Məhkəmə qərarları › İş №2-1(118)-2037/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2037/2022

27.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2037/2022 27.09.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X9 oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə qarşı “mənzilə istifadə hüququ itirilmiş qardaşı X1 ailə üzvləri olan X5, X8, X7, X6, X3, X2, X4 pasport qeydiyyatından çıxarılması öhdəliyinin Sumqayıt şəhər Polis idarəsinin üzərinə qoyulmasına” dair iddiasına inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə qarşı iddia qaldıraraq “mənzilə istifadə hüququ itirilmiş qardaşı X1 ailə üzvləri olan X5, X8, X7, X6, X3, X2, X4 pasport qeydiyyatından çıxarılması öhdəliyinin Sumqayıt şəhər Polis idarəsinin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, mənzil iddiaçının anasına məxsus olmuş və anası 2012-ci il tarixdə vəfat etmişdir. Həmin mənzildə hazırda iddiaçı və ailə üzvləri yaşayırlar. Həmin mənzildə qardaşı və ailə üzvləri pasport qeydiyyatında idilər. Qardaşı 1988-ci ildən daimi yaşamaq üçün rayona köçmüş, orada evlənmiş və həmin tarixdən də rayonda yaşayır. Amma özünün mənzildə qeydiyyatda olmasından istifadə edərək uşaqlarını və nəvələrini mənzilə qeydiyyata saldırmışdır. Amma uşaqları bir gün də olsun mənzildə yaşamamışlar və hazırda həmin rayonda yaşamaqla həmin rayonda məktəbə gedirlər,yaşayırlar, işləyirlər. Qardaşının mənzilə olan hüququnun itirilmiş hesab edilməsi barədə məhkəmədə iddia qaldırmışdır və məhkəmənin qətnaməsii ilə onun mənzilə olan hüququ itirilmiş hesab edilmişdir. Həmin qətnamə Polis tərəfindən icra edilmiş, qardaşı mənzildən pasport qeydiyyatıdan çıxarılmışdır. Lakin hazırda onun ailə üzləri əsasız olaraq iddiaçının mənzilində pasport qeydiyyatında qalırlar və mənzildə yaşamayan şəxslərin bu ünvanda qeydiyyatda qalmaqları yaşayış yeri haqqında Qanuna ziddir və polis idarəsi tərəfindən onların qeydiyyatı ləğv edilməli, onlar iddiaçının mənzilindən qeydiyyatdan çıxarılmalıdırlar. İddiaçı bu barədə ərizə ilə Polis İdarəsinə müraciət emişdir. Lakin cavabdeh ərizəni təmin etməkdən imtina etmişdir. Ona gərə də məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iddiaçıya hüquqi yardım edilmiş, iddiaçı müvafiq qərar qəbul edilməsin məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2020-ci il tarixli Qərarına əsasən:

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.

2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.

3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Göründüyü kimi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. İddiaçı mənzilə istifadə hüququ itirilmiş qardaşı X1 ailə üzvləri olan X5, X8, X7, X6, X3, X2, X4 pasport qeydiyyatından çıxarılmasını istəyir. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, üçüncü şəxslərin istifadə hüququna dair məsələnin həlli mülki məhkəmə icraatı qaydasında həllini tapmamışdır. İddiaçıya izah edilsin ki, üçüncü şəxslərin yaşayış sahəsinə istifadə hüququnun itirilməsi ilə bağlı müvafiq ümumi məhkəməyə müraciət edə və bunun nəticəsinə uyğun olaraq təkrar inzibati orqana müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏRARA ALDİ:

İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar