Məhkəmə qərarları › İş №2-1(118)-2019/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2019/2021

16.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2019/2021 16.12.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı Bahadur qızının cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “cavabdehin hərəkətlərini qanunsuz hesab etməklə Abşeron rayon İcra Hakimiyyəti Başçısının Saray qəsəbəsi üzrə nümayəndəliyinin 19 oktyabr 1999-cu il tarixli 36 saylı sərəncamı ilə ona ayrılmış 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və adına çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayon İcra Hakimiyyətinin Saray qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 19 oktyabr 1999-cu il tarixli 36 saylı sərəncam əsasında iddiaçıya ”Köhnə Saray” kəndinin bərpası ilə bağlı Abşeron rayonu Saray qəsəbəsi ərazisində yaşayış evi tikmək məqsədilə 0,10 ha ölçüdə torpaq sahəsi ayrılmışdır. Uzun müddət davam edən xəstəliyi, daha sonra bununla bağlı əlilllik almağı ilə əlaqədar torpaq sahəsinin iddiaçının adına rəsmiləşdirilməsi ilə bağlı müraciəti olmamışdır. Həmin torpaq sahəsi ayrılarkən Abşeron rayon İcra Hakimiyyəti Saray qəsəbəsi nümayəndəliyi tərəfindən torpağın koordinatları müəyyən edilmiş və bu barədə nişangahlar qoyularaq akt tərtib olunmuşdur. Qeyd edilən torpaq sahəsi 1999-cu ildən onun istifadəsində olmaqla yanaşı bu ərazidə o fərdi yaşayış evi tikməklə uzun illərdir ki, ailə üzvlərilə yaşayır. Ona qanuni əsaslarla ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı cavabdeh təşkilata müraciət etmiş, lakin cavabdeh 18.08.2021-ci il tarixli bildirişi ilə onun xahişimi təmin etməkən imtina etmişdir. Cavabdehin imtinası qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı teleqram ilə məhkəməyə müraciət edərək, iddia tələbinə onun iştrakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.10 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı iddiaçının 4 saylı Abşeron Ərazi İdarəsinə 30 iyul 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli müraciəti olmuşdur. Aparılan araşdırma zamanı iddiaçıya 0.10 ha torpaq sahəsinin Abşeron rayon İcra hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 19 oktyabr 1999-cu il tarixli, 36 saylı sərəncamı ilə ayrıldığı məlum olmuşdur və torpaq sahəsinin ayrıc aktının təqdim edilmiş sənədlər toplusuna daxil edilməmişdir. Qanunvericiliyə əsasən torpaq sahəsi ayrılması ücün həmin sahənin istifadəyə, icarəyə və ya satılması məqsədi ilə müvafiq qərar qəbul edilənə qədər torpaq sahəsi yerdə və xəritədə müəyyən edilir. Tərtib edilmiş torpaaavırma planı həmin sahənin istifadəyə, icarəyə və ya satılması barədə müqavilənin ayrılmaz hissəsi hesab edilir. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 13.01.2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən fərmanın birinci hissəsindəki sənədlərin Siyahısı”nda torpaq sahələrinin ayrılması barədə kənd/qəsəbə nümayəndəliklərin sərəncamları nəzərdə tutulmamışdır. Bundan başqa sənəd üzrə torpaq sahəsinə giriş-çıxış yolunun mövcud olmadığı aşkar edilmişdir. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-ci maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Həmin Məcəllənin 67-ci maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Göründüyü kimi, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin müddəalarına əsasən torpaq sahibliyi və torpaqdan istifadə məsələlərinin həll edilməsi icra hakimiyyəti başçısının müstəsna səlahiyyətlərinə aid edilmişdir, səlahiyyətsiz şəxs Saray qəsəbəsi üzrə Nümayəndəliyinin sərəncam verməsi həm də o dövrdə qüvvədə olan Mülki Məcəllənin 59-cu maddəsinin tələblərini kobud şəkildə pozulması deməkdir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə 15.12.2021-ci ildə məhkəmədə iştrak edən X1 iddia tələbinə etiraz edərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin 16.12.2021-ci il tarixli iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh orqan nümayəndəsinin iştirakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə hazırkı mübahisəyə tərəflərin iştrakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdehin **********55 nömrəli, 18.08.2021-ci il tarixli imtina məktubu, etirazı, Abşeron Rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə İcra Nümayəndəliyinin 19 oktyabr 1999-cu il tarixli 36 nömrəli sərəncamı, Abşeron rayon Dövlət Arxivinin H-385 nömrəli, 16.12.2021ci il tarixli məktubu, həmin məktuba əlavə edilmiş sərəncamın surəti, Saray Bələdiyyəsinin 06 nömrəli, 19.04.2016-ci il tarixli məktubunun surəti və digər sənədlər daxildir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, "Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4)İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyatının müəyyən edilməsi də vacib meyyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun mübahisə predmeti olan torpaq sahəsinə istifadə hüququnun yaranması haqqında Abşeron Rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə İcra Nümayəndəliyinin 19 oktyabr 1999-cu il tarixli 36 nömrəli sərəncamının verildiyi vaxtdan yaranmış olur. Cavabdeh iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDRX-in 4 saylı Ərazi İdarəsi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan torpaq sahəsi DƏDRX-in 4 saylı Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDRX-in 4 saylı Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDRX-in 4 saylı Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İddiaçı DƏDRXin 4 saylı Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqanın **********55 nömrəli, 18.08.2021-ci il tarixli məktubu ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyatının müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.4-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Cavabdehin rəsmi ünvanının Abşeron rayonu ərazisi olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyatı baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnaməsinin 3.0.24. bəndinə əsasən tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin, müəssisələrin inventarlaşdırılması həyata keçirilməli, invertarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün tələb olan texniki sənədlərin tərtib edilməsi təmin edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir, 60-cı maddəsinin İİ hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, Abşeron rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə İcra Nümayəndəliyinin 19 oktyabr 1999-cu il tarixli 36 nömrəli sərəncamı ilə Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0,10 ha torpaq sahəsi İddiaçı ayrılmışdır. Həmin torpaq sahəsi üzərində fərdi yaşayış evi inşa edilmiş və hal-hazırda ailə üzvləri ilə birlikdə fərdi yaşayış evində yaşayırlar. İddiaçı 0,10 ha torpaq sahəsini Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydə alınması ilə bağlı cavabdeh təşkilata müraciət etmiş, lakin müraciətinə müsbət cavab ala bilməmişdir. Cavabdeh təşkilat imtinasının əsası kimi 0.10 ha torpaq sahəsinin səlahiyyəti olmayan şəxs tərəfindən ayrılmamasını göstərmişdir. Ona görədə məhkəmə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin torpaq sahəsinə dair gətirdiyi imtinasının əsası kimi Azərbaycan Respublikası Prezidentinin 13.01.2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında torpaq sahələrinin ayrılması barədə qəsəbə nümayəndəliklərinin sərəncamları nəzərdə tutulmadığı hissəsini araşdırmasını məqsədə müvafiq hesab etmişdir. Məhkəmə cavabdehin torpaq sahələrinin ayrılması barədə qəsəbə nümayəndəliklərinin sərəncamları nəzərdə tutulmadığı barədə imtina dəlilinə münasibətdə qeyd edir ki, Mülki Məcəllənin 358-ci maddəsinə əsasən səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 16 iyun tarixli 138 saylı Fərmanı ilə təsdiq edilmiş 6 iyun 2012-ci il tarixinədək qüvvədə olan “Yerli İcra Hakimiyyəti haqqında” Əsasnamənin 17-ci maddəsinə əsasən yerli icra hakimiyyətlərinin sərəncamında torpaq sahələri, təbii obyektlər, maliyyə aktivləri, qeyri-yaşayış binaları, müəssisələr, digər əmlak kompleksləri, xalq təhsili, mədəniyyət, səhiyyə, icman müəssisələri, müvafiq ərazinin iqtisadi inkişafının, əhalinin kommunal-məişət və sosial-mədəni təbəbatının ödənilməsi üçün digər əmlak ola bilər. Həmin Əsasnamənin 18-ci maddəsinə Əsasnaməsinin yerli icra hakimiyyətləri sərəncamında olan obyektlər üzərində sərəncam verilməsini və onların idarə edilməsini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir.Həmin Əsasnamənin 36.1-ci maddəsinə əsasən rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhərdə rayon icra hakimiyyəti başçılarının nümayəndəliyi fəaliyyət göstərir. Rayon, şəhər, şəhər rayonu icra hakimiyyətinin nümayəndəs rayon, şəhər, şəhər rayonu icra hakimiyyəti başçısının səlahiyyətlərinin həyata keçirilməsinə kömək göstərir, onun səlahiyyətlərinə aid olan məsələlərə dair təkliflər verir, tapşırıqlarını həyata keçirir. İş materiallarına olan Abşeron Rayon İcra Hakimiyyəti başçısının 19.06.1998-ci il tarixli 149 nömrəli sərəncamın 4-cü bəndindən görünür ki, 100 ailənin hər birinə 0,10 ha torpaq sahəsinin Abşeron RİH başçısının Saray qəsəbəsi üzrə nümayəndəliyinin sərəncamı ilə ayrılmasına icazə verilmişdir. Göründüyü kimi Abşeron RİH başçısının Saray qəsəbəsi üzrə nümayəndəliyi Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 16 iyun tarixli 138 saylı Fərmanı ilə təsdiq edilmiş 6 iyun 2012-ci il tarixinədək qüvvədə olan “Yerli İcra Hakimiyyəti haqqında” Əsasnaməsi üzrə ona verilmiş səlahiyyət çərçivəsində qeyd olunan torpaq sahəsini İddiaçı ayırmışdır. Həmçinin məhkəmə qeyd edir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və onun ərazi idarələrinin fəaliyyət istiqamətləri və vəzifələri qanunvericiliklə tam və dəqiq olaraq müəyyən edilmişdir və həmin fəaliyyət istiqamətlərində hər hansı nəzarətedici funksiya nəzərdə tutulmamışdır. Başqa sözlə qüvvədə olan qanunvericiliyin tələbinə görə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və onun ərazi idarələri bir qayda olaraq mövcud hüquqların dövlət reyestrində qeydiyyata alınması funksiyasını həyata keçirən bir qurumdur. Həmin qurumun fəaliyyətini biləvasitə tənzimləyən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində də təsbit olunur ki, bu qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir. Eyni zamanda, yerli icra nümayəndəliklərinin fəaliyyətinə, eləcə də onlar tərəfindən qəbul edilən qərarların qanunamüvafiq qaydada qəbul edilib-edilməməsinə nəzarət edən müvafiq icra hakimiyyəti orqanı mövcuddur. Yəni qeyd edilən orqan tərəfindən qərarların qanunamüvafiq qaydada qəbul edilib-edilməməsinin cavabdehə hər hansı aidiyyəti yoxdur.“İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ — subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.9-cu maddəsinə əsasən əşyaya mülkiyyət hüququ həmin əşyanın mühüm tərkib hissələrinə də şamil edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının 16 iyul 1996-cı il tarixli Qanununun 9-cu maddəsinə əsasən Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin (bundan sonra – Əsasnamə) 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Məhkəmə qeyd edir ki, hazırkı iddia tələbi məcburetmə haqqında iddialara deyil, öhdəliyin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun, ərizənin təmini yönündəki hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Buna görə də məhkəmə hesab edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də cavabdeh orqan, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğuna istinad edirsə, həmin şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi onun üzərinə düşür. Məhkəmə cavabdehin idarənin etirazına dair gətirdiyi arqumenti əsassız hesab edərək, qeyd etməyi zəruri billir ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.29-cu və 3.0.31-ci bəndlərində vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək; daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahələrində mərzçəkmə işləri aparmaq Xidmətin vəzifələrindən biri kimi müəyyən edilmişdir. Göründüyü kimi yerquruluşu habelə torpaq sahələrində mərzçəkmə işlərinin aparılması cavabdehin qanunvericiliklədən irəli gələn öhdəliyidir. Lakin buna baxmayaraq cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciəti üzrə işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, cavabdeh qanuni öhdəliyinin icrasını istisna edən faktiki şərtləri sübuta yetirə bilməmişdir. Halbuki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin olunaraq Abşeron rayonu, Saray qəsəbə nümayəndəliyinin 19 oktyabr 1999-cu il tarixli sərəncamına əsasən fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0.10 ha həyətyanı torpaq sahəsi üzərində İddiaçı xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, mülkiyyət hüququna dair çıxarışın verilməsi öhdəliyi Cavabdehnə həvalə olunmalıdır. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Abşeron rayonu, Saray qəsəbə nümayəndəliyinin 19 oktyabr 1999-cu il tarixli sərəncamına əsasən fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0.10 ha həyətyanı torpaq sahəsi üzərində İddiaçı xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq mülkiyyət hüququna dair çıxarışın verilməsi öhdəliyi Cavabdehnə həvalə olunsun. Qərar tam formada təqdim olunduğu gündən 30 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə ondan, Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar