Məhkəmə qərarları › İş №2-1(118)-2022/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2022/2021

10.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2022/2021 10.12.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi ilə, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Həkim Komissiyasına qarşı “01.07.2021-ci il tarixli 950 nömrəli “xəstəlik haqqında şəhadətnamə”də göstərilən “insanın immun çatışmazlığı virusu ilə yoluxma HİV ensefalopatiyası, mərkəzi sinir sisteminin funksiyasının cüzi dərəcədə pozulması” diaqnozu ilə olan xəstəliyin səbəb əlaqəsinin dəyişdirilərək “xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” ifadəsi ilə göstərilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması” barədə iddiasına Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Həkim Komissiyasına qarşı “01 iyul 2021-ci il tarixli, 950 nömrəli xəstəlik haqqında şəhadətnamədə göstərilən xəstəliyin səbəb əlaqəsinin dəyişdirilərək “xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” ifadəsi ilə göstərilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı N1-ci ildən 2021-ci ilin iyul ayınadək AR Müdafiə Nazirliyində hərbi həkim kimi müddətdən artıq hərbi xidmətdə olmuşdur. Beləki, N1-ci dən N3-cü ilədək Azərbaycan Tibb Universitetinin tibb fakültəsində kursant kimi, N3cü ildən N5-ci ilədək N saylı hərbi hissədə tibb xidmət rəisi, N5-ci ildən N6-cı ilədək "81 saylı hərbi hissədə tibb xidmət rəisi, N6-cı ildən N9-cu ilədək N saylı hərbi hissədə tibb xidmət rəisi, N9-cu ildən 2021-ci ilədək N saylı hərbi hissədə tibb xidmət rəisi vəzifəsində xidmət etmişdir. 2020-ci ilin mart ayında müayinə zamanı iddiaçıda “insanın immun çatışmazlığı virusu” aşkar olunmuşdur. 01 iyul 2021-ci il tarixdə Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikasının Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilmiş və iddiaçıya “insanın immun çatışmazlığı virusu ilə yoluxma, HİV ensefalopatiyası, mərkəzi sinir sisteminin funksiyasının cüzi dərəcədə pozulması ilə” diaqnozu qoyularaq “sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı" sayılmış və həmin xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi “ümumi xəstəlikdir” kimi göstərilmişdir (əsas: 01.07.2021-ci il tarixli, 950 nömrəli xəstəlik "haqqında şəhadətnamə”). Hesab olunur ki, iddiaçıda aşkar olunan xəstəliyin (insanın immun çatışmazlığı virusu) səbəb əlaqəsi dəyişdirilərək “xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” ifadəsi ilə göstərilməlidir. Belə ki, “Hərbi Həkim Ekspertizası Haqqında” Əsasnamədə yazılıb: Maddə 7.2. Hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında aşağıdakı qərarları çıxarır: e) “ümumi xəstəlikdir” qərarı aşağıdakı hallarda çıxarılır: əgər şəhadətləndirilən şəxsdə xəsarət, xəstəlik onun onun hərbi xidmətə (hərbi toplanışa) çağrılmasına, hərbi xidmətə, orqanlarda xidmətə könüllü daxil olmasına qədər yaranmışsa və hərbi xidmətkeçmə (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə onun hərbi xidmətə yararlılıq kateqoriyasını dəyişən dərəcəyə çatmamışsa; İddiaçıya verilmiş 01.07.2021-ci il tarixli, 950 nömrəli “Xəstəlik haqqında şəhadətnamə”dən görünür ki, o, N1-ci ildə hərbi xidmətə çağrılmış, xəstəlik isə onda 2020-ci ilin mart ayında, yəni xidmət etdiyi dövrdə aşkar edilmişdir. Əlavə olaraq qeyd olunmalıdır ki, iddiaçı N9-cu ilin dekabr ayında SQ BKH-da qolundan cərrahiyyə əməliyyatı keçirmiş, ola bilsin ki, bu xəstəliyə o həmin vaxt yoluxmuşdur. N1-ci ildə iddiaçı hərbi xidmətə daxil olarkən hərbi həkim komissiyasında hərtərəfli müayinədən keçmiş və adı çəkilən xəstəliyin əlamətləri onda aşkar olunmamışdır. Deməli, bu xəstəlik iddiaçıda hərbi xidmət dövründə qazanılmışdır. 01 iyul 2021-ci il tarixli 950 nömrəli “Xəstəlik haqqında şəhadətnamə”də "insanın immun çatışmazlığı virusu ilə yoluxma, HİV ensefalopatiyası, mərkəzi sinir sisteminin funksiyasının cüzi dərəcədə pozulması” diaqnozu ilə göstərilən xəstəliyin səbəb əlaqəsini dəyişdirilərək “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” ifadəsi ilə göstərilməsi barədə qərar qəbul edilməsi xahişi ilə iddiaçı 2021-ci ilin sentyabr ayında cavabdehə ərizə ilə müraciət etsə də müraciətinə 23.09.2021ci il tarixli 1559 nömrəli məktubla imtina cavabı verilmişdir. Lakin o, həmin imtinanı tam əsassız hesab edir. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verdi, həmçinin, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 01.07.2021-ci il tarixli 950 nömrəli “xəstəlik haqqında şəhadətnamə”də göstərilən “insanın immun çatışmazlığı virusu ilə yoluxma HİV ensefalopatiyası, mərkəzi sinir sisteminin funksiyasının cüzi dərəcədə pozulması” diaqnozu ilə olan xəstəliyin səbəb əlaqəsinin dəyişdirilərək “xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” ifadəsi ilə göstərilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulmasını xahiş etdi. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək əsaslandırmışdır ki, Sumqayıt İnzibati Məhkəməsinin 21.10,2021-ci il tarixli 2-1(118)-2022/2021 saylı sərəncamı və vətəndaş İddiaçı iddia ərizəsi Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına (MN MHHK) daxil olmuş və araşdırılmışdır. Araşdırmanın nəticəsi ilə qeyd olunur ki, 01.07.2021-ci il tarixdə MN Mərkəzi Hərbi Poliklinikanın hərbi-həkim komissiyası tərəfindən İddiaçı müəyyən edilmiş '‘İnsanın immun çatışmazlığı virusu ilə yoluxma, HİV ensefalopatiyası, mərkəzi sinir sisteminin funksiyasının cüzi dərəcədə pozulması" diaqnozu ilə olan xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi "Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin" 7.2. bəndinin e yarımbəndinə əsasən "ÜMUMİ XƏSTƏLİKDİR" kimi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim eskpertizası haqqında Əsasnamə”nin 1.8. bəndinə əsasən, “Şəhadətləndirilən şəxsin müayinələrinin vaxtında və tam aparılmasına, müayinələrin nəticələrinə görə həkim-ekspert sənədlərinin hazırlanmasına, rəsmiləşdirilməsinə və hərbihəkim komissiyasına təqdim edilməsinə görə məsuliyyət müayinə aparılan tibb bölməsinin rəisinin üzərinə düşür. Hər bir həkim-mütəxəssis hərbi-həkim ekspertizası ilə əlaqədar verdiyi rəyin əsaslılığına və obyektivliyinə görə məsuliyyət daşıyır”. Xəstəlik ilk dəfə İddiaçı 2020-ci ilin mart ayında müayinə zamanı aşkar edilmişdir. Ambulator müalicə təyin edilmişdir. Lakin aldığı müalicələrdən effekt olmamışdır. Şikayətləri davamlı olduğundan N saylı hərbi hissənin komandirinin 27.05.2021-ci il tarixli, N nömrəli göndərişi ilə MN МНРda tibbi şəhadətləndirilmiş, "Stasionar müalicədən sonra şəhadətləndirilməlidir” qərarı verilmişdir. N saylı hərbi hissənin komandirinin N nömrəli 27.05.2021-ci il tarixli göndərişi ilə hərbi xidmətə yararlıq dərəcəsinin təyin edilməsi məqsədilə SQ BKH-ya qəbul olunmuşdur. Stasionar müayinədə olduğu müddətdə ekspert diaqnozunun dəqiqləşdirilməsi məqsədi ilə Səhiyyə Nazirliyinin baş nevroloqu, professor R.Həsənovun yanında 17.06.2021-ci il tarixdə konsultasiya olunaraq "HİV ensefalopatiya” diaqnozu təyin edilmişdir. 01.07.2021-ci ildə SQ Baş Klinik Hospitalının hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmiş, onda təyin edilmiş yoluxmaya görə “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 5 «b» maddəsinin İİİ qrafasına əsasən “SÜLH DÖVRÜNDƏ HƏRBİ XİDMƏTƏ YARARSİZ, MÜHARİBƏ DÖVRÜNDƏ MƏHDUD YARARLİ” sayılmış və yoluxmanın hərbi xidmətlə səbəb əlaqəsi “Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin” 7.2. bəndinin e yarımbəndinə əsasən “ÜMUMİ XƏSTƏLİKDİR” kimi təyin edilmişdir. İddiaçıya aid tibbi sənədlər MN MHHK-nın həkim mütəxəssisi-terapevti tərəfindən araşdırılmış və İddiaçı yoluxmanın olduğu təsdiq edilmişdir, yoluxmanın hərbi xidmətlə səbəb əlaqəsinin düzgün təyin edildiyi müəyyən edilmiş, İddiaçı yoluxma olduğu nəzərə alınmış və 05.07.2021-ci ildə MN Mərkəzi Hərbi Poliklinikanın hərbi-həkim komissiyasının qərarı MN MHHK tərəfindən təsdiq edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazla eyni məzmunlu izahat verərək iddianın təmin olunmamasını məhkəmədən xahiş etmişdir. İş materiallarına aşağıdakılar əlavə edilmişdir: - İddiaçıya məxsus şəxsiyyət vəsiqəsi və şəxsi vəsiqə ilə müəyyən olunur ki, o, xx.xx.1990-cı ildə anadan olmuş və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. Abşeron rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı İstehsal Birliyinin 3968 saylı 27.09.2021-ci il tarixli arayışına əsasən o, Xırdalan şəhəri, “Quşçuluq massivi” ünvanında yaşayır. - İşdə ola 4000 nömrəli SQ Baş Klinik Hospitalının Xəstəlik tarixinə əsasən iddiaçıya “insanın immun çatışmazlığı virusu ilə yoluxma, HİV ensefalopatiyası, mərkəzi sinir sisteminin funksiyasının cüzi dərəcədə pozulması” diaqnozu qoyulmuşdur. - İşdə olan 950 nömrəli “Xəstəlik haqqında” şəhadətnaməyə əsasən iddiaçıya xəstəliyin səbəbi olaraq “ümumi xəstəlikdir” diaqnozu qoyulmuşdur. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Həkim Komissiyasının 1559 saylı, 23.09.2021-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçının xəstəliyinin “ümumi xəstəlikdir” kimi düzgün təyin edildiyi və dəyişdirilməsi üçün hər hansı əsasın olmadığı müəyyən edilmişdir. - İddiaçıya aid tibbi xasiyyətnamədə qeyd olunmuşdur ki, iddiaçı N nömrəli hərbi hissədə xidmət etdiyi müddət ərzində 26.03.N5-ci il - 09.04.2020-ci il aralığında N nömrəli hərbi hissədə “kəskin bronxit” diaqnozu ilə stasionar müalicədə olmuşdur. 15.12.N8-ci il tarixdən 29.12.N8-ci il tarixədək “sol mil sümüyünün daifizinin orta 1/3-nin qapalı, yerdəyişmiş sınığı” diaqnozu ilə stasionar müalicədə olmuş, “sol mil sümüyünün diafizinin orta 1/3-nin qapalı, yerdəyişmiş sınığına görə aparılmış sınıq fraqmentlərinin açıq üsulla repazisyası metal lövhə və vintlərlə fiksasiyası cərrahi əməliyyatından (20.12.N8) sonrakı vəziyyət” diaqnozu ilə HHK-ya təqdim edilmişdir. - İş materiallarına, həmçinin, iddiaçıya məxsus müayinə vərəqələri, laboratoriya analiz nəticələri də əlavə edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel N5-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Qeyd edilməlidir ki, məcburetmə haqqında iddia vasitəsilə iddiaçı məhkəmə qarşısında inzibati orqandan “İnzibati icraat haqqında” Qanunun 2.0.10-cu maddəsində nəzərdə tutulmuş mənada onun üçün əlverişli vəziyyət yaradan inzibati akt qəbul edilməsini, yəni özünün hüquqi vəziyyətinin genişləndirilməsini tələb edə bilər. Eyni zamanda məcburetmə haqqında iddia onunla səciyyələnir ki, şəxs həmin Qanunun 28.1.1ci maddəsinə əsasən inzibati aktın qəbul edilməsi üçün ərizə ilə inzibati orqana müraciət etsin və inzibati orqan həmin ərizəni rədd etsin. Hazırkı iddiaçının tələbi xəstəliyin səbəbli əlaqəsinin dəyişdirilməsi ilə bağlıdır. Xəstəliyin səbəbli əlaqəsinin dəyişdirilməsi isə iddiaçının hüquqi vəziyyətinin bilavasitə genişləndirilməsinə gətirib çıxaracağı nəzərə alındıqda məhkəmə hesab edir ki, hazırkı iddia növü məcburetmə haqqında iddia növünə uyğundur. İPM-in 38.2-ci maddəsinə görə məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmiş və cavabdehin verdiyi 23.09.2021-ci il tarixli imtina cavabından sonra iddia ərizəsini 01.10.2021-ci il tarixdə poçt xidmətinə təqdim etmiş, iddia ərizəsi isə 08.10.2021-ci il tarixdə qeydiyyata alınmış, beləlikə 30 günlük iddia müddətini ötürməmişdir. Bununla da, iddianın mümkünlük şərtləri ödənilir. İddia mahiyyət üzrə əsaslıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin: -1.2-ci bəndinə görə Hərbi-həkim ekspertizası sülh və müharibə dövrlərində Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibinin xidmətində, Azərbaycan Ordusunda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə (bundan sonra - digər qoşunlar), Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və gömrük orqanlarında (bundan sonra - orqanlar) Azərbaycan Respublikası vətəndaşlarının (bundan sonra - vətəndaşlar) sağlamlıq vəziyyətlərinə görə hərbi xidmətə və orqanlarda xidmətə yararlılıq kateqoriyasını, habelə vətəndaşların aldıqları xəsarətlərin (yaralanmaların, travmaların, kontuziyaların), xəstəliklərin hərbi xidmətlə (hərbi toplanışla), orqanlarda xidmət keçməklə səbəb əlaqəsini (bundan sonra xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi) təyin etmək məqsədi ilə keçirilir. -1.3-cü bəndinə görə Hərbi-həkim ekspertizasını və tibbi şəhadətləndirilməni (bundan sonra - şəhadətləndirilmə) keçirmək üçün Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, digər qoşunlarda və orqanlarda ştatlı və ştatdankənar hərbi-həkim komissiyaları (həkim-uçuş komissiyaları) yaradılır. -1.7-ci bəndinə əsasən Hərbi-həkim komissiyalarının (həkim-uçuş komissiyalarının) qərarları «Xəstəliklər cədvəli»nə və vətəndaşların sağlamlıq vəziyyətinə əlavə tələblər cədvəlinə uyğun olaraq, hərbi-həkim komissiyalarının (həkim-uçuş komissiyalarının) iclasda iştirak edən üzvlərinin səs çoxluğu ilə qəbul olunur. -7.1-ci bəndinə əsasən hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olunmaqla, hərbi-həkim komissiyası onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin edir. -7.2-ci bəndinə görə Hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında aşağıdakı qərarları çıxarır: a) «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır»; b) «Hərbi travmadır, SSRİ-nin müdafiəsi zamanı alınmışdır»; c) «Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır»; ç) «Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır»; d) «Xəstəlikdir, Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası zamanı alınmışdır»; e) «Ümumi xəstəlikdir». ç) «Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır» qərarına aşağıdakılar aiddir: -əgər xəstəlik şəhadətləndirilən şəxsin hərbi xidmət (hərbi toplanış) keçməsi, orqanlarda xidmət keçməsi dövründə yaranmışsa, yaxud şəhadətləndirilən şəxsin hərbi xidmətə (hərbi toplanışa) çağırılmasına və ya hərbi xidmətə, orqanlarda xidmətə könüllü daxil olmasına qədər yaranmış xəstəliyi hərbi xidmət (hərbi toplanış) və orqanlarda xidmət dövründə onun hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişən, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə hərbi xidmətdən (orqanlarda xidmətdən) buraxıldıqdan, hərbi toplanış başa çatdıqdan sonra bir il keçənədək təyin edilmiş xroniki, tədricən proqressivləşən xəstəliklər olduqda, həmin xəstəliklərin başlanğıcını hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövrünə aid etmək mümkündürsə; -əgər xəstəlik şəhadətləndirilən şəxsin döyüşən ordunun tərkibinə daxil olmayan hərbi hissədə hərbi xidmət (hərbi toplanış) keçməsi dövründə və ya döyüşən ordunun tərkibinə daxil olmayan orqanlarda xidmət keçməsi dövründə, yaxud onun xaricə, döyüş əməliyyatları aparılan dövlətə getməsinə qədər yaranmışsa və bu dövlətdə xidmətkeçmə onda olan xəstəliyə və onun hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasına təsir etməmişsə; -əgər şəhadətləndirilən şəxs xəsarəti hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə bağlı olmayan bədbəxt hadisə nəticəsində almışsa; -əgər xəsarət hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə alınmışsa, lakin şəhadətləndirilmə anında xəsarətin alınma şəraiti haqqında sənədlər yoxdursa. e) «Ümumi xəstəlikdir» qərarı aşağıdakı hallarda çıxarılır: -əgər şəhadətləndirilən şəxsdə xəsarət, xəstəlik onun hərbi xidmətə (hərbi toplanışa) çağırılmasına, hərbi xidmətə, orqanlarda xidmətə könüllü daxil olmasına qədər yaranmışsa və hərbi xidmətkeçmə (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə onun hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişən dərəcəyə çatmamışsa; -əgər şəhadətləndirilən şəxs xəsarəti, xəstəliyi hərbi xidmətdən yayınmaq məqsədi ilə özünə yetirmişsə; -əgər şəhadətləndirilən şəxsin xəstəliyi hərbi xidmətdən (orqanlarda xidmətdən) buraxıldıqdan, hərbi toplanış başa çatdıqdan sonra yaranmışsa və xəstəliyin başlanğıcını hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət dövrünə aid etməyə əsas yoxdursa. İşin yuxarıda sadalanan normalarından müəyyən olunur ki, hərbi qulluqçuların şəhadətləndirilməsi üzrə müvafiq qərarın qəbul olunması hərbi-həkim komissiyasının səlahiyyətindədir. Xəstəliyin səbəbli əlaqəsi ç) «Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır» qərarı əsasən xəstəlik: 1. hərbi xidmət keçmə dövründə yarandığı; 2. hərbi xidmətə daxil olana qədər yaransa da xəstəlik hərbi xidmət dövründə xidmətə yaralılıq kateqoriyasını dəyişən dərəcəyə çatdığı; 3. xəstəliyin başlanğıcının hərbi xidmət dövründə yaranmaqla hərbi xidmət başa çatdıqdan 1 il ərzində təyin edilmiş xəstəlik olduğu halda qəbul edilir. Xəstəliyin səbəbli əlaqəsi e) «Ümumi xəstəlikdir» qərarının təyin edilməsi üçün xəstəlik: 1. hərbi xidmətə daxil olana qədər yaranmalı, hərbi xidmət dövründə xidmətə yararlılığın dəyişən dərəcəyə çatmamalı; 2. şəxs hərbi xidmətdən yayınmaq məqsədilə özünə xəsarət yetirməli; 3. başlanğıcı hərbi xidmət dövrünə aid edilməyən, hərbi xidmət başa çatdıqdan sonra aşkar olunan xəstəlik olmalıdır. Hazırkı işin yuxarıda qeyd edilən faktiki hallarından müəyyən olunur ki, iddiaçı N1-ci ildən hərbi həkim kimi müddətdən artıq hərbi xidmətdə olmuşdur. Xəstəlik ilk dəfə 2020-ci ilin mart ayında müayinə zamanı aşkar edilmişdir. İddiaçıya ambulator müayinə təyin edilmişdir. Daha sonra Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Poliklinikasının müayinələrində olmuş, nəticədə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının Hərbi Həkim Komissiyası tərəfindən 27.05.2021-ci il tarixli qərarı ilə tibbi şəhadətləndirilmiş, onda aşkar olunmuş yoluxmaya görə ona «Ümumi xəstəlikdir» qeyd edilməklə sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmişdir. 17.06.2021-ci ildə iddiaçıya “HİV ensefalopatiya” diaqnozu təyin edilmişdir. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq bu nəticəyə gəlir ki, hazırkı iş üzrə iddiaçıda aşkar olunmuş xəstəliyin səbəbli əlaqəsinin e) “ümumi xəstəlik” kimi seçilməsinin yuxarıda qeyd edilən əsasları müəyyən olunmur. Belə ki, iddiaçının insanın imumunçatışmazlığı virusu ilə yoluxmasının məhz hərbi xidmət dövründə baş verməsinin sübutudur ki, iddiaçı hələ N1-ci ildə müddətdən artıq hərbi xidmətə qəbul edilərkən tibbi müayinədən keçmiş və onda qeyd edilən xəstəlik aşkar edilməmiş, iddiaçı sağlam şəkildə hərbi xidmətə qəbul edilmişdir. İddiaçı eyni zamanda N9-cu ilin dekabr ayında SQ BKH-da cərrahiyə əməliyyatı keçirmişdir ki, yoluxmanın mənbəyi hesab edilə bilər. Qeyd edildiyi kimi iddiaçıda xəstəlik bilavasitə hərbi xidmət dövründə aşkar edilmişdir. Beləliklə, iddiaçıda aşkar olunmuş xəstəliyin hərbi xidmət keçmə dövründə yarandığının müəyyən olunması xəstəliyin səbəbli əlaqəsinin ç) «Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır» kimi qeyd olunması nəticəsinə gəlməsinə əsas verir. Cavabdehin iddiaya etirazının dəlili ilə razılaşmayaraq məhkəmə qeyd edir ki, iddiaçıda xəstəliyin deyil, yoluxmanın olduğunun müəyyən edilməsi onun barəsində verilmiş səbəbli əlaqənin düzgün müəyyən edildiyi qənaətinə gəlməyə əsas vermir. Belə ki, Əsasnamənin “Xəstəliklər Cədvəlində” 5-ci bölmədə “Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi” qrafasında İnsanın immunçatışmazlığı virusunun (İİÇV) törətdiyi xəstəlik: a) xəstələr (qazanılmış immunçatışmazlığı sindromu - QİÇS) və b) İİÇV-lə yoluxmuşlar qeyd edilmişdir. Qeyd edilmişdir ki, qanyaratma sisteminin, digər orqanların patoloji dəyişiklikləri ilə müşayiət olunan anadangəlmə və qazanılmış immunçatışmazlığı halları olduqda hərbi xidmətə, hərbi-uçot ixtisasları üzrə xidmətə yararlılıq kateqoriyası zədələnmiş orqanın və ya orqanlar sisteminin funksiyalarının pozulma dərəcəsindən asılı olaraq «Xəstəliklər cədvəli»nin müvafiq maddələri üzrə təyin edilir. Göründüyü kimi xəstəliklər cədvəlində qanunverici yoluxma və xəstəlik kateqoriyaları arasında fərq qoymamış, hərbi qulluqçunun hərbi xidmətə yararlılığının, səbəbli əlaqənin təyin edilməsində insanın immunçatışmazlığı virusu ilə yoluxmanı, eləcə də həmin virusun törətdiyi xəstəliyi nəzərə almışdır. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı barəsində verilmiş 01.07.2021-ci il tarixli 950 nömrəli “xəstəlik haqqında şəhadətnamə”də göstərilən “insanın immun çatışmazlığı virusu ilə yoluxma HİV ensefalopatiyası, mərkəzi sinir sisteminin funksiyasının cüzi dərəcədə pozulması” diaqnozu ilə olan xəstəliyin səbəb əlaqəsinin dəyişdirilərək “xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” ifadəsi ilə göstərilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilsin. İddiaçı barəsində verilmiş 01.07.2021-ci il tarixli 950 nömrəli “xəstəlik haqqında şəhadətnamə”də göstərilən “insanın immun çatışmazlığı virusu ilə yoluxma HİV ensefalopatiyası, mərkəzi sinir sisteminin funksiyasının cüzi dərəcədə pozulması” diaqnozu ilə olan xəstəliyin səbəb əlaqəsinin dəyişdirilərək “xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” ifadəsi ilə göstərilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına həvalə edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar