Məhkəmə qərarları › İş №2-1(118)-205/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-205/2021

13.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-205/2021 13.08.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Quba rayonunun Qəçrəş kəndi ərazisində yerləşən 2.0 ha və 0.81 ha torpaq sahələri üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və həmin torpaq sahələrinə mülkiyyət hüququ haqqında çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba rayon Qəçrəş Bələdiyyə sədrinin 11 may 2007-ci il tarixli 7/25 nömrəli qərarı ilə Quba rayonu, Qəçrəş kəndinin bələdiyyənin ehtiyat fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına az yararlı torpaq sahəsindən alqı-satqı qaydasında iddiaçıya 2.0 ha torpaq satılması barədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən hazırlanmış sənədlərin nəzərə alınması, iddiaçıya Quba rayonu Qəçrəş bələdiyyə ehtiyat fondunun alqı-satqı predmeti olan az yararlı torpaq sahəsindən 2.0 ha torpaq sahəsinin satılması qərara alınmışdır. Həmin qərarın icrası məqsədilə iddiaçı ilə Quba rayon Qəçrəş bələdiyyəsi arasında 07.06.2007-ci il tarixli torpaqların alqı-satqısına dair akt imzalanmışdır. Həmin akta əsasən Qəçrəş bələdiyyə ərazisində 2.0 ha torpaq sahəsinin İddiaçı satılması müqabilində İddiaçı tərəfindən Qəçrəş bələdiyyəsinə 3000 manat məbləğində pul ödənilmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən İddiaçı 20.06.2007-ci il tarixində Quba rayonu Qəçrəş ərazisində 20 000 kv.m sahəsi olan torpaq sahəsinə dair plan və ölçü tərtib edilmişdir. Quba rayon İcra Hakimiyyəti Başçısının 18 iyul 2007-ci il tarixli sərəncamına əsasən X3 istirahət zonası yaradılması məqsədi ilə tikinti işlərinin aparılmasına icazə verilməsi barədəki 02 iyul 2007-ci il tarixli ərizəsində torpaq sahəsinin ayrılması barədə Qəçrəş bələdiyyəsinin 11 may 2007-ci il tarixli qərarı, DT və XK-nin Quba rayon şöbəsinin rəy və arayışı, torpaq sahəsinin kadastr planı və mütəxəssis komissiyasının 04 iyul 2007-ci il tarixli akt-rəyinin nəzərə alınması, ona Qəçrəş kəndinin ərazisinə aid olan 2.0 hektar torpaq sahəsində istirahət zonası yaratmaq məqsədi ilə tikinti işlərinin aparılmasına icazə verilməsi qərara alınmışdır. Quba rayon İcra Hakimiyyətinin səlahiyyətli şəxsləri tərəfindən təsdiq edilmiş 04.07.2007-ci İl tarixli aktdan müəyyən olunur ki, istirahət zonasının yaradılması ilə əlaqədar yaranmış torpaq sahəsi 2.0 ha olmaqla Qəçrəş kəndinin ərazisinə aiddir. Sahə sanitar-gigiyenik tələbata cavab verir. Sahə yanğın təhlükəsizliyi tələblərinə cavab verir. Sahədən yüksək gərginlikli elektrik xətti keçmir. Sahədən yeraltı kommunikasiya xətləri keçmir. Bundan əlavə, İddiaçı mülkiyyətində Quba rayon Qəçrəş kəndi ərazisində 0.81 hektar torpaq sahəsi vardır. Həmin torpaq sahəsini İddiaçı 15.05.2003-cü il tarixli alqı-satqı müqaviləsi əsasında X1 almışdır. Müqavilə əsasında İddiaçı həmin torpaq sahəsinə dair 23.07.2003-cü il tarixli torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Quba rayon İcra Hakimiyyəti Başçısının 03.11.2004-cü il tarixli sərəncamına əsasən iddiaçının özəl torpaq sahəsində tikinti işlərinin aparılmasına icazə verilməsi barədəki ərizəsinin, komissiyanın aktının nəzərə alınması, Quba rayonu Qəçrəş kəndi ərazisində 1,46 ha və 0.81 ha özəl torpaq sahəsində tikinti işlərinin aparılmasına icazə verilməsi qərara alınmışdır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin səlahiyyətli şəxslərinin təsdiqlədiyi 01.10.2004-cü il tarixli aktından müəyyən olunur ki, torpaq sahəsi sanitar-gigiyenik tələblərə uyğundur, sahə yanğına qarşı təhlükəsizdir, sahədən kommunikasiya xətləri keçmir. Hesab edir ki, iddiaçının istifadəsinə və mülkiyyətinə verilən qeyd olunan torpaq sahələrinə dair mülkiyyət hüququ haqqında dövlət reyestrindən çıxarışın verilməsi zərurəti yaranmışdır. İddiaçının mülkiyyətində olan torpaq sahələrinə çıxarışların verilməsi üçün cavabdeh inzibati orqana 29.03.2020-ci il tarixli ərizə ilə müraciət olunmuşdur. Ərizəyə cavab olaraq ona 30.04.2020-ci il tarixli məktubla imtina cavabı verilmişdir. Cavabdeh inzibati orqanının 30.04.2020-ci il tarixli məktubundan aşağıdakılar qeyd olunur: “Müraciətinizlə əlaqədar aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, ərizənizdə qeyd edilən JN-640 nömrəli Dövlət Aktı eləcədə JN-640 nömrəli Dövlət Aktının yaranmasına əsas olmuş Quba şəhər Dövlət Notariat Kontorunun 15.05.2003-cü il tarixli alqı-satqı müqaviləsində əsas olan JN-638 nömrəli Dövlət Aktı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının verilməsi kitabında qeydiyyatdan keçməmiş, eyni zamanda ərazi idarəsinin elektron məlumat bazasında da öz əksini tapmamışdır. Eyni zamanda ərizənizə əlavə olunmuş AN-0073336 nömrəli "Torpaq sahəsinin plan və ölçüsü” sənədində qeyd olunan torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarını ərazi idarəsinin elektron məlumat bazasına əsasən uyğunluğu yoxlanılarkən məlum olmuşdur ki, torpaq sahəsi Qəçrəş kəndinin sərhədlərindən kənarda yerləşir. Qeyd olunan səbəblərdən ərizənin icrası Ərazi İdarəsi tərəfindən mümkün olmamışdır”. Hesab edir ki, cavabdeh inzibati orqanın imtina cavabının heç bir hüquqi və faktiki əsası yoxdur. Cavabdeh inzibati orqan çıxarışın verilməsinin mümkün olmadığını hüquqi cəhətdən əsaslandırmamış, hansı qanunvericilik normasına əsasən çıxarışın verilməsindən imtina edildiyini qeyd etməmişdir. Hazırkı iş üzrə mübahisəli torpaq sahələrindən biri olan 0.81 hektar torpaq sahəsi ilə bağlı cavabdeh inzibati orqan qeyd edir ki, həmin torpaq sahəsinə dair 15.05.200-cü il tarixli alqı-satqı müqaviləsinin bağlanmasına əsas olmuş JN-638 nömrəli dövlət aktı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təhvil verilmiş qeydiyyat kitabında qeydiyyatdan keçməmiş və idarənin elektron məlumat bazasında öz əksini tapmamışdır. Qeyd etdi ki, əvvəla bütün bu hallar sübut olunmalı və sübut olunduğu halda belə bütün bu halların ona heç bir aidiyyatı yoxdur. Mübahisəli torpaq sahəsi iddiaçının mülkiyyətinə alqı-satqı müqaviləsi əsasında keçmiş, həmin alqı-satqı müqaviləsi dövlət notariat kontorunda təsdiqlənmiş və alqı-satqı müqaviləsinin əsasında iddiaçıya mülkiyyət hüququ haqqında akt təqdim olunmuşdur. Göründüyü kimi, mübahisəli torpaq sahəsi iddiaçının mülkiyyətinə qanuni əsaslarla keçmişdir. Qeyd olunan halların qeydiyyat kitabında qeydiyyatdan keçməməsi və elektron məlumat bazasına daxil edilməməsi iddiaçının deyil, cavabdeh inzibati orqanın öhdəliyidir. Cavabdeh inzibati orqanın yerinə yetirilməmiş öhdəliyinə görə çıxarışın verilməsindən imtina oluna bilməzdi. Cavabdeh digər torpaq sahəsi ilə bağlı qeyd edir ki, “torpaq sahəsinin döngə koordinatlarının elektron məlumat bazasına əsasən uyğunluğu yoxlanılarkən məlum olmuşdur ki, torpaq sahəsi Qəçrəş kəndinin sərhədlərindən kənarda yerləşir”. Əvvəla həmin torpaq sahəsinin Qəçrəş kəndinin sərhədlərindən kənarda yerləşdiyini müəyyən etmək üçün onların iştirakı təmin edilməklə ekspertiza keçirilməli, torpaq sahəsinin sənədləri təqdim edildikdən sonra ekspertin rəyi əsasında həmin hal müəyyən edilə bilərdi. Lakin cavabdeh inzibati orqan kompyuterdə olan natamam məlumatlara əsasən nədənsə bu halı "müəyyən" edə bilmişdir. Halbuki cavabdeh inzibati orqan İnzibati İcraat haqqında Qanunun 24-cü maddəsinə əsasən işin həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün halları obyektiv və hərtərəfli araşdırmağa borcludur. Digər tərəfdən həmin vəziyyətin mövcud olduğu halda belə iddiaçıya heç bir aidiyyatı yoxdur. Belə ki, həmin torpaq sahəsinin ərazisinin koordinatlarım müəyyən edən plan və ölçü Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv olunsa da onun səlahiyyətləri və öhdəlikləri cavabddeh inzibati orqanın sərəncamına keçmişdir. Belə olduğu halda bu öhdəlik yenə də məhz cavabdeh inzibati orqanın öhdəliyidir və torpaq sahəsinin ərazisinin koordinatlarını düzgün müəyyən edən plan və ölçünün verilməsi öhdəliyi də cavabdeh inzibati orqanın üzərinə düşür. Cavabdehin qanunsuz imtinası inzibati icraatın əsas prinsiplərindən olan mötəbərlik prinsipinin pozulması ilə tərtib edilmişdir. Belə ki, həmin prinsipin mahiyyətinə əsasən tərəfindən təqdim edilmiş sənədlərin həqiqətə uyğun olmadığını sübut etmək vəzifəsi cavabdeh inzibati orqanın üzərinə düşür. Cavabdeh inzibati orqana ünvanlanmış müraciətinə əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, mübahisəli torpaq sahələri alqı-satqı müqavilələri əsasında iddiaçının mülkiyyətinə keçmiş, torpaq sahələrinə dövlət orqanları tərəfindən plan və ölçü, mülkiyyət hüququ haqqında aktı təqdim edilmişdir. Məhz həmin sənədlər daşınmaz əmlakın dövlət reyestri haqqında qanunun tələblərinə əsasən mülkiyyət hüququ haqqında çıxarışın verilməsi üçün əsasdır. Həmin sənədlərin həqiqətə uyğun olmadığı sübuta yetirilmədiyi üçün mötəbərlik prinsipinə əsasən iddiaçıya torpaq sahələrinə dair mülkiyyət hüququ haqqında çıxarış verilməli idi. "İnzibati İcraat haqqında" AR Qanununun 10.1-ci maddəsinin tələbinə əsasən Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. Həmin Qanunun 11.1-ci maddəsinin tələbinə əsasən İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 19.1-ci maddəsinin tələbinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yctirilməyibso, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Ümumiyyətlə iddiaçıya qeyd olunan torpaq sahələrinə dair mülkiyyət hüququ haqqında çıxarış verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcuddur. Həmin əsaslardan ikisi daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr və 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələridir ki, hazırkı iş üzrə də həmin sənədlər mövcuddur və iddia ərizəsinə əlavə olunur. Göründüyü kimi, iddiaçının istifadəsində olan torpaq sahələrinə dair mülkiyyət hüququ haqqında çıxarış verilməsi üçün kifayət qədər qanuni əsas mövcuddur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi və vəkili eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq iddiaçının nümayəndəsi bildirdi ki, 2 ha torpaq sahəsi bələdiyyə torpaqlarına aiddir və alqı-satqı müqaviləsi ilə iddiaçıya satılmışdır. Yəni mütəxəssis rəyində göstərilən kimi, iddiaçının istifadəsində olan 2 ha torpaq sahəsi meşə fondu torpaqlarına aid deyil. Belə ki, iddiaçı Azərbaycan Respublikası ETSN-nin X9 və Bərpası Müəssisəsi tərəfindən cavabdeh X4 qarşı qanunsuz tikililərin sökülməsi məqsədilə iddia tələbi qaldırılmış, lakin sonradan iddiaçı Sumqayıt Apellyasiya Məhkəməsininə ərizə təqdim edərək öz iddia tələbindən imtina etmişdir. Səbəb kimi də 19.09.2016-cı il tarixli ekspert rəyinin alınması ilə bağlı olmuşdur, çünki həmin ekspert rəyinə əsasən Mirzəliyev Faiqin torpaq sahəsi bələdiyyə torpaqları ərazisində yerləşməsi olmuşdur. Göründüyü kimi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş 07.06.2021-ci il tarixli, **********03 nömrəli mütəxəssis rəyində qeyd olunan iddiaçının torpaq sahəsinin 1,5 ha hissəsi Faiq Mirzəliyevin torpaq sahəsi ilə üst-üstə düşməsi orqanların əsassız olaraq rəy verilməsi ilə nəticələnmişdir. 2016-ci ildə də, 2021-ci ildə də eyni orqan tərəfindən rəy verilmiş, ancaq eyni ərazilər üçün müxtəlif rəylər verilmişdir. Yəni birində deyir ki, bələdiyyə torpaqlarıdır, digərində isə deyir meşə fondu torpağıdır. Beləliklə hesab edir ki, 07.06.2021-ci il tarixli, **********03 nömrəli mütəxəssis rəyi etibarlı sübut olmamalıdır. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı İddiaçı Quba rayonu, Qəçrəş kəndi ərazisində yerləşən 2.0 ha və 0.81 ha torpaq sahələri üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə 29.03.2020-ci il tarixli ərizə ilə müraciət etmişdir. Müraciətinə 01.07.2020-ci il tarixli **********14 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki, müraciətlə əlaqədar aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, ərizədə qeyd edilən JN-640 nömrəli Dövlət Aktı, eləcədə JN-640 nömrəli Dövlət Aktının yaranmasına əsas olmuş Quba şəhər Dövlət notariat Kontorunun 15.05.2003-cüil tarixli 4-169 saylı Alqı- satqı müqaviləsində əsas olan JN-638 nömrəli Dövlət Aktı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil veriimiş dövlət aktlarının verilməsi kitabında qeydiyyatdan keçməmiş, eyni zamanda ərazi idarəsinin elektıon məlumat bazasında da öz əksini tapmamışdır. Eyni zamanda ərizəyə əlavə olunmuş AN-007336 nömrəli "Torpaq sahəsinin plan və ölçüsü" sənədində qeyd olunan torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarım ərazi idarəsinin elektron məlumat bazasına əsasən uyğunluğu yoxlanılarkən məlum olmuşdur ki, torpaq sahəsi Qəçrəş kəndinin sərhədlərindən kənarda yerləşir. Qeyd olunan səbəblərdən ərizənizin icrası Ərazi idarəsi tərəfindən mümkün olmamışdır. Belə ki, mübahisələndirilən JN 640 KOD ********* saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında əks olunan koordinatlarına və baza xəritəsinə əsasən həmin torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları ərazisində yerləşir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 20-ci maddəsinə əsasən yaşayış məntəqələrinin torpaqlarından istifadə qaydaları müəyyən edilmişdir. 20.1 Yaşayış məntəqələrinin torpaqlarından onların baş planlarına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə və eləcə də yerquruluşu-təsərrüfat planlarına müvafiq surətdə istifadə edilir. 20.2 Yaşayış məntəqələrinin baş planları mənzil, sənaye, mədəni-məişət obyektlərinin tikintisi və başqa tikintilər, əhalinin istirahət yerlərinin müəyyənləşdirilməsi və abadlaşdırılması üçün şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin torpaqlarından istifadənin əsas istiqamətlərini müəyyən edir. Baş plan əsasında hazırlanmış planlaşdırma və tikinti layihələri tikinti üçün torpaqlardan istifadəni müəyyən edir. Lakin, JN 640 nömrəli dövlət aktında göstərilən torpaq sahəsi kənd təsərrrüfatı məhsulların istehsalı ilə verilmişdir və kənd təsərrüfatı təyinatlı torpaqlara aiddir. Bildirilir ki, həmin məqsədlə torpaq sahəsinin yaşayış məntəqələrinin torpaqlarından ayrılması qanunvericilikdə nəzərdə tutulmamışdır. İddia ərizəsində göstərilən digər daşınmaz əmlaka aid AN-007336 nömrəli “Torpaq sahəsinin plan və ölçüsü" sənədində qeyd olunan torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarını ərazi idarəsinin elektron məlumat bazasına əsasən Qəçrəş kəndinin sərhədlərindən kənarda yerləşir meşə fondu torpaqları kimi göstərilmiş əraziyə düşür. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 31.5-ci maddəsinə əsasən meşə fondu torpaqlarının alqı-satqısına yol verilmir. Həmin Məcəllənin 46-cı maddəsinə əsasən meşə fondu torpaqları dövlət mülkiyyətinə aiddir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsi Hüquqların dövlət qeydiyyatının aparılması qaydalarını müəyyən edir. Belə ki, Qanunun 9.1-ci maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatının aşağıdakı qaydada aparılır: daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini,məhdudlaşdırılması (yüklənməsi),onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası qanununun 9.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. Vətəndaş tərəfindən yuxarıda qeyd olunan qanuna müvafiq olaraq sənədlərin və ərizənin təqdim olunmaması səbəbindən sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi keçrilməmiş və ərizəsinə dair texniki hissə ilə heç bir münasibət bildirilməmişdir.Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh təşkilat və üçüncü şəxslər məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdirlər. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iddia tələbinə cavabdehin və üçüncü şəxslərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdeh inzibati orqanın **********15 saylı, 30 aprel 2020-ci il nömrəli imtina məktubu, **********75 saylı, 11 sentyabr 2020-ci il nömrəli etirazı, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsinin tərəfindən verilmiş AN-007336 nömrəli “Torpaq sahəsinin plan və ölçüsü” sənədinin surəti, JN 640 KOD ********* saylı “Torpağa mülkiyyət hüququna” dair Dövlət Aktının surəti, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş 09.08.2021-ci il tarixli, **********62 nömrəli məktubu, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş 07.06.2021-ci il tarixli, **********03 nömrəli mütəxəssis rəyi, iddiaçı tərəfindən məhkəməyə təqdim edilən 19.09.2016-cı il tarixli ekspert rəyinin surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanunidir. İddia mümkün iddia olsa da, əsassızdır. Bu səbəbdən də təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Həmin iddia növü üçün qanunda nəzərdə tutulmuş xüsusi mümkünlük şərti təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, sonuncu tərəfindən müraciətinin qanunla müəyyən edilmiş müddət ərzində cavablandırılmaması və ya müraciətinin təmin edilməməsidir. İddiaçı hazırkı tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. İddia tələbi mahiyyət etibarı ilə əsassızdır. Belə ki, inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür (İPM maddə - 14.2). Cavabdeh inzibati orqan mübahisə predmeti olan torpaq sahələri üzərində iddiaçının mülkiyyət hüququnu dövlət qeydiyyatına almaqdan imtina edərkən istinad etmişdir ki, JN-640 nömrəli Dövlət Aktı, eləcədə JN-640 nömrəli Dövlət Aktının yaranmasına əsas olmuş Quba şəhər Dövlət notariat Kontorunun 15.05.2003-cüil tarixli 4-169 saylı Alqı- satqı müqaviləsində əsas olan JN-638 nömrəli Dövlət Aktı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil veriimiş dövlət aktlarının verilməsi kitabında qeydiyyatdan keçməmiş, eyni zamanda ərazi idarəsinin elektron məlumat bazasında da öz əksini tapmamışdır. Eyni zamanda ərizəyə əlavə olunmuş AN-007336 nömrəli "Torpaq sahəsinin plan və ölçüsü" sənədində qeyd olunan torpaq sahəsinin döngə nöqtələrinin koordinatları ərazi idarəsinin elektron məlumat bazasına əsasən uyğunluğu yoxlanılarkən məlum olmuşdur ki, torpaq sahəsi Qəçrəş kəndinin sərhədlərindən kənarda yerləşir, bu səbəbdən ərizəsinin icrası mümkün olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb, tədqiq olunan sübutlara əsaslanaraq hesab edir ki, cavabdehin imtinası əsaslıdır və iddia tələbi təmin edilə bilməz. Belə ki, iddia tələbi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsinin tərəfindən verilmiş AN-007336 nömrəli “Torpaq sahəsinin plan və ölçüsü” sənədi və JN 640 KOD ********* saylı “Torpağa mülkiyyət hüququna” dair Dövlət Aktına əsaslanan torpaq sahələrinə dair iddiaçının mülkiyyət hüquqlarının tanınmasından ibarətdir. Məhkəmə tərəfindən təyin edilmiş ekspertiza nəticəsində müvafiq mütəxəssis rəyi alınmış və məlum olmuşdur ki, AN-007336 nömrəli “Torpaq sahəsinin plan və ölçüsü” sənədi əsasında iddiaçıya satılmış 2 hektar torpaq sahəsi bütünlükdə meşə fondu torpaqlarının daxilində yerləşir və eyni zamanda həmin plan və ölçü sənədində qeyd olunan 2 hektar torpaq sahəsi digər vətəndaşa verilmiş **********0108 kadastr nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədindəki koordinatlar ilə 1,5 hektar hissədə üst-üstə düşür. Həmin mütəxəssis rəyinə görə JN 640 KOD ********* saylı “Torpağa mülkiyyət hüququna” dair Dövlət Aktının koordinatları elektron baza məlumatlarındakı xəritələrdə (DWJ xəritələrində) qeydə alınmamış və DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının verilməsi kitabında qeydiyyatdan keçməmişdir. Bu səbəbdən də 0.81 ha torpaq sahəsinin harada yerləşməsi mütəxəssis tərəfindən müəyyən etmək mümkün olmamışdır. Daha sonra məhkəmə tərəfindən üçüncü şəxs Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə JN 640 KOD ********* saylı “Torpağa mülkiyyət hüququna” dair Dövlət Aktında göstərilmiş 0.81 ha torpaq sahəsinin təyinatı barədə və həmin torpaq sahəsinin yaşayış məntəqələrinin torpaqları ərazisində məlumatların verilməsi məqsədilə sorğu göndərilmiş, lakin üçüncü şəxs Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş 09.08.2021-ci il tarixli, **********62 nömrəli məktubla həmin torpaq sahəsinin koordinatları elektron baza məlumatlarında və qeydiyyat kitabınada olmadığına görə, torpaq sahəsinin harada yerləşməsi, təyinatını və hansı kateqoriya torpaqlara aid olmasını müəyyən etmək mümkün olmamışdır. Göründüyü kimi məhkəmə araşdırması nəticəsində iddiaçıya aid JN 640 KOD ********* saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının verilməsi kitabında qeydiyyatdan keçməmiş, eyni zamanda ərazi idarəsinin elektron məlumat bazasında da öz əksini tapmamışdır. Aktda əks olunan koordinatlarına və baza xəritəsinə əsasən həmin torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları ərazisində yerləşir. Həmçinin, AN-007336 nömrəli “Torpaq sahəsinin plan və ölçüsü” sənədində qeyd olunan torpaq sahəsinin döngə nöqtələrinin koordinatları elektron məlumat bazasına əsasən meşə fondu torpaqları ərazisidir və digər vətəndaşa verilmiş **********0108 kadastr nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədindəki koordinatlar ilə 1,5 hektar hissədə üst-üstə düşür. Bu səbəbdən də hazırkı halda müvafiq torpaq sahələrini iddiaçının adına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata almaq qanunvericiliyə görə mümkün deyildir. Daşınmaz Əmlakın dövlət reyestri haqqında Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Sözügedən normadan göründüyü kimi daşınmaz əmlakın dövlət reyestri aparılarkən bəyan olunan hüquqlarla qeydiyyata alınan hüquqlar arasında ziddiyyətlərin olub-olmaması, habelə hüquqları təsdiq edən sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmalıdır. Hazırkı işdə də cavabdeh inzibati orqan tərəfindən iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdə göstərilən məlumatla dövlət reyestrində saxlanılan məlumat arasında uyğunsuzluq müəyyən edilmiş və bu hal məhkəmə tərəfindən təyin edilmiş ekspertiza nəticəsində də öz təsdiqini tapmışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın sözügedən torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən imtinası qanunsuz olmamışdır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 35-ci maddəsinə əsasən meşə fondu torpaqlarının alğı-satqısına yol verilmir. Həmin Məcəllənin 46-cı maddəsinə əsasən meşə fondu torpaqları dövlət mülkiyyətinə aiddir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Quba rayonunun Qəçrəş kəndi ərazisində yerləşən 2.0 ha və 0.81 ha torpaq sahələri üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və həmin torpaq sahələrinə mülkiyyət hüququ haqqında çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası əsassızdır və təmin edilməməlidir. Eyni zamanda ekspertizanın keçirilməsinə dair aparılmış tədqiqatların dəyəri olaraq 632 manat məbləğində pul vəsaiti İddiaçı tərəfindən Kod 200071, VÖEN **********, SWİFT kod AİİBAZ2X, Müxbir hesab AZ37NABZ******************** olan Kapital Bank ASC Xətai filialına, VÖEN **********, Hesab AZ23AİİB******************** olan "xxxx" MMC-nin hesabına ödəməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Quba rayonunun Qəçrəş kəndi ərazisində yerləşən 2.0 ha və 0.81 ha torpaq sahələri üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və həmin torpaq sahələrinə mülkiyyət hüququ haqqında çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Mütəxəssis rəyinin verilməsinə dair aparılmış tədqiqatın dəyəri olaraq 632 manat məbləğində pul vəsaiti İddiaçı tərəfindən Kod 200071, VÖEN **********, SWİFT kod AİİBAZ2X, Müxbir hesab AZ37NABZ******************** olan Kapital Bank ASC Xətai filialına, VÖEN **********, Hesab AZ23AİİB******************** olan "xxxx" MMC-nin hesabına ödənilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar