Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2020/2024 05.04.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Kamal qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********811900 nömrəli qərarın ləğv edilməsi tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyət cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********811900 nömrəli qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-yə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********811900 nömrəli qərara əsasən 2022-ci ilin mənfəət vergisi üzrə 29,187.43 manat əlavə vergi məbləği hesablanmışdır. Aşağıda qeyd olunanlara əsasən cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023cü il tarixli **********811900 nömrəli qərarı qanunsuz və əsassız hesab edir. Belə ki, iddiaçı 2022-ci il üzrə mənfəət vergisi bəyannaməsi təqdim etmiş, ümumi gəlirini 180,402.15 manat bəyan etmiş, lakin xərclərə dair təsdiqedici sənədi olmadığından ödənilməli mənfəət vergisini Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarı təsdiq edilmiş şərti rentabelik normasına əsasən hesablamışdır. Lakin vergi orqanı həmin dövr üzrə kameral vergi yoxlaması həyata keçirmiş və fərdi sahibkarın 2022-ci il üzrə gəlirlərini 180,402.15 manat, xərclərini 4,398.00 manat (o cümlədən əmək haqqı 3,600.00 manat, sosial sığorta haqları 798.00 manat), vergitutma məqsədləri üçün mənfəət 176,004.15 manat, mənfəət vergisini isə 35,200.83 manat müəyyən etmişdir. Başqa sözlə, vergi orqanı iddiaçının malların alınmasına dair xərci olduğunu nəzərə almadan, ümumi gəlirinə birbaşa 20 faiz dərəcə ilə mənfəət vergisi hesablamışdır. Halbuki, iddiaçının xərclərə dair sənədi olmadığından mənfəət vergisi Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən xx.xx.2001-ci il tarixli 55 saylı Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması” Qaydalarına əsasən hesablanmalı idi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək izah etdi ki, Baş idarədə vergi ödəyicisi kimi qeydiyyatda olan İddiaçınə 2022-ci ilin mənfəət vergisi bəyannaməsi üzrə kameral vergi yoxlamasına əsasən 29187,43 manat vergi məbləği hesablanmışdır. Belə ki, qarşılıqlı əlaqələrin təhlili nəticəsində 2022-ci il üzrə gəlir və (və ya) xərclərinin olmasına baxmayaraq, həmin dövr üzrə mənfəət (gəlir) vergisi bəyannaməsi təqdim edilmədiyi üçün kənarlaşma yaranmışdır ki, bu da vergidən yayınma riski kimi qiymətləndirilmişdir. Yaranmış kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********260900 nömrəli AVİS-dən kənar uyğunsuzluq məktubu göndərilmişdir. Vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubuna əsaslı münasibət bildirilmədiyindən kameral vergi yoxlamasına əsasən 2022-ci ilin mənfəət vergisi bəyannaməsi üzrə əlavə 29187,43 manat vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********027400 nömrəli analoji hesablama barədə qərar göndərilmişdir. Lakin, vergi ödəyicisi tərəfindən xx.xx.2023, xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə dəqiqləşdirilmiş vergi bəyannamələri təqdim edilərək hesablanmış vergi məbləği azaldılmışdır. Yenidən araşdırılma zamanı vergi ödəyicisi tərəfindən 2022-ci il ərzində 180402,15 manat dəyərində mallar təqdim edilməsinə baxmayaraq, uçot-baza məlumatlarına əsasən dövr ərzində yük-gömrük bəyannamələri, qaimə faktura və ya elektron alış aktına əsasən rəsmi olaraq hər hansı mal alışı olmamışdır. Yaranmış kənarlaşma üzrə vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********794100 nömrəli AVİS-dən kənar uyğunsuzluq məktubu göndərilmişdir. Vergi orqanı tərəfindən yenidən kameral vergi yoxlamasına əsasən hesablanmış vergi məbləği bərpa edilərək vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********811900 nömrəli elektron kameral hesablama barədə qərar göndərilmişdir. Həmçinin, 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********448500 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi” haqqında qərarına əsasən vergi ödəyicisi riskli vergi ödəyiciiərinin siyahısına daxil edilmişdir. Qeyd olunan səbəblərdən vergidən yayınma riski yaranmışdır. İş materiallarına əlavə edilmiş -30 oktyabr 2023-cü il tarixli **********811900 saylı "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarından görünür ki, İddiaçı MMC-yə 29.187,43 manat əlavə vergi borcu hesablanmışdır. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatını dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İİ hissəsinə əsasən heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsi: Maddə 3. Vergilərin müəyyən edilməsinin və tutulmasının əsasları ... 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 23. Vergi orqanlarının hüquqları 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; Maddə 24. Vergi orqanlarının vəzifələri 24.0. Vergi orqanları: 24.0.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; ... 24.0.2. vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur; ... Maddə 37. Kameral vergi yoxlaması 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Məhkəmə hesab edir ki, iddiaçının xərclərə dair sənədi olmadığından 2022-ci il üzrə mənfəət vergisi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması” Qaydalarına əsasən hesablanmalı idi. Belə ki, Vergi Məcəlləsinin 67.14-cü maddəsinə əsasən bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Həmin Məcəllənin 83.9-cu maddəsinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”nın 1-ci bəndinə əsasən bu Qaydalar Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən hazırlanmış və vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması qaydalarını müəyyən edir. Həmin Qaydaların 6.1-ci bəndinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda vergi orqanı şərti rentabellik norması əsasında onun mənfəətini (gəlirini) aşağıdakı şərti üsullardan biri ilə müəyyən edir: 6.1.1. vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar əldə etdiyi gəliri (ƏDV nəzərə alınmadan) əsasında: M = G : ( 100 + R) x R burada: M — vergi ödəyicinin mənfəəti; G — vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir; R — şərti rentabellik normasıdır. Qaydaların 6.1.3-cü maddəsinə əsasən vergi ödəyicisinin mənfəəti şərti üsulla müəyyən edilərkən şərti rentabellik norması (R) 20 faiz səviyyəsində götürülür. Sadalanan normalardan aydın olur ki, vergi ödəyicisinin gəlir və ya xərclərindən hər hansı birini müəyyən etmək mümkün olmadıqda, vergi orqanı ödənilməli olan gəlir vergisini Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”nın 6.1-ci bəndində müəyyən edilmiş düstür əsasında hesablayır. Həmçinin qeyd edilməlidir ki, Vergi Məcəlləsinin 67.14 və 83.19-cu maddələrinə görə gəlir və xərcdən hər hansı birini müəyyən etmək mümkün olmadığı halda, gəlir vergisinin Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na əsasən hesablanmasını vergi orqanının hüququ kimi yox, vəzifəsi kimi təsbit etmişdir. Qeyd edilənlərə əsasən 2022-ci ilin gəlir vergisi Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”nın 6.1.1-ci bəndinə əsasən aşağıdakı qaydada hesablanmalıdır: M = G : ( 100 + R) x R; burada: M — vergi ödəyicinin mənfəəti; G — vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir; R — şərti rentabellik norması (20 faiz). 2022-ci il: Vergiyə cəlb edilən gəlir = 180,402.15 (100 + 20) / 20 = 30,067.02 manat; mənfəət vergisi: 30,067.03 * 20% = 6,103.40. Məhkəmə hesab edir ki, iddiaçının xərclərə dair təsdiqedici sənədinin olmaması onun satdığı malların alışına hər hansı xərc çəkmədiyini göstərmir. Lakin vergi orqanı iddiaçının malların təqdim edilməsindən əldə edilən gəlirinin olduğunu qəbul etsə də, hər hansı əsas olmadan həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilmiş xərcləri tanımaqdan imtina edir. Beləliklə, iddiaçının ödəməli olduğu mənfəət vergisi 2022-ci il üzrə 6,103.40 manat ola biləcəyi halda, vergi orqanı tərəfindən iddiaçıya əsassız olaraq ümumilikdə 29,187.43 manat əlavə vergi məbləği hesablanmışdır. Vergi Məcəlləsinin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. “İnzibati icraat haqqında” Qanunun 24.2-ci maddəsinə görə, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə görə, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Göstərilnə Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarına və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən İddiaçı MMC barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli **********811900 saylı qərar ləğv edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-2020/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2020/2024
05.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver