Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2012/2021 13.10.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “Azpetrol Ltd. MMC-yə ayrılmış 0.20 ha torpaq sahəsinin naturada tanıdılması və s. öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “Azpetrol Ltd. MMC-yə ayrılmış 0.20 ha torpaq sahəsinin naturada tanıdılması və s. öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi məhkəmə tərəfindən dinlənilmiş və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsi nəzərə alınaraq araşdırılma aparılmışdır. Həmin maddəyə əsasən məhkəmə qaldırılan iddiada yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin normaya uyğun olaraq məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım edilmiş və onun tələbi aydınlaşdırılmışdır. İddiaçının nümayəndəsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən müvafiq torpaq sahəsinin naturada tanıdılmasını, mərzçəkmə işlərinin aparılmasını bildirir və hesab edir ki, müvafiq tələbi cavabdeh MMC həyata keçirməlidir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri ararşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, iddiaçı torpaq sahəsinin naturada tanıdılmasını, mərzçəkmə işlərinin aparılmasını inzibati orqan olmayan hüquqi şəxsdən (MMC) tələb edir. Eyni zamanda iddiaçı özü də hüquqi şəxs qismində çıxış edir (MMC). Məhkəmə hesab edir ki, tərəflərin ikisi də Məhdud Məsuliyyətli Cəmiyyət olduğundan tərəflər arasında mülki mühakimə qaydasında baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respubliaksı Qanununun 1.1-ci maddəsinə əsasən həmin qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Göründüyü kimi mübahisənin inzibati xarakterli ola bilməsi üçün tərəflərdən heç olmasa biri inzibati orqan və ya inzibati akt qəbul etmək səlahiyyəti verilmiş orqan olmalı və mübahisə həmin orqanın inzibati fəaliyyəti ilə bağlı olmalıdır. Hal-hazırkı iş üzrə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti inzibati orqan olmamaqla yanaşı, onun fəaliyyəti də xarakteri etibarı ilə inzibati fəaliyyət hesab edilə bilməz. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti haqqında Əsasnamə”nin 3-cü bəndinə görə yerquruluşu işlərini təşkil etmək və aparmaq, o cümlədən mərzçəkmə işlərini aparmaq və mərz nişanlarını qoymaq Xidmətin vəzifələrinə aid edilmişdir. Görüdüyü kimi hazırkı, iddia tələbi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə qarşı deyil, həmin Xidmətin yanında fəaliyyət göstərən “Kadastr və X1 Mərkəzi” MMC-yə qarşı verilib. Məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım göstərilməsi məqsədi ilə cavabdehi əsl cavabdehlə əvəz olunması haqqında təklifi iddiaçı tərəfindən qəbul edilmədi. Ona görə də məhkəmə hesab edir ki, hazırkı iddia tələbinə inzibati qaydada baxılması mümkün deyil. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “Azpetrol Ltd. MMC-yə ayrılmış 0.20 ha torpaq sahəsinin naturada tanıdılması və s. öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-2012/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2012/2021
13.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver