Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2036/2022 19.12.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi publik hüquqi şəxsə qarşı “Muğanlı-İsmayıllı yolunun yenidən qurulması layihəsi çərçivəsində yol tikintisinin altında qalan, Şamaxı rayon Muğanlı bələdiyyəsinin 14 sentyabr 2007- ci il tarixli qərarı ilə aldığı 0, 12 ha torpaq sahəsinin əvəzində ona ədalətli kompensasiya ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi“ tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, Şamaxı rayonu Muğanlı Bələdiyyəsinin 14 sentyabr 2007-ci il tarixli qərarı ilə 0, 12 ha torpaq sahəsi almış, aldığı torpaq sahəsində Şamaxı Muğanlı-İsmayıllı yolunun yenidən qurulması layihəsi çərçivəsində Azəravtoyol tərəfindən ağır texnikalarla yol tikintisi aparılaraq torpaq sahəsi tamamilə dağıdılmışdır. Azərbaycan Respublikasının Prezidentinə müraciət edərək Azəravtoyol tərəfindən ona heç bir kompensasiya ödənilmədiyini bildirmiş, müraciətinə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin göndərdiyi 11 oktyabr 2021-ci il tarixli cavabda həmin torpaq sahəsi üzərində hüquqları təsdiq edən və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş hüquq müəyyənedici sənədləri Dövlət Agentliyinə təqdim etdikdən sonra kompensasiya tələbimə baxılacağı bildirilmişdir. İddiaçı doğulduğu və hazırda yaşadığı kəndin ərazisindən bələdiyyənin qərarı ilə torpaq sahəsi almış, hüquqi dövlətin vətəndaşı olduğu üçün də hüququn aliliyinə, dövlətin qanunlarına güvənərək, bələdiyyənin qərarına etibar edərək çıxarış almağa tələsməmişdir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi isə torpaq sahəmi tamamilə dağıtdıqdan sonra ondan reyestrdə qeydiyyatdan keçmiş sənədləri istəyir. Bəs Agentlik torpaq sahəsi üzərində hüquqları təsdiq edən və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş hüquq müəyyənedici sənədlərə malik olmadan həmin ərazini niyə darmadağın edib? Hesab edir ki, agentliyin hərəkətləri tamamilə qanunsuzdur və ən azından ona ədalətli kompensasiya ödənilməlidir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbi üzrə dədiqləşdirmə verərək, Muğanlı-İsmayıllı yolunun yenidən qurulması layihəsi çərçivəsinə yol tikintisinin altında qalan, İddiaçı mülkiyyətində olan Şamaxı rayonu Muğanlı kəndində yerləşən 0,12 ha torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar olaraq 12.000 manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyini cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi publik hüquqi şəxsin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştrak edən iddiaçının nümayəndəsi eyniməzmunlu izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Ağsu çayı ilə kəsişməsində yeni körpünün tikintisi” 31 iyul 2020-ci il tarixli, 2193 saylı Sərəncamı əsasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin tərəfindən inşa edilmişdir. “Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun” işləri ilə bağlı layihə tam yekunlaşdıqdan sonra, yəni 2021-cu ildə İddiaçı, ona məxsus torpaq sahəsinin Agentlik tərəfindən həyata keçirilən Muğanlı-İsmayıllı avtomobil yolunun tikinti altına düşdüyünə görə kompensasiyanın alınması ilə bağlı Agentliyə müraciət etmişdir. Ona verilmiş rəsmi cavabda göstərilmişdir ki, müraciətdə qeyd etdiyi məsələyə aydınlıq gətirilməsi üçün sözügedən torpaq sahəsi üzərində hüquqları təsdiq edən və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş hüquqmüəyyənedici sənədlərin notarial qaydada təsdiq edilmiş surətlərini Agentliyinə təqdim etməyini xahiş edilmişdir. Eyni zamanda “Muğanlı- İsmayıllı-Qəbələ avtomobil yolunun” layihəsi tikintisi altına düşən vətəndaşların torpaq sahələrinin, əkililərin və tikintilərinin siyahıya almaq məqsədilə müxtəlif icra orqanlarının nümayəndəlilərindən (o cümlədən icra hakimiyyəti, bələdiyyə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, ƏMDK, "xxxx" MMC, notarius, və s.) ibarət olan komissiya tərtib olunmuşdur. Komissiya işçiləri tərəfindən ərazidə daşınmaz əmlaka (tikililərə, sahələrə, əkililərə) baxış keçirərək fotoşəkillər hazırlanmış və mövcud olan hər hansı əmlak qeydə alınmışdır. Lakin siyahıyaalma zamanı hazırda iddiada göstərilən torpaq sahəsi ilə bağlı heç bir məlumat aşkar olunmamışdır. Agentlik tərəfindən yolun həmin hissəsində yol tikinti işləri aparıldığı zaman iddiaçı tərəfindən heç bir sənəd və sübut təqdim olunmamışdır. Bundan əlavə “Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun” layihəsi” tikintisi altina düşən vətəndaşların torpaq sahələrinin, əkililərin və tikintilərinin siyahını dəqiqləşdirmək məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə sorğu göndərilmişdir. Alınmış cavabda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən “Muğanlı-İsmayıllı. avtomobil yolunun” altına düşən maneələrin siyahısında İddiaçı adına dövlət reyestrində qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Beləliklə, İddiaçı topraq sahəsinə dair mülkiyyət hüququnu, onun yerləşdiyi koordinatların, qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtında dövlət reyestr xidmətində dövlət qeydiyyatına almadığından, torpaqların dövlət ehtiyacları üçün alınması ilə bağlı mülkiyyətçilərin siyahıyaalması zamanı iddiaçı alınmanın təsirinə məruz qalan şəxs kimi müəyyən edilməmişdir. Bu səbəbdən iddiaçının iddiada torpaq sahəsinin Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyatda olmadığından Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən bu torpaq üçün kompensasiya hesablanmamış, Maliyyə Nazirliyi tərəfindən aidiyyəti üzrə vəsait ayrılmamışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh orqan nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdeh orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdeh inzibati orqanın xx.xx.2021-ci il tarixli, F-3/16-4788 nömrəli, xx.xx.2021-ci il tarixli, ********** nömrəli imtina məktubları, Şamaxı rayonu Muğanlı Bələdiyyəsinin 09 nömrəli, xx.xx.2007-ci il tarixli qərarı, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon şöbəsi tərəfindən verilmiş rəy, torpağın alğı-satqısına dair Akt, Bələdiyyə büdcəsinə ödənilmiş ödəniş qəbzi, Şamaxı rayonu Muğanlı Bələdiyyəsinin 22-15 nömrəli, xx.xx.2022ci il tarixli Arayış, Şamaxı Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin 2942 nömrəli, xx.xx.2022-ci il tarixli məktubu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə tərəflərin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. Həmin Qanunun 7.2-ci maddəsinə əsasən alınmanın təsirinə məruz qalan şəxs bu Qanunla müəyyən olunmuş qaydada bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş itki və məhrumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququna malikdir. Həmin Qanunun 20.1.6-cı maddəsinə əsasən alan orqan alınmanın təsirinə məruz qalan şəxslərə kompensasiya ödəmək öhdəliyini daşıyır. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 54.1-ci maddəsinə əsasən alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilməlidir. Həmin Qanunun 54.2-ci maddəsinə əsasən kompensasiya alınmanın təsirinə məruz qalan şəxslərə torpağın alınmasını zəruri edən layihənin hesabına ödənilir. Həmin Qanunun 56.1-ci maddəsinə əsasən bu Qanuna əsasən alınacaq hər hansı torpaqla bağlı kompensasiyanın məbləği müəyyən edilərkən iddiaçılara ödəniləcək kompensasiya elə prinsipə əsaslanmalıdır ki, torpaqlarını tərk etmələrinin və başqa yerə köçürülmələrinin tələb olunması ilə bağlı və onun nəticəsində zərər və narahatlıq çəkən bütün şəxslərin əmlakları, dolanışıq üçün vasitələri, gəlirləri, yaşayış standartları onların məruz qaldıqları zərər və narahatlığın baş verdiyindən sonra ağlabatan müddətdə, köçürülənədək malik olduqları şəraitdən əlverişsiz şəraitə düşməmələri baxımından bərpa edilsin, ödəniləcək kompensasiya qiymətləndirilərkən mövcud inflyasiya, torpağın bu Qanunun 58-ci maddəsinə əsasən müəyyən edilmiş bazar qiyməti, alınmanın təsirinə məruz qalan şəxsdən torpağın müəyyən hissəsinin alındığı hallarda alınan torpağın həmin şəxsin saxlanılan (alınmayan) torpağından ayrılması nəticəsində şəxsə dəyə biləcək zərər, alınmanın təsirinə məruz qalan şəxsdən torpağa sahibliyin əldə edilməsi nəticəsində həmin şəxsin digər daşınar və ya daşınmaz əmlakına, yaxud həqiqi gəlirinə dəyən və ya dəyə biləcək zərər, alınma nəticəsində şəxs yaşayış, həyata keçirdiyi sahibkarlıq fəaliyyətininin həyata keçirdiyi və ya iş yerini dəyişməyə məcbur edilmişdirsə, belə yerdəyişmədən irəli gələn bütün xərclər və itkilər nəzərə alınır. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə əsasən bu Qanuna uyğun olaraq kompensasiyanın ödənişində hər hansı yubadılma ilə hüquqları pozulan şəxs belə kompensasiyanın dərhal ödənilməsinə nail olmaq məqsədi ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, Şamaxı rayonu, Muğanlı kəndi ərazisindən keçən şosse yolunun kənarında yerləşən, iddiaçıya Şamaxı rayonu Muğanlı Bələdiyyəsinin 09 nömrəli, xx.xx.2007-ci il tarixli qərarı ilə 0,12 ha torpaq sahəsi ayrılmışdır. İddiaçıya məxsus torpaq sahəsi Azərbaycan Respublikası Prezidentinin “Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Ağsu çayı ilə kəsişməsində yeni körpünün tikintisi” ilə bağlı 31 iyul 2020-ci il tarixli, 2193 saylı Sərəncamı əsasən həyata keçirilən layihə çərçivəsində tikinti altına düşmüşdür. İddiaçı torpaq sahəsinin yolun tikinti altına düşməsi nəticəsində ona dəymiş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh xx.xx.2021-ci il tarixli, F-3/16-4788 nömrəli, xx.xx.2021-ci il tarixli, ********** nömrəli məktublarla iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı dövlət ehtiyacları üçün geri alınan ona məxsus torpaq sahəsinə görə kompensasiyanın ödənilməsi barədə cavabdehə müraciət etmiş, lakin cavabdeh iddiaçıya ünvanladığı məktubunda kompensasiyanın ödənilməməsinə əsas kimi sözügedən torpaq sahəsi ilə bağlı rəsmi sənədlərin təqdim edilməməsi ilə bağlıdır. Halbuki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilən daşınmaz əmlaka dair hüquqmüəyyənedici sənədlər olan, Şamaxı rayonu Muğanlı Bələdiyyəsinin 09 nömrəli, xx.xx.2007-ci il tarixli qərarı, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon şöbəsi tərəfindən verilmiş rəy, torpağın alğı-satqısına dair Akt və eyni zamanda Şamaxı rayonu Muğanlı Bələdiyyəsinin 22-15 nömrəli, xx.xx.2022-ci il tarixli Arayışı ilə həmin qərarın qüvvədə olaması, cavabdeh tərəfindən iddiaçının mülkiyyət hüquqlarına müdaxilə kimi qiymətləndirilməlidir. Belə olan halda göstərilən tarixdən təqribən xeyli müddət keçməsinə baxmayaraq, kompensasiya iddiaçıya ödənilməmişdir. Cavabdeh tərəfindən kompensasiyanın ödənilməsi yubadılır ki, bu halda iddiaçının “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə əsasən hüquqları pozulan şəxs kimi məhkəməyə müraciət etmək hüququ yaranmış, iddianın mümkünlük şərtlərinə əməl olunmuşdur. Mübahisə predmeti olan torpaq sahəsinin yol tikintisinin altına düşməsi cavabdeh tərəfindən mübahisələndirilmir. Belə ki, cavabdeh təşkilatın iddiaçıya ünvanladığı məktublardan bəlli olur ki, cavabdehin mübahisələndirdiyi məqam yalnız qeyd olunan torpaq sahəsinin üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmaması ilə bağlıdır. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58-ci maddəsinə əsasən, torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir. Belə ki, mübahisəli torpaq sahəsinin bazar qiymətinin müəyyənləşdirilməsinə dair qoyulan məsələ ilə bağlı məhkəmə tərəfindən Şamaxı Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə sorğu göndərilmiş və notariat ofisinin 2942 nömrəli, xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş alqı-satqı müqavilələrindən müəyyən olunur ki, xx.xx.2022-cü il tarixli, AN-İ N ******* saylı alqı-satqı müqaviləsinə əsasən Şamaxı rayonu Muğanlı kəndində 0.05 ha torpaq sahəsi 5.000 manata satılmış, xx.xx.2022-ci il tarixli, AN-İ N ******* saylı alqı-satqı müqaviləsinə əsasən Şamaxı rayonu Muğanlı kəndində 0.07 ha torpaq sahəsi 5.000 manata satılmış, xx.xx.2022-ci il tarixli, AN- İ N ******* saylı alqı-satqı müqaviləsinə əsasən Şamaxı rayonu Muğanlı kəndində 0.04 ha torpaq sahəsi 4.950 manata satılmış, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Şamaxı rayonu Muğanlı kəndində 0.03 ha torpaq sahəsi 4.500 manata satılmışdır. Məhkəmə hesab edir ki, təqdim edilmiş alqı-satqı müqavilələrindən 3-nü seçməklə, o cümlədən xx.xx.2022-ci il tarixli, AN-İ N ******* saylı alqı-satqı müqaviləsinə əsasən Şamaxı rayonu Muğanlı kəndində 0.05 ha torpaq sahəsi 5.000 manata, xx.xx.2022-ci il tarixli, AN-İ N ******* saylı alqı-satqı müqaviləsinə əsasən Şamaxı rayonu Muğanlı kəndində 0.04 ha torpaq sahəsi 4.950 manata, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Şamaxı rayonu Muğanlı kəndində 0.03 ha torpaq sahəsi 4.500 manata satılmış alqı-satqı müqavilələri üzrə bir sotunun qiymətini müəyyən etməklə, yəni 1-ci – 5 sot 5000 manat, 2-ci – 4 sot 4.950 manat, 3-cü – 3 sot 4.500 manat olmaqla, 1 sotun orta qiyməti təqribən 1000 manatdan çox edir. İddiaçının mülkiyətində olan torpaq sahəsinin 12 sot olduğunu nəzərə alaraq torpaq sahəsinin qiyməti 12000 manatdan çox təşkil edəcəkdir. Həmçinin, məhkəmə onu da qeyd etməyi zəruri bilir ki, iddiaçı ona ayrılmış torpaq sahəsinin dövlət ehtiyacları ilə əlaqədar alınması üçün ona dəymiş maddi ziyan 12.000 manat məbləğindədir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 12.000 (on iki min) manat məbləğində kompensasiya cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara baxılır. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir, Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı, onun mülkiyyətində olan Şamaxı rayonu Muğanlı kəndində yerləşən 0,12 ha torpaq sahəsi tikinti altına düşdüyü üçün 12.000 manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi publik hüquqi şəxsin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-2036/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2036/2022
19.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver