Məhkəmə qərarları › İş №2-1(118)-206/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-206/2022

18.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-206/2022 18.01.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Ramiz qızının katibliyi ilə, İddiaçı cavabdeh DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı cavabdehin üzərinə Qusar şəhər bələdiyyəsinin 30 mart 2004-cü il tarixli 3/4-27 saylı qərarına əsasən satılmış 0,06 ha torpaq sahəsinə dair hüquqlarının dövlət reyestrində qeydiyyata alınması, həmin torpaq sahəsinə çıxarış və texniki pasportun hazırlanıb verilməsi öhdəliyinin qoyulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh ƏMDX-nin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin üzərinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün torpaq sahəsinin satılması haqqında Qusar şəhər bələdiyyəsinin 30 mart 2004-cü il tarixli 3/4-27 saylı qərarına əsasən iddiaçıya satılmış 0,06 ha torpaq sahəsinə dair hüquqlarının dövlət reyestrində qeydiyyata alınması, həmin torpaq sahəsinə çıxarış və texniki pasportun hazırlanıb verilməsi vəzifəsinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının müraciətinə əsasən Qusar şəhər bələdiyyəsinin 30 mart 2004-cü il tarixli 3/4-27 saylı qərarı ilə 0,06 ha torpaq sahəsi ona satılmışdır. İddiaçı Qusar şəhər bələdiyyəsinin sədri və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon Şöbəsinin müdirinin iştirakı ilə sözügedən qərarda qeyd edilən 0,06 ha torpaq sahəsinin alqı-satqısma dair aktı 2014-cü ilin yay ayında imzalamışdır. Həmin akt DT və XK-nin Qusar rayon şöbəsində 28 fevral 2014-cü il tarixdə 51 nömrə ilə qeydiyyata alınmışdır. İddiaçıya satılmış 0,06 ha torpaq sahəsinin Qusar şəhər bələdiyyəsinin 30 mart 2004-cü il tarixli 3/4-27 saylı qərarına əsasən planı və ölçüsü Azərbaycan Respublikası DTXK-nin Qusar rayon şöbəsi tərəfindən tərtib edilərək X2 kitabında 28 fevral 2014-cü ildə tarixdə 01-35 nömrə ilə uçota alınmışdır. Qusar şəhəri ərazisində yerləşən 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üçün DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Müraciətinin təmin edilməsindən imtina edilmişdir. Tərəflər şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişlər. İddiaçı tərəfindən məhkəməyə ünvanlanmış teleqramda xəstəliyi ilə əlaqdar məhkəmə iclasında iştirak edə bilmədiyi və onun iştirakı olmadan işə baxılaraq təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Cavadehin məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, ididaçının müraciətinə 25.06.2021-ci il tarixli **********80 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki, araşdırma zamanı iddiaçıya satılmış torpaq sahəsinin alqı-satqısına dair aktın ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsində 28.02.2014-cü il tarixdə qeydə alındışı aşkar edilmişdir. Halbuki, 23 oktyabr 2007 tarixli 466-İİİQD saylı Qanunla “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə edilmiş dəyişikliyə əsasən 01.12.2007-ci il tarixdən etibarən həmin dövrdə Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət istifadə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilərdi. Bununla bağlı iddiaçının müraciətinin təmin edilməsi mümkün olmamışdır. İş materiallarında olan : -Qusar bələdiyyəsinin 30.03.2004-cü il tarixli 3/ 4 -27 nömrəli qərarından görünür ki, Qusar şəhəri, A.Xamədov küçəsində yerləşən 600 kv m torpaq sahəsi İddiaçı satılmışdır. -23.02.2004-cü il tarixli torpaqların alqı-satqına dair aktdan görünür ki, həmin alqısatqı aktı Qusar bələdiyyəsi ilə İddiaçı arasında Qusa şəhəri, A.xamədov küçəsində yerləşən 0,06 ha torpaq sahəsinin satılmasına dair tərtib edilmişdir. -10.05.2004-ci il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən Qusar bələdiyyəsinin hesabına 600000 manat torpaq sahəsinin alqı-satqı haqqı kimi ödənilmişdir. -DTXK-nin Qusar rayon şöbəsi tərəfindən tərtib edilmiş torpaq sahəsinin plan və ölçü sənədindən görünür ki, həmin sənəd Quba bələdiyyəsinin 30.03.2004-cü il tarixli 3/ 4 -27 nömrəli qərarı ilə İddiaçı satılmış 600 kvm torpaq sahəsi barəsindədir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı müraciətinə cavab olaraq mübahisəli torpaq sahəsinin akql-satqısına dair aktın 2014-cü ilə qeydə alındığı, həmin dövrdə isə bələdiyyə topraqlarının yalnız torpaq hərracları və ya müsabiqləri vasitəsi ilə əldə olunduğu bildirilərək onun müraciətinə imtina cavabı vermişdir. Məhkəmə sorğusuna əsasən Qusar rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 16.12.2021-ci il tarixli cavab məktubundan görünür ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında “Azərbaycan Respublikası Qanununun 6 və 6.5-ci maddəsinin yuxarıda qeyd edilən torpaq sahəsinin ayrıldığı dövrdə qüvvədə olan redaksiyasına əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyənin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Lakin, Qusar şəhər bələdiyyəsinin 30 mart 2004-cü il tarixli 3/4-27 saylı qərarına əsasən İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün şəhərin A.Xammətov küçəsində yerləşən 0,06 ha torpaq sahəsi satılarkən “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına əməl edilməmiş, Qusar Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin rəyi alınmamışdır. Bununla belə bildiririk ki, həmin torpaq sahəsi Qusar bələdiyyəsinin yerquruluşu təsərrüfat planına, ərazilərin planlaşdırılması və tikintisi layihəsinə uyğundur. Həmin ərazidə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq tikintisinə icazə alınmadan tikilmiş və hal-hazırda fəaliyyət göstərən zirzəmi və iki mərtəbədən ibarət ticarət obyekti mövcuddur. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə qəbul edilmiş «Marks Belçikaya qarşı» qərarında göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 23 oktyabr 2007-ci il tarixli 466-lllQD saylı qanunla “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə edilmiş dəyişikliyə əsasən 01.12.2007-ciil tarixdən etibarən həmin dövrdə Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilərdi. Həmin Qanunun 9.6-cı maddəsinə əsasən bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. Məhkəmə torpaq sahəsinin satılması barədə bələdiyyənin qərarının və iddiaçı tərəfindən ödənişin edildiyi tarixləri nəzərə alaraq hesab edir ki, sözügedən torpaq sahəsi İddiaçı həqiqətən də 2004-cü ildə satılmışdır. Lakin alqı-satqı aktının rəsmiləşdirilməsi vaxtında həyata keçirilməmiş və yalnız 2014-cü ildə qeydə alınmışdır. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarilxi qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, “....müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir”. Bununla bağlı məhkəmə qeyd edir ki, torpaq sahəsinin ayrılmasına dair qərar müəyyən pozuntularla müiayiət edilsə də, bələdiyyənin istinad olunan qərarı hazırda qüvvədədir, ləğv edilməmiş və ya etibarsız hesab edilməmişdir. Alqı-satqının vaxtında bağlanması və qeydə alınması bələdiyyənin və ləğv edilmiş DTXK-nin Qusar rayon şöbəsinin vəzifəli şəxslərinin vəzifəsi olmuşdur. Bu səbəbdən həmin əsasla iddiaçının mülkiyyət hüququnun qeydə alınmasından imtina edilməsi əsassıx hesab edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, cavabdehin üzərinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün torpaq sahəsinin satılması haqqında Qusar şəhər bələdiyyəsinin 30 mart 2004-cü il tarixli 3/4-27 saylı qərarına əsasən iddiaçıya satılmış 0,06 ha torpaq sahəsinə dair hüquqlarının dövlət reyestrində qeydiyyata alınması, həmin torpaq sahəsinə çıxarış və texniki pasportun hazırlanıb verilməsi vəzifəsi qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Qusar şəhər bələdiyyəsinin 30 mart 2004-cü il tarixli 3/4-27 saylı qərarına əsasən İddiaçı satılmış 0,06 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması, həmin torpaq sahəsinə çıxarış və texniki pasportun hazırlanıb verilməsi öhdəliyi cavabdeh DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar