Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2017/2025 28.01.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə qarşı iş üzrə (Açar sözlər: yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi ilə İddiaçı cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə qarşı “X4, X3 (xx.xx.2018) və X9 (xx.xx.2013) iddiaçıya məxsus ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı, X4, X3 (xx.xx.2018) və X9 (xx.xx.2013) iddiaçıya məxsus ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmaları tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, Sumqayıt şəhəri, 11-ci mikrorayon, ev 19, ünvanında yerləşən 5 saylı mənzil üzərində İddiaçı mülkiyyət hüququ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 19 mart 2014-cü il tarixdə qeydiyyata alınmış və bununla bağlı Hüquqların daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarış verilmişdir. Hal-hazırda həmin mənzildə ailə üzvlərindən başqa, oğlu X1 həyat yoldaşı və onun ailə üzvləri pasport qeydiyyatındadır. Belə ki, Sumqayıt Şəhər Məhkəməsinin İş № e-2(060)-1189/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən oğlu X7 və X4 arasında bağlanmış nikah pozulmuşdur. X2 onun ailə üzvləri deyil və faktiki olaraq onlar bu ünvanda yaşamırlar. Mənzildə qeydiyyatda olan şəxslərin də əvəzinə iki qat çox kommunal xərclərini iddiaçı ödəməyə məcbur qalır. Göründüyü kimi onlar iddiaçının ailə üzvləri deyildir, mənzilində hər hansısa hüquqları yoxdur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iştirak etməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh isə iddiaya münasibətində məhkəmənin qəbul edəcəyi qərarla razılaşdığını bildirir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, cavabdeh işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirak olmadan baxılmasını mümkün hesab etmişdir. X10 zəruri cəlbetmə əsası ilə məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Üçüncü şəxs məhkəmə iclasında iştirak etməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: Reyestr nömrəsi **********68-05101-093063, qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 iddiaçının xüsusi mülkiyyətindədir. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(060)-1189/2024 saylı qətnaməsi ilə X11 ilə Tağıyeva (Abdullayeva) Nərgiz Vilayət qızı arasında Sumqayıt şəhər Qeydiyyat Şöbəsində xx.xx.2012-ci il tarixdə bağlanmış, 508 nömrəsi ilə qeydə alınmış nikah pozulmuşdur. X5 xx.xx.2013-cü il təvəllüdlü X12 və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında aliment tutularaq Tağıyeva (Abdullayeva) Nərgiz Vilayət qızına ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024-cü il tarixli, 18/2-29310/2024 saylı məktubunda qeyd edilmişdir ki, X10 xx.xx.2023-cü il tarixindən ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. X12, X8 həmin ünvanda qeydiyyatda olan valideyninin yaşayış yeri üzrə qeydiyyata alınmaqla şəxsiyyət vəsiqəsi ilə sənədləşdirilmiş azyaşlıdır. X4 qeydiyyata alınmasına əsas olmuş iddiaçının 26 fevral 2023-cü il tarixli razılıq ərizəsi sorğuya cavab məktubuna əlavə edilmişdir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati prosessual qanunvericilikdə qaldırılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müraciəti mahiyyəti üzrə cavablandırılmış və müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ünvan 2 iddiaçının xüsusi mülkiyyətindədir. Üçüncü şəxslər qeydiyyatda olsa da həmin ünvanda yaşamır. X10 iddiaçının 26 fevral 2023-cü il tarixli razılıq ərizəsi ilə mənzilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Qərarına əsasən:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.
2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.
3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinə əsasən Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Üçüncü şəxslər iddiaçının mülkiyyətində olan evdə qeydiyyatda olsa da həmin evdə yaşamır və yaşayış sahəsinə əmlak hüquqları mövcud olması barədə hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli, 773-İQ saylı Qanunu ilə təsdiq edilmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin 14-cü bəndində göstərilmişdir ki, vətəndaş olduğu yerdən getdikdə müvafiq icra hakimiyyəti orqanı onu olduğu yer üzrə qeydiyyatdan çıxarır. Sadalanan normalardan görünür ki, qanunvericilik fiziki şəxsin başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icrası ilə bağlı məhz daimi yaşadığı yer üzrə qeydiyyata alınmasını zəruri sayır. Bunun məntiqi davamıdır ki, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməli, habelə müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Üçüncü şəxslərin yaşamadığı halda mülkiyyətçinin iradəsinə zidd olaraq ona məxsus evdə qeydiyyatda qalması mülkiyyətçi üçün bir sıra məhdudiyyətlər yaradır. Bu da mülkiyyət hüququnun konstitusion mahiyyətinə ziddir. Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun məhdudiyyətlərinin hədləri müəyyən olunmuşdur. Мülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Üçüncü şəxs X10 mübahisəli mənzilə 2023-cü il tarixdə qeydiyyata alınmışdır. Deməli tərəflər arasında olan münasibətlər 2009-cu ildən sonra yarandığından mübahisəyə həmin tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 8 oktyabr 2013-cü il tarixli qərarına əsasən “yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir”. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə görə isə yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Beləliklə, üçüncü şəxs X10 hazırda iddiaçının ailə üzvü deyil. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(060)-1189/2024 saylı qətnaməsi ilə X11 ilə Tağıyeva (Abdullayeva) Nərgiz Vilayət qızı arasında Sumqayıt şəhər Qeydiyyat Şöbəsində xx.xx.2012-ci il tarixdə bağlanmış, 508 nömrəsi ilə qeydə alınmış nikah pozulmuşdur. Məhkəmə vurğulayır ki, yaşayış sahəsinin mülkiyyətçisinin razılığı ilə onun mülkiyyətində olan yaşayış yeri üzrə qeydiyyata alınma həmin yaşayış sahəsindən istifadə hüququnun yaranmasını ehtiva etmir. Belə ki, qanunvericilik istifadə hüququnun yaranması faktını şəxsin həmin mənzilə qeydiyyatının olub-olmamasından asılı etməmişdir. Hazırkı işdən müəyyən olunur ki, üçüncü şəxs X10 mübahisəli ünvanda qeydiyyatda olsa da, iddiaçının keçmiş gəlinidir, həmin ünvanda faktiki olaraq yaşamır, mənzilə dair istifadə hüquqları mövcud deyil. Belə olan halda üçüncü şəxs iddiaçıya məxsus mənzilə dair əmlak hüquqları olmayan şəxs olduğundan mənzilin hazırkı mülkiyyətçisi onun qeydiyyatdan çıxarılmasını tələb etməkdə haqlı olmuş, cavabdeh isə üçüncü şəxsin qeydiyyatdan çıxarılmasından imtina etməsi iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. X8 (xx.xx.2018) və X12 (xx.xx.2013) isə azyaşlı olduğuna görə qanuna müvafiq olaraq valideyninin yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvana qeydiyyata alınmalıdır. Mülki Məcəllənin 27.2-ci maddəsinə görə, on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 1-ci hissəsinə görə, şəxs yaşayış yerini dəyişdikdə (yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən) müvafiq icra hakimiyyəti orqanları tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Məhkəmə qeyd edir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxs özünün faktiki olaraq yaşadığı yaşayış yeri üzrə qeydiyyata alına bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ: İddia təmin edilsin. X4, X3 (xx.xx.2018) və X9 (xx.xx.2013) ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmaları öhdəliyi cavabdeh Sumqayıt şəhər Polis İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Aynur Axundova