Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2020/2023 16.05.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi İddiaçının nümayəndəsi və vəkili X5, Cavabdehin nümayəndəsi X6, Üçüncü şəxsin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Qusar Bələdiyyəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən Qusar şəhəri ərazisində yerləşən 600 kv.metr torpaq sahəsinə üçüncü şəxs X2 adına əsassız olaraq verilmiş A N-216126 nömrəli X9 və Ölçüsünün və həmin torpaq sahəsinin ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsinin X10 kitabında üçüncü şəxs X2 adına əsassız olaraq aparılmış 12 avqust 2009-cu il tarixli 62 nömrəli dövlət qeydiyyatının (uçotunun) ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, 04 aprel 2022-ci il tarixdə Qusar rayonu Qusar Bələdiyyəsi tərəfindən Qusar şəhəri ərazisində yerləşən, Qusar Bələdiyyəsinin balansında olan və həyətyanı məqsədlər üçün nəzərdə tutulmuş 710.0 kv.metr torpaq sahəsi üzərində Qusar Bələdiyyəsinin mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və X9 və ölçüsünün hazırlanması üçün cavabdehə müraciət edilmişdir. Cavabdeh onun müraciətinə cavab olaraq bildirmişdir ki, Qusar Bələdiyyəsinin mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və X9 və ölçüsünün hazırlanması üçün müraciət etdiyiniz həmin 710.0 kv.metr torpaq sahəsinə kadastr məlumat bazasında olan məlumatlara əsasən digər şəxsin adına müvafiq Qusar rayon Aqrar İslahat Komissiyasının qərarına, əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən X9 və ölçüsü işlənmişdir. Bu səbəbdən cavabdeh həmin torpaq sahəsinə Qusar Bələdiyyəsinin mülkiyyət hüquqlarım dövlət reyestrində qeydiyyata almaqdan və X9 və ölçüsünü hazırlamaqdan imtina etmişdir. Bununla əlaqədar araşdırma apardıqdan sonra ona məlum olmuş ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən üçüncü şəxs X2 adına Qusar şəhəri ərazisində yerləşən, yuxarıda sözü gedən 710.0 kv.metr torpaq sahəsinin 600 kv.metr hissəsinə A N-216126 nömrəli X9 və Ölçüsü işlənmişdir. Həmin 600 kv.metr torpaq sahəsinə X2 adına verilmiş A N-216126 nömrəli X9 və Ölçüsü ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsinin X10 kitabında 12 avqust 2009cu il tarixdə 62 nömrəsi ilə üçüncü şəxsin adına dövlət qeydiyyatına (uçota) alınmışdır. Üçüncü şəxs X2 adına 12 avqust 2009-cu il tarixdə 62 nömrəsi ilə dövlət qeydiyyatına (uçota) alınmış həmin A N-216126 nömrəli X9 və Ölçüsündə həmin sənədin verilməsinin əsası kimi Qusar rayon Aqrar İslahat Komissiyasının 12 fevral 1998-ci il tarixli 02 saylı qərarı qeyd edilmişdir. Həmin məsələni araşdırmaq üçün müvafiq sorğu ilə Qusar rayon Dövlət Arxivinə müraciət etmiş, Qusar rayon Dövlət Arxivi cavab verərək bildirmişdir ki, “vətəndaş X2 adına Qusar şəhəri ərazisindən 600 kv.metr torpaq sahəsinin verilməsi ilə əlaqədar olaraq arxivdə saxlanılan Aqrar İslahat Komissiyasının sənədlərinə baxış keçirilərkən məlum olmuşdur ki, Qusar rayonu keçmiş İİİ Beynəlmiləl adına sovxozunda aparılmış aqrar islahatlar Qusar rayon Aqrar İslahat Komissiyasının 12 fevral 1998-ci il tarixli 02 saylı qərarı ilə təsdiq edilmişdir. Həmin qərarın torpaqdan pay almaq hüququna malik olan subyektlərin adlı siyahılarına baxılmışdır ki, X2 adına 600 kv.metr torpaq sahəsinin olması aşkar edilməmişdir”. Göründüyü kimi, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən 600 kv.metr torpaq sahəsinə X2 adına A N-216126 nömrəli X9 və Ölçüsü əsasız olaraq verilmiş və həmin torpaq sahəsi DT və XK-nin Qusar rayon şöbəsində X10 kitabında 12 avqust 2009-cu il tarixdə 62 nömrəsi ilə onun adına əsasız olaraq dövlət qeydiyyatına (uçota) alınmışdır. Bununla da həmin 600 kv.metr torpaq sahəsi barəsində Qusar Bələdiyyəsinin mülkiyyət hüquqları pozulmuşdur. Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən üçüncü şəxs X2 adına əsassız olaraq verilmiş A N-216126 nömrəli X9 və Ölçüsünün və həmin torpaq sahəsinin üçüncü şəxs X2 adına əsassız olaraq aparılmış 12 avqust 2009cu il tarixli 62 nömrəli dövlət qeydiyyatının (uçotunun) ləğv edilməsi tələbi ilə cavabdehə 08 dekabr 2022-ci il tarixdə rəsmi qaydada məktubla müraciət etmiş, 13 dekabr 2022-ci il tarixdə cavabdeh həmin məktubu almışdır. Lakin cavabdeh onların haqlı tələbini təmin etməmiş, üstündən 2 aya yaxın vaxt keçməsinə baxmayaraq məktubuna cavab da verməmişdir.Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi və vəkili eyniməzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət etdiyi xx.xx.2021-ci il tarixli 1/-2-1 nömrəli qərarı ilə həyətyanı məqsədi üçün ayrılmış 710.0 kv.m torpaq sahəsinə kadastr məlumat bazasında olan məlumatlara əsasən digər şəxsin adına müvafiq Qusar rayon Aqrar İslahat Komissiyasının qərarı əsasında ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən X9 və ölçüsü işlənilmişdir. Nəzərə çatdırılır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılmaqla aparılır. Yuxarıda qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddələrinə əsasən ərizənin icrasından xx.xx.2022-ci il tarixli, 2********.801 nömrəli məktubla imtina olunmuşdur. Azərbaycan Respublikası “Torpaq İslahatı haqında” Qanununun 22-ci maddəsinə əsasən torpaq islahatı barədə yerli və rayon aqrar islahatı komissiyasının qərarı ilə razılaşmadığı təqdirdə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada aidiyyəti üzrə məhkəməyə şikayət etmək səlahiyyəti vardır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə əsasən Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin qanunun 2.4-cü maddəsinə əsasən “Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir”. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 11.1 -ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini,məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edəri sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Qeyd olunanlara əsasən iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə prosesində iştirak edən üçüncü şəxsin nümayəndəsi X3 iddia tələbini etiraf etdi ki, qeyd olunan plan və ölçü sənədinin ləğv edilməsinə etirazı yoxdur. Belə ki, qeyd olunan plan və ölçü sənədi ona aid olmayan torpaq sahəsinə görə tərtib edilib. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: İddiaçı tərəfindən cavabdehə göndərilmiş pretenziya məktubu, həmin məktubuna dair poçt xəbərnaməsinin surəti, cavabdehin xx.xx.2022-ci il tarixli məktubunun surəti, cavabdehin etiraz ərizəsi, Qusar rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 250 nömrəli məktubun surəti, A N-216126 nömrəli X9 və Ölçüsü sənədinin surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır.Mümkünlük şərtləri iddiaya mahiyyəti üzr ə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun mübahisə predmeti olan daşınmaz əmlaka dair A N-216126 nömrəli X9 və Ölçüsü sənədinin verildiyi vaxtdan yaranmış olur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDKR-in 5 saylı Ərazi İdarəsi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan daşınmaz əmlak DƏDKR-in 5 saylı Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDKR-in 5 saylı Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDKR-in 5 saylı Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı DƏDKRin 5 saylı Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqan onun müraciətinə cavab verməmişdir.cavabdein hərəkətsizliyindən iddiaçının məhkəməyə müraciət etməik hüququ yaranmış olur. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Mübahisəli torpaq sahəsinin Qusar rayonunda yerləşməsini nəzərə alaraq məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0.5-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur. Məhkəmə təqdim olunmuş iş materiallarından müəyyən olundu ki, üçüncü şəxs Qusar rayon Aqrar İslahat Komissiyasının 12 fevral 1998-ci il tarixli 02 saylı qərarı əsasında X4 600 kv.m torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsinə DT və XK Qusar rayon şöbəsi tərəfindən A N-216126 nömrəli X9 və Ölçüsü sənədi hazırlanmışdır. İddiaçı Qusar Bələdiyəsi bələdiyyə balansında olan torpaq sahələrinə mülkiyyət hüququnun tanınması üçün müraciət etdikdə, həmin ərazidə digər şəxs X4 600 kv.m X9 və ölçüsü sənədinin olduğunu müəyyən etmişdir. Həmçinin bələdiyyə tərəfindən arxivə sorğu edilmiş və müəyyən olunmuşdur ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 12 fevral 1998-ci il tarixli 02 saylı qərarının adlı siyahısında X2 adı qeyd edilməmişdir. X2 adına olan A N- 216126 nömrəli X9 və Ölçüsü sənədinin ləğv edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, onunmüraciəti müsbət həll edilməmişdir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının tələbinin təmin etməməsində etdiyi həkətlər aşağıdakı əsaslara görə qanunsuzdur. Belə ki, “Hüquqların dövlət qeydiyyatından imtina”-nın əsasları “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində öz əksini tapmışdır. Məhkəmə tədqiqatı zamanı iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün həmin maddədə qeyd olunan hallardan heç biri müəyyən olunmamışdır. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində öz əksini tapmışdır. Qusar rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 250 nömrəli məktubundan görünür ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 12 fevral 1998-ci il tarixli 02 saylı qərarının adlı siyahısında X2 adına rastlanmamışdır. Belə olduğu təqdirdə, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən mübahisəli torpaq sahəsinə dair tərtib edilmiş A N-216126 nömrəli X9 və ölçüsü sənədi qanunsuz verilmişdir. Hazırkı halda həmin sənədin qüvvədə olması iddiaçı Qusar Bələdiyyəsinin balansında olan mülkiyyət hüquqlarının həyata keçirilməsinə əngəllər törədir, bu səbəbdən də X2 adına hüquqi əsas olmadan işlənmiş A N-216126 nömrəli X9 və ölçüsü sənədi ləğv edilməlidir. Belə olan halda hesab olunur ki, “İnzibati İcraat” haqqında Azərbaycan Respublikası Qanunun 67.3-cü maddəsinə əsasən həmin dövlət aktı əsasında 3-cü şəxs X2 adına hüquqi əsas olmadan işlənmiş A N-216126 nömrəli X9 və ölçüsü sənədi ləğv edilməlidir. Belə ki, “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Həmin Məcəllənin 67.6.2-ci maddəsinə əsasən səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda maraqlı şəxs etimadın qorunması hüququna istinad edə bilməz. Bundan başqa məhkəmə, cavabdehin iddia ərizəsinə etirazda əsaslandığı dəlillərinə münasibətdə qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir, Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilməmişdir. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Qusar şəhəri ərazisində yerləşən 600 kv.metr torpaq sahəsinə X2 adına verilmiş A N- 216126 nömrəli X9 və Ölçüsünün və həmin torpaq sahəsinin ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsinin X10 kitabında X2 adına aparılmış 12 avqust 2009-cu il tarixli 62 nömrəli dövlət qeydiyyatının (uçotunun) ləğv edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-2020/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2020/2023
16.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver