Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2022/2022 04.11.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə qarşı “onun müvafiq ali təhsil müəssisəsinin bakalavr pilləsinə bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2003-cü il tarixdə TQDK vasitəsi ilə imtahan vermiş və tələb olunan müvafiq balı toplayaraq Azərbaycan Beynəlxalq Unversitetinə əyani-ödənişli qaydada “Neft-qaz yataqlarını işlənilməsi” ixtisası üzrə təhsil almaq hüquq əldə etmiş, 15 avqust 2003-cü il tarixdə Azərbaycan Beynəlxalq Unversiteti ilə müqavilə bağlamış və 2007-ci il tarixədək 4 il ərzində 4 kurs, 8 semestr həmin unversitetdə müvafiq ixtisas üzrə təhsil almışdır. Lakin, 2007-ci il tarixdə maddi problemlər səbəbindən 4-cü kursun son semestrinin təhsil haqqı ödənişinin ödənilməsində yaranmış problem səbəbindən son semestr imtahanlarını müvəfəqiyətlə verməyinə baxmayaraq, diplom işinin müdafiəsi və dövlət imtahanı mərhələsində iştirak edə bilməmiş və həmin ildə təhsilini dayandırmaq məcburiyyətində qalmışdır. Sonra, 2010-2011-ci illərdə təhsil aldığı Azərbaycan Beynəlxalq Unversitetinin fəaliyyətinin dayandırıldığı və orada təhsil alan tələbələrin başqa Unversitetlərə köçürüldüyü üçün, o da Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət etmiş və həmin tarixdə Təhsil Nazirliyindən ona bildirilmiş ki, “X4”nə köçürülmə edilmiş və o həmin unversitetdə təhsilini davam etdirə bilər. Bundan sonra, təhsilinin davam etmək üçün X3 müraciət etdikdə isə orada ona bildirilmişdir ki, onun X1 təhsilini davam edə bilməsi üçün Təhsil Nazirliyi tərəfindən şəxsi işi müvafiq unversitetə (OYU) göndərilməli olduğu halda göndərilməmişdir. Yenidən Təhsil Nazirliyinə müraciət edərək qeyd edilən şəxsi işinin müvfiq universitetə göndərilməsini xahiş etdikdə isə Nazirlikdən ona bildirildi ki, tələbələrin şəxsi işləri müəyyən istintaq tədbirləri ilə əlaqədar olaraq MTN (Milli Təhlükəsizlik Nazirliyi) tərəfindən götürülmüş və bəzi tələbələrin şəxsi işləri Təhsil Nazirliyinə təhvil verilməmişdir. İki nazirlik (MTN və TN) və bir unversitet (OYU) arasında süründürməçilik və qeyri-müəyyənlik şəraitində Ali təhsil alma hüquqnun bərpa olunmasına nail ola bilməmişdir. Təhsil Nazirliyində baş vermiş islahatlar və şəffaflıq onda pozulmuş hüquqlarını bərpa etmək ümidi yaratdı və 2021-ci il tarixdə yenidən Təhsil Naziriliyinə müraciət edərək Ali təhsil alma hüququnun bərpa olunması üçün müraciət etmiş və müraciəti araşdırılmış və onun X3 bərpa olunmağı barədə qərar qəbul edilmişdir. Lakin, həmin unversitetdə yenidən neqativ hallarla üzləşmiş və ali təhsil müəssisəsinə bərpa olunmağı X2 vəzifəli şəxslərinin qanunsuz əməlləri nəticəsində mümkün olmamışdır. Növbəti dəfə Təhsil Nazirliyinə müraciət etdikdə isə ali təhsil müəssisəsinə bərpa olnumağı ilə bağlı 15 illik müddətin ötürülməsi əsas gətirilərək ali təhsil müəssisəsinə bərpa olmaq hüququnu itirdiyi bildirilmişdir. Halbuki, o 2007-ci il də daxil olmaqla Azərbaycan Beynalxaq Unversitetində təhsil almış, unversitetin fəaliyyətinin dayandırılması, tələbələrin başqa unversitetlərə köçürülməsi və həmin köçürülmə prosesində qarşılaşdığı çətinliklər və neqativ halların səbəkarı o olmamışdır. Həmçinin, Təhsil Naziriliyinin xx.xx.2022-ci il tarixli cavab məktubunda göstərilmiş on beş illik müddətin ötürülməsi əsası ilə ali təhsil müəssisəsinə bərpa olunmağının qeyri-mümkün olması əsassızdır. Belə ki, təhsil aldığı 2007-ci il tarixdən Təhsil Nazirliyinin bildirdiyi kimi 15 il müddət keçməyib. Hətta, həmin müddət ötürülmüş olsa belə müvafiq dövlət orqanına müraciətləri və həmin müraciətlərin ondan asılı olmayan səbəblərdən icra olunmaması müddətin ötürülməsi sayıla bilməz. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı, onun nümayəndəsi və vəkili eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdilər. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia tələbi əsassız və qanunsuz olduğundan təmin edilməməlidir. O, iddia tələbini onunla əsaslandırmışdır ki, 2003-cü il tarixdə TQDK vasitəsi ilə imtahan verib və tələb olunan müvafiq balı toplayaraq Azərbaycan Beynəlxalq Universitetinə əyani-ödənişli qaydada “Neft-qaz yataqlarlarının işlənilməsi” ixtisası üzrə təhsil almaq hüququ almışdır. Lakin, 2007-ci ildə maddi problemlər səbəbindən 4-cü kursun son semestrinin təhsil haqqı ödənişinin ödənilməsində yaranmış problem səbəbindən diplom işinin müdafiəsi və dövlət imtahanı mərhələsində iştirak edə bilməmiş və həmin ildə təhsilini dayandırmaq məcburiyyətində qalmışdır. İddiaçı iddia ərizəsində qeyd etdiyi kimi, 2010-2011 -ci illərdə ABU-nun fəaliyyəti dayandırıldığı üçün onu Odlar Yurdu Universitetinə köçürülmüşdür. Lakin iddiaçının şəxsi işinin mövcud olmadığı səbəbindən o, təhsilini yuxarıda qeyd olunan universitetdə davam etdirə bilməmişdir. İddiaçı 2021-ci və 2022-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinə ərizə ilə müraciət etmişdir. Cavabdeh müraciətə baxaraq cavab məktubu ilə bildirilmişdir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2011-ci il tarixli, 322 nömrəli əmrinə uyğun olaraq iddiaçıya ixtisası üzrə təhsilini davam etdirilməsi üçün müvafiq şərait yaradılmışdır. İddiaçı 2021-ci ildə olan təkrar müraciətinə cavab olaraq yay (və ya qış) tətili müddətində müvafiq ixtisas üzrə Odlar Yurdu Universitetinə bərpa olunaraq təhsilini davam etdirmək təklif olunmuşdur. Lakin o, bu təklifdən də imtina etmişdir. İddiaçının xx.xx.2022-ci il tarixli müraciətinə cavab olaraq bildirilmişdir ki, halhazırda dövlət və qeyri-dövlət ali təhsil müəssisələrində “Neft və qaz yataqlarının işlənməsi və istismarı” ixtisası üzrə kadr hazırlığı aparılmır. Eyni zamanda Təhsil Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli, 5/2 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalar”a görə ali təhsilin bakalavriat və magistratura səviyyələrində. Tibb təhsilinin əsas tibb təhsilində tələbələr sırasından xaric olunmuş şəxslər xaric olunma vaxtından bir semestr keçdikdən sonra 15 il müddətinə ali təhsil müəssisələrinə bərpa olunmaq hüququna malikdirlər. İddiaçı tərəfindən cavabdehə təqdim etdiyi təhsil haqqı ödənişləri ilə bağlı arayışlara əsasən də o, 2006-cı ildə təhsilini dayandırmışdır. Bu səbəbdən də iddiaçının ali təhsil müəssisəsinə bərpası mümkün deyil. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmənin ötən prosesində iştirak edən üçüncü şəxs Odlar Yurdu Universitetinin nümayəndəsi Nümayəndə2 bildirmişdir ki, İddiaçı adı Təhsil Nazirliyi tərəfindən başqa təhsil müəssisəsindən keçirilən tələbələrin siyahısına daxil edilmişdir. Lakin onun şəxsi işi Odlar Yurdu Universitetinə təqdim edilmədiyindən müvafiq ixtisas üzrə 4-cü kurs tələbəsi kimi həmin Universitetə qəbul edilməsi mümkün olmamışdır. Sonradan müvafiq ixtisas üzrə kafedra bağlanmış və hal-hazırda həmin ixtisas üzrə kafedra mövcud deyil. Ona görə də 3-cü şəxsin nümayəndəsi iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdehin S-50/11-24 nömrəli, xx.xx.2022-ci il tarixli imtina məktubu, etiraz ərizəsi, cavabdehin S-1496/11-24 nömrəli, xx.xx.2021-ci il tarixli məktubun surəti, Azərbaycan Beynəlxalq Universiteti tərəfindən verilmiş tələbə biletinin, kassa mədaxil ordernin, arayışın surəti, Odlar Yurdu Universiteti tərəfindən verilmiş 21/739 nömrəli, xx.xx.2021-ci il tarixli məktubun surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddia tələbinin mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4)İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ Azərbaycan Beynəlxalq Unversitetinə daxil olduğu vaxtından yaranmış olur. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq Nazirlik hazırkı iddiaya cavab verməli olması müəyyənləşdirilmişdir. Belə ki, hal-hazırda təhsil müəssisələrinə tələbələrin köçürülməsi respublika ərazisində nəzarət edilməsi Nazirliyin səlahiyyətlərinə aiddir. Ona görə də məhkəmə hesab edir ki, Nazirlik hazırkı iddia tələbi üzrə cavab verməli olan orqandır. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı Nazirliyə bir neçə dəfə müraciət etmiş, son olaraq inzibati orqan onun müraciətinə S-50/11-24 nömrəli, xx.xx.2022-ci il tarixli imtina məktubu ilə müsbət cavab verməmişdir. Məhkəmə iddianın mümükünlük şərtlərindən digəri olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına nəzər saldıqda hazırkı iddianın öhdəliyin icrası ilə bağlı olması və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmaması səbəbindən bu hissədə də iddia mümkün hesab edilmişdir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İddiaçının rəsmi qeydiyyat ünvanının Abşeron rayonu ərazisi olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı daxili Tələbə Qəbulu üzrə Dövlət Komissiyası vasitəsilə imtahan verərək 2003-cü ildə Azərbaycan Beynəlxalq Unversitetinin “Neft-qaz yataqlarını işlənilməsi” ixtisasına əyani-ödənişli qaydada daxil olmuş, 2007-ci ildə maddi problemlər səbəbindən 4-cü kursun son semestrinin təhsil haqqı ödənişinin ödənilməsində yaranmış problem səbəbindən diplom işinin müdafiəsi və dövlət imtahanı mərhələsində iştirak edə bilməmiş və həmin ildə təhsilini dayandırmışdır. 2010- 2011-ci illərdə Azərbaycan Beynəlxalq Unversitetinin fəaliyyətinin dayandırıldığı və orada təhsil alan tələbələrin başqa Unversitetlərə köçürülmüşdür. İddiaçı onun müvafiq bakalavr dərəcəsi üzrə təhsil müəssisələrinə köçürülməsi üçün Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyindən tələb etmiş, cavabdeh inzibati orqan müddətin ötürülməsi əsas gətirərək iddiaçının tələbindən imtina etmişdir. Məhkəmə hesab edir ki, Təhsil Nazirliyi üzərinə düşən funksiyanı yerinə yetirmiş və İddiaçı təhsilini davam etdirmək üçün adını siyahıya daxil edərək Odlar Yurdu Universitetinə məktubla müraciət etmişdir. İddiaçı barəsində olan şəxsi iş Beynalxalq Universitetin vəzifəli şəxsləri barəsində olan cinayət işinin istintaqı üçün istintaq orqanı tərəfindən götürülmüşdür. Odlar Yurdu Universiteti İddiaçı onun şəxsi işinin tələb etmiş, lakin şəxsi iş mövcud olmadığından İddiaçı Odlar Yurdu Universitetinə qəbul edilməsindən imtina etmişdir. Hal-hazırda müvafiq ixtisas üzrə Odlar Yurdu Universitetində fakültə mövcud deyil. Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinə əsasən hər bir vətəndaşın təhsil almaq hüququ vardır.Təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 33-cu maddəsinə əsasən, təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək və təhsil proqramlarının (kurikulumların) mənimsənilməsini təmin etmək, keyfiyyətli təhsil vermək bilavasitə təhsilverənlərin əsas vəzifələrindən biridir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli, 5/2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair” Qaydaların 2.3-cü bəndinə əsasən ölkə daxilində bakalavriat səviyyəsində, əsas (baza ali) tibb təhsilində tələbələrin bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi, təhsilalma formasını və ya ixtisasını dəyişməsi o şərtlə aparıla bilər ki, DİM tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmasın. Həmin Qaydaların 4.4-cü bəndinə əsasən bərpa olunmuş tələbələrin şəxsi işi bərpa edilir. Bu şəxsi işə rektorun adına yazılmış ərizə, bərpa olunma haqqında əmrdən çıxarış, digər ali təhsil müəssisəsindən xaric edilmiş tələbələrin şəxsi işinə isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi Qaydası”nın 1 nömrəli əlavəsində verilmiş formaya uyğun müvafiq arayış və xaric olunma haqqında əmrdən çıxarış əlavə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi Qaydası”nın 2.1-ci bəndinə əsasən ali təhsil pilləsinin səviyyələri üzrə təhsilini başa vurmayan şəxslərə onların müraciətindən sonra 5 gün ərzində bu Qaydanın 1 nömrəli əlavəsində verilmiş formaya uyğun arayış verilir. Arayışda hər bir semestr üzrə tələbənin dinlədiyi fənlər (kreditin qazanılıbqazanılmadığından asılı olmayaraq) barədə məlumatlar verilir. Qeyd olunan arayış təhsil müəssisəsinin rektorunun imzası ilə təsdiq edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddiaçıya şəxsi işinin olmaması bəhanəsi ilə Odlar Yurdu Universitetinə qəbul edilməsindən imtina əsaslı olmamışdır. Belə ki, yuxarıda qeyd olunan Qaydalardan məlum olur ki, şəxsi iş olmadığı tədqirdə ləğv olunma ərəfəsində olan təhsil müəssisəsi tərəfindən müvafiq arayış təqdim edilməli idi, lakin Odlar Yurdu Universiteti həmin arayışı tələb etmək əvəzinə şəxsi işin olmamasını əsas gətirərək iddiaçının tələbini yerinə yetirməkdən imtina etmişdir. Təhsil Nazirliyi üzərinə düşən funksiyanı, yəni iddiaçının adını müvafiq siyahıya daxil etməklə üzərinə düşən öhdəliyi yerinə yetirmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə qarşı “onun müvafiq ali təhsil müəssisəsinin bakalavr pilləsinə bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-2022/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2022/2022
04.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver