəticəyə gəlmək üçün əsas yaradır ki, müvafiq yemək xərcini alan şəxs məcburi köçkün kimi artıq müvafiq qeydiyyata alınmış və onun məhz məcburi köçkün statusunun mövcudluğu dövlətin təyin etdiyi yardımların alınması hüququna təminat vermişdir.”

45. Göründüyü kimi oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı maddəsi sonradan qəbul edildiyindən, həmin Qaydalarin qəbul edildiyi tarixdən əvvəl doğulan vətəndaşlara münasibətdə vəziyyətini ağırlaşdırdığı səbəbi ilə geriyə tətbiqi edilə bilməz.

46. Bundan əlavə, iddiaçıların yemək xərci kimi müavinətin alması hazırki mərhələdə müəyyən olunmasaydı belə, bu hal vəziyyəti iddiaçının ziyanına dəyişmir.

47. Bununla bağlı məhkəmə qeyd edir ki, hər iki valideynin qeydiyyat ünvanının daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olmasına dair sözügedən Qaydalarda təsbit edilmiş tələb “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmamışdır. Qanunda həmçinin məcburi köçkün statusunun müəyyən edilməsi ilə bağlı cavabdehə belə səlahiyyətin verilməsi barədə institusional göndərici norma da nəzərdə tutulmamışdır. Buna baxmayaraq Qaydalar “məcburi köçkün” statusunun verilməsi üçün Qanunla nəzərdə tutulmayan “yaşayış yeri üzrə qeydiyyatla bağlı” məhdudiyyət müəyyən etmişdir. Həmin məhdudiyyətin Qaydalarla müəyyən olunması hüquq və azadlıqlara müdaxilənin yalnız formal qanunla müəyyən olunması ilə bağlı konstitusion tələbə uyğun sayıla bilməz. Azərbaycan Respublikası Konstitusiyasının və “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələblərinə görə, qanundan aşağı səviyyəli normativ hüquqi aktlar qanuna uyğun olmalı, həmin aktlarda qanunun normalarına zidd olan hüquq normaları nəzərdə tutulmamalıdır. Nəzərə almaq lazımdır ki, icra hakimiyyəti orqanları tərəfindən qəbul edilən normativ aktlarda qanunla nəzərdə tutulduğundan daha artıq məhdudiyyət müəyyən edilə bilməz.

48. Məhkəmə xüsusilə vurğulayır ki, inzibati orqan imtinasını əsaslandırdığı “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın qüvvədə olmasına rəğmən, normativ aktların hüquqi qüvvəsi üzrə təsnifatı və iyerarxiyası baxımından qanun istinad olunan qaydaya münasibətdə daha üstün hüquqi qüvvəyə malikdir. Bu mənada həmin Qaydanın mövcudluğu və hüquqi qüvvəsi şəxsin qanunla nəzərdə tutulmuş hüququnun həyata keçirilməsini istisna edə bilməz. Başqa sözlə, “Qaydalar”ın həmin tələbi “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanuna və konstitusion dəyərlərə ziddir.

49. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)- 1856/2022 saylı, 29 dekabr 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “Hər iki valideynin qeydiyyat ünvanının daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olmasına dair sözügedən Qaydalarda təsbit edilmiş tələb “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmamışdır. Qanunda həmçinin məcburi köçkün statusunun müəyyən edilməsi ilə bağlı cavabdehə belə səlahiyyətin verilməsi barədə institusional göndərici norma da nəzərdə tutulmamışdır. Buna baxmayaraq Qaydalar “məcburi köçkün” statusunun verilməsi üçün Qanunla nəzərdə tutulmayan “yaşayış yeri üzrə qeydiyyatla bağlı” məhdudiyyət müəyyən etmişdir. Həmin məhdudiyyətin Qaydalarla müəyyən olunması hüquq və azadlıqlara müdaxilənin yalnız formal qanunla müəyyən olunması ilə bağlı konstitusion tələbə uyğun sayıla bilməz.”

50. Yuxarıda göstərilən məhkəmə qərarından da göründüyü kimi, kassasiya instansiya məhkəməsi hər iki valideynin qeydiyyat ünvanının daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olmasına dair sözügedən Qaydalarda təsbit edilmiş tələbin “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmadığına istinad edərək həmin əsasın imtina əsası kimi qanuna zidd olduğunu qiymətləndirmiş, bu səbəbdən də iddia vətəndaşın xeyrinə nəticələnmişdir.

51. Göründüyü kimi istər qüvvədə olan qanunvericilik, istərsə də formalaşmış məhkəmə təcrübəsi məcburi köçkün vəsiqəsinin verilməsi ilə bağlı mübahisələrə qiymət verərkən “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”da nəzərdə tutulmuş “yaşayış yeri üzrə qeydiyyatla bağlı” məhdudiyyətin tətbiqini istisna etmişdir ki, bu da hazırkı vəziyyətdə iddiaçıların xeyrinə şərh olunan bir haldır. Bu səbəbdən də məhkəmə hesab edir ki, cavabdehin imtina əsası kimi göstərdiyi həmin hal (yaşayış yeri üzrə qeydiyyatla bağlı) iddia tələbinin təmin edilməsini istisna etmir.

52. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, iddiaçılara məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyi cavabdeh orqana həvalə edilməlidir.

NƏTİCƏVİ HİSSƏ

53. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilsin. 20 mart 2006-cı il təvəllüdlü X13 və 20 mart 2006-cı il təvəllüdlü X11 məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyi Azərbaycan Respublikasının Qaçqınların və X12 üzrə Dövlət Komitəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar