Məhkəmə qərarları › İş №2-1(118)-204/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-204/2022

09.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-204/2022 09.03.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X10 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil1 (Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili, ünvan 1 ünvanında yaşayan), Üçüncü şəxs X6 nümayəndəsi Vəkil2 (fərdi qaydada fəaliyyət göstərən vəkil, Bakı şəhəri, Q.Qarayev prospekti, ev 120, mənzil 32 ünvanında yaşayan ) iştirakı ilə, İddiaçı cavabdeh DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı Qusar rayon Aqrar İslahat Komissiyasının 17.03.1998-ci il tarixli, 5/2 saylı qərarı ilə Qusar rayonu, Çiləgir kənd ərazisində verilmiş 0,31 ha torpaq sahəsinə (KOD 30121028 JN-227 saylı Dövlət Aktı ilə rəsmiləşdirilmiş) dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyata alınması və bununla bağlı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Qusar rayon Aqrar İslahat Komissiyasının 17.03.1998-ci il tarixli, 5/2 saylı qərarı ilə Qusar rayonu, Çiləgir kənd ərazisində verilmiş 0,31 ha torpaq sahəsinə (KOD 30121028, JN-227 saylı Dövlət Aktı ilə rəsmiləşdirilmiş) dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyata alınması və bununla bağlı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 12 yanvar 2005-ci il tarixdə təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən 0.31 ha torpaq sahəsi əldə etmişdir. Həmin torpaq sahəsi ilkin olaraq Qusar rayon Aqrar İslahat Komissiyasının 17 mart 1998-ci il tarixli qərarı ilə Güləliyevlər ailəsinə ayrılmış və torpaq sahəsi 18.07.2000-ci il tarixdə JN-227 nömrəsi ilə qeydə alınmışdır. İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydı alınması üçün müraciət etdikdə ona cavab verilmişdir ki, torpaq sahəsi elektron baza məlumatlarına görə başqa şəxsin mülkiyyətind olan torpaq sahəsi ilə üstüstə düşdüyünə görə mülkiyyət hüququnun qeydə alınması mümkün deyildir. Bundan sonra İddiaçı cavabdehlər X13, X8 və 3-cü şəxs DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı çıxarışların etibarsız sayılması tələbinə dair iddia ərizəsi ilə Qusar rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər X7 adına verilmiş 05 sentyabr 2017-ci il tarixli seriya RX-1136142 və X9 adına verilmiş 27 sentyabr 2018-ci il tarixli RX-1324484 saylı çıxarışların qismən, 0.31 ha hissəsində etibarsız sayılaraq reyestrdən çıxarılması, 0.31 ha torpaq sahəsi üzərində İddiaçı sahiblik və istifadə hüququnun bərpa edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.Qusar rayon Məhkəməsinin 04 sentyabr 2020-ci il tarixli, 2(029)-69/2020 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-627/ 2021 saylı 15.02.2021-ci tarixli qətnaməsi ilə Qusar rayon Məhkəməsinin 04 sentyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iddiaçıya aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etməli olduğu izah edilərək iş üzrə icraata xitam verilmişdir. Qusar rayon Məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə ekspertizasının 07 avqust 2020-cı il tarixli rəyi ilə müəyyən edilmişdir ki, maraqlı şəxslərə məxsus 0,44 ha torpaq sahəsi ilə mənə məxsus 0.31 ha torpaq sahəsinin kordinatlarının üst-üstə düşüb-duşmədiyini müəyyənləşdirmək mümkün deyildir. Buna səbəb maraqlı şəxslərə məxsus 0.44 ha torpaq sahəsinin kordinatları ilə natura arasında şimal-qərb istiqamətində 24 metr, cənub-qərb istiqamətində 16 metr olmaqla kəskin uyğunsuzluğun olmasıdır. Həmçinin, iddiaçı məxsus 0,31 ha torpaq sahəsinin baza sənədləri 17 mart 1998-ci il tarixə aid olsa da, maraqlı şəxslərə məxsus 0,44 ha torpaq sahəsi ilə bağlı baza sənədləri 05 sentyabr 2017-ci ilə aiddir. Sonradan maraqlı şəxsə torpaq sahəsi ayrılarkən ona ayrılmış torpaq sahəsinin sərhəd konturları gözləməklə müəyyən edilməli idi. Əgər bu müəyyənetmə zamanında olmamışdırsa və hər iki torpaq sahəsi arasında kəsişmə halı olmuşsa bu zaman ilkin olaraq sərhədləri müəyyən edilmiş 2.57 ha torpaq sahəsinin, (iddiaçının 0.31 ha torpaq sahəsi də daxil olmaqla) sərhəd konturları əsas götürülməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil1 iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı iddiaya etiraz ərizəsində bildirmişdir ki, İddiaçı Qusar rayonu Çiləgir kəndi ərazisində yerləşən 0.31 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair Dasınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi idarəsinə 28.05.2019-cu il daxil olmuş ərizəyə cavab olaraq bildirilmişdir ki, iddiaçının alqı-satqı müqaviləsi əsasında əldə etdiyi 0.31 ha kənd təsərrüfatlı torpaq sahəsi 5 saylı Xaçmaz Ərazi idarəsinin elektron məlumat bazasında olan xəritəyə əsasən ərizədə qeyd olunan A. Ələkbərovun mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşür. Üçüncü şəxs X6 nümayəndəsi Vəkil2 iddianı qəbul etməyərək izah etdi ki, Güləliyev Azad Qubaşah oğlu ona və ailə üzvlərinə 1998-ci ildə aqrar islahatı zamanı ayrılmış 2.57 ha torpaq sahəsinin 0.94 ha hissəsini X2. Fuad Mirzəxanov isə öz növbəsində 0.94 ha torpaq sahəsinin 0.44 ha hissəsini 21.09.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X3. Beləliklə, F.Mirzəxanov və A.Ələkbərov torpaq sahəsinin qanunvericiliklə müəyyən edilmiş qaydada əldə etmişlər və həqiqətən də iddiaçının iddia etdiyi torpaq sahəsinin koordinatları üçüncü şəxslərin mülkiyyətində olan torpaq sahələrinin koordinatları ilə üstüstə düşürsə, onun mülkiyyət hüququ qeydə alına bilməz. İş materiallarında olan : - JN-227 KOD 30121028 seriyalı dövlət aktının surətindən görünür ki,Qusar rayon X11 17 mart 1998-ci il 5/2 saylı qərarı ilə Güləliyev Azad Qubaşah oğluna 5 nəfər ailə üzvü ilə birlikdə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 2.57 ha torpaq sahəsi verilmişdir. - Güləliyev Azad Qubaşah oğlu ilə İddiaçı arasında bağlanmış və 12.01.2005-ci il tarixdə Qusar rayon Dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş alqı-satqı müqaviləsindən görünür ki, A.Güləliyev JN 227 KOD 30121028 saylı dövlət aktı ilə özünə məxsus Qusar rayon Çiləgir kənd zonasında yerəşən 0.31 ha torpaq sahəsini İddiaçı satmışdır. -DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 17.12.2021-ci il tarixli məktubuna əlavə edilmiş RX ******* seriyalı reyestrdən çıxarışdan görünür ki, Qusar rayonu Çiləgir kəndində yerləşən 0.44 ha torpaq sahəsi X9 xüsusi mülkiyyətindədir. -RX ******* seriyalı reyestrdən çıxarışdan görünür ki, Qusar rayonu Çiləgir kəndində yerləşən 0.44 ha torpaq sahəsi X6 xüsusi mülkiyyətindədir. - AN-İ № ******* nğmrəli 21.09.2018-ci il tarixli alqı satqı müqaviləsindən görünür ki, X16 mülkiyyətində olan 0.44 ha torpaq sahəsini X3. - Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 27.11.2019-cu il tarixli müətəxəssis rəyindən görünür ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması Qusar rayonu Çiləgir kəndində yerləşən Seriya RX ******* saylı Çıxarışa və torpaq sahəsinin plan və ölçüsünə əsasən cavabdeh X16 tərəfindən cavabdeh X4 Seriya RX-1324484 saylı **********91 reyestr nömrəiı Çıxarışda göstərilən 0.44 ha torpaq sahəsinin koordinatları iiə natura arasında kəskin uyğunsuzluq vardır, (şimal-qərb istiqamətində 24 metr, cənub qərb istiqamətində 16 metr). Bu səbəbdən qoyulmuş sualın cavablandırılması mümkün olmamışdır. - Qusar rayon Məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə-teniki-tikinti ekspertizasının 10/1815 saylı 07.08.2020-ci il tarixli rəyindən görünür ki, daşınmaz əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 27.11.2019-cu il tarixli müətəxəssis rəyinə əsasən Qusar rayonu Çiləgir kəndində yerləşən seriya RX1136142 saylı çıxarışa və torpaq sahəsinin plan və ölçüsünə əsasən cavabdeh X16 tərəfindən cavabdeh X4 Seriya RX- 1324484 saylı **********91 reyestr nömrəiı çıxarışda göstərilən 0.44 ha torpaq sahəsinin koordinatları iiə natura arasında kəskin uyğunsuzluq (şimal-qərb istiqamətində 24 m, cənub-qərb istiqamətində 16 m) olduğundan həmin torpaq sahəsinin JN-227 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Güləliyev Azad Qubaşah oğlu tərəfindən İddiaçı satılmış 0,31 ha torpaq sahəsi ilə üst-üstə düşüb düşmədiyini müəyyənləşdirmək mümkün olmamışdır. Məhkəmənin sorğusuna əsasən DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsindən daxil olmuş sənədlərdən müəyən edildi ki, Güləliyev Azad Qubaşah oğlu və ailə üzvlərinin adına aqrar islahat zamanı 2.57 ha torpaq sahəsi (JN-227 KOD 30121028 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktı) ayrılmışdır. Sonradan həmin torpaq sahəsinin 0.94 ha hissəsinə dair 14.11.2003-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən X15 dövlət aktı verilmişdir. F.Mirzəxanov 0.44 ha torpaq sahəsini 21.09.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X5 və sonuncunun 0.44 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ qeydə alınaraq müvafiq çıxarış verilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə qəbul edilmiş «Marks Belçikaya qarşı» qərarında göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Məhkəmə qeyd edir ki, cavabdeh DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin iddiaçıya verdiyi imtina cavabının yeganə dəlili mübahisəli torpaq sahəsinin koordinatlarının A.Ələkbərovun mülkiyyətində olan torpaq sahəsinin koordinastları ilə üst-üstə düşməsi olmuşdur. Həmin torpaq sahələrinin koordinatlarının üst-üstə düşübdüşməməsinin müəyən edilməsi üçün Qusar rayon Məhkəməsi tərəfindən aparılan araşdırma zamanı ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətindən mütəxəssis cəlb edilməklə məhkəmə-tikinti-texniki ekspertizası təyin edilmişdir. Təqdim edilmiş mütəxəssis və ekspert rəyindən məlum olmuşdur ki, həmin torpaq sahəslərinin koordinatlarının üst-üstə düşüb-düşməməsinin müəyyən edilməsi mümkün olmamışdır. Müəyyən etmənin mümkünsüzlüyünün səbəbi kimi A.Ələkbərovun mülkiyyətində olan torpaq sahəsinin koordinatları ilə natura arasında kəskin uyğunsuzluğun olması göstərilmişdir. Beləliklə, cavabdehin imtinasının dəlili olan torpaq sahələrinin koordinatlarının üst-üstə düşməsi halı məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadı. Halbuki, cavabdeh inzibati orqan imtinasının dəlillərini təsdiq edən sübutları məhkəməyə təqdim etmək vəzifəsini daşıyır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Məhkəmə hesab edir ki, iddiaçının alqı-satqı müqaviləsi əsasında əltə etdiyi 0,31 ha torpaq sahəsinin koordinatları ilə eyni satıcı olan Azad X1 və sonradan X4 torpaq sahəsinin koordinatları ilə üst-üstə düşməsinin müəyyən edilməsi mümkünsüz olduğundan cavabdehin bu əsasla iddiaçının qanunvericiliklə müəyyən edilmiş qaydada əldə etdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasından imtina etməsi əsassız hesab edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Həmin Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı İddiaçı Güləliyev Azad Qubaşah oğlundan (KOD 30121028, JN- 227 saylı Dövlət Aktı) 12 yanvar 2005-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən əldə etdiyi Qusar rayonu Çiləgir kəndində yerləşən 0,31 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı Güləliyev Azad Qubaşah oğlundan (KOD 30121028, JN-227 saylı Dövlət Aktı) 12 yanvar 2005-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən əldə etdiyi Qusar rayonu Çiləgir kəndində yerləşən 0,31 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar