Məhkəmə qərarları › İş №2-1(118)-2027/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2027/2025

28.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2027/2025 28.01.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə (Açar sözlər: əlilliyinin əlillik altsistemində ləğv olunduğu vaxtdan bərpası) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “iddiaçının tam reabilitasiya olunmasına dair cavabdeh orqan tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsi və onun əlilliyinin əlillik altsistemində ləğv olunduğu vaxtdan bərpası” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı, iddiaçının tam reabilitasiya olunmasına dair cavabdeh orqan tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsi və onun əlilliyinin əlillik altsistemində ləğv olunduğu vaxtdan bərpası tələbi ilə məhkəməyə müraciət etmişdir. (iddia tələbi dəqiqləşdirilmişdir) İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, iddiaçı xx.xx.1973-cü ildə anadan olmuş və 2005-ci ildə işemik insult keçirmiş və aldığı müalicələr heç bir nəticə vermədiyi üçün TSEK-nın rəyi əsasında 2008-ci ildən 2-ci dərəcəli əlillik təyin edilmişdir. Əlillik aşağıdakı diaqnoz əsasında qoyulmuş və bu diaqnoz 2024-cü il tarixə kimi eyni olmuş və həmin vaxtadək-17 il eyni əlillik dərəcəsini daşımışdır: «dəqiqləşdirilməmiş beyin infarktı, sağ OBA hövzəsində keçirilmiş işemik insultun qalıq əlamətləri, soltərəfli hemoparez, fon reqinopatiyaları, retinal damar dəyişiklikləri, dəqiqləşdirilməmiş qarışıq konduktiv və neyrosensor tipli ağır iki tərəfli yüngül tip ağıreşitmə, essensial hipertenziya 2-ci mərhələ. İddiaçı 17 il eyni diaqnoz əsasında 2-ci dərəcəli əlilliyin təyin olunması ilə bağlı həmin əlilliyin müddətsiz hesab edilməsi ilə bağlı cavabdeh orqana müraciət etmiş və bununla bağlı cavabdeh orqana dəvət olunmuş və ona bildirilmişdir ki, altsistemdə müvafiq dəyişiklik aparılmaqla 2-ci dərəcəli əlillik müddətsiz təyin olunacaqdır. 2024-cü ilin iyun ayına kimi əlilliyi ilə bağlı pensiyanı almış, lakin 2024-cü ilin iyul ayında karta vəsait daxil olmadığı üçün cavabdeh orqana müraciət etmiş və ona xx.xx.2024-cü ildə sistem arayışı verilməklə bildirilmişdir ki, ona nəinki müddətsiz əlillik dərəcəsi təyin olunmuş,əksinə əlilliyi də ləğv edilmişdir. Halbuki ona əlillik dərəcəsi təyin edilərkən onda beyin insultu olmuş və sol yuxarı ətrafın funksiyası pozulmuş və sol əl barmaqlarında sinir-əzələ problemi yaranmış və sol yuxarı ətrafın monoparezi diaqnozu qoyulmuşdur. İddiaçı dəfələrlə stasionar müalicələr almış, lakin səhhətində hər hansı bir irəliləyiş olmamış və əmək qabiliyyətsiz olmaqla heç yerdə işləmir. Cavabdeh orqan tərəfindən hər hansı bir tibbi göndəriş olmadan xx.xx.2024-cü ildə əlilliyin qiymətləndirilməsi aparılmış və onun müraciəti əlilliyin müddətsiz hesab edilməsi olduğu halda ona təyin edilmiş əlilliyin təyinatından imtina edilmişdir və səbəb kimi guya onun tam reablitasiya olunmağı qeyd edilmişdir. Halbuki cavabdeh orqan hər hansı bir müayinə aparmadan işdə olan sənədlər əsasında ona 17 il eyni diaqnozla eyni əlillik dərəcəsinin təyin olunması səbəbi ilə ona müddətsiz əlillik dərəcəsi təyin etməli idi, lakin o iddiaçının hüquqlarını pozaraq bunu etməmiş, tamamilə inzibati icraatın aparılmasını arzulamadığı başqa bir icraat aparmaqlaona təyin edilmiş əlilliyin qiymətləndirilməsi qaydasında iddiaçının guya tam reabilitasiya olunmağı barədə qərar vermişdir. Belə hesab edir ki,cavabdehin hərəkəti qanunsuz sayılmalı və iddiaçının 10 ildən artıq (17 il) 2-ci dərəcəli əlil olması ilə bağlı müddətsiz əlilliyin təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. . İddiaçı “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3-cü, 4-cü, 6-cı maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2-ci, 4-cü bəndinə, Azərbaycan Respublikasının Konstitusiyasının 12-ci maddəsinə, İnzibati icraat haqqında Qanunun 2.0.8-ci, 13-cü, 17-ci, 19-cu, 21-ci, 25-ci, 28-ci, 47, 57-ci maddələrinə istinad edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iştirak etmiş, iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, Sumqayıt şəhər sakini xx.xx.1973-cü il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik məlumatlarının əlillik altsisteminə daxil edilməsi üçün etdiyi müraciət əsasında əyani komissiyaya dəvət edilmiş və həkim ekspertlər tərəfindən müayinə edilmişdir. Müayinəyə gələrkən 17 il öncə insult keçirdiyini bildirmiş, ümumi xarakterli şikayətlər sərgiləmiş, xəstəliyinə aid heç bir sənəd təqdim etməmiş, yalnız 2024-cü ildə onu avtomobil çırpması barədə məlumat vermiş və ona aid stasionar müalicə sənədi təqdim etmişdir. Əlillik altsistemindən əldə edilmiş məlumatlardan məlum olmuşdur ki, vətəndaşın əlillik təyinatı barədə məlumatlar arxiv məlumatları əsasında əlillik altsisteminə daxil edilmişdir. Hazırda isə 2026-cı il tarixinədək ikinci dərəcə əlilliyi mövcuddur. DTSERA-da həkim nevropatoloq müayinəsi zamanı vətər və sümüküstü reflekslər canlı çağırılmış, D=S, patoloji reflekslər alınmamış, Romberq vəziyyətində dayanıqlı olmuşdur. Əlillik təyinatına əsas verən nevroloji defisit aşkar edilməmişdir. Anamnestik məlumatlar, təqdim edilmiş sənədlər və əyani müayinə nəticələrinə əsasən hazırda xəstəliyin əlillik təyinatına əsas verən ağırlaşması aşkar edilmədiyindən Tibbi sosial ekspert komissiyası tərəfindən qərara alınmışdır ki, xx.xx.2024-cü il tarixindən etibarən “Tam reabilitasiya olunması”na dair qərar qəbul edilsin. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: İddiaçıya xx.xx.2006-cı il tarixdə (növbəti qiymətləndirmə tarixi 31 may 2007-ci il), xx.xx.2007-ci il (növbəti qiymətləndirmə tarixi 31 may 2008-ci il), xx.xx.2008-ci il tarixdə (növbəti qiymətləndirmə tarixi xx.xx.2009-cu il), xx.xx.2009-cu il (növbəti qiymətləndirmə tarixi xx.xx.2010-cu il), xx.xx.2010-cu il (növbəti qiymətləndirmə tarixi xx.xx.2011-ci il), xx.xx.2011-ci il (növbəti qiymətləndirmə tarixi xx.xx.2012-ci il), xx.xx.2012-ci il (növbəti qiymətləndirmə tarixi xx.xx.2013-cü il), xx.xx.2013-cü il (növbəti qiymətləndirmə tarixi xx.xx.2014-cü il), xx.xx.2014-cü il (növbəti qiymətləndirmə tarixi xx.xx.2015-ci il), xx.xx.2015-ci il (növbəti qiymətləndirmə tarixi xx.xx.2016-cı il), xx.xx.2016-cı il (növbəti qiymətləndirmə tarixi xx.xx.2021-ci il), xx.xx.2021-ci il (növbəti qiymətləndirmə tarixi xx.xx.2026-cı il ) tarixlərdə ikinci dərəcə əlillik təyin edilmişdir. xx.xx.2024-cü il tarixdə iddiaçının xx.xx.2024-cü il tarixindən etibarən “tam reabilitasiya olunması”na dair cavabdeh orqan tərəfindən Qərar qəbul edilmişdir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia mübahisələndirmə haqqında iddia növünə daxildir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir. İPM-in 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçıya xx.xx.2006-cı il tarixdən etibarən ikinci dərəcə əlillik təyin edilmişdir. xx.xx.2024-cü il tarixdə iddiaçının “tam reabilitasiya olunması”na dair cavabdeh orqan tərəfindən Qərar qəbul edilmişdir. İddiaçı hazırda tam reabilitasiya olunmasına dair cavabdeh orqan tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsi və onun əlilliyinin əlillik altsistemində ləğv olunduğu vaxtdan bərpasını istəyir. Məhkəmə hesab edir ki, xx.xx.2024-cü il tarixli qərar əsaslı olmamışdır. Belə ki, Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanuna əsasən: 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. 4.2. Müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. “İnzibati icraat haqqında” Qanuna əsasən:

11. Qanunçuluq prinsipi 11.1 inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2 inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər; Maddə 15. Formal tələblərdən sui-istifadənin qadağan olunması 15.1 qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır;

13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Azərbaycan Respublikasının məhkəmələrinə ünvanlanmış 15 may 2024-cü il tarixli, 1-8-10/2-824/2024 saylı icmal məktubunda qeyd edilmişdir ki, “İcraatla bağlı tələblərə riayət edilməsinin qiymətləndirilməsi baxımından yoxlanılmalı olan növbəti məsələ “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndində göstərilmiş əlilliyin qiymətləndirilməsi barədə TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcud olub-olmadığı ilə bağlıdır. Bununla bağlı olaraq qeyd edilməlidir ki, qanunvericiliyin tələblərinə görə Agentlik istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliklə bağlı qərarı sonradan təftiş etmək imkanına sahibdir. Ona görə də “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə istinad etdiyi hallarda, həmin qurum “əvvəlki qərarın düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, icraatı məhz bu sübutlara əsaslanmaqla başlamalı, yalnız bundan sonra şəxsi müayinəyə cəlb etməklə qərar verməlidir. Qanunvericiliyin bu tələbləri hüquqi müəyyənlik və səmərəli idarəçilik prinsiplərinin təmin edilməsinə yönəlmişdir. Ali Məhkəmənin bu məsələyə dair qərarlarında “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar” müddəasının mahiyyəti açıqlanaraq vurğulanmışdır ki, prinsipcə daxili audit yoxlaması ilə bağlı materiallar əvvəlki qərarın düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar kimi qəbul edilə bilər. Lakin həmin audit yoxlaması, həm də iddiaçı ilə bağlı hallara aid olmalıdır. Yəni daxili audit yoxlaması iddiaçının əlilliyinin müəyyən edilməsi ilə bağlı əvvəlki qərarın düzgünülüyünü şübhə altına alacaq əsasları ortaya çıxarmış olmalıdır. Başqa sözlə, qurum ümumi qaydada daxili audit yoxlamasına istinad edə bilməz, həmin yoxlama, həm də iddiaçıya aid hallarla bağlı olmalı, onun əlilliyinin müəyyən edilməsi ilə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq əsaslar müəyyən edilmiş olmalıdır. Həmçinin bu kateqoriyadan olan işlərə baxılarkən əlilliyi müddətli müəyyən edilmiş şəxslərin əyani müayinəsinin nəticələrinin ona əlilliyin müəyyən edildiyi vaxta uyğun sağlamlıq vəziyyətini qiymətləndirməyə imkan verərək müddətdə aparılmalı olması da nəzərə alınmalıdır. Belə ki, məhkəmə təcrübəsində 5 il müddətində əlilliyi müəyyən edilmiş şəxsin əlillik müddətinin bitməsinə 1 il qalmış onun əyani müayinəyə cəlb edilməklə TSEKin əvvəlki qərarının düzgünlüyünün yoxlanılması ilə bağlı mübahisəyə də rast gəlinmişdir. Əlilliyin ləğvi ilə bağlı inzibati işlərin həlli zamanı inzibati orqanın əlilliyin ləğvinə yönələn davranışlarının inzibati icraat haqqında qanunvericiliyin əsas prinsiplərinə və tələblərinə uyğun olmadığı mübahisəsiz aşkar olduğu hallarda məhkəmələr tərəfindən əlilliyin ləğvi üçün əsas olub-olmaması, yəni şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi istiqamətində araşdırma aparılmalıdır.” Hazırki işin hallarından görünür ki, iddiaçının 10 ildən uzun müddətə 2-ci dərəcə əlilliyi olmuşdur. O, müddətsiz əlilliyin təyin edilməsi üçün müraciət etsə də cavabdeh orqan tərəfindən əvvəlki qərarın qanuniliyini şübhə altına alan hallar mövcud olmasa belə iddiaçı barədə hazırda mübahisələndirilən qərar qəbul edilmişdir. Halbuki həmin qurum “əvvəlki qərarın düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, icraatı məhz bu sübutlara əsaslanmaqla başlamalı, yalnız bundan sonra şəxsi müayinəyə cəlb etməklə qərar verməlidir. Məhkəmə araşdırması zamanı cavabdeh inzibati orqana İddiaçı vaxtından əvvəl təkrar əyani müayinəyə cəlb edilməsi əsaslarının və bunu təsdiq edən sübutların məhkəməyə təqdim edilməsi üçün sorğu verilmiş, sorğuya cavab olaraq tibbi-sosial ekspertiza sənədləri məhkəməyə təqdim edilmişdir. xx.xx.2024-cü il tarixli müraciət vərəqəsində müraciətin məzmunu kimi “2006-2013-cü illəri əhatə edən əlilliyin əlillik alt sisteminə daxil edilməsi” qeyd edilmişdir. Göründüyü kimi iddiaçının müraciəti artıq mövcud olan əlilliyin müddətsiz hesab edilməsi ilə bağlı olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31- 60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. Cavabdehin nümayəndəsi də izahatı zamanı bu normaya istinad etmiş, müddətsiz əlilliyin müraciətlə bağlı olmadığını, yalnız növbəti qiymətləndirmə zamanı müəyyən oluna biləcəyini bildirmişdir. Belə olan halda iddiaçının müraciətinə qanunauyğun şəkildə baxılması və cavablandırılması yerinə cavabdeh inzibati orqan tərəfindən əsassız olaraq iddiaçı əyani müayinəyə cəlb edilmiş və barəsində xx.xx.2024-cü il tarixli qərar qəbul edilmişdir. Məhkəmə hesab edir ki, qeyd edilənlər iddianın təmin edilməsi üçün təşkil edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir.

Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı tam reabilitasiya olunmasına dair cavabdeh orqan tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli qərar ləğv edilsin və onun əlilliyinin əlillik altsistemində ləğv olunduğu vaxtdan bərpası öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Aynur Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar