Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2026/2023 22.05.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X5 Ramiz qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı xx.xx.1982-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Zəngilan rayonu Kommunal Müəssisələri Kombinatında işlədiyi dövrün sosial sığorta stajına daxil edilərək ona 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək qarşı xx.xx.1982-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Zəngilan rayonu Kommunal Müəssisələri Kombinatında yaşıllaşdırıcı vəzifəsində işlədiyi dövrün sosial sığorta stajına hesablanmaqla ona yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 21 noyabr 2022-ci tarixli 2-1(112)-13898/2022 saylı qərardadı ilə işin aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1982-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Zəngilan rayonu, Kommunal Müəssisələri Kombinatında işlədiyi dövrün sosial sığorta stajına daxil edilərək ona 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.1993-cü ilədək Azərbaycan Respublikası Zəngilan rayonu Kommunal Müəssisələri Kombinatında Yaşıllaşdırma işində fəaliyyət göstərərək xx.xx.1993-cü il tarixli 31 nömrəli əmrlə öz ərizəsinə əsasən işdən azad olunmuşdur. Həmin hal öz əksini ona məxsus NT-İ №2382890 saylı əmək kitabçasında tapmışdır. İddiaçı Zəngilan rayonundan məcburi köçkündür, ailəsi ilə birlikdə erməni işğalçıları rayonu işğal etdikdən sonra Bakı şəhərində məskunlaşmışdır. O, xx.xx.1999-cu il tarixdən müxtəlif müəssisə və təşkilatlarda işləməklə hazırda “Muzey Mərkəzi” binasının təsərrüfat sahəsində santexnik vəzifəsində çalışır. Bu əmək fəaliyyətinin xx.xx.1999-cu il tarixdən xx.xx.2002-ci il tarixədək "xxxx" QSC-nin Bakı yol distansiyasının infrastruktur departamentinin Bakı yol sahəsində, xx.xx.2002-ci il tarixdən xx.xx.2015-ci il tarixədək yol montyoru peşəsində çalışmışdır. Qeyd olunan peşə üzrə iş stajı 16 il 2 gün təşkil edir. Qeyd olunan peşə Azərbaycan Respublikası Nazirlik Kabinentinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa” görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstərəricilərinin Siyahısı”nda nəzərdə tutulmuşdur. Güzəştli şərtlərlə pensiya təyinatı almaq istəyi ilə əlaqədar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Təyinat üzrə Mərkəzi Filiala müfaviq müraciət edilmişdir. Lakin həmin orqan şonun Zəmngilan rayonunda işldəyi dövrü onun sosial sığorta stajına daxil etməkdən imtia edərək ümumi iş stajının tamam olmaması səbəbindən imtina cavabı vermişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi və iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, İddiaçı tərəfindən təqdim edilən 26 dekabr 1998-ci il tarixli ИТ-1 ******* nömrəli əmək kitabçasında xx.xx.1982-ci il tarixdən xx.xx.1993-cü il tarixədək iddiaçının işlədiyini iddia etdiyi Zəngilan rayon Kommunal Müəssisələri Kombinatına dair aparılmış qeydlər arxiv arayışı əsasında təsdiq olunaraq mərkəzi filiala müvafiq sənədlər təqdim olunduqdan sonra onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məsələsinə baxıla bilər. Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının xx.xx.2023-cü il tarixli 3-17- 1/3-1- 22602/2023 nömrəli xidməti məktubunda qeyd olunmuşdur ki, İddiaçı ümumi iş stajı 24 il 6 ay 24 gün (xx.xx.2006-cı il tarixədək 8 il 8 ay 24 gün (xx.xx.1979-xx.xx.1981-ci il, xx.xx.1999-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), xx.xx.2006-cı il tarixdən sonra 15 il 10 ay sosial sığorta stajı), güzəştli iş stajı isə 16 il 1 qün (xx.xx.1999- xx.xx.2015-ci il tarixləri arasındakı dövr) təşkil edir. Eyni zamanda İddiaçı xx.xx.2023-cü il tarixə fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı cəmi 28078,28 manat təşkil edir. İddiaçı müraciətinə müvafiq sənədlər əlavə edilmədiyindən onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinat məsələsinə baxılmamışdır. Belə olan halda İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə əsasən mümkün hesab edilməmişdir. Cavabdehin nümayənəsi X6 iddianı qəbul etmədi və iddia ərizəsinə etirazın dəlillərinə uyğun izahat verərək iddianın rədd edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. İş üzrə şahid qismində dindirilən X3 ifadəsində bildirdi ki, iddiaçı ilə Zəngilan rayonunda birlikdə işləmişlər. Belə ki, o, 1975-1976-cı illərdə Kommunal Təsərrüfatda, 1979-cu ildən kolxozda işləmişdir. O vaxt müəssisə Kommunal Müəssisələr Kombinatı adlanmişdır. Kombinat yaşıllaşdırma işi ilə məşğul olmuşdur. Zəngilan rayonu işğal olunanadək iddiaçı ilə birə həmin müəssisədə işləmişlər. İşğaldan sonra müəssisə Abşeron rayonu Masazır qəsəbəsinə köçmüşdür. Lakin o, artıq həmin müəssisədə işləməmişdir. Şahid qismində dindirilən X4 ifadəsində bildirdi ki, 1980-ci ildən 1993-cü ilin oktyabr ayına kimi iddiaçı ilə birlikdə Zəngilan rayonu Kommunal Müəssisələr Kombinatında işləmişdir. X1 ifadə verərək bildirdi ki, 1984-cü ildən iddiaçı ilə birlikdə Zəngilan rayonu Kommunal Müəssisələr Kombinatında işləmişdir. iMüəssisə Bakıya köşfdükdən sonra da bir müddət həmin müəssisədə işləmişlər. İş materiallarında olan : -iddiaçıya aid şəxsiyyət vəsiqəsindən görünür ki, o, xx.xx.1960-cı il təvəllüdlüdür. -İddiaçının adına açılmış ИТ-№ ******* seriyalı əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.1993-cü ilədək Zəngilan rayonu Kommunal Müəssisələri Kombinatında, xx.xx.1999-xx.xx.2002-ci il tarixlərdə "xxxx" QSC-nin 14 saylı məntəqəsində,xx.xx.2002-xx.xx.2015-ci il tarixlərdə "xxxx" QSC-nin Bakı-Sabunçu yol sahəsində, xx.xx.2016-xx.xx.2017-ci il tarixlərdə Zəngilan rayon İcra Hakimiyyətində, xx.xx.2020-ci il tarixdən hazırki tarixədək “Muzey mərkəzi”ndə işləyir. -"xxxx" QSC-nin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı həqiqətən "xxxx" QSC-nin Bakı Yol Distansiyasında xx.xx.1999-cu il tarixindən xx.xx.2002-ci il tarixədək, İnfrastruktur departamentinin Bakı yol sahəsində xx.xx.2002-ci il tarixindən xx.xx.2015-ci il tarixədək yol montyoru peşəsində çalışmışdır. Bu peşə üzrə İddiaçı iş stajı 16 il 2 gün təşkil edir.Qeyd olunan peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında nəzərdə tutulmuşdur (21.4-cü bənd). -Zəngilan rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Zəngilan rayonu 1993-cu il oktyabr ayının 29-da erməni silahlı birləşmələri tərəfindən işğal edilmiş, Zəngilan rayon Dövlət Arxivinin həmin tarixədək olan sənədləri işğal bölgəsində qalmışdır. Qeyd edilən səbəbdən rayonun heç bir idarə müəssisəsinin, o cümlədən Zəngilan rayon Kommunal Müəssisələr Kombinatının sənədləri arxivə daxil olmadığı üçün sorğunu cavablandırmaq mümkün deyildir. -Dövlət Vergi Xidmətinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, dövlət reyestrində Zəngilan rayonu Kommunal Müəssisələri Kombinatının (VÖEN: **********) xx.xx.1995-ci il tarixdə D-777 nömrə ilə dövlət qeydiyyatından keçməsi fəaliyyətinin aktiv olması barədə məlumat mövcuddur. Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2018-ci il tarixli 421 nömrəli Fərmanına əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına ödənilməsinə nəzarət, eləcə də hesabatların qəbulu 1 yanvar 2019-cu il tarixindən etibarən vergi orqanlarına həvalə edilmişdir. Bununla əlaqədar olaraq vergi ödəyiciləri tərəfindən məcburi dövlət sosial sığorta haqları üzrə hesabatların 2018-ci ilin 4-cü rübündən başlayaraq vergi orqanlarına təqdim edilməsinə başlanılmışdır. Qeyd olunanları nəzərə alaraq, muzdlu işçilərin əmək haqqı və ondan hesablanmış vergi məbləğləri barədə məlumatın vergi orqanı tərəfindən yalnız xx.xx.2019cu il tarixdən sonrakı dövrlər üzrə təqdim edilməsi mümkündür. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.1-ci maddəsinə görə axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Beləliklə, Qanunun tələbindən göründüyü kimi şəxsə 60 yaşdan əmək pensiyasının təyin edilməsi üçün azı 25 il ümumi, 12 il 6 ay xüsusi stajın və əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının mövcud olması tələb olunur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdeh tərəfindən iddiaçının 25 il ümumi iş stajına malik olması mübahisələndirildiyindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. Belə ki, cavabdeh iddiaçının xx.xx.1982-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Zəngilan rayonu Kommunal Müəssisələri Kombinatında işlədiyi dövrü sosial sığorta stajına daxil etməmişdir. Həmin dövrlə bağlı iddiaçı sübut kimi əmək kitabçasını və onunla birlikdə işləyən şahidlərin ifadələrini təqdim etmişdir. Əmək kitabçası ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı özü həmin dövrdə işləməsi barədə qeydlərin 1993-cü ildən sonra Bakı şəhərində əmək kitabçasına daxil edildiyini bildirmişdir. Belə ki, müəssisənin bütün sənədləri, o cümlədən əmək kitabçaları işğal zonasında qaldığından əmək kitabçası sonradan doldurulmuşdur. Məhkəmə qeyd edir ki, həmin qeydlərin mötəbərliyinin araşdırılması üçün Zəngilan rayon Dövlət Arxivinə sorğu vermişdir. Lakin arxiv orqanı heç bir müəssisənin, o cümlədən həmin müəssisənin sənədlərinin arxivə təhvil verilmədiyini bildirmişdir. “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə”(25 noyabr 1992-ci il tarixli 638 nömrəli) əsasnamədəki Qaydaların 3.2-ci bəndində qeyd olunur ki, işəgötürənlər tərəfindən əmək kitabçasında aşağıdakı qeydlər aparılır:İşçinin soyadı, adı, atasının adı (işçinin soyadı, adı və atasının adı ixtisar olunmadan yazılır), doğulduğu gün, ay, il, təhsili (o cümlədən başa çatdırılmamış tam orta, orta ixtisas və ali təhsil), peşəsi, ixtisası təsdiqedici sənədlərə əsasən aparılır.İşçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə, uyğun aparılır.“İş haqqında məlumat” bölməsinin 3-cü qrafasında başlıq formasında işəgötürənin tam adı yazılır. Bu başlıq altında 1 -ci qrafada daxil edilən yazılışın sıra nömrəsi, 2-ci qrafada isə işçinin qəbul edildiyi tarix göstərilir. Əmək kitabçasında işə qəbul, başqa daimi işə keçirmək, yaxud işdən azad etmək haqqında bütün qeydlər işəgötürən tərəfindən əmr (sərəncam) verildikdən 5 gündən gec olmamaq şərtilə, işdən azad etmək haqqında isə işçinin işdən çıxarıldığı gün edilir. Bütün qeydlər əmək müqaviləsinin, əmrin (sərəncamın) məzmununa uyğun olmalıdır. Gün və ay ikirəqəmli ərəb rəqəmləri ilə yazılmalıdır. Yuxarıda qeyd olunanların əksinə, iddiaçının əmək kitabçası 1993-cü ildən xeyli sonra, 2001-ci ildə rəsmi istifadə olunmağa başlanmış latın əlifbası ilə doldurulmuşdur. «Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2001-ci il tarixli 506 saylı Fərmanına əsasın mərkəzi və yerli icra hakimiyyəti orqanlarında kargüzarlığın latın qrafikası ilə aparılmasını 2001-ci il avqustun 1ə qədər təmin etmək Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır. Bundan sonra «Azərbaycan Respublikasında dövlət dili haqqında» xx.xx.2002-ci il tarixli 365-İİQ saylı Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Həmin Qanunun 14-cü maddəsinə əsasən Azərbaycan Respublikasının dövlət diliinin əlifbası latın qrafikalı Azərbaycan əlifbası hesab edilmişdir. Şahid ifadələrinə gəldikdə qeyd olunmalıdır ki, həmin şəxslərin həqiqətən mübahisələndirilən dövrdə Zəngilan rayonu Kommunal Müəssisələri Kombinatında işləmələrini təsdiq edən sənəd (əmək kitabçaları) təqdim edilmədiyindən məhkəmə həmin şahid ifadələrini mötəbər sübut kimi qiymətləndirmir. Göstərilən hallar iddiaçının həqiqətən göstərilən dövrdə həmin müəssisədə işləməsinin mübahisəli olduğuna dəlalət edir . Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı xx.xx.1982-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Zəngilan rayonu Kommunal Müəssisələri Kombinatında işlədiyi dövrün sosial sığorta stajına daxil edilərək ona 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Qərardan şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-2026/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2026/2023
22.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver