Məhkəmə qərarları › İş №2-1(118)-2035/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2035/2024

22.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2035/2024 22.04.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Kamal qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı Abşeron rayon Xırdalan qəsəbə X7 İcraiyyə Komitəsinin 31 oktyabr 1989-cu il tarixli 70-3 nömrəli qərarı və X5 direktorunun 23 mart 1989-cu il tarixli 25 nömrəli əmri ilə ayrılmış 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun faktiki istifadə vəziyyətinə uyğun şəkildə daşınmaz əmlakın dövlət reyestrində vahid daşınmaz əmlak kimi qeydiyyata alınaraq müvafiq çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, qarşı Abşeron rayon Xırdalan qəsəbə X7 İcraiyyə Komitəsinin 31 oktyabr 1989-cu il tarixli, 70-3 nömrəli qərarı və X5 direktorunun 23 mart 1989-cu il tarixli, 25 nömrəli əmri ilə adına ayrılmış Masazır kəndi ərazisində yerləşən 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun faktiki istifadə vəziyyətinə uyğun şəkildə daşınmaz əmlakın dövlət reyestrində vahid daşınmaz əmlak kimi qeydiyyata alınaraq müvafiq çıxarış və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron rayon Xırdalan qəsəbə X7 İcraiyyə Komitəsinin 31 oktyabr 1989-cu il tarixli 70-3 nömrəli qərarı və X5 direktorunun 23 mart 1989-cu il tarixli 25 nömrəli əmri ilə ayrılmış 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun faktiki istifadə vəziyyətinə uyğun şəkildə daşınmaz əmlakın dövlət reyestrində vahid daşınmaz əmlak kimi qeydiyyata alınaraq müvafiq çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Masazır kəndində yerləşən 0,10 ha torpaq sahəsi X5 direktorunun 23 mart 1989-cu il tarixli, 25 nömrəli əmri ilə ayrılmışdır. Abşeron rayon Xırdalan qəsəbə X7 İcraiyyə Komitəsinin 31 oktyabr 1989-cu il tarixli 70-3 nömrəli qərarı ilə iddiaçıya həmin torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Torpaq sahəsi iddiaçıya təhvil verilmiş, faktiki olaraq hazıradək istifadə və sahibliyindədir. Həmin torpaq sahəsi üzərində fərdi yaşayış evi inşa etdirmişdir. İddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə Abşeron rayon Xırdalan qəsəbə X7 İcraiyyə Komitəsinin 31 oktyabr 1989-cu il tarixli, 70-3 nömrəli qərarı ilə Abşeron rayonu, Masazır kəndində yerləşən 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun adına qeydiyyata alınması, reyestrdən çıxarış və plan və ölçü sənədinin verilməsi ilə bağlı xx.xx.2020-ci il tarixli ərizə ilə müraciət etmiş, lakin bir ildən sonra 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli, **********87 saylı bildiriş məktubu ilə ərizənin icrasından imtina edilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etmiş və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi X3 iddianı qəbul etmədi və izah etdi ki, aparılan araşdırma zamanı Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən 0,10 ha torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı üçün tələb olunan əsaslar üzrə hüquqmüəvvənedici sənədlərin müraciət ərizəsinə daxil edilmədiyi, müraciət üzrə əlavə edilmiş Abşeron Rayon XDS İK-nin 31 oktyabr 1989-cu il tarixli, 70-3 nömrəli qərarının həyətyanı torpaq sahəsində kənd yeri üçün tövsiyə olunan layihə üzrə fərdi yaşayış evi tikintisi məqsədilə verildiyi, sözügedən qərarın verilməsinə əsas olmuş 23 mart 1989-cu il tarixli, 25 nömrəli müvafiq sovxoz əmrinin təqdim olunmuş sənədlər toplusuna əlavə edilmədiyi, torpaq sahəsinin ilkin baş planı və ya təsdiq edilmiş ayrıc aktının idarəyə təqdim edilmədiyi müəyyən olunmuşdur. İş materiallarında olan: -Xırdalan qəsəbə XDS İK-nin xx.xx.1989-cu il tarixli 70-3 saylı qərarından çıxarışdan görünür ki, X5 əmək kollektivi şurası, ilk həmkarlar ittifaqı təşkilatı, müdiriyyətin 20 mart 1989-cu il tarixli birgə qərarı /protokol №2/ və sovxoz direktorunun 23 mart 1989-cu il tarixli, 25№-li adları qeyd olunan Ermənistan SSR-dən gələn köçkünlərin hər birinə ayrılmış 0,10 həyətyanı torpaq sahəsində Azərbayn SSR-də kənd yeri üçün tövsiyə olunmuş layihə üzrə fərdi ev tikmək məqsədəuyğun hesab edilmişdir. Vəətndaşların adlı siyahısında xx.xx.1988-ci ildən fəhlə işləyən İddiaçı adı 7-ci sırada qeyd edilmişdir. - Abşeron rayon Masazır bələdiyyəsinin yerquruluşu planından çıxarışdan görünür ki, həmin sənəd İddiaçı ayrılmış 0,10 ha torpaq sahəsinə dair tərtib edilmişdir. - xx.xx.1989-cu il tarixli aktdan görünür ki, 0,10 ha torpaq sahəsinin sxematik planı sərhədlərinə taxta nişangahlar qoyulduqdan sonra İddiaçı təhvil verilmişdir. - Abşeron rayonu Masazır bələdiyyəsinin Abşeron rayon İcra Hakimiyyəti başçısına ünvanladığı xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Abşeron rayonu Masazır bələdiyyəsinin inzibati ərazi vahidində yerləşən Xıralan südçülük-tərəvəzçilik sovxozu direktorunun 23 mart 1989-cu il tarixli 25 №-li əmri ilə vətəndaş İddiaçı alqı-satqı yolu ilə ayrılmış 0,10 ha torpaq sahəsinin mülkiyyətə verilməsi nəzərdə tutulmuşdur. Qeyd olunanları nəzərə alaraq həmin torpaq sahəsinin vətəndaş İddiaçı mülkiyyətinə verilməsinə rəy verilməsi üçün Abşeron rayon Memarlıq və Tikinti şöbəsinə müvafiq göstərişin verilməsi xahiş edilmişdir. -iddiaçıya aid əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.1998-ci il tarixdən xx.xx.1990-c il tarixədək X4 fəhlə işləmişdir. -Məhkəmənin sorğusuna əsasən Abşeron rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Abşeron rayon Dövlət Arxivinin arxiv fondunda mövcud olan X5 xx.xx.1989-cu il tarixli, 25 saylı qərarlarında vətəndaş İddiaçı adı aşkar edilməmişdir. Məlumat üçün bildiririk ki, X5 xx.xx.1989-cu il tarixli, 2 saylı qərarı arxiv fondudna aşkar edilməmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 157.1-ci maddəsinə uyğun olaraq mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 01 yanvar 1971-ci il tarixdə qüvvəyə minmiş və 09 noyabr 1991-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 16-cı maddəsinə əsasən kolxozlar, sovxozlar, digər müəssisələr, idarələr və təşkilatlar qanunla müəyyən edilmiş hallarda, onlara təhkim olunmuş torpaqlardan təkrar istifadə üçün torpaq sahələri ayıra bilərlər. Torpaqdan təkrar istifadə qaydası və şərtləri bu Məcəllənin 70-ci maddəsi, 84-cü maddəsinin birinci hissəsi, 137, 142-145 və 151-ci maddələri ilə müəyyən olunur. Həmin Məcəllənin 20-ci maddəsinin üçüncü hissəsinə görə şəhər və qəsəbə xalq deputatları Sovetlərinin icraiyyə komitələri bu Məcəllənin 107-ci maddəsinə müvafiq olaraq, qəsəbə xalq deputatları Sovetlərinin icraiyyə komitələri isə həmçinin bu Məcəllənin 17-ci maddəsində nəzərdə tutulmuş qaydada qəsəbə Sovetinə ayrılmış torpaqlardan daimi və ya müvəqqəti istifadəyə torpaq sahələri verirlər. Göstərilən Məcəllənin 80-ci maddəsinə görə kənd təsərrüfatı ehtiyacları üçün sovxozun və ya digər dövlət kənd təsərrüfatı müəssisəsinin, idarəsinin, təşkilatının istifadəsinə verilən torpaqlardan təsdiq edilmiş təsərrüfatdaxili yerquruluşu layihəsinə uyğun surətdə, bu Məcəllənin 92-ci maddəsində müəyyən edilmiş normalar daxilində fəhlələrə və qulluqçulara həyətyanı torpaq sahələri verilməsi üçünn həyətyanı torpaqlar ayrılır və mərzlənir. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının 2, 2.5-ci bəndində Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, cavadeh inzibati orqan imtina bildirişində sözügedən torpaq sahəsinin ayrılması ilə bağlı ilkin baş planın və ayrıc aktının olmaması və bununla bağlı torpaq sahəsinin harada yerləşməsinin bəlli olmadığını bildirmişdir. İş üzrə araşdırılmış sübutlarla müəyyən edilir ki, Abşeron rayonu, Masazır kəndində yerləşən 0,10 ha torpaq sahəsi üzərində Abşeron rayon Xırdalan qəsəbə X7 İcraiyyə Komitəsinin 31 oktyabr 1989-cu il tarixli, 70-3 nömrəli qərarı ilə iddiaçının adına X5 direktorunun 23 mart 1989-cu il tarixli, 25 nömrəli əmri ilə ayrılmış 0,10 ha torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Torpaq sahəsi iddiaçıya təhvil verilmiş, faktiki olaraq istifadə və sahibliyindədir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 3-cü hissəsinə görə fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Oxşar işlər üzrə məhkəmə praktikasından müəyyən edilmişdir ki, Azərbaycan SSR Nazirlər Sovetinin 02 mart 1989-cu il tarixli 111 nömrəli Qərarı ilə fərdi yaşayış evlərinin tikintisi ilə əlaqədar Yevlax rayon Mingəçevir qəsəbəsi və Abşeron rayon Masazır kəndinin ərazisinin genişləndirilməsi və s.qərara alınmışdır. Həmin Qərara əlavə edilmiş siyahıdan görünür ki, Abşeron rayon X5 fəhlə və qulluqçularına (150 ailə) fərdi yaşayış evinin tikintisi üçün ayrılması ilə əlaqədar Abşeron rayon İcraiyyə Komitəsinə 15.0 ha torpaq sahəsinin ayrılması nəzərdə tutulmuşdur. İddiaçı fərdi yaşayış evinin tikintisinə icazə verilməsi barədə Xıralan qəsəbə XDS İK-nin 31 oktyabr 1989-cu il tarixli 70-3 saylı qərarında qeyd edilmişdir ki, Azərbaycan SSR Nazirlər Sovetinin 02 mart 1989-cu il tarixli 111 nömrəli Qərarı ilə fərdi ev tikmək üçün sovxozda işləyən Ermənistan SSR-dən gələn köçkünlərə fərdi ev tikmək üçün Xırdalan sovxozu əmək kollektivi şurası, ilk həmkarkar ittifaqı təşkilatı və müdiriyyətin 20 mart 1989-cu il tarixli 2 saylı protokol qərarı və 23 mart 1989-cu il tarixli 25 N-li əmri ilə hər bir işçiyə ailə üzvləriu nəzrə alınmaqla 0.10 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahələrində Azərbaycan SSR-də kənd yeri tövsiyyə olunan layihə üzrə fərdi ev tikməyə icazə verilməsi barədə 30 oktyabr 1989-cu il tarixli 526 N-li məktubla qəsəbə XDS İcraiyyə Komitəsindən xahiş edilmişdir. Beləliklə, cavabdehin iddiaçıya verdiyi imtina cavabı üç dəlildən ibarətdir: 1) Abşeron rayonu, Masazır kəndində yerləşən 0,10 ha torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər, torpaq sahəsinin ilkin baş planı və ya təsdiq edilmiş ayrıc aktının İdarəyə təqdim edilməməsi; 2) müraciət üzrə əlavə edilmiş Abşeron rayon XDS İK-nin 31 oktyabr 1989-cu il tarixli, 70-3 saylı qərarın arxiv arayışında həmin sərəncamın həyətyanı torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə məqsədilə verilməsi; 3) torpaq sahəsinin təhvil verilməsi barədə aktda yerləşmə vəziyyətinin göstərilməməsi. Cavabdehin birinci dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, torpaq sahəsinin ayrılmasına dair sərəncama ayrıc aktının və ya ilkin baş planın əlavə edilməməsi iddaçının mülkiyyət hüququnun qeydə alınmasından imtina üçün mötəbər dəlil hesab edilə bilməz. Belə ki, torpaq sahəsinin yeri naturada bəllidir, iddiaçının faktiki istifadəsindədir, bələdiyyənin yerquruluşu xəritəsində qeydə alınmışdır. Cavabdehin ikinci dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, məhkəmənin vediyi sorğunun nəticəsində Xıdalan südçülük sovxozunun xx.xx.1989-cu il tarixli 2 saylı qərarın arxiv fondunda aşkar edilmədiyi, 25 nömrəli xx.xx.1989-cu il tarixli əmrində isə iddiaçının adını aşkar edilmədiyi göstərilmişdir. Oxşar işlər üzrə məhkəmənin verdiyi sorğularla müəyyən edilmişdir ki, X5 1989-cu ilə dair sənədlərin saxlanıldığı kitablar arasında Abşeron rayon Dövlət Arxivinin arxiv fondunda olan kitab 68 nömrəli əmrdən üzlüksüz olaraq başlayır. Məhkəmə hesab edir ki, toplanan sənədlərin məcmusu İddiaçı torpaq sahəsinin X5 25 nömrəli xx.xx.1989-cu il tarixli əmri ilə ayrıldığını təsdiq edir. Həmin əmrin arxivdə aşkar edilməməsi vətəndaşın məsuliyyətinə aid olmamaqla ümumiyyətlə həmin dövrə aid arxiv kitabının olmaması, daha doğrusu həmin kitabın bir hissəsinin məhv edilməsi ilə bağlıdır ki, cavabdehin bu səbəbdən iddiaçıya imtina cavabı verməsi əsassızdır. X5 25 nömrəli xx.xx.1989-cu il tarixli əmri həmin torpaq sahəsinə dair qanuni istifadə ilə bağlı sənəd hesab olunmaqla mübahisəsi gedən torpaq sahəsi üzərində onun hüquqlarının dövlət qeydiyyatı üçün əsasdır. Azərbayan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 02 noyabr 2023-cü il tarixli 2(102)-2282/2023 sayl qərarında göstərilmişdir ki, “Nəzərə almaq lazımdır ki, açıq şəkildə göstərilib-göstərilməməsindən asılı olmayaraq bütün inzibati aktların qəbul edilməsində güdülən əsas ümumi məqsəd ictimai mənafenin təmin edilməsidir. Bununla yanaşı, inzibati aktlar üçün bu ümumi və dəyişməz məqsədlə yanaşı, xüsusi və müəyyən məqsədlər də nəzərdə tutula bilər. Belə xüsusi məqsədlər kimi hər hansı qanundan və digər normativ-hüquqi aktdan irəli gələn vəzifələrin icrasını təmin etmək çıxış edə bilər. Odur ki, inzibati aktlar məqsəd ünsürü baxımından qiymətləndirilərkən onların ümumi və ya xüsusi məqsədə yönəlib-yönəlmədiyi məsələsi ətrafında da dəyərləndirmə aparılmalıdır. Bu mənada, hazırki işin halları baxımından aydındır ki, Abşeron rayon XDS İcraiyyə Komitəsinin 26 mart 1991-ci il tarixli, 59 nömrəli qərarı xüsusi məqsədin təmin edilməsinə yönəlmiş inzibati akt olmuşdur. Çünki həmin qərar məhz Azərbaycan SSR Nazirlər Sovetinin 17 aprel 1989-cu il tarixli, 172 saylı qərarının icrası qaydasında qəbul edilmişdir. Qeyd edilən qərarda isə yuxarıda da göstərildiyi kimi ehtiyacı olan vətəndaşların məskunlaşdırılması ilə bağlı məsələlər, o cümlədən fərdi yaşayış evlərinin tikintisini təmin etmək üçün onlara torpaq sahələrinin ayrılması məsələsinin həll edilməli olduğu müəyyən edilmişdir. Beləliklə, işdəki sənədlərin məcmusu, o cümlədən inzibati aktın məqsəd ünsürü nəzərə alındıqda Abşeron rayon XDS İcraiyyə Komitəsinin 26 mart 1991-ci il tarixli, 59 nömrəli qərarı iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılmasına dair hüquq müəyyənedici sənəddir”. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Bununla bağlı məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, Abşeron rayon Xırdalan qəsəbə X7 İcraiyyə Komitəsinin 31 oktyabr 1989-cu il tarixli, 70-3 nömrəli qərarı və X5 direktorunun 23 mart 1989-cu il tarixli, 25 nömrəli əmri ilə ayrılmış Masazır kəndi ərazisində yerləşən 0,10 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun faktiki istifadə vəziyyətinə uyğun şəkildə daşınmaz əmlakın dövlət reyestrində vahid daşınmaz əmlak kimi qeydiyyata alınaraq müvafiq çıxarış və plan və ölçü sənədinin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Abşeron rayon Xırdalan qəsəbə X7 İcraiyyə Komitəsinin 31 oktyabr 1989-cu il tarixli, 70- 3 nömrəli qərarı və X5 direktorunun 23 mart 1989-cu il tarixli, 25 nömrəli əmri ilə ayrılmış Masazır kəndi ərazisində yerləşən 0,10 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun faktiki istifadə vəziyyətinə uyğun şəkildə daşınmaz əmlakın dövlət reyestrində vahid daşınmaz əmlak kimi qeydiyyata alınaraq müvafiq çıxarış və plan və ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70, (Sumqayıt Məhkəmə Kompleksi) ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar