Məhkəmə qərarları › İş №2-1(118)-2032/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2032/2024

03.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2032/2024 03.05.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə (Açar sözlər: mənzil növbəsinə qəbul edilmə) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı (X2 üçüncü şəxs qismində cəlb edilməklə) “mənzil növbəsinə qəbul edilmə və s.” tələblərinə dair iddiası üzrə inzibati işə 3 may 2024-cü il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İddia ərizəsinə qoşma şəklində əlavə edilmiş və məhkəmə baxışında tədqiq edilmiş sənədlər:

1. Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının aparatı tərəfindən İddiaçı göndərilmiş 26 oktyabr 2023-cü il tarixli, 5-6/1-Q-203- 068/2023 nömrəli məktubundan görünür ki, İddiaçı, atasının şəhid olduğunu bildirərək, yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması barədə şəhər icra hakimiyyətinə müraciət etmişdir. Həmin müraciətə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin (bundan sonra - “Mənzil Məcəlləsi”) tələblərinə uyğun olaraq vətəndaşlar yaşayış sahəsi ilə imtiyazlarına əsasən növbəlilik qaydasında təmin olunurlar. Şəhid ailəsi imtiyazı əsasında anası Mehriban Ağayeva 2-ci mikrorayon, ev 38A/44, mənzil 16 ünvanında yaşayış sahəsi ilə təmin olunmuşdur. Qeyd edilənlər nəzərə alınaraq xahişinin müsbət həlli mümkün olmamışdır.

2. AZ-İ seriyalı, 956525 nömrəli “Nikah haqqında şəhadətnamə”dən görünür ki, X9 və X8 2 sentyabr 2013-cü il tarixdə nikaha daxil olmuşdurlar.

3. 010816 nömrəli “Şəhid ailəsi üzvünün vəsiqəsi”ndən görünür ki, İddiaçı 17 avqust 2023-cü il tarixdə qeyd olunan vəsiqə verilmişdir.

4. AZ-İV seriyalı, 966600 nömrəli “Doğum haqqında şəhadətnamə”dən görünür ki, X10 1 yanvar 2024-cü il tarixdə doğulmuşdur. X3, anası İddiaçıdır. b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi İddia ərizəsinin dəlilləri:

5. İddiaçı (bundan sonra - “iddiaçı”) cavabdeh Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyətinə (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 26 oktyabr 2023-cü il tarixli, 5-6/1-Q- 203-068/2023 nömrəli məktubunun (§1) 3-cü abzasında həqiqətə uyğun olmayan ifadəni məhkəmə qərarında konkret göstərməklə cavabdehin hərəkətlərinin qanun pozuntusu kimi tanınmasını, şəhid ailəsinin üzvü kimi mənzillə təmin edilməsi üçün mənzillərin uçotu növbəsinə qəbul edilməsi və mənzil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, 19 sentyabr 2023-cü il tarixdə cavabdeh orqanın Başçısı cənab Z.Fərəcova onun Aparatının dəftərxanası vasitəsi ilə əlbəəl olaraq rəsmi qaydada ərizə verilmişdir. Həmin ərizədə yazılmışdır ki, iddiaçı Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etmiş və Daşaltı kəndi uğrunda gedən döyüşlərdə X6 26 yanvar 1992-ci il tarixdə şəhid olmuş, keçmiş hərbi qulluqçu X5 qızıdır. Şəhid ailəsi üzvünün 010816 nömrəli vəsiqəsi Sosial Xidmətlər Agentliyi tərəfindən iddiaçıya təqdim edilmişdir. Ailə qurduqdan sonra hal-hazırda iki azyaşlı qızları ilə (3 iyun 2014-cü il təvəllüdlü Ayan Quliyeva və 21 sentyabr 2016-cı il təvəllüdlü Mədinə Quliyeva) və əri Anar Quliyevlə birlikdə Sumqayıt şəhərində qeydiyyatda olduğu ünvanda qaynatasının mənzilində yaşayır. Hal-hazırda dövlət tibb müəssisəsinin sənədinə əsasən üçüncü uşağının anadan olması gözlənilir. Odur ki, müvafiq qanunvericiliyə əsasən mənzil uçotuna ailəsi 5 nəfərdən ibarət olduğu kimi uçota alınmalıdır. Cavabdeh orqanın Başçısı aparatı Mənzil təsərrüfatı və mənzillərin uçotu şöbəsinin vəzifəli şəxsinin tövsiyyəsinə əsasən, mənzil uçotuna qəbul edilməsi üçün tələb olunan sənədləri toplamışdır, hazırkı ərizəsi ilə təqdim edilmişdir. Həmin ərizəsi ilə şəhid ailəsinin üzvü kimi cavabdeh tərəfindən mənzillə təmin edilməsi üçün mənzillərin uçotu növbəyə qəbul edilməsi və bu barədə rəsmi məlumatın (qərarın surətini) təqdim edilməsini tələb etmişdir. 2 yanvar 2023-cü il tarixdə cavabdeh orqanın Başçısının Aparatı Mənzil təsərrüfatı və mənzillərin uçotu şöbəsinin müdiri Sədaqət Əsədovanın 26 oktyabr 2023-cü il tarixli 5-6\1-Q-203- 068\2023 nömrəli məktubu alınmışdır. Nəzərə çatdırılır ki, poçt zərfinin üzərində cavabdeh orqanın ştampından və "xxxx" MMC-nin poçt ştamplarından göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının ünvanına göndərilməsi nəzərdə tutulan həmin məktub 31 oktyabr 2023-cü il tarixdə AZ5000 poçt şöbəsindən qəbul edilmişdir və 2 noyabr 2023-cü il tarixdə AZ5006 poçt şöbəsinə çatdırılmışdır. Qanunun tələblərinə əsasən sənəd imzalanan gün poçt şöbəsinə təhvil verilməlidir. Göründüyü kimi, vəzifəli şəxs Sədaqət Əsədovanın həmin imtina məktubu köhnə tarixlə təhvil verilmişdir. Bununla ən azından Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinin İ hissəsinin hüquqi tənzimlənməsini nəzərdə tutan “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanunu (7 və 10-cu maddələr), bundan irəli gələn Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2003-cü il tarixli, 935 saylı Fərmanı ilə təsdi edilmiş “Dövlət orqanlarında, mülkiyyətində olan və payların (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında karguzarlığın aparılmasına dair Təlimatı (76, 97, 98, 128-ci bəndlər) əsasında tətbiq edilən hüquqları pozulmuşdur, “İnzibati icraat haqqında” Qanunun tələbləri pozulmuşdur. İddiaçı xahiş edir ki, inzibati orqandan müraciəti tələb edilərək, qeydiyyata alınması barədə daxil olma rəsmi məlumatına, icra olunma tarixinə və çıxış nömrəsinə diqqət yetirilsin, qanunla müəyyən edilmiş müddətdə cavab verilmədiyinə və yuxarıda göstərilən digər bu hallara da məhkəmə qərarında qiymət verilsin. Cavabdeh orqanın Başçısının Aparatı Mənzil təsərrüfatı və mənzillərin uçotu şöbəsinin müdiri Sədaqət Əsədovanın 26 oktyabr 2023-cü il tarixli, 5-6/1-Q-203-068\2023 nömrəli məktubunun 3-cü abzasında yalandan yazılmışdır ki, Mehriban Ağayeva 2-ci mikrorayon, ev 38a\44, mənzil 16-da yaşayış sahəsi ilə təmin olunmuşdur. İddiaçı bu səbəbdən ona aid inzibati işə məhkəmədə araşdırılmalı olmasını bildirmişdir.

7. İddia tələbinin maddi hüquqi əsası kimi “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 4cü maddəsinə istinad olunmuşdur.

8. İddiaçı iddia ərizəsinə dəqiqləşmə təqdim edərək, mənzillə təmin edilməsi məsələsinin həll edilməsi, araşdırmanın aparılmasını, bu məsələnin həllinin nəzarətdə saxlanılmasını və bu haqda rəsmi məlumatın (qərarın surətini) təqdim edilməsi tələb edilməsinə əsaslanaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini və tabeçiliyindəki Sosial Xidmətlər Agentliyinin üçüncü şəxs qismində cəlb edilməsini xahiş etsə də, sonra iddia ərizəsinə dəqiqləşmə ilə yenidən məhkəməyə müraciət edərək, cavabdeh orqanın Başçısının Aparatı Mənzil təsərrüfatı və mənzillərin uçotu şöbəsinin müdiri Sədaqət Əsədovanın 26 oktyabr 2023-cü il tarixli, 5-6\1-Q-203-068\2023 nömrəli məktubunun 3-cü abzasında imtinanın əsası kimi istinad etdiyi həqiqətə uyğun olmayan səhv ifadəni məhkəmə qərarında konkret göstərməklə cavabdehin hərəkətlərinin qanun pozuntusu kimi tanınmasını, şəhid ailəsinin üzvü kimi Sumqayıt şəhərində mənzillə təmin edilməsi vəzifəsinin cavabdehlər Sumqayıt şəhər İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və tabeliyindəki Sosial Xidmətlər Agentliyinin üzərinə qoyulmasını xahiş etmişdir. Ərizə məhkəmənin protokol qərardadı ilə icraata qəbul edilmişdir.

9. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

10. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir.

11. Məhkəmənin 15 yanvar 2024-cü il tarixli, 2-1(118)-2032/2024 nömrəli qərardadı ilə iddiaçının cavabdehə qarşı ““mənzil növbəsinə qəbul edilmə və s.” tələbinə dair iş üzrə X1 (bundan sonra - “üçüncü şəxs”) üçüncü şəxs qismində (adi cəlb etmə) inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Bu səbəbdən məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri üçüncü şəxsə təqdim edilmişdir.

İddia ərizəsinə qarşı etirazın dəlilləri:

12. Cavabdeh tərəfindən etiraz təqdim edilərək, iddia tələbinin təmin edilməməsi xahiş olunmuşdur.

13. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən cavabdeh orqana daxil olmuş ərizələr üzrə şöbənin sabiq işçisi tərəfindən tam araşdırma aparılmadan texniki səhvə yol verilərək 26 oktyabr 2023-cü il tarixli, 5-6/1-Q-203-068/2023 nömrəli məktubla ona yazılı cavab verilmişdir. İddia ərizəsi üzrə araşdırılma aparılması məqsədilə iddiaçı ilə 20 dekabr 2023-cü il tarixdə telefon əlaqəsi yaradılmış, o, atasının şəhid olduğunu bildirməklə anası Mehriban Ağayevanın mənzil təminatı ilə bağlı hər hansı məlumat verməkdən imtina etmişdir. Ərizəyə əlavə edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, iddiaçı 1992-ci il təvəllüdlü olmaqla ailəlidir, 4 nəfərdən (özü, əri və 2 qızı) ibarət ailə tərkibi ilə qaynatasına məxsus olan yaşayış sahəsi 32 kv.m olan 2 otaqlı ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşayır. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən şəhidin imtiyazı onun arvadı və hədd-büluq yaşına çatmamış uşaqlarına şamil olunduğundan iddiaçının mənzil uçotuna alınması mümkün deyildir. Bundan əlavə, mənzil təminatı və onunla bağlı məsələlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətlərinə aiddir.

14. Etirazın maddi hüquqi əsası kimi “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununa istinad olunmuşdur.

c) Tərəflərin iştirakı və izahatları:

15. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmişdir və iştirak etməməsi barədə heç bir məlumat verməmişdir.

16. Cavabdeh məhkəməyə məktub ilə müraciət edərək, işin onun səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir.

17. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).

18. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar. Bildirişdə həmçinin, İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar. Həmçinin, tərəflərə göndərilmiş məhkəmə bildirişlərində onların yazılı izahat vermək, sübutlar təqdim etmək və s. hüquqları barədə xəbərdar olunmuşdurlar.

19. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

20. Məhkəmənin 1 fevral 2024-cü il tarixli iclasında iştirak edən iddiaçı izahatında iddia ərizəsində qeyd edilənləri müdafiə edərək, təmin edilməsini xahiş etmiş, üçüncü şəxsin məhkəmə icraatına cəlb edilməsinə ehtiyac olmamasını bildirərək, onun əsas şikayətin cavabdeh orqanın verdiyi əsassız imtinadan olduğunu qeyd etmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ

a) İddianın mümkünlüyü:

21. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.

22. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.

23. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

24. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.

25. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmiş və əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. b) Tətbiq edilən hüquq:

26. Mənzil Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 49.4. Yaşayış sahəsinin (yaşayış sahəsinin ölçüsünün) uçot norması (bundan sonra - uçot norması) vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması məqsədi ilə onların yaşayış sahəsi ilə təmin olunma səviyyəsinin müəyyənləşdirilməsi üçün əsas olan yaşayış sahəsinin minimal ölçüsüdür. 49.5. Dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün uçot norması müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən, bələdiyyə mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün isə uçot norması müvafiq bələdiyyə tərəfindən müəyyən edilir; Maddə 50. Vətəndaşların sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan hesab edilməsinin əsasları 50.1. Aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra - yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). 50.2. Vətəndaşın və (və ya) onun ailə üzvlərinin sosial kirayə müqaviləsinə əsasən bir neçə yaşayış sahəsi olduqda və (və ya) mülkiyyət hüququ əsasında qeyd edilən şəxslərə bir neçə yaşayış sahəsi məxsus olduqda, yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunma səviyyəsi göstərilən bütün yaşayış sahələrinin ümumi sahəsinin cəmi nəzərə alınmaqla müəyyən edilir. Maddə 51. Yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşların uçota alınması 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. 51.3. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra - uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. 51.4. Uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün nəzərdə tutulmuş sənədlərin və ya məlumatların X4 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda həmin sənədlər və ya məlumatlar vətəndaşdan tələb edilmir. Belə sənədlərin və ya məlumatların X4 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi vətəndaşın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya vətəndaş tərəfindən təmin edilir. 51.5. Uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4-cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. 51.6. Uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir. 51.7. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 53. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtina 53.1. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə (bu Məcəllənin 51.4-cü maddəsinin üçüncü və dördüncü cümlələrinin tələbləri nəzərə alınmaqla); 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. ...

““Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 27 avqust 2009-cu il tarixli 153 nömrəli Fərmanının 1.3.7-ci yarımbəndinə əsasən həmin Məcəllənin 51.7-ci maddəsində nəzərdə tutulmuş vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydasının Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə həvalə edilmişdir. Lakin hazırkı tarixədək müvafiq qaydalar müəyyən edilməmişdir.

27. 30 iyun 2009-cu il tarixli “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: Azərbaycan Respublikasının Milli Məclisi qərara alır: Maddə 1. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi təsdiq edilsin. Maddə 2. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi 2009-cu il oktyabrın 1-dən qüvvəyə minsin. Maddə 3. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə mindiyi gündən Azərbaycan SSR-in 1982-ci il 8 iyul tarixli Qanunu ilə təsdiq olunmuş Azərbaycan SSR Mənzil Məcəlləsi (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1982ci il, № 13, maddə 121) qüvvədən düşmüş hesab edilsin. Maddə 5. Azərbaycan Respublikasında qüvvədə olan digər qanunlar və normativ hüquqi aktlar bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğunlaşdırılanadək həmin Məcəlləyə zidd olmayan hissədə tətbiq edilir. Azərbaycan SSR Nazirlər Sovetinin 14 oktyabr 1983-cü il tarixli 418 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR ərazisində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçota götürülməsi və yaşayış sahələrinin bölüşdürülməsi haqqında Nümunəvi qaydalar” 30 iyun 2009-cu il tarixli Qanunla ləğv edilməmişdir və hazırda qüvvədədir. Nə qədər ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılmasının yeni qaydası təsdiq edilməmişdir, deməli, uçotun aparılması üçün “Azərbaycan SSR ərazisində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçota götürülməsi və yaşayış sahələrinin bölüşdürülməsi haqqında Nümunəvi qaydalar” tətbiq edilməlidir.

29. Azərbaycan SSR Nazirlər Sovetinin 14 oktyabr 1983-cü il tarixli 418 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR ərazisində mənzil ehtiyacını yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydaları”nın müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

1. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürmək, növbə müəyyən etmək və yaşayış sahələri vermək məsələlərinə dair komissiyanın təklifləri müvafiq yerli xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən müzakirə və təsdiq edilir.

2. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanlar - mənzil tikinti kooperativlərinin üzvləri, şəxsi mülkiyyətində yaşayış evi olan vətəndaşlar və bu evlərdə yaşayan başqa vətəndaşlar ümumi əsaslarla uçota götürülür və yaşayış sahələri ilə təmin edilirlər.

4. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçotuna həmin yaşayış məntəqəsində müddəti rayon, şəhər (respublika və vilayət tabeli şəhər) xalq deputatları Sovetləri tərəfindən müəyyən edilən vaxt ərzində daimi yaşayan şəxslər götürülürlər.

6. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar, bir qayda olaraq, yaşayış yerində rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsində uçota götürülürlər; Azərbaycan Respublikası Konstitusiyasının Keçid Müddəalarının 6-cı bəndinə görə Azərbaycan Respublikasının qanunvericiliyi yerli xalq deputatları sovetlərinə aid edilmiş səlahiyyətləri yerli icra hakimiyyəti orqanları həyata keçirir.

30. Bakı Şəhər Xalq Deputatları Soveti 4-cü sessiyasının 8 aprel 1988-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları” nın müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

8. Mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan hesab edilmiş vətəndaşlar yaşayış yerində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna bu şərtlə götürülürlər ki, azı son beş il ərzində Bakı şəhərində yaşamış olsunlar və daimi pasport qeydiyyatında olsunlar. Yaşayışın müddəti Bakı şəhərində pasport qeydiyyatının olması ilə müəyyən edilir. Bakı şəhərinə bu qaydalar qəbul edildikdən sonra gələn vətəndaşlar Bakı şəhərində pasport qeydiyyatının təsdiq etdiyi kimi yeddi il yaşadıqdan sonra mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna götürülürlər.

31. İPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır c) Məhkəmənin mövqeyi:

32. Sadalanan normaların məzmunundan görünür ki, şəxsin yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün əsas meyar onun yaşayış sahəsi ilə təmin olunub olunmaması, əgər təmin olunmuşsa, yaşayış sahəsinin ölçüsünün yaşayış sahəsinin uçot normasına uyğunluğudur.

33. İddiaçı tələbində Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etmiş və Daşaltı kəndi uğrunda gedən döyüşlərdə X6 26 yanvar 1992-ci il tarixdə şəhid olmuş keçmiş hərbi qulluqçu X5 qızı omasının və ailəsi ilə birlikdə qaynatasının mənzilində yaşamasına istinad edərək mənzil növbəsinə qəbul edilməli olmasını bildirmişdir.

34. Cavabdeh orqan isə iddia tələbinə dair təqdim etdiyi etirazında bir neçə məsələyə toxunmuşdur: - iddiaçı tərəfindən cavabdeh orqana daxil olmuş ərizələr üzrə şöbənin sabiq işçisi tərəfindən tam araşdırma aparılmadan texniki səhvə yol verilərək 26 oktyabr 2023-cü il tarixli, 5-6/1-Q-203-068/2023 nömrəli məktubla ona yazılı cavab verilmişdir; - İddia ərizəsi üzrə araşdırılma aparılması məqsədilə iddiaçı ilə 20 dekabr 2023-cü il tarixdə telefon əlaqəsi yaradılmış, o, atasının şəhid olduğunu bildirməklə anası Mehriban Ağayevanın mənzil təminatı ilə bağlı hər hansı məlumat verməkdən imtina etmişdir; - Ərizəyə əlavə edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, iddiaçı 1992-ci il təvəllüdlü olmaqla ailəlidir, 4 nəfərdən (özü, əri və 2 qızı) ibarət ailə tərkibi ilə qaynatasına məxsus olan yaşayış sahəsi 32 kv.m olan 2 otaqlı ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşayır.

35. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununu: 1.1. Şəhid - Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. 2.1. Şəhid ailə üzvləri aşağıdakılar hesab olunurlar; 2.1.1. arvadı (əri); 2.1.2. valideynləri; 2.1.3. 18 yaşına çatmamış uşaqları, 18 yaşınadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan övladları; 2.1.4. qardaşları və bacıları - uşaq evlərində tərbiyə olunanlar; 2.1.5. babalar və nənələr, qanunla onları saxlayan şəxs yoxdursa; 2.1.6. 2.1.3 və 2.1.4 bəndlərində göstərilənlər əyani təhsil müəssisələrində təhsil aldıqda 23 yaşa çatanadək ailə üzvü hesab edilirlər. 3.2. Şəhid ailəsi statusunu almış ailə üzvlərinə qanunvericiliklə müəyyən edilmiş təminatlar (güzəştlər) aşağıdakı qaydada verilir; (-) 3.2.16. mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailələri yaşayış sahəsi ilə birinci növbədə təmin olunurlar; (-)

36. Sadalanmış normaları hazırki mübahisə ilə əlaqəli şəkildə araşdırmaqla məhkəmə belə nəticəyə gəlir ki, şəhidin 18 yaşına çatmamış uşaqları, 18 yaşınadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan övladları onun ailə üzvü kimi tanındığından, həmin Qaydaların 3-cü bəndində nəzərdə tutulmuş güzəştlər mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailələri yaşayış sahəsi ilə birinci növbədə təmin olunması halı, xx xxxxx 1992-ci il təvəllüdlü iddiaçıya münasibətdə mövcud deyildir.

37. Bundan əlavə, cavabdehin imtina və etirazında toxunduğu iddiaçının anası M.Ağayevanın mənzillə təmin olunması ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir.

38. İddiaçı anası Mehriban Ağayevanın mənzil təminatı ilə bağlı halın araşdırılmasında maraqlı olmamışdır. Bunu həm cavabdehin məhkəməyə təqdim etdiyi etirazında, həm də məhkəmə prosesi zamanı iddiaçı tərəf açıq şəkildə bildirmişdir. Belə ki, məhkəmənin 15 yanvar 2024-cü il tarixli, 2-1(118)-2032/2024 nömrəli qərardadı ilə X1 üçüncü şəxs qismində (adi cəlb etmə) inzibati məhkəmə icraatına cəlb edilsə də, üçüncü şəxs məhkəmə prosesində iştirak etməmiş, onun iştirakını iddiaçı tərəf etirazla qarşılamış, İPM-in 12.3-cü maddəsində nəzərdə tutulan (məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar.) tələbini pozmuşdur.

39. Halbuki, İPM-in 12.4-cü maddəsinə əsasən, proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər.

40. Dispozitiv xüsusiyyətə malik olan bu normanın məzmunundan müyyən olunur ki, işin hallarının araşdırılması prinsipi məhkəmə icraatının obyektiv həyata keçirilməsi baxımından önəm daşıdığından işin hallarının tam, hərtərəfli, obyektiv araşdırılmasına maneə olmaq qanunvericiliklə qadağandır. Tərəflər məhkəməyə işin hallarının araşdırılmasında yardım etməlidir. Bu vəzifənin yerinə yetirilməməsi bəzən ona gətirib çıxara bilər ki, məhkəmə tərəfindən işin hallarını araşdırması heç bir əhəmiyyət kəsb etməsin. Belə ki, bəzən müəyyən hallar barəsində ancaq tərəfin (və ya tərəflərin) özü məlumatlı olur və onun köməyi olmadan həmin halın məhkəmə tərəfindən müəyyənləşdirilməsi mümkünsüz ola bilər. Bu halda məhkəmə işin həmin halının (hallarının) araşdırılmasını dayandırır və aydınlaşdırılmamış hal məhkəmənin yekun qərarında yardım etməyən tərəfin sübut etmədiyi fakt kimi, yəni onun ziyanına təfsir edilir.

41. Bu səbəbdən məhkəmə, hazırki halda cavabdeh tərəfin imtina və etirazında qeyd edilənləri də nəzərə alaraq hesab edir ki, iddiaçının anası mənzillə təmin olunmuş kimi qəbul edilməlidir.

42. Beləliklə, göstərilənlərə əsasən müəyyən olunur ki, iddiaçının yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün əsaslar mövcud deyildir.

43. Məhkəmə qeyd edir ki, yuxarıda sadalanan mənzil qanunvericiliyinin məqsədi sosial müdafiəyə ehtiyacı olan şəxslərin layiqli həyat səviyyəsi, onların sosial təminatı və cəmiyyətin həyatında tam həcmdə iştirakını və sosial inteqrasiyasına şərait yaradılmasını, onların həyat şəraitinin yaxşılaşdırılmasını təmin etməkdir. Bununla bağlı dövlətin vəzifəsi müvafiq kateqoriyadan olan şəxslərin ehtiyaclarının ödənilməsi üçün köməklik göstərilməsidir. Hazırkı halda iddiaçı özünün həqiqətən də sosial müdafiəyə, həyat şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs olmasını sübuta yetirə bilməmişdir.

44. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən qanunvericilikdə nəzərdə tutulmuş faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir.

45. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuşdur. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Bu səbəbdən, məhkəmə yuxarıda göstərilənlərə istinad edərək iddiaçının “cavabdeh orqanın Başçısının Aparatı Mənzil təsərrüfatı və mənzillərin uçotu şöbəsinin müdiri Sədaqət Əsədovanın 26 oktyabr 2023-cü il tarixli, 5-6\1-Q-203- 068\2023 nömrəli məktubunun 3-cü abzasında imtinanın əsası kimi istinad etdiyi həqiqətə uyğun olmayan səhv ifadəni məhkəmə qərarında konkret göstərməklə cavabdehin hərəkətlərinin qanun pozuntusu kimi tanınması” tələbini də əsasssız hesab edir.

46. Bundan əlavə, iddiaçının iddia tələbinin dəqiqləşmə ərizəsində qeyd etdiyi “cavabdeh orqanın Başçısının Aparatı Mənzil təsərrüfatı və mənzillərin uçotu şöbəsinin müdiri Sədaqət Əsədovanın 26 oktyabr 2023-cü il tarixli, 5-6\1-Q-203- 068\2023 nömrəli məktubunun 3-cü abzasında imtinanın əsası kimi istinad etdiyi həqiqətə uyğun olmayan səhv ifadəni məhkəmə qərarında konkret göstərməklə cavabdehin hərəkətlərinin qanun pozuntusu kimi tanınmasını, şəhid ailəsinin üzvü kimi Sumqayıt şəhərində mənzillə təmin edilməsi vəzifəsinin cavabdehlər Sumqayıt şəhər İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və tabeliyindəki Sosial Xidmətlər Agentliyinin üzərinə qoyulması” tələbində sonuncu orqanın cavabdeh kimi qeyd edilməsinin heç bir səbəbi qeyd olunmadığı və qanunvericilik baxımından da əsası müəyyən olunmadığı üçün hesab edir ki, həmin hissə vəsatət xarakterli olduğundan, ona tələb kimi də qiymət verilməməlidir. Odur ki, iddia tələbinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və tabeliyindəki Sosial Xidmətlər Agentliyinə münasibətdə mahiyyəti üzrə baxılması zərurəti yoxdur.

47. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı olduğundan, iddiaçının “mənzil növbəsinə qəbul edilmə və s.” tələblərinə dair iddiası təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ

48. Şərh edilənlərə və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı “mənzil növbəsinə qəbul edilmə və s.” tələblərinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar