Məhkəmə qərarları › İş №2-1(118)-2051/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2051/2021

27.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2051/2021 27.10.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X1 oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər Mənzil Təmir Tikinti İdarəsinə qarşı “təqaüd hüququnun təmin edilməsində 9 illik əmək fəaliyyətinin sosial sığorta stajı kimi hesab edilməsi” barədə iddiasına dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Sumqayıt şəhər Mənzil Təmir Tikinti İdarəsinə qarşı “təqaüd hüququnun təmin edilməsində 9 illik əmək fəaliyyətinin sosial sığorta stajı kimi hesab edilməsi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 01.08.1995-ci il tarixdə 4385 saylı əmrlə Sumqayıt şəhərində yerləşən Mənzil Tikinti Təmir İdarəsində işə qəbul edilmişdir. 27.12.2004-cü il tarixdə öz xahişi ilə 27 saylı əmrlə işdən azad edilmişdir. Sonrada bu idarə ləğv edildiyindən və fəaliyyət göstərmədiyindən onun bu idarədə işlədiyi 9 illik iş stajını (əmək kitabçasında göstərilən qeydiyyatdan başqa) təsdiq edəcək başqa sənədlər olmadığından iddiaçının müvafiq iş stajına uyğun olaraq təqaüdə çıxmağında bir çox əngəllər yaranmışdır. Bu məqsədlə iddiaçı, Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialına müraciət etmişdir. Dövlət Arxivinin Sumqayıt filialı iddiaçının 07.09.2021-ci il tarixli 615 saylı sorğusuna 24.09.2021-ci il tarixli 665 saylı cavab məktubunda bildirmişdir ki, sorğu etdiyi Mənzil Tikinti Təmir İdarəsinin arxiv sənədləri Azərbaycan Respublikasının Dövlət Arxivinin Sumqayıt filialının Dövlət Mühafizəsinə təhvil verilməmişdir. Göründüyü kimi hazırda ləğv edilmiş Mənzil Tikinti Təmir İdarəsinin hansısa bir məmurunun öz işinə səhlənkar münasibətinin nəticəsidir ki, bu gün iddiaçının təqaüdə çıxmasında vacib şərt olan 9 illik iş stajının olmasını əmək kitabçasından başqa təsdiq edən digər sənədləri əldə edə bilməməsi, iddiaçının təqaüdə çıxmaq hüququnun pozulmasına gətirib çıxarır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçıya hüquqi yardım edilmiş, iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddiaçı cavabdeh qismində Sumqayıt şəhər Mənzil Təmir Tikinti İdarəsini qoymuşdur ki, qanunvericilikdə inzibati orqan olmayan tərəflər arasındakı iddialara inzibati məhkəmə icraatı qaydasında baxılması da nəzərdə tutulmamışdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən həmin qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Göründüyü kimi mübahisənin inzibati xarakterli ola bilməsi üçün tərəflərdən heç olmasa biri inzibati orqan və ya inzibati akt qəbul etmək səlahiyyəti verilmiş orqan olmalı və mübahisə həmin orqanın inzibati fəaliyyəti ilə bağlı olmalıdır. Hal-hazırkı iş üzrə cavabdeh Sumqayıt şəhər Mənzil Təmir Tikinti İdarəsi inzibati orqan olmamaqla yanaşı, mübahisə əmək münasibətləri əlaqəlidir. İnzibati məhkəmə icraatı qaydasında isə bu cür iddialara baxılması nəzərdə tutulmammışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya izah olunsun ki, işlədiyi müəssisə ilə əmək münasibətlərdən irəli gələn mübahisələrin həlli ilə bağlı müvafiq ümumi məhkəmə müraciət edə bilər. İnzibati orqanların qərar və hərəkətlərindən narazı qaldıqda isə müvafiq inzibati məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar