Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2027/2022 02.11.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X1 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “Quba rayon Xucbala İnzibati Ərazi Dairəsi tərəfindən İddiaçı adına verilmiş 24 iyul 1969-cu il tarixli 24 saylı ölüm haqqında akt qeydinin ləğv edilməsi öhdəliyinin Cavabdeh üzərinə vəzifə olaraq qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı adına verilmiş 24 iyul 1969-cu il tarixli 24 saylı ölüm haqqında akt qeydinin ləğv edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdehin 23 fevral 2022-ci il tarixli, 05/Q-98 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx xxxxxx 1969-cu il tarixdə Quba rayon Xucbala kəndində anadan olmuş və xx.xx.1995-ci il tarixdə Ədalət Kamilov adlı şəxslə evlənib Quba rayonu Aşağı-Xuc kəndində yaşayır, hal-hazırda Quba rayon Mərkəzi Xəstəxanasında işləyir. 2022-ci ilin yanvar ayında işlədiyi təşkilatın mühasibatlığından ona bildirilmişdir ki, informasiya sistemində xx.xx.1969-cu il tarixdən ölmüş şəxs kimi qeyd olunmuşdur. İddiaçı bu məlumatı əldə etdikdən sonra hüquq müəyyənedici sənədlərlə Cavabdehnə müraciət etmiş, qeyd olunan təşkilat özünün xx.xx.2022-ci il tarixli məktubu ilə ona bildirilmişdir ki, onun xx.xx.1969-cu il ölməyi barədə Quba Rayon Xucbala İƏD tərəfindən tərtib olunmuş ölüm haqqında akt mövcuddur, həmin aktın ləğv edilməsi onların səlahiyyətinə aid deyil, ilkin ölüm haqqında akt qeydinin ləğv olunması ilə bağlı məhkəməyə müraciət etmək hüququ vardır, ona görə də hazır ki, ərizə ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Quba Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir, Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə iddia mümkünsüz saymış və iddianı inzibati Məhkəməsinə aid olduğunu bildirmişdir. Ərizəyə əlavə etdiyi doğum haqqında şəhadətnamədən aşkar olur ki, o, xx.xx.1969cu il tarixdə Quba Rayon Xucbala kəndində anadan olmuşdur. Ərizəyə əlavə etdiyi nikah haqqında şəhadətnamədən aşkar olur ki, xx.xx.1995-ci il tarixdə X2 ilə ailə həyatı qurmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 163.1-ci maddəsinə əsasən - Vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və ya təkrar tərtib edilmiş qeydlərin ləğv olunması məhkəmənin qətnaməsi əsasında və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı hazırlıq icraatı ilə bağlı məhkəmə iclasında iştirak etmiş, ərizə yazaraq şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda cavabdeh inzibati orqanda müvafiq sənədləri məhkəməyə təqdim edərək, işə onların iştirakı olmadan baxılmasını xahiş etmiş və məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı həmdə əsaslıdır. Məhkəmə ilk növbədə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrasıdır və iddiaçı məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. İddia mahiyyəti baxımından isə aşağıda qeyd edilənlərə əsasən əsaslıdır. Belə ki, iddiaçı Quba rayon Xucbala İnzibati Ərazi Dairəsi tərəfindən İddiaçı adına verilmiş 24 iyul 1969-cu il tarixli 24 saylı ölüm haqqında akt qeydinin ləğv edilməsini istəyir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydalarına əsasən: 8.1. Ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. 8.2. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. 8.3. Ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzilistismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. 8.4. Ölüm haqqında məlumat Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyinə ölümün baş verdiyi və ya meyitin tapıldığı vaxtdan on gündən gec olmayaraq verilməlidir. 8.5. Ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. 8.6. Ölüm, ölüm haqqında aktların qeydiyyat kitabında ölüm haqqında akt qeydləri aparmaq yolu ilə qeyd edilir. 8.7. Məhkəmə qaydasında ölmüş elan edilən şəxslərin ölümünün, ölüm haqqında məlumatın verilməli olduğu müddət keçdikdən sonra ölümün qeydiyyatı Qeydiyyat şöbəsində, konsulluq idarəsində və icra hakimiyyətinin nümayəndəliyində ölüm haqqında aktların qeydiyyat kitabında ümumi qaydalarla ilk qeydiyyat kimi həyata keçirilir, lakin sıra nömrəsindən sonra "Vaxtı keçmiş qeydiyyat" sözləri əlavə edilir. Məhkəmə qaydasında ölmüş elan edilən şəxslərin ölümü qeyd edilərkən ölüm haqqında akt qeydlərində ölümün vaxtı məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi tarixlə göstərilir. Əgər ölüm faktı məhkəmə qətnaməsində müəyyən tarixlə göstərilibsə, ölüm haqqında akt qeydində ölümün tarixi məhkəmə qətnaməsində yazılmış tarixlə göstərilir. 8.8. Naməlum (tanınmamış) şəxslərin ölümünün qeydiyyatı tibb müəssisəsinin müvafiq sənədində əksini tapan məlumatlar əsasında aparılır. 8.9. Yol getdiyi yerdə (qatarda, gəmidə, təyyarədə və s.) ölmüş şəxslərin ölümü yaxındakı Qeydiyyat şöbəsində, konsulluq idarəsində və icra hakimiyyətinin nümayəndəliyində qeyd oluna bilər. 8.10. Qəzaların icrası zamanı ölən məhkumların, barələrində həbs qətimkan tədbiri seçilmiş və istintaq təcridxanalarında saxlanılan şəxslərin ölümünün qeydə alınması ümumi əsaslarla həyata keçirilir. 8.11. Ölüm qeyd edilərkən, ölənin yetkinlik yaşına çatmayan uşaqları barəsində məlumatı olan Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi uşaqların yaşadığı yerin yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanına bir gün müddətində məlumat verməlidirlər. 8.12. Ölümün qeydiyyatı zamanı ölən şəxsin, qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən qəbul edilmiş şəxsiyyətini təsdiq edən sənədlər hər ay siyahı üzrə bu orqanların yerləşdiyi yerdə daxili işlər orqanlarının müvafiq qurumlarına, ölən şəxs Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşayan, habelə qaçqın statusu almış əcnəbi və vətəndaşlığı olmayan şəxs olduqda isə müvafiq olaraq Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə və ya qaçqın vəsiqələrini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə təhvil verilir. 8.13. Ölmüş şəxs hərbi vəzifəli və ya çağırışçı olduqda, ölümün qeydə alınması zamanı Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi hərbi bilet və s. hərbi xidmətlə bağlı olan sənədləri onların hərbi qeydiyyat yeri üzrə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölməsinə təhvil verirlər. Bu orqanlar eyni zamanda, ölmüş şəxsin sənədlərinin Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyinə təhvil verilməməsi barədə də məlumatlandırılır. 8.14. Ölüm haqqında məlumatlar akt kitablarında qeydə alındıqdan sonra ölüm haqqında şəhadətnamə yazılır. Ölüm haqqında şəhadətnamənin tarixi və nömrəsi barədə məlumatlar ölüm haqqında akt qeydinin 16-cı qrafasına əlavə edilir. Belə ki, ölümün qeydə alınması əsasları qanunvericiliklə müəyyən edilmişdir. İddiaçı barəsində ölümlə bağlı akt qeydinin aparılmasına əsas mövcud olmamış, bu qeydin aparılması əsasları müəyyən edilməmişdir. İddiaçının doğum haqqında şəhadətnaməsinin, nikah haqqında şəhadətnaməsinin, şəxsiyyət vəsiqəsinin surəti məhkəməyə təqdim edilmişdir. Habelə Quba rayon İcra Hakimiyyəti Başçısının Xucbala İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 133 saylı, 22fevral 2022-ci il tarixli arayışında qeyd edilir ki, Quba rayon Aşağı Xuc kənd sakini İddiaçı hal-hazırda Quba rayonu, Aşağı Xuc kəndində yaşayır. Eyni zamanda iddiaçı məhkəmə iclasında iştirak etmiş, İddiaçı ölmədiyi, onun barəsində aparılmış ölüm haqqında akt qeydinin əsassız olması müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki iddia təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Quba rayon Xucbala İnzibati Ərazi Dairəsi tərəfindən İddiaçı adına aparılmış 24 iyul 1969-cu il tarixli 24 saylı ölüm haqqında akt qeydinin ləğv edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-2027/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2027/2022
02.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver