Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2016/2025 11.03.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Şamaxı rayon qeydiyyat şöbəsinə qarşı iş üzrə (Açar sözlər: doğum akt qeydində doğum tarixinə düzəliş edilməsi) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X8 iştirakı ilə İddiaçı cavabdeh Şamaxı rayon qeydiyyat şöbəsinə qarşı “X1 doğum akt qeydində doğum tarixinə 28 aprel 2009-cu il tarixdən 23 aprel 2006-cı il tarixə dəyişiklik edilməsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı, X1 doğum akt qeydində doğum tarixinə 28 aprel 2009-cu il tarixdən 23 aprel 2006-cı il tarixə dəyişiklik edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, İddiaçı 2000-ci ildə qeyri-rəsmi nikahla X3 ailə həyatı qurmuşdur. Nikahı 16 iyun 2009-cu ildə rəsmiləşdirmişdir. Birgə nikahdan üç övladı doğulmuşdur. Hazırda iki oğlu və bir qızı var. Oğlanlar əkizdirlər və 14 fevral 2002-ci il tarixdə doğulmuşlar. Qızı Ülviyyə isə oğlanlarından 4 yaş kiçikdir. 23 aprel 2006-cı il yarixdə ev şəraitində doğulmuşdur. Amma həmin vaxtı köçəri həyat sürməklə, çobançılıqla məşğul olduqlarından və fermada yaşadığından Ülviyyənin doğumunu vaxtında qeyd etdirməmiş və düzgün rəsmiləşdirməmişdir. Onun adını 3 yaşı olandan sonra yazdırmışdır. Şamaxı rayon Hacıqədirli kənd İcra Nümayəndəsi Ülviyyənin “Doğum haqqında şəhadətnaməsində” doğum tarixini səhvən 28 aprel 2009-cu il tarixi yazmışdır. İddiaçı müxtəlif vaxtlarda çəkilmiş qızı Ülviyyənin fotoşəkillərini də ərizəyə əlavə etmişdir. Ülviyyənin fotoşəklini ox işarəsi ilə işarələmişdir. Həmin fotoşəkillərin birində 2009-cu ildə çəkildiyi şəklin altında göstərilib. Həmin fotoşəkildə Ülviyyə 3 yaşındadır. Amma doğum şəhadətnaməsinə görə belə çıxır ki, Ülviyyə bir günlükdür. Açıq-aşkar görünür ki, Ülviyyənin doğum tarixi doğum haqqında şəhadətnaməsində düzgün qeyd olunmayıb. Əgər fotoşəkildə göstərilən uşağın Ülviyyə olmasına şübhə varsa iş üzrə məhkəmə kosmotoloji ekspertizası təyin oluna bilər. Əlavə olaraq onun 17 yaşa uyğun olmasını müəyyən etmək üçün də məhkəmə ekspertizaları təyin oluna bilər. Bununla bağlı şahidləri var və onlar təsdiq edə bilər ki, qızı Ülviyyə həqiqətən 23 aprel 2006-cı il tarixdə Şamaxı rayonu, Hacıqədirli kəndində doğum evindən kənar, ev şəraitində fermada doğulmuşdur. 23 aprel 2006-cı il tarixdə ev şəraitində doğulmuş qızı X1 doğum faktının 23 aprel 2006-cı il tarixdə olmasını Şamaxı rayonu, Hacıqədirli kənd sakinləri X10, X11. X15, X9 və başqaları təsdiq edə bilərlər. Eyni zamanda iş üzrə təyin olunan məhkəmə ekspertizalarının rəyi ilə təsdiq oluna bilər ki, X1 həqiqətən 18 yaşı 23 aprel 2024-cü ildə tamam olmuşdur, hazırda 18 yaş 4 aylığındadır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X12 iştirak etmiş, iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya münasibətində qeyd etmişdir ki, Şamaxı rayon qeydiyyat şöbəsinə Ağsu rayon qeydiyyat şöbəsində tərtib edilmiş xx.xx.2009-cu il tarixli 382 nömrəli X2 doğum haqqında akt qeydində doğum tarixinin “xx.xx.2009-cu ildən “xx.xx.2006-cı il”ə dəyişiklik edilməsi barədə İddiaçı ərizəsi daxil olmuşdur. Şamaxı rayon qeydiyyat şöbəsi tərəfindən doğum tarixində dəyişiklik edilməsindən imtina edilmiş və vətəndaş İddiaçı aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Doğum və atalığın müəyyən edilməsi haqqında akt qeydi Ağsu rayon qeydiyyat şöbəsində saxlanılır, akt qeydinin əldə edilməsi üçun Ağsu rayon qeydiyyat şöbəsinə müraciət edilməlidir. Cavabdeh məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirak olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: Şamaxı rayon İcra Hakimiyyəti Başçısının Hacıqədirli kənd İƏD üzrə nümayəndəsi tərəfindən təsdiq edilmiş, Qurbanova R.S., Huüseynova M.S., Ağayeva Q.H., İddiaçı tərəfindən tərtib edilmiş 15 mart 2023-cü il tarixli Aktda qeyd edilmişdir ki, X5 tanıyırlar, iki oğlu, bir qız övladı var. Qız övladı X6 23 aprel 2006-cı il tarixdə ev şəraitində doğulmuşdur, amma onun doğum tarixi düzgün olmayaraq 28 aprel 2009-cu il tarixinə qeyd olunmuşdur. X2 23 aprel 2006-cı il tarixdə ev şəraitində doğulduğuna şahiddirlər. Şamaxı rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin 29 mart 2023-cü il tarixli arayışında qeyd edilmişdir ki, İddiaçı 2006-2007-2008-2009-cu illlər tarixlərində doğum şöbəsinə müraciət etməmiş, X4 doğum haqqında şəhadətnamə xəstəxana tərəfindən təqdim olunmamışdır. X2 doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, onun doğum tarixi xx.xx.2009-cu il olaraq qeyd edilmişdir. Doğum haqqında şəhadətnamələrin surətləri, fotoşəkillər iş materiallarına əlavə edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Ağsu rayon Qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə X2 doğum haqqında akt qeydinin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Arxivinin xx.xx.2024-cü il tarixli məktubu ilə X2 doğumu və atalığın müəyyən edilməsi haqqında akt qeydinin kserosurəti məhkəməyə təqdim edilmişdir. Ü.Hüseynovanın barəsində digər vətəndaşlıq vəziyyəti akt qeydlərinin tərtib olunmasına dair hər hansı məlumat aşkar edilməmişdir. Məhkəmə sorğusuna cavab olatraq Ağsu rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin 06 fevral 2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, X7, xx.xx.2009-cu il tarixdə "Ağsu RMX’’PHŞ-in doğum şöbəsinə müraciət etməmişdir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati prosessual qanunvericilikdə qaldırılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, iddiaçı X1 doğum akt qeydində doğum tarixinə 28 aprel 2009-cu il tarixdən 23 aprel 2006-cı il tarixə dəyişiklik edilməsini istəyir. İddiaçı qeyd edir ki, qızı Ülviyyə həqiqətən 23 aprel 2006-cı il tarixdə Şamaxı rayonu, Hacıqədirli kəndində doğum evindən kənar, ev şəraitində fermada doğulmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinə əsasən: Maddə 159.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. Maddə 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Maddə 160.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəaların 1-ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Əsas Müddəaların 3-cü bəndinə əsasən Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişikliklər aşağıdakı hallarda edilir: ....vətəndaşlıq vəziyyəti akt qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə Qanunvericiliyin tələbinə görə vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi üçün kifayət qədər əsaslar olmalıdır. Lakin məhkəmə araşdırması zamanı təqdim edilmiş doğum haqqında akt qeydi və atalığın müəyyən edilməsinə dair akt qeydində X2 doğum tarixi xx.xx.2009-cu il olaraq qeyd edilmişdir. İddiaçı tərəfindən təsdiqedici sənəd kimi fotoşəkillər, Şamaxı rayon İcra Hakimiyyəti Başçısının Hacıqədirli kənd İƏD üzrə nümayəndəsi tərəfindən təsdiq edilmiş, Qurbanova R.S., Hüseynova M.S., Ağayeva Q.H., İddiaçı tərəfindən tərtib edilmiş 15 mart 2023-cü il tarixli Akt iş materiallarına əlavə edilmişdir. Lakin təqdim edilmiş sənədlər vətəndaşlıq vəziyyəti akt qeydində düzəliş edilməsi üçün kifayət qədər əsas təşkil etmir. Göründüyü kimi X2 doğum haqqında akt qeydinə düzəliş edilməsi üçün kifayət qədər əsas mövcud deyildir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanuni olmuşdur və iddia rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Axundova
Məhkəmə qərarları › İş №2-1(118)-2016/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2016/2025
11.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver