Məhkəmə qərarları › İş №2-1(118)-2063/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2063/2022

13.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2063/2022 13.10.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı X1 vəkili Vəkil iştirakı ilə, İddiaçı X1 cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “cavabdeh tərəfindən ona və ailə üzvlərinə JN-390, Kod- 30603015 nömrəli “Torpağın Mülkiyyət hüququna dair Dövlət aktına» əsasən mülkiyyət hüququ üzrə məxsus olan 2,50 ha torpaq sahəsində salınmış yaşıllaşdırma ərazisinin boşaldılması və orada əkilən bitki və ağacların həmin ərazidən çıxarılması, torpaq sahəsinin əvvəlki vəziyətdə ona qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi“ tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 13 nəfərdən ibarət ailə üzvlərilə Xızı rayonu Giləzi qəsəbəsində yaşayır. Xızı rayonu Aqrar İslahat Komissiyasının 22 oktyabr 1998-ci il tarixli Qərarına əsasən ona və ailə üzvlərinə Xızı rayonu Giləzi kənd ərazisində kənd təsərrüfatı məhsullarının yetirşdirilməsi məqsədi ilə 2,50 ha torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsi üzərində onların mülkiyyət hüquqlarını təsdiqləyən JN-390 KOD 30603015 nömrəli Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir. Bundan başqa həmin torpaq sahəsinin koordinatları, sərhədləri müəyyənləşdirilməklə onun sxemi və planı tərtib olunmuşdur. Lakin həmin torpaq sahəsi bir müddət ailənin istifadəsində olsa da sonradan həmin sahə zəbt edilmiş və orada meşə salınmışdır. Tərəfindən aparılmış araşdırma ilə ona məlum olmuşdur ki, ona və 5 nəfər ailə üzvlərinə kənd təsərrüfatı məhsullarının yetişdirilməsi məqsədi ilə ayrılmış bu sahəni cavabdeh zəbt edərək burada meşə salınmasını təmin etmiş və nəticədə onları əmlakdan məhrum etmişdir.Bundan sonra o ərizə ilə cavabdeh təşkilata müraciət edərək həmin torpaq sahəsinin əvəzi kimi 50.000 manat kompensasiya ödəməsini xahiş etmiş, lakin cavabdeh onun ərizəsini xx.xx.2022-ci il tarixdə alsa da bu vaxta kimi cavab verməmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək bildirmişdir ki,mübahisəyə aydınlıq gətirilməsi ilə bağlı məhkəmə xx.xx.2022-ci il tarixli qərardad qəbul edilmiş və həmin qərardadda DƏDKR-in mütəxəssisi qarşısında "xxxx" ASC tərəfindən salınmış yaşıllaşdırma ərazisinin (ağacların əkilməsi) Torpağa mülkiyyət hüququna dair JN- 390, kod 30603015 nömrəli dövlət aktı əsasında iddiaçının adına verilmiş torpaq sahəsinin koordinatları daxilində yerləşib yerləşməməsinə aydınlıq gətirilməsi vəzifəsi qoyulmuşdur. Bununla bağlı GPS vasitəsi ilə “Daşmmız Əmlakın Dövlət Kadastr və Reyestri” publik hüquqi şəxsin 2 saylı Sumqayrt Ərazi İdarəsinin mütəxəssisinin iştirakı ilə çöl ölçmə işləri aparılmış və araşdırma nəticəsində Azərbaycan Respublikasının Prezidentinin 2016-cl il 7 mart tarxli 818 nömrəli Fərmanına əsasən hazırlanmış elektron uçot bazasına görə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi "xxxx" ASC tərəfindən salınmış yaşıllaşdırma ərazisinin JN-390, Kod- 30603015 nömrəli “Torpağın Mülkiyyət hüququna dair dövlət aktına” görə X2 məxsus torpaq sahəsinin koordinatları daxilində olması müəyyən olunmuşdur. Göründüyü kimi Xızı rayonu Aqrar İslahat Komissiyasının 22 oktyabr 1998-ci il tarixli Qərarına əsasən ona və ailə üzvlərinə Xızı rayonu Giləzi kənd ərazisində kənd təsərrüfatı məhsullarının yetirşdirilməsi məqsədi ilə ayrılmış 2,50 ha torpaq sahəsi cavabdeh tərəfindən zəbt olunmuşdur. İPM-nin 54-cü maddəsinə əsasən İnzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. Cavabdehin iddianın dəyişdirilməsinə etiraz etmədiyi və yazılı sənəddə (ərizədə, vəsatətdə və s.) və ya şifahi məhkəmə baxışında artıq dəyişdirilmiş iddia barədə mövqeyini bildirdiyi hallarda, məhkəmə cavabdehin iddianın dəyişdirilməsi ilə razılaşdığım hesab edir. İddianın dəyişdirilməsinin qəbul edilməsi və ya onun qəbulundan imtina edilməsi barədə məhkəmə qərardadından müstəqil şəkildə şikayət verilə bilməz. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının vəkili eyniməzmunlu izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə yazılı etiraz təqdim etməmiş və məhkəmənin sonuncu iclasında iştirak etməmişdir. Lakin məhkəmənin əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi izahat verərək, bildirmişdir ki, yaşıllaşdırma işlərini təmsil etdiyi təşkilat aparmış və həmin ərazilər yerli icra hakimiyyəti tərəfindən onlara dövlət torpaqları olaraq göstərilmişdir. Hesab etmişdir ki, aparılan yaşıllaşdırma işlərinin iddiaçının mülkiyyətində olan torpaq sahəsində aparılmasının müəyyən edilməsi üçün mütəxəssis rəyinə zərurət var. Qeyd olunanlara əsasən məhkəmə tərəfindən iş üzrə icraat dayandırılaraq mütəxəsis rəyinin alınması üçün müvafiq qərardad qəbul edilmişdir. Müvafiq mütəxəssis rəyi məhkəməyə daxil olduqdan sonra iş üzrə icraat təzələnərək sonuncu məhkəmə iclası keçirilmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdeh inzibati orqana ünvanlanan pretenziya məktubu, JN-390, Kod-30603015 nömrəli “Torpağın Mülkiyyət hüququna dair” dövlət aktının surəti, DƏDKR tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********96 nömrəli mütəxəssis rəyi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə tərəflərin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakılar qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, "Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun mülkiyyətində olan torpaq sahəsinin üzərində cavabdeh tərəfindən yaşıllaşdırma işlərinin aparılması vaxtından yaranmış olur. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq ASC hazırkı iddiaya cavab verməli olması müəyyənləşdirilmişdir. Belə ki, məhkəmə araşdırmasının nəticəsi olaraq həmin ərazidə yaşıllaşdırma işləri ASC tərəfindən həyata keçirilməsi öz təsdiqini tapmışdır. Belə olduğu tədqirdə ASC hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu dəqiqləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı dəfələrlə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, "xxxx" Açıq Səhmdar Cəmiyyəti müraciət etməsinə baxmayaraq ona heç bir məlumat verməmişlər və inzibati orqanın hərəkətsizliyi səbəbindən iddiaçı məhkəməyə müraciət etmək hüququna malik olmuşdur. İddianın mümükünlük şərtlərindən biri olan prosessual müddətlərə də iddiaçı tərəfindən riayət olunub. Belə ki, hazırkı iddia tələbi məvburetmə ilə bağlı olduğundan və məcburetmə tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmaması səbəbindən bu hissədə də iddia mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Nəzərə alınmalıdır ki, qeyd olunan Məcəllənin 8.1.1-ci maddəsi həm daşınmaz əmlakla bağlı olan hüquq münasibətlərini, həm də daşınmaz əmlakla bağlı yaranmış hüquq münasibətlərini özündə əks etdirdir. Hazırkı iddia tələbindən məlum olur ki, iddiaçının tələbi onun mülkiyyətində olan torpaq sahəsində salınmış ağacların çıxardılması, ərazinin boşaldılması ilə bağlıdır. Ona görə də məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Digər tərədən o da nəzərə alınmalıdır ki Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi "xxxx" Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların təsnifatı”nda inzibati orqan kimi göstərilməsə də, təbii inhisar subyektinə aid olması səbəbindən ona qarşı verilmiş hazırkı iddiaya baxılması mümkündür. Bunula bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxslər inzibati orqanlar hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların təsnifatı”nın 5-ci bölməsinə əsasən Qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxslər də inzibati orqanlar hesab edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 06 oktyabr 2012-ci il tarixli Plenum qərarına əsasən təbii inhisar subyektlərinin publik hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq inzibati icraat qaydasında inzibati məhkəmələr tərəfindən, təbii inhisar subyekti inzibati orqan, onun mülki münasibətlər dövriyyəsində istehlakçılarla bağladığı fərdi müqavilələrdən yaranan öhdəliklərin pozulmasına dair qəbul etdiyi akt isə həmin Qanunun 2.0.2-ci maddəsi baxımından inzibati akt hesab edilmədiyinə görə bu aktlardan irəli gələn mübahisələrə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi əsasında ümumi yurisdiksiyalı rayon (şəhər) məhkəmələri tərəfindən baxılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh təşkilat arasında yaranmış mübahisə inhisarçı funksiyasına malik qurumun hərəkət və hərəkətsizliyi nəticəsində əmələ gəldiyindən iddia tələbinə inzibati icraat qaydasında baxılması mümkün hesab edilməlidir.Çünki, hazırkı iddia tələbi üzrə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi "xxxx" Açıq Səhmdar Cəmiyyəti dövlət inhisarçılığını həyata keçirən qurumdur və onun hərəkətsizliyindən verilən iddialara İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinin tələblərinə əsasən baxlmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İşə mahiyyəti üzrə baxan məhkəmə cavabdeh təşkilatın hərəkətlərini qanunsuz hesab edir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qeyd olunan maddənin şərh edilməsi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Qeyd olunan maddənin şərhindən bəlli olur ki, maddi zərər dedikdə əmlak hüquqları ilə bağlı hüququ pozulmuş şəxsin pozulmuş hüquqlarının bərpa edilməsi üçün çəkdiyi və çəkməli olduğu xərclər mövcud olmalıdır. Mənəvi zərər isə adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, Xızı rayonu Aqrar İslahat Komissiyasının 22 oktyabr 1998-ci il tarixli Qərarına əsasən X3 və ailə üzvlərinə Xızı rayonu Giləzi kənd ərazisində kənd təsərrüfatı məhsullarının yetişdirilməsi məqsədi ilə 2,50 ha torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsi üzərində onların mülkiyyət hüquqlarını təsdiqləyən JN-390 KOD 30603015 nömrəli Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir. Həmin torpaq sahəsi bir müddət ailənin istifadəsində olsa da sonradan cavabdeh tərəfindən həmin sahə zəbt edilmiş və həmin ərazidə meşə sahəsi salınmışdır. İddiaçı ərizə ilə cavabdeh təşkilata müraciət edərək həmin torpaq sahəsinin boşaldılmasını tələb etmiş, lakin hal-hazırdək müsbət cavab ala bilməmişdir.Bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İşin hallarından göründüyü kimi cavabdehin hərəkətləri nəticəsində iddiaçıya məxsus torpaq sahəsində yaşıllaşdırma işləri aparmış və topaq sahəsində kənd təsərrüfat fəaliyyətinin aparılmasına maneələr yaradılmışdır. Belə ki, mübahisəli əraziyə tərəflərin iştirakı ilə məhkəmə tərəfindən ekspertiza təyin edilmiş, DƏDKR-in 2 saylı Sumqayrt Ərazi İdarəsinin mütəxəssisinin iştirakı ilə çöl ölçmə işləri aparılmış və araşdırma nəticəsində Azərbaycan Respublikasının Prezidentinin 2016-cl il 7 mart tarxli 818 nömrəli Fərmanına əsasən hazırlanmış elektron uçot bazasına görə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi "xxxx" ASC tərəfindən salınmış yaşıllaşdırma ərazisinin JN-390, Kod-30603015 nömrəli “Torpağın Mülkiyyət hüququna dair dövlət aktına” görə X2 məxsus torpaq sahəsinin koordinatları daxilində olması müəyyən edilmişdir. Bu isə cavabdeh tərəfindən iddiaçının torpaq sahəsinin bərpa edilməsindən boyun qaçırmasına dəlalət edir. Məhkəmə araşdırması nəticəsində məlum olur ki, hal-hazırda da iddiaçının mülkiyyətində olan 2.50 ha kənd təsərrufatı torpaq kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün yararsız vəziyyətdədir. Göründüyü kimi inzibati orqanının qanunsuz hərəkət və hərəkətsizliyi nəticəsində iddiaçının konstitusion hüquqları pozulmuşdur. Yuxarıda qeyd olunan normalara və məhkəmə tədqiqatı zamanı müəyyən olunmuş hallara əsasən məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətində olan Xızı rayonu, Giləzi kəndində yerləşən 2,50 ha sahədən ibarət kənd təsərrüfatı təyinatlı torpaq sahəsində salınmış yaşıllaşdırma ərazisinin boşaldılması və orada əkilən bitki və ağacların həmin ərazidən çıxarılması, torpaq sahəsinin əvvəlki vəziyətdə iddiaçı və ailə üzvlərinə qaytarılması vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin məcəllənin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir, Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. JN-390, Kod-30603015 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktına əsasən Xızı rayonu, Giləzi kəndində yerləşən 2,50 ha torpaq sahəsində salınmış yaşıllaşdırma ərazisinin boşaldılması və orada əkilən bitki və ağacların həmin ərazidən çıxarılması, torpaq sahəsinin əvvəlki vəziyətdə X3 və ailə üzvlərinə qaytarılması vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar