Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2035/2025 22.01.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: X5 Təşəkkül oğlunun sədrliyi, X3 oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayonu Qobu qəsəbə XDS-in İcraiyyə Komitəsinin 19 iyul 1991-ci il tarixli, 15/2 nömrəli qərarı ilə ayrılmış 0.10 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarış və plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiasına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Qobu qəsəbə XDS İK-nin 19 iyul 1991-ci il tarixli 15/2 saylı qərarı ilə Abşeron rayon X4 icraiyyə Komitəsinin 21 iyun 1991-ci il tarixli 126 nömrəli qərarını rəhbər tutaraq iddiaçıya 0,10 ha həyətyanı torpaq sahəsi ayrılmışdır, iddiaçı həmin vaxtdan göstərilən torpaq sahəsinə faktiki sahiblik etməyə başlamış, hazırda da- iddiaçının faktiki sahibliyində və istifadəsindədir.İddiaçı nümayəndə vasitəsilə 4 saylı Abşeron Ərazi İdarəsinə Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 10 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, reyestrdən çıxarışın və plan və ölçü sənədinin verilməsi ilə bağlı 18 aprel 2024cü il tarixli ərizə ilə müraciət etmiş, lakin 4 saylı Abşeron Ərazi idarəsinin xx.xx.2024-cü ıl tarixli bildiriş məktubu ilə ərizənin icrasından imtina edilmişdir.Hesab edir ki, cavabdehin yuxarıda qeyd olunan hərəkəti qanunsuz hesab edilməli və tələbi üzrə qərar qəbul edilməlidir.Cavabdehin imtinası qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin ötən proseslərində iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil eyni zamanda ərizə təqdim edərək, məhkəmə iclasının onun iştirakı olmadan baxılmasını və iddia ərizəsində Abşeron rayonu Qobu qəsəbə XDS-in İcraiyyə Komitəsinin 19 iyul 1991-ci il tarixli, 15/2 nömrəli qərarının nömrəsinin texniki səhv olaraq 14/2 nömrə kimi qeyd edildiyini bildirmiş, bu səbəbdən də müvafiq qərarın nömrəsinin 15/2 kimi qeyd edilməsinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, aparılan araşdırma zamanı Abşeron rayon Qobu qəsəbə XDS İcraiyyə Komitəsinin 19 iyul 1991-ci il tarixli, 15/2 saylı qərarı əsasında İddiaçı ayrılmış 0.10 ha torpaq sahəsinin ilkin baş planı və ya təsdiq edilmiş ayrıc aktının təqdim olunmuş sənədlər toplusuna əlavə edilmədiyi, torpaq sahəsinin bir hissəsinin JN-928A nömrəli şəhadətnamə sənədi ilə üst-üstə düşdüyü, sözügedən daşınmaz əmlakın bir hissəsinin yüksək gərginlikli elektrik xəttinin (6 KVT) mühafizə zolağında yerləşdiyi, müraciət ərizəsinə əlavə edilmiş sənədlərdə hüquq sahibinin soyadına münasibətdə uyğunsuzluq mövcudluğu müəyyən olunmuşdur. Belə ki, 7E-7313 reyestr nömrəli etibarnamədə “X1’’ oğlu kimi göstərildiyi halda, arxiv arayışında “X2” oğlu olaraq qeyd edilmişdir. Göstərilən səbəbdən ərizənin icrası mümkün olmamışdır. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh inzibati orqan nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdeh inzibati orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq üçüncü şəxs Hümmətoğlu Balağa məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxsin iştirakı olmadan baxmışdır. Cavabdehin xx.xx.2024 tarixli, 3-21-3-32/2-8992/2024 nömrəli imtina məktubu, etiraz ərizəsi, cavabdehin xx.xx.2024-cü il tarixli, 3-21-3-32/2-01221/24 nömrəli məktubu, Abşeron rayon Qobu qəsəbə XDS-in İcraiyyə Komitəsinin 19 iyul 1991-ci il tarixli, 15/2 nömrəli qərarı, Abşeron rayon Dövlət Arxivinin 3-48-1RA/2-913/24 nömrəli, xx.xx.2024-cü il tarixli məktubu, Qobu Bələdiyyəsinin yerquruluşu planından çıxarışın surəti və digər sənədlər daxildir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4)İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ mübahisə predmeti olan torpaq sahəsinə istifadə hüququnun əmələ gəlməsi vaxtından yaranmış olur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDKR-in 4 saylı Ərazi İdarəsi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan torpaq sahəsi DƏDKR-in 4 saylı Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDKR-in 4 saylı Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDKR-in 4 saylı Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı DƏDKRin 4 saylı Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqanın xx.xx.2024 tarixli, 3-21-3-32/2- 8992/2024 nömrəli imtina məktubu ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Mübahisəli daşınmaz əmlakın Abşeron rayonunda yerləşməsini nəzərə alaraq məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, Abşeron rayonu Qobu qəsəbə XDSin İcraiyyə Komitəsinin 19 iyul 1991-ci il tarixli, 15/2 nömrəli qərarı ilə Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində yerləşən 0,10 ha torpaq sahəsi İddiaçı ayrılmışdır. İddiaçı həmin torpaq sahəsi üzərində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydə alınması ilə bağlı cavabdeh təşkilata müraciət etmiş, lakin müraciətinə müsbət cavab ala bilməmişdir. Ona görə də məhkəməyə müraciət etmişdir. Cavabdehin inzibati orqan iddiaçının müraciətini təmin etməməsində haqlı olmamışdır. Belə ki, mübahisə predmeti olan torpaq sahəsi zaman etibarı ilə səlahiyyətli qurum olan Abşeron rayonu Qobu qəsəbə XDS-in İcraiyyə Komitəsinin 19 iyul 1991-ci il tarixli, 15/2 nömrəli qərarına əsasən iddiaçıya ayrılmış, həmin sənədlər, xüsusilə arxiv çıxarışı məhkəməyə təqdim edilmiş, digər səlahiyyətli orqanlar tərəfindən təsdiqlənmiş sənədlərin surətindən göründüyü kimi iddiaçıya ayrılmış torpaq sahəsi səlahiyyətli orqan olan yerli icra hakimiyyəti orqanı tərəfindən qanunamüvafiq qaydada rəsmiləşdirilmişdir. Həmin qurumun verdiyi qərarların etibarlılığı Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 1.4-cü bəndi ilə öz təsdiqini tapır. Belə ki, qeyd olunan Fərmanda rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar mülkiyyət hüququnun qeydə alınması üçün əsas hesab olunur. Cavabdehin imtinasında gətirdiyi arqumentə münasibətdə məhkəmə qeyd edir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və onun ərazi idarələrinin fəaliyyət istiqamətləri və vəzifələri qanunvericiliklə tam və dəqiq olaraq müəyyən edilmişdir və həmin fəaliyyət istiqamətlərində hər hansı nəzarətedici funksiya nəzərdə tutulmamışdır. Başqa sözlə qüvvədə olan qanunvericiliyin tələbinə görə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və onun ərazi idarələri bir qayda olaraq mövcud hüquqların dövlət reyestrində qeydiyyata alınması funksiyasını həyata keçirən bir qurumdur. Həmin qurumun fəaliyyətini biləvasitə tənzimləyən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində də təsbit olunur ki, bu qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir. Eyni zamanda, yerli icra nümayəndəliklərinin fəaliyyətinə, eləcə də onlar tərəfindən qəbul edilən qərarların qanunamüvafiq qaydada qəbul edilib-edilməməsinə nəzarət edən müvafiq icra hakimiyyəti orqanı mövcuddur.Yəni qeyd edilən orqan tərəfindən qərarların qanunamüvafiq qaydada qəbul edilib-edilməməsinin cavabdehə hər hansı aidiyyəti yoxdur. “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.9-cu maddəsinə əsasən əşyaya mülkiyyət hüququ həmin əşyanın mühüm tərkib hissələrinə də şamil edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.Göründüyü kimi yerquruluşu işlərinin aparılması cavabdehin qanunvericiliklədən irəli gələn öhdəliyidir. Lakin buna baxmayaraq cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciəti üzrə işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, cavabdeh qanuni öhdəliyinin icrasını istisna edən faktiki şərtləri sübuta yetirə bilməmişdir. Halbuki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Məhkəmə onu da qeyd etməyi zəruri billir ki, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsinin 3.1.20-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək DƏDKR-nin vəzifələri hesab edilir. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə əsasən yerquruluşu — torpaq münasibətlərinin nizama salınması və torpaqdan səmərəli istifadə olunması məsələlərinin həlli üzrə müvafiq tədbirlər sistemidir. Həmin Qanunun 8-ci maddəsinə əsasən torpaqların texniki uçotu Azərbaycan Respublikasının hər bir inzibati-ərazi vahidi üzrə kompleks ölçmələr əsasında bütün torpaq sahələrinin və yaşayış məntəqələrinin yerləşməsini, həndəsi ölçülərini, sərhədlərini və konfiqurasiyasını müəyyən etmək məqsədilə həyata keçirilir.Torpaqların texniki uçotunun nəticələri torpaq-kadastr sənədlərində əks olunur. Torpaqların texniki uçotunun aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Həmin Qanunun 10-cu maddəsinə əsasən torpaq-kadastr sənədlərinin dəqiqliyini təmin etmək üçün Azərbaycan Respublikasının bütün inzibati-ərazi vahidləri üzrə torpaq sahələrinin yerdə (naturada) tədqiqi aparılır və kadastr sənədləri ilə müqayisə olunaraq sənədlərdə düzəlişlər edilir. Həmin Qanunun 12-ci maddəsinə əsasən dövlət torpaq kadastrı fonduna Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən torpaqların məqsədli təyinatı, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu və torpaq sahələrinin digər kəmiyyət və keyfiyyət göstəriciləri üzrə kadastr məlumatları və materialları daxil edilir. Dövlət torpaq kadastrı fondu müvafiq icra hakimiyyəti orqanının sərəncamında olur. Dövlət torpaq kadastrı fondunun yaradılması, istifadəsi və mühafizəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş əsasnaməyə uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 17-ci maddəsinə əsasən torpaqların istifadəsində mövcud uyğunsuzluqların və çatışmazlıqların aradan qaldırılması məqsədilə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələrinin tərtib edilməsi, yerdə (naturada) ayrılması, qanunvericiliklə müəyyən edilmiş formada sənədlərin hazırlanması yerquluşu işləri hesab olunur. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsinin görə DƏDKR fəaliyyət istiqamətləri, hüquq və vəzifələri öz əksini tapmış və həmin Nizamnamənin tələbləri çərçivəsində DƏDKR vəzifə səlahiyyətlərindən irəli gələn funksiyaları həyata keçirir. Belə ki, DƏDKR torpaq sahələrinə plan və ölçü sənədinin verilməsi, torpaq sahələrində mərzçəkmə işlərinin, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsi üçün yerquruluşu işləri aparılmaq kimi vəzifələri var. Nəzərə alınmalıdır ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi öz xidməti vəzifəsinə görə torpaq sahəsinin plan və ölçüsünün verilməsi torpaq sahəsi üzərində hüquqların qeydə alınması üçün tələb edilir. Bu isə cavabdeh təşkilatın torpaq sahəsinin ilkin mülkiyyətçisinin mülkiyyət hüquqları qeydə alınan zamana plan və öçü sənədlərinin verilmədiyinə dair gətirdyi arqumenti əsassız edir. Hesab olunur ki, cavabdeh təşkilat sonradan qanunla üzərinə qoyulan vəzifələrin yerinə yetirilməsindən boyun qaçırmaqda haqlı olmadığına görə yaranmış çatışmamazlığı aradan qaldırmalıdır. Belə ki, Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidməti haqqında Qanunun 23.1-cü maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Həmçinin , Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsinin 3.1.47-ci bəndinə əsasən müvafiq sahədə qanunvericiliyə əməl edilməsinə nəzarəti həyata keçirmək səlahiyyəti verildiyi halda yoxlamalar aparmaq, icrası məcburi olan göstərişlər vermək və fəaliyyət istiqamətləri üzrə aşkar olunan qanun pozuntuları ilə bağlı tədbirlər görülməsini təmin etmək DƏDKR-in vəzifələrinə aid edilmişdir. Ona görə də, sözügedən torpaq sahəsinin ilkin baş planının və ya təsdiq edilmiş ayrıc aktının göstərilməməsi öz əhəmiyyətini itirmiş olur. Beləliklə qeyd olunan hərəkətlər cavabdeh təşkilatın özü tərəfindən edilə bildiyi tədqirdə cavabdeh təşkilat tərəfindən imtina üçün bəhanə gətirilir.Halbuki, “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Cavabdehin gətirdiyi digər arqument isə ondan ibarətdir ki, iddiaçının soyadının sənədlərdə Bürcəliyev kimi göstərilməsidir. Buna dair məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçının soyadında nəzərə çarpacaq şəkildə olmayan texniki səhvin olması onun hüquqlarının məhdudlaşdırlması üçün əsas ola bilməz. Nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 15.3-cü maddəsinə əsasən inzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 135 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestrinin aparılması Qaydaları”nın 43.1-ci bəndinə əsasən dövlət reyestrinə daxil edilmiş məlumatlarda yol verilən cüzi dəyişikliklər, yəni maraqlı şəxslərin hüquqlarına və mənafelərinə təsir etməyən və mühüm nəticələrə səbəb olmayan dəyişikliklər (dövlət reyestrində göstərilmiş şəxsin adının və ya daşınmaz əmlak obyektinin ünvanının dəyişməsi, rekonstruksiya işləri nəticəsində daşınmaz əmlak obyektində baş verən xırda dəyişikliklər və s.) və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsində nəzərdə tutulmuş düzəlişlər müvafiq fəslin ayrıca vərəqində - “Dəyişikliklərin (düzəlişlərin) məzmunu” qrafasına daxil edilir. Müvafiq fəslin “Sənədlər - əsaslar” qrafasında isə belə dəyişikliklərin və ya düzəlişlərin edilməsi üçün əsas olmuş sənədlərin rekvizitləri göstərilir.Qeyd olunanlara əsasən məhkəmə cavabdeh təşkilatın gətirdiyi 2-ci arqumentidə əsassız hesab edir. Cavabdeh təşkilatın imtinasında göstərdiyi torpaq sahəsinin bir hissəsinin JN-928A nömrəli şəhadətnamə sənədi ilə üst-üstə düşdüyünə münasibətdə bildirilir ki, Abşeron rayon Qobu Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, vətəndaş Hümmətoğlu Balağanın adına olan JN-928A saylı şəhadətnamə ilə faktiki istifadəsində olan torrpaq sahəsi ilə İddiaçı istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşdüyü aşkar edilməmişdir. Həmçinin, məhkəmə prosesində iştirak edən cavabdehin nümaydəsi Elnur Dostəliyev onu da qeyd etmişdir ki, torpaq sahəsi sənəd üzrə DWJ sürüşməsi nəticəsində üst-üstə düşmə halı yaranmışdır. Belə olan cavabdehin imtinasında göstərdiyi müvafiq arqument də əsassız hesab edilməlidir. Cavabdeh təşkilatın gətirdiyi sonuncu arqumentə, yəni sözügedən torpaq sahəsinin bir hissəsinin yüksək gərginlikli elektrik xəttinin (6 KVT) mühafizə zolağında yerləşməsinə münasibətdə məhkəmə bildirir ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22-ci maddəsinin 3-cü bəndinə əsasən Zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Göründüyü kimi, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi” Qaydalarının 6-cı bəndinə əsasən, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər. Həmin Qaydaların 7-ci bəndinə əsasın, torpaq mülkiyyətçisi və yaxud istifadəçisi tərəfindən hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında həmin xətlərin istismarçılarını qabaqcadan xəbərdar etməklə kənd təsərrüfatı, suvarma və digər işlər aparılır. Normaların məzmunundan göründüyü kimi, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin istifadə qaydalarında məhdudiyyətlər nəzərdə tutulsa da, onların xüsusi mülkiyyətdə olmasına heç bir qadağa yoxdur. Əksinə, həmin torpaq sahələri torpaq mülkiyyətçisinin və ya istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən həmin qaydaların tələblərinə riayət edilməklə istifadə oluna bilər. Beləliklə də cavabdeh təşkilat tərəfindən iddiaçıya ayrılmış 0.10 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata almaması İddiaçı konstitusion hüquqlarının pozulmasına səbəb olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, cavabdehin imtinasında gətirdiyi bütün arqumentlər əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Abşeron rayonu Qobu qəsəbə XDS-in İcraiyyə Komitəsinin 19 iyul 1991-ci il tarixli, 15/2 nömrəli qərarı ilə ayrılmış 0.10 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarış və plan və ölçü sənədinin verilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə həvalə olunsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X6
Məhkəmə qərarları › İş №2-1(118)-2035/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2035/2025
22.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver