Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2026/2021 09.12.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi, İddiaçı (işləməyən, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 88, 228 saylı uşaq bağçasında məskunlaşan), Cavabdehin nümayəndəsi X1 (DSMF publik hüquqi şəxsinin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialında mütəxəssis işləyən, ünvan 1 ünvanında yaşayan) iştirakı ilə, İddiaçı oğlunun cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı müharibə veteranları üçün nəzərdə tutulmuş və 01.02.2014-cü ildən 01.02.2017-ci ilədək cavabdeh tərəfindən ona ödənilməli olan müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müharibə veteranları üçün nəzərdə tutulmuş və 01.02.2014-cü ildən 01.02.2017-ci ilədək cavabdeh tərəfindən ona ödənilməli olan müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi və əsaslandıraraq izah etdi ki, o, Zəngilan rayonundan məcburi köçkündür. 1992-ci il tarixdə hərbi xidmətə yollanmış və Azərbaycan Respublikasının ərazi bütövlüyü, Dağlıq Qarabağ vilayətinin və ətraf 7 rayonun işğalçılardan azad edilməsi ilə bağlı aparılan döyüş əməliyyatlarında iştirak etmiş, N saylı hərbi hissədə qulluq etmişdir.Müharibə iştirakçısı olduğu üçün ona 01.02.2017-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən 058644 nömrəli “Müharibə Veteranı” vəsiqəsi təqdim olunmuşdur. Azərbaycan Vətən Müharibəsi X3 tərəfindən 07.12.2020-ci ildə 962 nömrəli vəsiqə əsasında “Müharibə Veteranı” medalı və 07.12.2020-ci ildə 912 nömrəli vəsiqə əsasında "Milli Ordu-100” medalı ona təqdim edilmişdir. Müharibə veteranı vəsiqəsinin təqdim olunduğu 01.02.2017-ci il tarixdən etibarən ona müavinət təyin edilmiş, aylıq ödənişlər həyata keçirilməyə başlanılmışdır. Lakin müharibə veteranı adının verildiyi 01.02.2017-ci il tarixdən əvvəlki 3 il üzrə ona heç bir ödəniş edilməmişdir. Vəsiqənin qeyd olunan tarixdə təqdim edilməsi o demək deyil ki, o, həmin tarixdə müharibə veteranı olmuş, bu, sadəcə onun statusumu leqallaşdırılmışdır və bu hal hüquqlarının məhdudlaşdırılması üçün əsas ola bilməz. Həmçinin qanunvericiliyin tələbi əsasında sosial müavinəti almaq hüququm yaranan andan əvvəlki 3 il üzrə ödənişlərin tələb etmək hüququ vardır. Bu səbəbdən cavabdehə həmin ödənişin mənə ödənilməsi tələbi ilə müraciət etmiş, lakin cavabdeh ödənişin ödənilməsindən imtina etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddia tələbini qəbul etmədi və bildirdi ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən 01 fevral 2017-ci il tarixli 058644 nömrəli veteran vəsiqəsi verilmişdir. Həmin veteran vəsiqəsi əsasında Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı İddiaçı veteran statusunu aldığı vaxtdan, yəni 01 fevral 2017-ci il tarixdən sosial müavinət təyin etmiş, əvvəlki illər üzrə müavinət ödəməkdən isə haqlı olaraq imtina etmişdir. Belə ki, “Sosial müavinətlər haqqqında” Qanunun 9.1 -ci maddəsinə əsasən, ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. Nəzərə alaraq ki, qanunvericiliklə həmin güzəştlərin (yəni müavinətlərin) veteran vəsiqəsi təqdim olunduqda həyata keçirilməsi qaydası təsbit edilmişdir, deməli, məhz bu vəsiqənin verildiyi tarix həmin müavinətləri almaq hüququnun yaranma anı kimi hesab edilməlidir.Beləliklə, iddiaçının 01.02.2014-cü il tarixdən 01.02.2017-ci il tarixədək olan dövr üzrə müavinətin hesablanıb ödənilməsi barədə tələbi qanuni və əsaslı sayıla bilməz. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş 01 fevral 2017-ci il tarixli N 058644 saylı vəsiqədən görünür ki, İddiaçı müharibə veteranıdır və müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. İş materiallarında olan cavabdeh inzibati orqanın 20 sentyabr 2021-ci il tarixli **********6 saylı məktubundan görünür ki, iddiaçı cavabdeh inzibati orqana müraciət edərək ona müharibə veteranı vəsiqəsi aldığı gündən əvvəlki üç illik dövr üçün sosial müavinətin ödənilməsini xahiş etmişdir. Lakin cavabdeh ona imtina cavabı vermişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Sosial müavinətlər haqqında» Azərbaycan Respublikası Qanununun 4.0.1.6.-ci bəndinə əsasən sosial müavinətin növlərindən biri də müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə ödənilən müavinətdir. Göstərilən Qanunun 9.1-ci maddəsinə əsasən ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (işsilik müavinəti və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən müavinətlər şəxsin yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanları tərəfindən təyin edilir və ödənilir. 10-1.5-ci maddəsinə görə keçmiş müddət üçün alınmamış müavinətin məbləği müddətindən asılı olmayaraq ödənilir. Məhkəmə qeyd edir ki, İddiaçı müharibə veteranı adı döyüş bölgəsində xidmət etdiyinə görə verilmişdir, sadəcə həmin statusun ona verilməsi 2017-ci ilin fevral ayında rəsmiləşdirilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçıya müharibə veteranı vəsiqəsi verildikdən əvvəlki üç illik dövr üçün sosial müavinətin ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.1-ci maddələrinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Bununla bağlı məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, İddiaçı 01.02.2017-ci il tarixdən əvvəlki 3 il üçün müharibə veteranları üçün nəzərdə tutulmuş sosial müavinətin təyin olunması öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Fililaının üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı müharibə veteranı kimi müavinətin 01.02.2017-ci ildən əvvəlki üç illik dövr üçün üçün müharibə veteranları üçün nəzərdə tutulmuş sosial müavinətin ödənilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Fililaının üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-2026/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2026/2021
09.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver