Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2015/2021 01.12.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X2 Mövlətxan oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı “Sumqayıt şəhəri, 5-ci mikrorayon, S.Vurğun küçəsi ünvanında yerləşən ümumi sahəsi 0.00175 ha torpaq sahəsinə görə verilmiş RX seriyalı ******* saylı çıxarışda və 0.0015 ha-dan ibarət 23V nömrəli torpaq sahəsinə görə verilmiş MA seriyalı ******* saylı çıxarışda qeyd edilən qeyriyaşayış obyektinə görə tikintiyə icazə barədə sərəncamın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına dair inzibati işə 04 avqust 2017-ci il tarixdə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ. İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı iddia qaldıraraq “Sumqayıt şəhəri, 5-ci mikrorayon, S.Vurğun küçəsi ünvanında yerləşən ümumi sahəsi 0.00175 ha torpaq sahəsinə görə verilmiş RX seriyalı ******* saylı çıxarışda və 0.0015 hadan ibarət 23V nömrəli torpaq sahəsinə görə verilmiş MA seriyalı ******* saylı çıxarışda qeyd edilən qeyri-yaşayış obyektinə görə tikintiyə icazə barədə sərəncamın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Yusifov X3 Qarabağ müharibəsində əlil olmuşdur. Aldığı xəsarətə görə ona müddətsiz 2-ci qrup əlillik dərəcəsi verilmişdir. Qarabağ müharibəsi əlili olduğuna görə ona ünvan 1 ünvanında 0,00175 ha torpaq sahəsi verilmişdir. Torpaq sahəsi Sumqayıt şəhər Bələdiyyəsinin 02.08.2012-ci il tarixli, 141 saylı '‘Torpaq icarəsi müqaviləsi" əsasında kommersiya məqsədilə ona verilmişdir. Torpaq sahəsinin naturada ayrılması barədə Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsinin 12.09.2012-ci il tarixli aktı tərtib edilmişdir. Həmçinin ayrılan torpaq sahəsinin kommersiya məqsədləri üçün yararlı olması barədə Sumqayıt şəhəri Gigiyena və Epidemiologiya İdarəsi tərəfindən 22.06.2006-cı ildə AO3/339 saylı rəy verilmişdir. Yuxarıda adları qeyd edilən sənədlərə əsasən icarəyə verilən torpaq sahəsində kommersiya məqsədi üçün Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən “İnşaat pasportu” və “Eskiz layihəsi” verildikdən sonra 2012-ci ildə obyekt tikmişdir. Həmin obyektə görə “İnşaat pasportunu Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsi 12.09.2012-ci ildə 62 saylı qeydiyyat nömrəsi ilə qeydiyyata almışdır. 0,00175 ha torpaq sahəsinə görə Sumqayıt 2 saylı Ərazi İdarəsi tərəfindən 14.08.2012-ci ildə RX Seriyalı ******* №-li çıxarış və 0,0015 ha ibarət 23V nömrəli torpaq sahəsinə görə 26.02.201 1-ci il tarixli, MA Seriyalı ******* №li Çıxarış verilmişdir. İddiaçı tikintisi başa çatmış və həmin tikintidən istifadə etmək məqsədilə tikinti obyektinə “tikintiyə icazə verilməsi” barədə sərəncam verilməsi xahişi ilə Sumqayıt şəhər İH-ə müraciət etmişdir. Sumqayıt şəhər İH-ti özünün 17.09.2021-ci il tarixli məktubu ilə iddiaçıya bildirmişdir ki, “tikintisi başa çatmış və istifadə edilən tikinti obyektinə tikintiyə icazə barədə sərəncamın verilməsi mövcud qanunvericilikdə nəzərdə tutulmadığından müraciətə qaldırılmış məsələnin müsbət həlli mümkün deyildir". İddiaçı, cavabdehin imtinasını aşağıdakılara görə əsassız hesab edir. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında qanuna görə Qarabağ müharibəsi əlillərinə torpaq sahəsi pulsuz olaraq verilir”. AR MM-nin 139.1-ci maddəsinə görə “Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır”. Həmin Məcəllənin 139-1.1.1-ci maddəsinə görə “qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsini dövlət qeydiyyatı üçün əsas hesab edilir”. Həmin Məcəllənin 139-1.1.2-ci maddəsinə görə “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı əsas hesab edilir”. Həmin Məcəllənin 180.3-cü maddəsinə görə “Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz”. AR-nın Şəhərsalma və Tikinti Məcəlləsinin 76.3-cü maddəsinə görə “Tikintiyə icazə qanunvericiliyə uyğun olaraq maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər”. Beləliklə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, cavabdeh imtinası tam əsassızdır. İddiaçı, 2-ci Qarabağ müharibəsi əlilidir, mütəmadi müalicəyə ehtiyacı var. Himayəsində İ qrup əlil qızı və hər iki gözündən məhrum olan anası vardır. Aldığı pensiya maddi təlabatını ödəmir. Ailəsinin dolanışığı və mütəmadi müalicəsi məqsədilə mülkiyyətçisi olduğu torpaqda inşa edilmiş obyektdən qanunamüvafıq istifadə etmək istəyir. Hesab edir ki, Sumqayıt şəhəri, 5-ci mikrorayon, S.Vurğun küçəsi ünvanında yerləşən ümumi sahəsi 0,00175 ha torpaq sahəsinə görə verilmiş RX seriyalı 00283 12 saylı çıxarışda və 0,0015 ha-dan ibarət 23V nömrəli torpaq sahəsinə görə verilmiş MA seriyalı ******* saylı çıxarışda qeyd edilən qeyri-yaşayış obyektinə görə tikintiyə icazə barədə sərəncamın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməlidir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X1 iştirak etmiş, iddia ərizəsinə uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı Sumqayıt şəhəri, 5-ci mikrorayon, S.Vurğun küçəsi ünvanında yerləşən ümumi sahəsi 0.00175 ha torpaq sahəsinə görə verilmiş RX seriyalı ******* saylı çıxarışda və 0.0015 ha-dan ibarət 23V nömrəli torpaq sahəsinə görə verilmiş MA seriyalı ******* saylı çıxarışda qeyd edilən qeyri-yaşayış obyektinə görə tikintiyə icazə barədə sərəncamın verilməsini istəyir. Məhkəmə qeyd edir ki, qanunvericilikdə tikintiyə dair ümumi tələblər, müəyyən prosedur qaydalar müəyyən edilmişdir. Qanunvericilikdə müəyyən şərtlərlərlə inşa ediləcək tikintiyə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icazənin verilməsi deyil, məlumatlandırma icraatının həyata keçirilməsi nəzərdə tutulmuşdur ki, bu halda belə tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verilməsi və tikinti obyektlərinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin surətinin həmin orqana təqdim edilməsi nəzərdə tutulmuşdur. İddiaçı isə qeyri-yaşayış obyektini inşa etdikdən sonra tikiliyə icazə sərəncamının verilməsini istəyir. Belə bir hal isə qanunvericilikdə nəzərdə tutulmamışdır. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunun 65.1.5-ci maddəsinə əsasən faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt etibarsız inzibati aktdır. Göründüyü kimi artıq mövcud olan tikiliyə icazə barədə sonradan veriləcək sərəncam özlüyündə etibarsız sənəd hesab olunur. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya izah edilsin ki, mövcud tikilinin istismara qəbul edilməsini tələb etmək hüququ istisna edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində ünvan 3 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-2015/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2015/2021
01.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver