Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2034/2022 29.06.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün ƏLəmdar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Quba bələdiyyəsinə qarşı “Quba bələdiyyəsinin 30 may 2012-ci il tarixli, 9/4 nömrəli çıxarışının ləğv edilməsi və onun əsasında Daşınmaz Əmlakən Dövlət Reyestr Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən Quba bələdiyyəsinin adına verilmiş xx.xx.2012-ci il tarixli, **********20 reyestr nömrəli, ********** qeydiyyat nömrəi RX ******* seriyalı çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı cavabdeh Quba bələdiyyəsinə qarşı iddia qaldıraraq “Quba bələdiyyəsinin 30 may 2012-ci il tarixli, 9/4 nömrəli çıxarışının ləğv edilməsi və onun əsasında Daşınmaz Əmlakən Dövlət Reyestr Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən Quba bələdiyyəsinin adına verilmiş xx.xx.2012-ci il tarixli, **********20 reyestr nömrəli, ********** qeydiyyat nömrəi RX ******* seriyalı çıxarışın etibarsız hesab edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə tərəfindən dinlənilmiş və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsi nəzərə alınaraq araşdırılma aparılmışdır. Həmin maddəyə əsasən məhkəmə qaldırılan iddiada yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İddiaçı həmin normaya uyğun olaraq müvafiq yardım edilmiş və inzibati məhkəmə icraatında iddianı qaldıran şəxsin həmin iddia ilə bağlı subyektiv hüquqa malik olmamasının, eyni zamanda iddianın düzgün olmayan cavabdehə yönəldilməsinin iddianın mükünsüzlüyünə səbəb olacağı izah edilmişdir. İddiaçı iddiasına olduğu kimi baxılmasını və iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İzahatında bildirmişdir ki, iddia tələbinə olduğu kimi baxılmasını məhkəmədən xahiş edir. Belə ki, digər şəxslər tərəfindən obyekt tikilsə onun mülkiyyətində olan anbara girişçıxış hissəsinə yol bağlanacaq. O, Quba bələdiyyəsinə ona yer lazım olduğu üçün müraciət etmiş, lakin, həmin hissədə yüksək gərginlikli elektirik xətti keçdiyindən satıla bilməyəcəyi qeyd edilmişdir. O, 2 il mübarizə aparandan sonra yalnız anbara giriş-çıxış hissəni alqı-satqı ilə ala bilmişdir. Digər hissənin satılmama səbəbi ilə razılaşmışdır. Lakin sonradan həmin torpaq sahəsinin satıldığı və çıxarış alındığını bilib. Qeyd edir ki, anbarda bir neçə dəfə oğurluq hadisəsi olub. Bu səbəbdən anbara giriş çıxışı reşotka ilə bağlamışdır. İcarəyə verdiyi yerdə ehtiyac olduğundan reşotkaların bir neçəsini söküb. Bu vaxt qonşu mağazadan maraqlanmışlar ki, burda nə edirsiniz? O isə anbarı icarəyə verdiyini bildirmişdir. Növbəti gün düz anbarın qapısının ağzına 1 maşın kubik töküldüyünü görmüş. Maraqlandıqda qonşu bildirib ki, buranı almışıq, obyekt tikirik. Sənədlərinə baxdıqda həqiqətən anbarın yanındakı ərazinin satıldığı aydın olub. Bundan sonra o müvafiq orqanlara şikayət etmişdir. Əsas məsələ ondadır ki, Müslüm Allahverdiyev iclas protokolu olmadan torpağı bacısı ərinə satmışdır. Bələdiyyə mülkiyyətçi ola bilər, amma hüquqlarını vicdanlı həyata keçirməlidir. Bu hal onun hüquqlarını pozur. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, iddiaçının tələbi Quba bələdiyyəsinin adına olan çıxarışın ləğv edilməsindən ibarətdir. İddiaçı Quba bələdiyyəsinə məxsus daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsini məhkəmədən xahiş edir. Lakin cavabdeh qismində həmin tələbə cavab verməyən orqan olan Quba bələdiyyəsini qoymuşdur. Halbuki Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikası Qanunun 2-ci maddəsinə əsasən Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsindən 3.1.2-ci bəndindən görünür ki, dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin vəzifələrinə daxildir. Qeyd oluna orqan tərəfindən verilmiş çıxarışın ləğvi ilə bağlı bələdiyyələrin qanunvericilikdə hər hansı bir səlahiyyəti müəyyən olunmamışdır. Bundan başqa məhkəmə qeyd edir ki, iddia düzgün orqana qarşı yönəldilmiş olsaydı belə, iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ yoxdur. Belə ki, Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinə əsasən həmin Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasını əsaslandırdığı hallarda mümkün hesab edilir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı qərarında qeyd edilir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin qərarın 5.2-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddiaçı 2011-ci ildə ona məxsus obyektin yanındakı torpaq sahəsinin ayrılması ilə bağlı bələdiyyə müraciət etdiyini, lakin bələdiyyə tərəfindən ona həmin torpaq sahəsinin ayrılmadığını və buna görə də bələdiyyənin öz adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış çıxarışın ləğv edilməsini məhkəmədən xahiş edir. Qeyd olunan torpaq sahəsinə dair iddiaçının hər hansı bir hüququnun olduğu müəyyən edilmir. İddiaçı tərəfindən də bununla bağlı məhkəməyə hər hansı bir sənəd təqdim edilməmişdir. Eyni zamanda ləğv olunması tələb olunan çıxarış hər hansı bir şəxsə torpaq sahəsi üzərində hüququn qeydiyyatı ilə bağlı deyil, bələdiyyənin həmin torpaq sahəsi üzərində hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatını təsdiq edir. Bələdiyyənin sözügedən torpaq sahəsi üzrə hüququ isə mübahisə predmeti deyildir. Qeyd olunduğu kimi mübahisə iddiaçının ona ayrılmasını tələb etdiyi torpaq sahəsinə bələdiyyənin adına verilmiş çıxarışın ləğvi ilə bağlıdır ki, bu halda iddiaçının hər hansı hüquqlarının və qanunla qorunan mənafelərinin pozulduğu müəyyən edilmir. “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2007ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında göstərilir ki, işə baxan məhkəmə mülki mübahisənin qanuni həlli üçün ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını əsaslandırmalı, sonra isə subyektiv hüququ 3 elementin məcmusu kimi qiymətləndirməlidir: öz hərəkətinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Mübahisə predmeti olan torpaq sahəsinə dair iddiaçının hər hansı hüququnun pozulması, həmin torpaq sahəsi üzərində subyektiv hüquqlara malik olması məhkəmə iclasında təsdiqini tapmadığından, iddia mümkün sayılmalı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Quba bələdiyyəsinə qarşı “Quba bələdiyyəsinin 30 may 2012-ci il tarixli, 9/4 nömrəli çıxarışının ləğv edilməsi və onun əsasında Daşınmaz Əmlakən Dövlət Reyestr Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən Quba bələdiyyəsinin adına verilmiş xx.xx.2012-ci il tarixli, **********20 reyestr nömrəli, ********** qeydiyyat nömrəi RX ******* seriyalı çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Mirzəyeva
Məhkəmə qərarları › İş №2-1(118)-2034/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2034/2022
29.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver