Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-204/2021 31.03.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçının nümayəndə və vəkili Vəkil,xxxx Firmasının direktoru X4, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı xxxx Firmasının cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xxxx Firmasına dair tərtib edilmiş xx.xx.2020-ci il tarixli, **********182139 saylı X12 aktının və X2vericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx xxxx 2020-ci il tarixli, **********137232 saylı qərarın ləğv edilməsi” tələbinə dair iddiasına Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı xxxx Firması cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xxxx Firmasına dair tərtib edilmiş xx.xx.2020-ci il tarixli, **********182139 saylı X12 aktının və X2vericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx xxxx 2020-ci il tarixli, **********137232 saylı qərarın ləğv edilməsi” tələbinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbininə dəqiqləşdirmə verərək, cavabdeh tərəfindən tərtib edilmiş X2vericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx xxxx 2020-ci il tarixli, **********137232 saylı qərarın ləğv edilməsi məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2 saylı Ərazi Vergilər Baş İdarəsi xx.xx.2019-cu il tarixli **********180625 saylı qərara əsasən “xxxx” Firması (VÖEN **********) üzrə 2017-2018-ci il tarixli dövrləri əhatə edən X12 aparmışdır. Vergi yoxlaması nəticəsində xx.xx.2020-ci il tarixli **********182139 saylı X12 aktı tərtib olunmuş və 2 saylı Ərazi Vergilər Baş İdarəsinin rəisi tərəfindən vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx xxxx 2020-ci il tarixli **********37232 saylı qərar qəbul edilmişdir. Həmin qərara əsasən 2 saylı Ərazi Vergilər Baş İdarəsinin rəisi belə hesab etmişdir ki, 2017-2018-ci illərdə mənfəət vergisinin, 2017- 2018-2019-cu illərdə əlavə dəyər vergisinin, 2017-2018-ci ildə məcburi dövlət sosial sığorta haqqı məbləğinin, 2018-2019-cu illərdə isə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan gəlir vergisinin hesabatda göstərilən məbləğinin, hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmasına yol verilmişdir. Eyni zamanda 2017- 2018-ci illər üzrə Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən “Nağd hesablamalar haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri pozulduğu müəyyən edilmiş və “xxxx” Firması 3.776.503,5 manat miqdarında vergi məsuliyyətinə cəlb edilmişdir. Qərarın surəti xx xxxx 2010-ci il tarixdə “xxxx” Firmasına təqdim edilmişdir. Aşağıda göstərilənlərə əsasən xx.xx.2020-ci il tarixli **********182139 saylı X12 aktı və 2 saylı Ərazi Vergilər Baş İdarəsinin rəisi tərəfindən “xxxx” Firmasının vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx xxxx 2020-ci il tarixli **********37232 saylı qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Qərarda, X12 aktında göstərilənlərlə ziddiyət təşkil edən dəlillər göstərilmişdir. Belə ki, qərarda guya “xxxx” firması tərəfindən X12 aktına qarşı göndərilən etirazda müəssədən götürülmüş xxxx sənədlərinin firmaya aid olmaması bildirilmişdir. Halbuki, “xxxx” firması tərəfindən X12 aktına qarşı göndərilən etirazda belə bir cümlə işlədilməmişdir, digər tərəfdən “xxxx” firmasında ümumiyyətlə xxxx sənədləri olmamışdır və Firmadan belə sənədlər götürülməmişdir. İstər vergi yoxlaması zamanı, istərsə də X12 aktının müzakirəsi zamanı Firmaya belə sənədlər təqdim edilməmişdir. Bu barədə şifahi və yazılı formada vergi orqanına dəfələrlə müraciət olunsa da, vergi orqanı belə bir sənədi təqdim edə bilməmişdir. Belə olduğu halda 2 saylı Ərazi Vergilər Baş idarəsinin rəisinin hansı əsasla və hansı qənaətlə qeyd edilən sənədlərin “xxxx" firmasına aid olmasına dair qərara gəlməsi bəlli deyildir və heç bir əsası yoxdur. Digər tərəfdən yoxlama aktında vergilərin “xxxx” firmasından götürülmüş mühasibatlıq sənədləri əsasında hesablandığı qeyd edilmiş, lakin həmin sənədlərin nədən ibarət olması və dövriyyə kənarlaşmasının hansı formada müəyyən edilməsi açıqlanmamışdır. Həmin yoxlama aktında “xxxx” firmasından hər hansı xxxx sənədllərinin götürülməsinə dair heç bir müddəa yoxdur. Bu fakt bir daha onu göstərir ki, qeyd olunan yoxlama aktı ilə həmin akt əsasında qəbul edilmiş məsuliyyətə cəlb etmə haqqında qərar biri digəri ilə ziddiyyət təşkil edir. X12 aktının məzmunundan göründüyü kimi, vergilər mənbəyi bəlli olmayan və müəssisəyə məxsusluğu sübuta yetirilməyən sənədlər əsasında hesablanmışdır. Hesablamanın əsası olan əməliyyatlar barədə yoxlama aktında qeydlər edilməmiş, habelə həmin məlumatların doğruluğu sübuta yetirilmədən (qarşılıqlı əməliyyatlar aparılması ehtimal olunan şəxslərə sorğular verilmədən və s) vergilərin hesablanması həyata keçirilmişdir. Vergi Məcəlləsinin 3.2-ci maddəsinə əsasən vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır. Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən vergi yoxlaması aktında yoxlama zamanı aşkar olunmuş və sənədlərlə təsdiq edilmiş vergi qanunvericiliyinin pozulması halları və həmin pozuntulara görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin və digər qanunların konkret maddələri, yaxud vergi qanunvericiliyinin pozulması hallarının olmaması göstərilməlidir. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Yoxlama aktından göründüyü kimi isə, yoxlama ilə hesablanmış vergilər əsaslandırılmamış, aşkar olunmuş pozuntu hallarının nədən ibarət olması qeyd edilməmiş və təqsirləri sübuta yetirilməmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının x xxxxxxxx 2016-cı il tarixli **********011400 nömrəli Qərarı ilə təsdiq edilmiş “X12nın keçirilməsi Qaydaları’nın 11-ci bəndinin müddəalarına əsasən X12 zamanı aparılmış bütün hesablamalar düzgün və dəqiq olmalıdır. Vergi qanunvericiliyinin və ya sosial sığorta və işsizlikdən sığorta haqqında qanunvericiliyin (məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanması, ödənilməsi və hesabatın təqdim edilməsinə münasibətdə) pozulması hallarını özündə əks etdirən sübutlar haqqında ətraflı məlumatlar toplanılmalı və aydın formada X12 aktında qeyd edilməlidir. X12 zamanı əlavə hesablanmış vergilər düzgün müəyyən edilməli, əsaslandırılmalı, habelə sığortaedənə əlavə olaraq məcburi dövlət sosial sığorta hesablandıqda bu hesablama əsaslandırılmalıdır. Eyni zamanda, həmin Qaydaların 48-ci və 49-cu bəndlərinə əsasən X12 aktı tərtib edilərkən yoxlama prosesində aşkar olunmuş vergi qanunvericiliyinin və ya sosial sığorta və işsizlikdən sığorta haqqında qanunvericiliyin (məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanması, ödənilməsi və hesabatın təqdim edilməsinə münasibətdə) pozulması halları göstərilməlidir. Vergi qanunvericiliyinin və ya sosial sığorta və işsizlikdən sığorta haqqında qanunvericiliyin (məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanması, ödənilməsi və hesabatın təqdim edilməsinə münasibətdə) pozulması faktları yoxlama aktında dəqiq, aydın, ardıcıllıqla, sübutlara istinad edilməklə əks etdirilməlidir. Yoxlama zamanı aşkar edilmiş pozuntuların sənədli təsdiqi X12 aktının əsas hissəsində qeyd edilməlidir. Həmçinin qaydalarda yoxlama zamanı qanunvericiliyin tələblərinin pozulması faktlarının təsdiq edilməsi üçün sübutların dairəsi müəyyən edilmişdir ki, hesablanmış vergilər nə ilkin uçot sənədləri, nə hesabatlar, nə izahatlar, nə mütəxəssis və ya ekspert rəyləri, qarşılıqlı hesablaşmalar ilə bağlı ödəniş sənədləri, müqavilələr, habelə vergi qanunvericiliyinin pozulmasının bilavasitə obyekti olan sənədlər və mallar ilə təsdiqlənmir. Eyni zamanda, aktda əks olunmuş hüquq pozuntusu faktlarla əsaslandırılmamış, vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamələrlə yoxlama zamanı faktiki müəyyən edilmiş göstəricilər arasındakı fərqin yaranma səbəbləri açıqlanmamışdır. İstinad olunan maddələrin və yoxlama aktının məzmunundan göründüyü kimi, yoxlama aktında hesablanmış vergilər vergi orqanın fərziyyələrinə əsasən hesablanmış, nə Vergi Məcəlləsinin ümumi prinsipləri gözlənilmiş, nə də X12nın keçirilməsi qaydalarının tələblərinə əməl edilmişdir. Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən, heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 53.3-cü maddəsinin dördüncü bəndində qeyd edilir ki, vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Qeyd olunan qərarın qəbul edilməsi nəticəsində yeni Biznes planına əsasən tikintinin aparılması, yeni dəzgahların gətirilib quraşdırılması və Firmanın normal fəaliyyətinin davam etdirilməsi, hal hazırda Firmada çalışan 125 nəfərin iş yerlərinin itirilməməsi və əlavə 40 nəfərlik iş yerinin açılması istiqamətində başlanılmış işlərin davam etdirilməsi mümkün deyildir. Həmin qərar icraya yönəldiyi zaman iddiaçı Firmanın bankda olan hesablaşma hesablarına sərəncam qoyularsa və onun əmlakları siyahıya alınarsa, bu Firmanın fəaliyyətinin dayandırılmasına və gələcəkdə Firmaya külli miqdarda zərər vurulmasına səbəb ola bilər. Fəaliyyət göstərdiyi 20 il müddət ərzində ümumi əmlakının dəyərinin 1.5 milyon manat olmayan və hal-hazırda 2 milyon manata yaxın kredit borcu olan Firmadan vergi orqanı tərəfindən 4 milyon manata yaxın vəsaitin tələb edilməsi heç bir məntiqə sığmır və tam qanunsuzluqdur. X10 Əliyev cənablarının daim sahibkarlığın inkişafına göstərdiyi diqqət və qayğı, xüsusilə koronovirus pandemiyasının tüğyan etdiyi bir vaxtda iş yerlərinin bağlanmaması məqsədi ilə vergi güzəştləri istiqamətində qəbul etdiyi humanist qərarlar nə qədər onları işləməyə ruhlandırsa da, vergi orqanının Firmaya qarşı belə qərəzli münasibəti “xxxx” firmasının müflis olmasına, fəaliyyətinin dayandırılmasına və 125 nəfər (onlardan 21 nəfəri məcburi köçkündür) işçinin, habelə X3nda təsdiq edilmiş biznes planına uyğun olaraq işə götürülməsi nəzərdə tutulan əlavə 40 nəfər işçinin iş yerlərinin itirilməsinə səbəb olacaqdır. Eyni Firmanın müraciəti əsasında Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin inkişafı Agentliyinin dəstəyi və köməkliyi ilə 2019cu ildə X3 xətti ilə istehsalın inkişafı və genişləndirilməsi üçün Firmaya 1,5 milyon manat güzəştli kreditin ayrılmasına nail olmuşlar. Həmin kredit, tərtib edilmiş biznes planına uyğun olaraq yeni istehsal sahəsinin inşasına, daha müasir dəzgahların alınmasına və buna müvafiq olaraq 50 nəfər üçün yeni iş yerlərinin açılmasına sərf olunacaqdır. Firma öz fəaliyyətində mövcud vergi qanunvericiliyiin tələblərini yerinə yetirmiş, vaxtlı-vaxtında vergi ödəmələrini həyata keçirmiş, dövlət orqanları ilə, o cümlədən vergi orqanları ilə heç bir problemi olmamışdır. xx xxxxx 2019-cu il tarixli qərara əsasən Firmada X12na başlanıldıqdan sonra istehsal sexlərində və bütün ambariarda inventarizasiya aparılmış, mal qalıqları müəyyən edilmiş, hər hansı kənarlaşmalar aşkar edilməmişdir. Bundan əlavə X12nın gedişi zamanı xx xxxxxx 2020-ci il tarixdə Vergilər Nazirliyinin 16 nəfərdən ibarət əməkdaşları “xxxx” firmasında operativ vergi nəzarəti keçirmişlər. xx xxxx 2020-ci il tarixdə Sumqayıt şəhərində yerləşən 2 saylı Ərazi Vergi idarəsi tərəfindən həmin idarəyə dəvət olunaraq, idarənin vergi auditi şöbəsində mənə kompüterdə, elektron variantda olan məlumatlar təqdim olunaraq, həmin məlumatların Vergilər Nazirliyinin vegi auditi şöbəsindən daxil olduğu və “xxxx” firmasına aid olduğu bildirilmişdir. Göstərilən məlumatlarla tanış olarkən məlum oldu ki, təqdim olunan məlumatların “xxxx” firmasına heç bir aidiyyəti yoxdur, həmin məlumatların haradan əldə edildiyi məlum deyildir və məlumatların mənbəyi təqdim olunmadı. Bu barədə iradlarımı 2 saylı Ərazi Vergi idarəsinin vergi auditi şöbəsinin əməkdaşlarına şifahi olaraq bildirilmişdir. Operativ vergi yoxlaması zamanı, qərarda qeyd edildiyi kimi, hər hansı xxxx sənədləri aşkar edilmiş olsaydı, Firmanın nümayəndəsinin və kompüterin istifadəçisi olan vəzifəli şəxsin iştirakı ilə həmin sənəd çapa verilməli, bu barədə protokol tərtib edilərək yoxlama aktına əlavə edilməli idi. Bundan əlavə, operativ vergi yoxlamasının səhərisi günü Vergilər Nazirliyində Firmanın direktorunun və direktor müavininin iştirakı ilə Firmanın istifadəsində olan kompüterlətdən yaddaş diskinə köçürülmüş məlumatlara baxış keçirilərkən də, belə məlumatlar aşkar edilməmiş, nə də Firmanın nümayəndələrinə təqdim olunmamışdır. Yoxlamanın 10 dəfə (cəmi 269 gün) dayandırılmasına səbəb kimi ekspertizanın keçirilməsi göstərilmişdir. Lakin sonradan onlara məlum olmuşdur ki, 1-ci ekspertiza aktı xx xxxx 2019-cu ildə, 2-ci ekspertiza aktı isə xx xxxxxx 2020-ci il tarixdə yazılmışdır. Aktın vergi orqanına təqdim olunması üçün maksimum 1 ay müddət nəzərə alınsa, xx.xx.2019-da 29 gün, xx.xx.2019da 29 gün, xx.xx.2019-da 29 gün, xx.xx.2019-da 29 gün, xx.xx.2019-da 29 gün və nəhayət xx.xx.2020-ci ildə 8 gün müvafiq qərarlarla yoxlamanın dayandırılması tam əsassızdır. Ekspertizaların keçirilməsi zamanı ümumilikdə 7 gün müddəti ərzində Firmanın istehsal prosesi dayandırılaraq, istehsal həcminin və satış dövriyəsinin müəyyən edilməsi məqsədi ilə testlər aparılmışdır. Dəfələrlə şifahi və yazılı formada müraciət olunmasına baxmayaraq vergi orqanı aparılmış ekspertiza rəylərinin surətlərini Firmaya təqdim etməmiş, nə də həmin rəylərlə onları tanış etməmişdir. Bu isə vergi orqanının Firmaya qarşı qərəzli mövqe tutmasını bir daha təsdiq edir. Bununla vergi orqanı Vergi Məcəlləsinin 44.7.5 və 44.9-cu maddələrinin tələblərini kobud şəkildə pozmuşdur. Vergi orqanına açıq-aşkar surətdə bəllidir ki, ekspertizaların keçirilməsi nəticəsində müəyyən edilmiş istehsal gücü və satış dövriyəsi ilə vergi orqanının, heç bir əsası olmayan xəyali hesablamalar nətcəsində müəyyən etdiyi rəqəmlər arasında kəskin fərq vardır, ekspertizaların müəyyən etdiyi istehsal gücü ilə yoxlama aktında göstərilən dövriyənin həyata keçirilməsi mümkün deyildir. Elə bu səbəbdən də vergi orqanı heç bir əsaslı səbəb göstərmədən ekspertiza rəylərini Firmaya verməkdən imtina etmişlər. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edilmişdir. Məhkəmə prosesində iştirak edən “xxxx” firmasının direktoru, iddiaçının nümayəndə və vəkilləri eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdilər. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2019-cu il tarixli **********180625 nömrəli qərarına əsasən iddiaçıda iyun 2017 - fevral 2019 vergi dövrü əhatə edilməklə növbəti X12 təyin edilmiş və yoxlamanın nəticəsi xx.xx.2020-ci il tarixli X12 aktı tərtib edilməklə rəsmiləşdirilmişdir. X12 zamanı operativ vergi nəzarəti tədbirləri ilə iddiaçı tərəfindən vergi orqanına təqdim edilməyən sənədlər (xxxx sənədləri) aşkar edilmiş və həmin sənədlər iddiaçının rəhbərinin iştirakı ilə “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” xx.xx.2020-ci il tarixli Protokol tərtib edilməklə götürülmüşdür. Xüsusi şifrə parolla şifrələnmiş həmin sənədlər (elektron formatda) iddiaçının rəhbərinin iştirakı ilə xx.xx.2020-ci il tarixdə açılmış və bu barədə iddiaçının rəhbərinin iştirakı ilə akt tərtib edilmişdir. Götürülmüş sənədlər əsasında iddiaçının 2017-ci ilə görə 5447032.23 manat, 2018-ci ilə görə 8880334,15 manat məbləğində dövriyyə (gəlir) fərqləri müəyyən edilmiş, həmin dövriyyələrin (gəlirlərin) əldə ediməsi ilə bağlı çəkilmiş xərcləri təsdiq edən sənədlər olmadığına görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03 2001 -ci il tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydalarının 6.1.1 -ci və 6.1.3-cü bəndlərinə əsasən şərti rentabellik norması tətbiq edilməklə, həmin illərə görə iddiaçı tərəfindən bəyannamə ilə hesablanmış mənfəət vergisi məbləğləri nəzərə alınmaqla ümumilikdə 445847,39 manat məbləğində əlavə mənfəət vergisi hesablanmışdır. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış vergi məbləğinin 50 faizi məbləğində, yəni 222923,70 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı tərəfindən vergi orqanına təqdim edilməyən sənədlər (xxxx sənədləri) əsasında 2017-ci ilin iyun-dekabr aylarına görə 624919,21 manat, 2018-ci ilin yanvar-dekabr aylarına görə 1124988,87 manat, 2019-cu ilin yanvar - fevral aylarına görə isə 136151,59 manat, cəmisi 1886059,67 manat məbləğində əlavə olaraq ƏDV hesablanmışdır. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış vergi məbləğinin 50 faizi məbləğində, yəni 943029,85 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Əmək haqqı sənədlərinə əsasən 2017-ci ildə 72423,14 manat, 2018-ci ildə 19701,53 cəmisi 92124,67 manat əmək haqqı fərqinin olmasına və bununla da sosial sığorta haqqının azaldılmasına görə 46062,34 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan verginin 2017-ci ildə 37929,40 manat, 2018-ci ildə 9691,34 manat məbləğində azaldılmasına görə cəmisi 23810,37 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Firmada xxxx sənədlərinin olmaması və firmadan belə sənədlərin götürülməməsi dəlili ilə əlaqədar olaraq bildirilir ki, X12 zamanı operativ vergi nəzarəti tədbirləri ilə iddiaçı tərəfindən vergi orqanına təqdim edilməyən sənədlər (xxxx sənədləri) aşkar edilmiş və həmin sənədlər iddiaçının rəhbərinin iştirakı ilə “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” xx.xx.2020-ci il tarixli Protokol tərtib edilməklə götürülmüşdür. Xüsusi şifrə parolla şifrələnmiş həmin sənədlər (elektron formatda) iddiaçının rəhbərinin iştirakı ilə xx.xx.2020-ci il tarixdə açılmış və bu barədə iddiaçının rəhbərinin iştirakı ilə akt tərtib edilmişdir. Vergilərin xxxx sənədləri əsasında hesablanması və həmin sənədlərin nədən ibarət olmasının dövriyyə kənarlaşmasının hansı formada müəyyən edilməsinin açıqlanmaması, yoxlama ilə hesablanmış vergilərin əsaslandırılmaması, aşkar edilmiş pozuntu hallarının nədən ibarət olmasının qeyd edilməməsi dəlillərinə münasibətdə bildiririk ki, operativ nəzarət tədbiri zamanı götürülmüş sənədlərdə qeyd edilən gəlirlərio firmanın vergi orqanına təqdim etdiyi bəyannamə məlumatları arasında yaranmış fərq dövriyyə kənarlaşmasını rəşkil etmiş və həmin kənarlaşma ilə müəyyən edilmiş fərqlərə görə vergilərin hesablanması həyata keçirilmişdir. X12 aktında qeyd edilən hallar tam şəkildə açıqlanmış və hesablanmalı olan vergilər əsaslandırılmış, aşkar edilmiş pozuntu halları isə mənfəət vergisinin, ƏDV-nin, sosial sığorta haqqının, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan verginin azaldılması olmuşdur. Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Vergi Məcəlləsinin 67.6-cı maddəsinə əsasən verginin hesablanması üçün vergi ödəyicisi barədə vergi orqanında bir neçə əlaqəli məlumat olduqda, ən yuxarı məbləğdə verginin hesablanmasına əsas verən əlaqəli məlumata əsasən vergi hesablanır. İddia ərizəsində X12 zamanı ekspertizanın keçirilməsi haqqında iki dəfə qərar qəbul edilərək müxtəlif ekspertlər cəlb edilməsinə, müxtəlif ekspert rəyləri tərtib edilməsinə baxmayaraq, sonda X12 aktı tərtib edilən zaman həmin rəylərə ehtiyacın olmaması qeyd edilmişdir. Bununla əlaqədar olaraq bildirilir ki, Vergi Məcəlləsinin 44-cü maddəsinə əsasən X12na ekspert cəlb edilə bilər. Ekspertiza X12nı bilavasitə həyata keçirən vergi orqanının qərarı ilə təyin edilir. Qanunvericiliyə əsasən ekspertin rəyi təklif xarakteri daşıyır, yoxlamanı həyata keçirən orqan ekspert rəyindən asılı deyildir. Yoxlama zamanı operativ vergi nəzarəti tədbiri ilə iddiaçının təqdim etmədiyi və iddiaçının mənfəətini (gəlirini) birbaşa təsdiq edən digər sənədlər aşkar edilərək götürüldüyündən və həmin sənədlər əsasında vergilərin hesablanması həyata keçirildiyindən ekspertin rəyinə ehtiyac olmamışdır. Vergi Məcəlləsinin 38.2-ci maddəsinin tələbləri pozularaq yoxlamanın təqvim günü ilə deyil, iş günü hesabı ilə aparılması ilə bağlı iddiaçının dəlilinə münasibətdə bildirilir ki, Vergi Məcəlləsinin 38.7.3-cü maddəsinə əsasən yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar X12 vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildikdə və ya ekspertiza keçirildikdə mütəxəssisin və ya ekspertin rəyi yoxlamaya təqdim edilənədək, lakin 9 aydan çox olmamaqla dayandırılır (təxirə salınır). Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən X12 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar- vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Həmin Məcəllənin 38.4-cü maddəsinə əsasən X12 iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. Azərbaycan Respublikası İPM-nin 48.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində dindirilən və operativ vergi yoxlamasında iştrak edən vergi orqanının əməkdaşı X14 oğlu bildirdi ki, qrup rəhbəri olaraq digər həmkar yoldaşları ilə birlikdə “xxxx” Firmasında yoxlamada iştrak etmişdir. Yoxlama zamanı firmanın mühasibatlıq otağında yerləşən bütün kompüterlərdə olan məlumatlar şirkətin rəhbərliyinin iştrakı ilə xüsusi diskə köçürülüb zərfə yerləşdirilərək möhürlənmişdir. Məlumatların götürülməsi zamanı həmin məlumatların rəsmi olub-olmamasını araşdırmamışdırlar.Növbəti gün vergi orqanının inzibati binasında şirkətin rəhbər şəxslərinin iştrakı ilə həmin zərf açılaraq diskə köçürülmüş məlumatlara baxış keçirilmişdir. Həmin məlumatların arasında başqa şirkətlərə aid olan məlumatların olmasına səbəb isə həmin gün “xxxx” firmasından başqa digər müəssisələrdə də götürülmüş məlumatların “hard” diskdə qalması səbəb olmuşdur. Qeyd olunan məlumatlara baxış keçirildikdən sonra həmin məlumatlar Vergilər Nazirliyinə göndərilmişdir. Məhkəmədə şahid vergi orqanının əməkdaşı X18 oğlu bildirdi ki, operativ yoxlamadan başqa həmçinin növbəti gün “hard” diskə baxış zamanı iştrak etmişdir. Hər hansı bir qanun pozuntusuna yol verilməmişdir. Məhkəmədə şahid vergi orqanının əməkdaşı X7 bildirdi ki, “xxxx” firmasında keçirilən operativ vergi yoxlamsında iştrak edib. Belə ki, şirkətin mühasibatlıq otağında olan kömpüterlər şəxsi ola bilməz və orada qeyd olunan yazıların hər birinə vergi ödəyicisi cavabdehdir. Operativ vergi yoxlamasında iştrak edən vergi əməkdaşları xxxx adlanan əməllərin mövcudluğunu yerində müəyyən edə bilmirlər, çünki vaxt məhdudiyyəti var. On bir ildir ki, vergi orqanlarında işləyir və anoloji yoxlamalar vergi ödəyicisinin iştirakı ilə keçirilir. “xxxx” firmasında aparılan operativ vergi yoxlaması zamanı qanun pozuntusuna yol verilməmişdir. Məhkəmədə şahid vergi orqanının əməkdaşı X11 bildirdi ki, “xxxx” firmasında keçirilən operativ vergi yoxlamasında iştrak edib. Operativ vergi yoxlamasının əməkdaşlarının vəzifəsi xxxx adlanan qanunsuz hərəkətlərin müəyyən edilməsi üçün məlumatların aşkar ediılməsindən ibarətdir. Bu məqsəd ilə, “xxxx” firmasının mühasibatlıq otağında yerləşən bütün kompütürlərdə olan məlumatlar “hard” diskə köçürülərək götürülmüşdür. Həmin “hard” disk zərfə qoyulub möhürlənmiş və növbəti gün firmanın səlahiyyətli şəxslərinin iştrakı ilə götürülmüş məlumatlara baxış keçirilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş vergi orqanının əməkdaşı X13 digər şahidlərin ifadəsinə uyğun olaraq ifədə verdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə hesab edir ki, aşağıda qeyd olunanlara görə iddia təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “xxxx” firmasında iyun 2017fevral 2019-cu illəri əhatə edən dövrü üçün vergi orqanı tərəfindən növbəti X12 təyin edilmiş və yoxlamanın nəticəsi xx.xx.2020-ci ildə X12 aktı tərtib edilməklə rəsmiləşdirilmişdir. X12 zamanı xx.xx.2020-ci ildə operativ vergi nəzarəti tədbirləri nəticəsində vergi ödəyicisindən vergi orqanının “xxxx sənədləri” adlandırdığı məlumatlar aşkar edilərək götürülmüşdür. Həmin məlumatlar elektron daşıyıcıya köçürüldükdən sonra xüsusi zərfə yerləşdirilərək vergi ödəyicisinin iştrakı ilə möhürlənmiş və növbəti gün vergi ödəyicisinin iştrakı ilə açılaraq rəsmiləşdirilmişdir. Götürülmüş və vergi orqanı tərəfindən “qara mühasibat sənədləri” adlandırdığı məlumatlar əsasında “xxxx” firmasına əsas borc üzrə 2471652,47 manat, maliyyə sanksiyası üzrə 1304851,03 manat, ümumilikdə 3.776.503,5 manat vergi borcu hesablanmışdır. Məhkəmə tərəfindən iş üzrə 2 dəfə mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertin qarşısında xx xxxxxx 2017-ci ildən xx xxxx 2019-cu ilədək olan dövr üzrə “xxxx” firmasının ƏDV, mənfəət vergisi, məcburi dövlət sığorta hesablamaları, əmlak vergisi və digər maliyyə sanksiyaları üzrə hər hansı kənarlaşmaların mövcud olması ilə bağlı sullar qoyulmuşdur. Verilmiş suallara cavab olaraq məhkəmə mühasibatlıq ekspertizasının xx xxxx 2020-ci il tarixli rəyində “xxxx” firmasının vergi borcunun olmaması və “xxxx” firmasına xx xxxx 2020-ci il tarixli **********37232 saylı qərar əsasında hesablanmış 3.776.503,5 manat vergi borcununun “xxxx sənədləri” adlandırılan məlumatlar əsasında hesablandığı bildirilmişdir. Bundan başqa məhkəmə tərəfindən xx.xx.2020-ci ildə operativ vergi nəzarət tədbirlərini həyata keçərilməsində iştrak edən vergi məmurları dindirilmiş və “qara mühasibat sənədləri” adlandırılan məlumatların “xxxx” firmasının mühasibatlıq otağında yerləşən bütün kömpüterlərdən götürüldüyü və həmin sənədlərin rəsmi və ya qeyri rəsmi olmasının araşdırılmadığı müəyyən edilmişdir. Vergi ödəyicisinin gətirdiyi arqument ondan ibarətdir ki, “xxxx” firmasının əməkdaşının istifadəsində olan kömpüterdə olan qeyri-rəsmi məlumatlara görə firma məsuliyyət daşımır. Bundan başqa “xxxx” firması “xxxx sənədləri” əsasında vergi orqanı tərəfindən vergi borcunun hesablanmasının Vergi Məcəlləsində nəzərdə tutulmadığını bildirir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə X12nın aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. - vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; (67.1.1) - vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; (67.1.2.) - vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; (67.1.3) - vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar; (67.1.4) - vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; (67.1.5) - vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; (67.1.6) - vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; (67.1.7) - vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; (67.1.8) - vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. (67.1.9) Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: - eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; (67.2.1) - eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; (67.2.2) - fəaliyyət göstərilən ərazi. (67.2.3) Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin üçot və hesabat məlumatları əsasında hesablanır. Sadalanan normaların təhlilindən aydın olur ki, vergi ödəyicisinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı səbəblərdən (X12nın aparılması zamanı sənədlər təqdim edilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda və s.) mümkün olmadıqda, vergi orqanı ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan (vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri, xərcləri, idxal-ixrac əməliyyatları, bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti, vergi ödəyicisi tərəfindən istehsal olunmuş və ya təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlardan və s.) istifadə etməklə, eləcə də analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablamaq hüququ vardır. Həmin maddənin məzmunundan həm də o nəticə əldə olunur ki, vergilərin hesablanması zamanı istifadə edilən əlaqəli məlumatlar yalnız rəsmi məlumatlar olmalıdır. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.6-cı maddəsinə əsasən mühasibat uçotu – mühasibat uçotu subyektlərinin aktivləri, öhdəlikləri, kapitalı, gəlir və xərcləri barədə məlumatların yığılması, qeydiyyatı və ümumiləşdirilməsi, habelə maliyyə, vergi və digər hesabatların tərtib edilməsi məqsədi ilə baş vermiş maliyyətəsərrüfat əməliyyatları üzrə ilkin uçot sənədləri əsasında məlumatların analitik və sintetik uçotunun aparılmasıdır. Həmin Qanunun 2.1.10-cu maddəsinə əsasən mühasibat uçotu sənədi - ilkin uçot sənədləri, mühasibat uçotu registrləri, maliyyə hesabatları, habelə uçotun formalaşdırılması üçün tərtib edilən sənədlərdir. Həmin Qanunun 2.1.11-ci maddəsinə əsasən ilkin uçot sənədləri – maliyyətəsərrüfat əməliyyatlarının aparılması üçün mühasibat uçotu subyektinin rəhbərinin göstərişini təsdiq edən və ya bu əməliyyatların baş verməsinə hüquq verən, habelə mühasibat uçotunun aparılmasına əsas verən yazılı və ya elektron daşıyıcılarda olan təsdiqedici sənədlərdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın 1.1-ci bəndinə əsasən bu Qayda Azərbaycan Respublikası Vergi Məcəlləsinin 130.1-1-ci maddəsinə əsasən hazırlanmışdır və istehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması ilə bağlı münasibətləri tənzimləyir. Həmin Qaydaların 2.2-ci bəndinə əsasən istehsal sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri mühasibat uçotunun, gəlirlərin (xərclərin) və vergitutma obyektlərinin, o cümlədən əmtəə-material ehtiyatlarının uçotunun aparılması, habelə uçot sənədlərinin tərtib edilməsi və saxlanması ilə bağlı Azərbaycan Respublikasının Vergi Məcəlləsi və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş vəzifələri, habelə onlara uyğun qəbul edilmiş digər qanunvericilik aktlarının tələblərini yerinə yetirməyə borcludurlar. Həmin Qaydaların 9-cu bəndinə əsasən bu Qaydada nəzərdə tutulan “Elektron qaimə-faktura”, “İstehsal ehtiyatlarının elektron alış aktı”, “Malların alınması üçün vəkalətnamə” və “Yük avtonəqliyyatı üçün yol vərəqi” istisna olmaqla, “İstehsal ehtiyatlarının təhvil-qəbul aktı”, “İstehsal ehtiyatlarının alış aktı”, “İstehsal ehtiyatlarının təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası”, “Malların (hazır məhsulların) təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası”, “Alış sifarişi”, “Hazır məhsulların təhvil-qəbul aktı”, “İstehsal ehtiyatlarının buraxılışı tələbnaməsi”, “İstehsal ehtiyatlarının istehsala buraxılışı qaiməfakturası”, “Köməkçi istehsal məhsullarının əsas istehsala buraxılışı qaimə-fakturası”, “Zay məhsullara dair akt”, “Zay məhsulların təhvil-qəbul aktı”, “İtmiş, əskik gəlmiş, xarab və ya zay olmuş və oğurlanmış mallar barədə akt”, “Hazır məhsulların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası” və “Fövqəladə hallarda malların itməsi, əskik gəlməsi və xarab və ya zay olması barədə akt” Azərbaycan Respublikası Maliyyə Nazirliyinin təsdiq etdiyi formada vergi ödəyicisi tərəfindən kağız və ya elektron daşıyıcıda hazırlanaraq tətbiq edilir. Azərbaycan Respublikasi Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydaları”nın 1.4-cü bəndinə əsasən ciddi hesabat blankları təşkilati-hüquqi formasından asılı olmayaraq, təşkilatların və fərdi sahibkarların maliyyə-təsərrüfat fəaliyyətində əmtəəpul dövriyyəsini əks etdirən, forma və rekvizitləri müəyyən olunmuş qaydada təsdiq edilən, xüsusi seriya və nömrəsi olan ilkin uçot sənədidir. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən ciddi hesabat blanklarını onlara oxşar rekvizitlərə malik olan, ciddi hesabat blankları sayılmayan ilkin uçot sənədləri ilə əvəz etmək yol verilmir. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin xx.xx.2017-ci il tarixli Q-01 saylı Qərarı ilə təsdiq edilmiş “X1 Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”nın 7.1-ci bəndinə əsasən mühasibat uçotu subyektləri Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən müəyyən edilmiş ilkin uçot sənədlərinin və uçot registrlərinin formalarından istifadə edir. Təsərrüfat əməliyyatlarının baş verməsi faktını əks etdirən ilkin uçot sənədləri mühasibat uçotu registrlərində yazılışlar üçün əsas hesab olunur. Həmin Qaydaların 7.2-ci bəndinə əsasən ilkin uçot sənədləri özündə sənədin (formanın) adı, nömrəsi, kodu, tərtib edilmə yeri, tarixi, sənədi tərtib edən mühasibat uçotu subyektinin adı, təsərrüfat əməliyyatlarının məzmunu, məsul şəxslərin vəzifələri, soyadı, adı, atasının adı, şəxsi imzaları kimi zəruri rekvizitlər əks etdirir. Əməliyyatların xarakterindən və mühasibat uçotu subyektinin fəaliyyətinin xüsusiyyətindən asılı olaraq ilkin uçot sənədlərinə digər əlavə rekvizitlərin daxil edilməsinə yol verilir. Həmin Qaydaların 7.3-cü bəndinə əsasən ilkin uçot sənədləri əməliyyatların baş verdiyi anda, bu mümkün olmadıqda isə əməliyyatlar başa çatdıqdan sonra tərtib edilməlidir. Yuxarıda qeyd olunan normaların qarşılıqlı təhlilindən belə nəticə əldə olunur ki, müəssisə və təşkilatlar, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslər mühasibat uçotunu, o cümlədən vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunu Azərbaycan Respublikasının Vergi Məcəlləsi və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada həyata keçirməli və aparılan maliyyə-təsərrüfat əməliyyatlarını baş verdiyi anda (bu mümkün olmadıqda başa çatdıqdan sonra) qanunla müəyyən edilmiş qaydada təsdiq edilmiş, zəruri rekvizitləri özündə ehtiva edən və ciddi hesabat blankı sayılan ilin uçot sənədləri əsasında rəsmiləşdirməlidir. İş materialarından, eləcə də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli və xx.xx.2021-ci il tarixli ekspert rəyindən görünür ki, xxxx Firması vergitutma məqsədləri üçün gəlir və xərclərinin uçotunu qanunla müəyyən edilmiş qaydada (elektron qaimə faktura, elektron vergi hesab faktura, bank çıxarışları və digər sənədlər ilə) rəsmiləşdirmiş və onun tərəfindən təqdim edilmiş vergi bəyannamələri ilə ilkin mühasibatlıq sənədləri arasında hər hansı kənarlaşma aşkar edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı xxxx Firması apardığı əməliyyatları, eləcə də vergitutma məqsədləri üçün gəlir və xərclərinin uçotunu qanunla müəyyən edilmiş qaydada apardığı halda, cavabdeh vergi orqanı “xxxx” sənədlərini əsas götürərək iddiaçıya əlavə vergi məbləği hesablayarkən qanunvericiliyin tələblərini pozmuşdur. Belə ki, yuxarıda qeyd olunan normaların tələblərinə əsasən vergi orqanı vergilərin hesablanması zamanı əlaqəli məlumat qismində yalnız rəsmi sənədlərdən, başqa sözlə desək Vergi Məcəlləsi, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun tərtib edilmiş, vergi ödəyicisinin vergitutma məqsədləri üçün gəlir və xərclərini təsdiq edən ilkin uçot sənədlərindən istifadə etməli olduğu halda, sonuncu qanunvericiliyin tələblərini pozaraq mənbəyi bəlli olmayan və mötəbərliyi şüphə doğuran “xxxx” sənədlərindən istifadə etmişdir ki, bu da nəticədə xxxx Firmasına əsassız və qanunsuz əlavə vergi məbləğinin hesablanmasına əsas olmuşdur. İş materiallarına əlavə edilmiş “xxxx” sənədləri ilə bağlı məhkəmə əlavə olaraq qeyd edir ki, həmin sənədlərin kimə məxsus olması, hansı tarixdə tərtib edilməsi və hansı hesabat dövrünü əhatə etməsi qeyri-müəyyəndir ki, bu da həmin sənədlərin vergilərin hesablanması zamanı mənbəyi bəlli olan (əlaqəli) məlumat qismində istifadə edilməsini mümkünsüz edir. Məhkəmə hesab edir ki, məhkəmə araşdırması nəticəsində cavabdeh vergi orqanı iddiaçı xxxx Firmasına X12 ilə əhatə olunan hesabat dövrləri üzrə əsas borc üzrə 2471652,47 manat, maliyyə sanksiyası üzrə 1304851,03 manat hesablanmasına əsas olan hər hansı mötəbər sübut təqdim edə bilməmiş və həmin hesablamaların əsaslı olmasını sübuta yetirə bilməmişdir, əksinə iş materiallarına əlavə edilmiş mühasibatlıq sənədləri və Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli və xx.xx.2021-ci il tarixli ekspert rəyləri əsasında iddiaçı xxxx Firması tərəfindən yoxlama ilə əhatə olunan hesabat dövrləri ərzində dövlət büdcəsinə ödənilməli olan vergilərin düzgün hesablandığı və hər hansı kənarlaşmaya (vergilərin az hesablanması hallarına) yol verilmədiyi müəyyən edilmişdir. Halbuki, qanunvericiliyin tələbinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsi). Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən, heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin yanında 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən iddiaçı xxxx Firması barəsində qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx xxxx 2020-ci il tarixli **********37232 saylı qərarı ləğv olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən maddəsinə əsasən, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Həmin Məcəllənin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq iddiaçı xxxx Firmasından 200 (iki yüz) manat məbləğində və cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin yanında 2 saylı Ərazi Vergilər Baş İdarəsindən 200 (iki yüz) manat məbləğində pul alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 14, 68, 69, 73, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin yanında 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən iddiaçı xxxx Firması barəsində qəbul edilmiş xx xxxx 2020ci il tarixli **********37232 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı ləğv olunsun. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq iddiaçı xxxx Firmasından 200 (iki yüz) manat məbləğində və cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin yanında 2 saylı Ərazi Vergilər Baş İdarəsindən 200 (iki yüz) manat məbləğində pul alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülsün. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-204/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-204/2021
31.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver