Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-201/2020 13.02.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, İsgəndərov Vüqar Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinin nümayəndəsi Mövsümov Emin Nazim oğlunun iştirakı ilə, İddiaçı Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı “Sumqayıt şəhər İcra Hakimiyyətinə qanunsuz tikilinin sökülməsi həvalə edilməsi, dəymiş maddi və mənəvi ziyana görə 100.000 manatın ödənilməsi”nə dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı “Sumqayıt şəhər İcra Hakimiyyətinə qanunsuz tikilinin sökülməsi həvalə edilməsi, dəymiş maddi və mənəvi ziyana görə 100.000 manatın ödənilməsi”-nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Sayılov Sənana məxsus ünvan 1 ünvanında yerləşən balkona edilmiş əlavə qanunsuz tikintinin sökülməsi tələbi ilə dəfələrlə Sumqayıt şəhər İcra Hakimiyyətinə müraciət etmişdir. İddiaçı hətta Sumqayıt rayon məhkəməsinə də iddia ilə müraciət etmiş, lakin o, Bakı şəhərində qeydiyyatda olduğundan, iddiası rədd edilmişdir. Qanunsuz tikinti hətta Afrikada belə qanunsuz tikintidir. Sənan Sayılov dövlətə məxsus ərazini vergi ödəmədən zəbt edib. Sumqayıt şəhər İcra Hakimiyyətinin heç bir tədbir görməməsi iddiaçıya məlum deyildir. Məhkəmə iclasında iddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazında qeyd edir ki, İddiaçı etdiyi müraciətlər şəhər İcra Hakimiyyətində, Memarlıq və Şəhərsalma idarəsində araşdırılaraq ona qanunda nəzərdə tutulmuş müddətdə və qaydada yazılı cavablar göndərilərək izah edilmişdir ki, Sumqayıt şəhəri, 26-cı məhəllə, 3/7 saylı binanın 4-cü mənzilində yerləşən eyvan uzun illər bundan qabaq mənzilin sahibi tərəfindən artırılmışdır. Bu səbəbdən İddiaçı mövcud tikili ilə bağlı mənzilin sahibi S.Sayılovla yaranmış mübahisəsini hüquqi müstəvidə həll edilməsi üçün aidiyyəti üzrə müraciət etməsi tövsiyə olunmuşdur. Əlavə olaraq bildirirlər ki, iddiaçı tərəfindən qeyd olunan iddia üzrə Sumqayıt şəhər İcra Hakimiyyətinin deyil, məhz mənzilin sahibinin cavabdeh qismində cəlb edilməsi məqsədəmüvafiq olardı. Ona görədə iddianın mümkün sayılmamasını xahiş edirlər. Məhkəmə iclasında cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinin nümayəndəsi Mövsümov Emin Nazim oğlu iştirak etmiş, iddiya etirazı müdafiyə etmişdir. Məhkəmə aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə hesab edir ki, iddiaçı Bakı şəhərində yaşadığına görə hazırkı iddianı qaldırmaqda subyektiv hüququ yoxdur. Məhkəmə iddianın maddi və mənəvi ziyana görə kompensasiya tələbi hissəsi ilə bağlı qeyd edir ki, qanunvericilikdə inzibati məhkəmə icraatı qaydasında müəyyən növ iddialara baxılması üçün mümkünlük şərtləri nəzərdə tutulmuşdur ki, bu şərtlərə əməl olunmadan məhkəmədə iddia qaldırılması həmin iddiaya baxılmasının mümkünsüzlüyünə səbəb olur. Hazırki iddia da İPM-nin 2.2.7-ci maddəsinə uyğun olaraq inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsindən ibarətdir ki, həmin növ iddiaya mahiyəti üzrə baxılması üçün də müəyyən şərt nəzərdə tutulmuşdur. Bu şərt isə ziyana görə kompensasiyanın ödənilməsi üçün müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət edilməsindən ibarətdir. Lakin hazırki işdə iddiaçı tərəfindən ona vurulmuş ziyanın ödənilməsi ilə bağlı inzibati orqana müraciət edilməsi ilə əlaqədar məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Halbuki, İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanununun 89.2-ci maddəsinə əsasən maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Yuxarıda qeyd olunanlardan göründüyü kimi inzibati orqan tərəfindən kompensasiyanın ödənilməsi üçün məhkəməyə müraciət etməzdən əvvəl inzibati orqana müraciət edilməsi qanunvericiliklə müəyyən edilmişdir. Hazırki işdə isə, iddiaçının inzibati orqana kompensasiyanın ödənilməsi ilə bağlı müraciət etməsi müəyyən olunmur. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddia qeyri mümkün hesab edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan ünvan 2 ünvanında yerləşən) Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-201/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-201/2020
13.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver