Məhkəmə qərarları › İş №2-1(118)-2061/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2061/2024

12.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2061/2024 12.06.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Nazirliyinə qarşı “Müdafiə Nazirliyi N saylı hərbi hissə komandirinin xx.xx.2023-cü il tarixli 048 ƏÇ nömrəli əmrinin ləğv edilməsi və onun işə bərpa edilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Nazirliyinə qarşı “Müdafiə Nazirliyi N saylı hərbi hissə komandirinin xx.xx.2023-cü il tarixli 048 ƏÇ nömrəli əmrinin ləğv edilməsi və onun işə bərpa edilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı ilkin olaraq məhkəməyə müraciət edib onun yenidən N nömrəli hərbi hissənin anesteziologiya və intensiv terapiya bölməsinin baş tibb bacısı baş çavuşu vəzifəsinə geri qaytarılmağına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.Sonradan iddiaçı iddia tələbinə dəqiləşdirmə verərək, yuxarıda qeyd edilməsi kimi qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Ağdam rayon sakinidir, 05 iyul 2004-cü il tarixdən N nömrəli hərbi hissənin anesteziologiya və intensiv terapiya bölməsinin baş tibb bacısı baş çavuşu vəzifəsində canla başla işləyib, 19 ildir ki Azərbaycan Ordusunda xidmət edir və hərbi xidmət qulluqçusudur. Uzun müddət işlədiym dövr ərzində heç bir problemi olmamış, hər zaman işi ilə məşğul olan şəxs olmuş, lakin xx.xx.2023-cü il tarixdə onun 46 yaşı tamam olduqdan sonra heç bir əsas olmadan N nömrəli hərbi hissə komandirinin xx.xx.2023-cü il tarixdə 207 saylı əmri ilə hərbi xidmət keçməhaqqında əsasnaməsinin 157-ci maddəsinin a bəndinə (yaşa görə) həqiqi hərbi xidmətdən istehfaya, buraxıldığına görə onun işinə xitam vermişdir. Halbuki onun pensiya stajı ilə təqaüdə çıxmağına 11 ay yəni 05 iyul 2024-cü il tarixə qədər vaxt var. Həmin zamana qədər onun öz iş fəaliyyətini hərbi sahədə davam etdirmək, onun tam stajla pensiyaya çıxmağına haqqı var.Onu hansı səbəbdən pensiya stajı ilə təqaüdə çıxmağına 11 ay qalmış işdən yaşa görə azad etmələrindən heç bir məlumatı yoxdur. Həmçinin işinə xitam verilməsi hadisəsi o, məznuniyyətdə olan zaman qanunsuz olaraq baş veribdir. Halhazırda o işimə geri qayıtmaq,Silahlı Qüvvələrin sıralarında zabitlərin, gizirlərin və əsgərlərin sağlamlığı keşiyində uzun müddət qüsursuz vətəni üçün xidmət etmək istəyir. Hazırda o işinə xitam verilməsini qanunsuz hesab edir. İşinə xitam verilməmişdən öncə heç bir məlumat verilməyibdir. Məzuniyyətdən işə geri qayıtdığı zaman artıq işinə xitam verildiyini bilmiş, dəfələrlə hərbi hissə komandirinə və lazimi təşkilatara müraciət etməyinə baxmayaraq onu işə bərpa etməmişlər.Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddiaçının iddia tələbinə yazılı etiraz təqdim etməmişdir. Lakin, məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi izahat verərək bildirmişdir ki, Qanuna edilmiş yeni dəşikliyə görə hərbiçi qadınlar üçün pensiya yaşı artırılmışdır. Qeyd olunanları qərar qəbul edilərkən nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibat Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini prosessual həmiştirakçılığın yol verənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü həmin məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddiaçı prosessual müddəti ötürdüyü üçün iddia mümkün sayılmamalıdır. Belə ki, mübahisələndirilən əmr qəbul edildikdən sonra iddiaçı tərəfindən qanunla nəzərdə tutulmuş müddət ərzində məhkəmədə mübahisələndirməmişdir. Belə ki, iddiaçı mübahisə predmeti olan əmri əldə etdikdən sonra işə bərpa tələbi ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədə iddia qaldırmış, həmin məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixli qərardadla iddiaçının ərizəsi ona geri qaytarılmışdır. Daha sonra iddiaçı əmrin ləğvi və işə bərpa edilməsi tələbi ilə xx.xx.2023-cü il tarixdə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, həmin məhkəmədə iddia qaldırmışdır. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadla iş üzrə icraata xitam verilmişdir. İddiaçı xx.xx.2023-cü ildə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, onun yenidən N nömrəli hərbi hissənin anesteziologiya və intensiv terapiya bölməsinin baş tibb bacısı baş çavuşu vəzifəsinə geri qaytarılmağına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiləşdirmə verərək, Müdafiə Nazirliyi N saylı hərbi hissə komandirinin xx.xx.2023-cü il tarixli 048 ƏÇ nömrəli əmrinin ləğv edilməsi və onun işə bərpa edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Bakı Şəhər Yasamal rayon Məhkəməsinə işə bərpa ərizəsi ilə müraciət etmiş və məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə “işə bərpa” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlər ilə birlikdə iddiaçıya geri qaytarılmışdır. Sonra iddiaçı qeyd olunan tələbdən fərqli, yəni əmrin ləğvi tələbini artırmaqla işə bərpa olunması tələbi ilə bağlı Bakı Şəhər Səbail Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə mülki iş üzrə icraata xitam verilmişdir. Nəzərə alınmalıdır ki, iddiaçının işə bərpa tələbi ilə bağlı iddia tələbi üzrə Yasamal Rayon Məhkəməsinin qərardadı qəbul edilən tarixdə xx.xx.2023-cü il tarixli 048Ç nömrəli əmrin mübahisələndirilməsi üçün nəzərdə tutulmuş 30 günlük prosessual müddət ötürülmüşdür.Sonradan Səbail Rayon Məhkəməsində qaldırılan iddia tələbində əmrin ləğvi göstərilsə də hansı əmrin ləğv edilməsi göstərilməmişdir. Hətta Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərkən iddiaçı əmrin ləğvini deyil, işə bərpa tələbini ərizəsində qeyd etmişdir. Qeyd olunanlar ona dəlalət edir ki, Müdafiə Nazirliyi N saylı hərbi hissə komandirinin xx.xx.2023-cü il tarixli 048 ƏÇ nömrəli əmrinin ləğv edilməsi üçün nəzərdə tutulmuş prosessual müddət ötürülmüşdür. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Göründüyü kimi İddiaçı imperativ xarakter daşıyan qanunun tələbinə riayət etməmiş və Müdafiə Nazirliyi N saylı hərbi hissə komandirinin xx.xx.2023-cü il tarixli 048 ƏÇ nömrəli əmrinin ləğv edilməsi üçün məhkəmədə iddia qaldırmaq müddətini üzürlü səbəb olmadan ötürmüşdür. Məhkəmə hesab edir ki, müvafiq iddiaya mahiyyəti üzrə baxılması üçün mümkünlük şərtləri yerinə yetirilmədiyindən iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22-ci, 35-ci, 38-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı cavabdeh Azərbaycan Respublikası Nazirliyinə qarşı “Müdafiə Nazirliyi N saylı hərbi hissə komandirinin xx.xx.2023-cü il tarixli 048 ƏÇ nömrəli əmrinin ləğv edilməsi və onun işə bərpa edilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəflərə rəsmi qaydada təqdim edildikdən sonra, ondan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanda yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar