Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2063/2024 05.09.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X5 Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadasrtı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı Qusar rayonu Gilahoba kəndində yerləşən torpaq sahəsi üzərində qeyri-yaşayış binası üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və texniki paspotun hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Qusar rayonu, Gilahoba kəndində yerləşən torpaq sahəsi üzərində qeyri-yaşayış binası üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və texniki paspotun hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qusar rayonu Gilahoba kəndində yerləşən 1.13 ha torpaq sahəsi dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən (seriya RX №1284406 qeydiyyat nömrəli, ********** qeydiyyat tarixli xx.xx.2018) çıxarışa əsasən iddiaçının mülkiyyətindədir. Qusar rayon İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli, 20 nömrəli sərəncamına əsasən Qusar rayonu Gilahoba kəndində iddiaçıya məxsus 1,13 ha torpaq sahəsində razılaşdırılmış layihə əsasında soyuducu anbar binasının tikintisinə icazə verimişdir. Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi Tikintidə X4 X1 Ekspertiza Baş İdarəsinin xx.xx.2021-ci il tarixli, 31760 saylı rəyində Qusar rayonu Gilahoba kəndində soyuducu anbarın tikinti layihəsinin konstruktiv dayanıqlıq baxımından qənaətbəxş hesab edilib razılaşdırıla biləcəyi qeyd olunmuşdur. Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin xx.xx.2021-ci il tarixli, 005031 saylı İstismara hazırlıq aktına əsasən Qusar rayonu, Gilahoba kəndində yerləşən 1 mərtəbəli soyuducu anbar binası istismara hazırdır. İddiaçı xx.xx.2023-cü il tarixdə cavabdeh idarəyə qeyri-yaşayış binası üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və texniki pasportun hazırlanması ilə bağlı müraciət etmişdir. 5 saylı Bakı Ərazi İdarəsi xx.xx.2023-cü il tarixli, 3- 21-3-34/2-13481/2023 saylı Bildirişdə qeyd etmişdir ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması ilə bağlı iddiaçının müraciət etdiyi qeyri-yaşayış binasının layihədən fərqli inşa edildiyi və qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsində hüquqmüəyyənedici sənədləri təqdim edilməyən tikililərin inşa edildiyi aşkar olunmuş, bu səbəbdən qeyri-yaşayış binası üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və texniki pasportun hazırlanması mümkün olmamışdır. Lakin xx.xx.2023-cü il tarixdə Tikinti obyektinin istismarına İcazə № 2-də 24 iyun 2023-cü il tarixdən Qusar rayonu Gilahoba kəndi ərazisində iddiaçının mülkiyyətində olan 1,13 ha torpaq sahəsində İddiaçı məxsus kənd təsərrüfatı məhsullarının saxlanması üçün soyuducu anbar binasının istismarına icazə verildiyi qeyd olunmuşdur. Hesab edir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi idarəsinin imtinası qanuna ziddir və təqdim edilən sənədlər qanunvericiliyə əsasən iddiaçıya məxsus torpaq sahəsinin üzərində qeyri-yaşayış sahəsinə hüquqların qeydiyyata alınması üçün əsasdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil iddia tələbini müdafiə etdi və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq səbəbini bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Cavabdeh etiraz ərizəsində qeyd etmişdir ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyatına alınması bağlı müraciət edilən qeyri-yaşayış binası layihədən fərqli inşa edildiyi müəyyən edilmişdir. Belə ki, qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsində hüquqmüəyyənedici sənədləri təqdim edilməyən tikililər inşa edilmişdir. Bu səbəbdən də, mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət edilmiş qeyri-yaşayış evinin texniki göstəricilərini əks etdirən texniki pasportunı hazırlanması və dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır. Bundan əlavə, qeyri-yaşayış binasının yerləşdiyi 1,13 ha torpaq sahəsi ərizənizə əlavə olunmuş xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışda və torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. İş materiallarında olan : - RX Seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşnmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Qusar rayonu, Gilahoba kəndində yerləşən 1,13 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. - Qusar Rayon İcra Hakimiyyəti başçısının 01 iyun 2020-ci il tarixli, 20 nömrəli sərəncamından görünür ki, Qusar rayonu, Gilahoba kəndində kənd təsərrüfatı məhsullarının saxlanması üçün soyuducu anbar binasının tikintisinə icazə verilmişdir. - Ö/005031 nömrəli istismara hazırlıq aktdan görünür ki, Qusar rayonu, Gilahoba kəndində yerləşən 1 mərtəbəli soyuducu abar binasına dair tərtib edilmişdir. - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 X2 Ekspertiza Baş idarəsi tərəfindən verilmiş rəydən görünür ki, Qusar rayonu, Gilahoba kəndində soyuducu anbarının tikinti layihəsi konstruktiv dayanıqlıq baxımından qənaətbəxş hesab edilərək razılaşdırılmışdır. - xx.xx.2023-cü il tarixli, 02 nömrəli tikinti obyektinin istismarına icazədən görünür ki, Qusar rayonu, soyuducu anbar binasının istismarına icazə verilmişdir. - xx.xx.2018-ci il tarixli, AN 260396 nömrəli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Qusar rayonu Gilahoba kəndində yerləşən 1,13 ha torpaq sahəsinə dair tərtib edilmişdir. - Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, İddiaçı adına verilmiş xx.xx.2018-ci il tarixli, **********69 reyestr nömrəli çıxarışın verilməsi üçün əsas olmuş sənədlərin və JN-257 nömrəli Dövlət Aktının surəti məhkəməyə təqdim edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0, 8.0.10 və 8.0.10.1-ci maddələrində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri kimi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: -tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə nəzərdə tutulmuşdur. Həmin Qanunun 10.2.1-ci madddəsində vurğulanır ki, hüquqların dövlət qeydyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil. Hüquqların dövlət qeydiyyatından imtinanın əsasları “Daşınmaz əmlakln dövlət reyestri haqqnda” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində təsbit edilmişdir. Məhkəmə tədqiqatı zamanı iddiaçının qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün həmin maddədə qeyd olunan hallardan heç biri müəyyən olunmamışdır. Məhkəmə qeyd edir ki, cavabdehin iddiaçıya verdiyi imtina cavabı iki dəlilə əsaslanır: 1)mübahisəli tiklinin layihdən fərqli inşa edilməsi (yerləşdiyi torpaq sahəsində hüquqmüəyyənedici sənədləri təqdim edilməyən tikililərin möcudluğu; 2)tikilinin yerləşdiyi torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı olması. Cavabdehin birinci dəlilini əsassız hesab edən məhkəmə qeyd edir ki, hazırda mübahisə predmetini təşkil edən, yəni iddiaçının hüquqularını qeydə aldırmaq istədiyi iddia tələbində konkret soyuducu anbarı təşkil edir. Cavabdeh tərəfindən mübahiəsli tikilinin layihədən fərqli olmasını təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Həmin torpaq sahəsində başqa qanuni və ya qanunsuz tikililərin mövcud olması iddiaçının müraciətinin təmin edilməsindən imtina üçün əsas ola bilməz. Cavabdehin ikinci dəlililə ilə bağlı qeyd olunmalıdır ki, iddiaçının mülkiyyətində olan 1.13 ha torpaq sahəsinin iikin torpaqayırma sənədində (JN 257 kod 30109018 saylı dövlət aktında) torpağın sahibkarlıq məqsədləri üçün ayrılması qeyd edilmişdir. Bundan başqa daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda “torpaq sahəsinin kateqoriyası” qrafasında torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı olması, məqsədli təyinat qrafasında isə “sahibkarlıq” qeyd edilmişdir. İddiaçının inşa etdiyi tikili də soyuducu anbar olmaqka sahibkarlıq məqsədləri üçün inşa edilməsi aşkardır. Cavabdeh iddia ərizəsinə etirazında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə istinad edir ki, həmin normaya görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikili sayılır. Məhkəmə qanunvericiliyin bu normasına istinadı əsassız hesab edərək qeyd edir ki, əvvəla mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsi kənd təsərrüfatı təyinatlı olsa da, sahibkarlıq məqsədləri üçün ayrılmışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 9.2-ci maddəsinə görə məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları. Həmin Məcəllənin 13.1-ci maddəsinə görə kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmitədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir. Torpaq Məcəlləsinin 13.2-ci maddəsinə görə kənd təsərrüfatı təyinatlı torpaqlarda kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırmaq olar Bundan başqa cavabdeh tərəfindən mübahisəli tikilinin müvafiq icazəsi olmadan tikiliən tikililərə aid etməsi əsassız hesab edilməlidir. Belə ki, iş materiallarından müəyyən edilir ki, Qusar rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tairxli 20 saylı sərəncamı ilə iddiaçının mülkiyyətində olan 1.13 ha torpaq sahəsində razılaşdırılmış layihə əsasında soyuducu anbar binasının tikintisinə icazə verilmişdir. xx.xx.2021-ci il tarixdə istismara hazırlıq aktı tərtib edilmişdir. Bundan başqa xx.xx.2021-ci il tarixdə Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət X3 Dövlət Ekspertiza Baş İdarəsi tərəfindən layihənin konsturktiv dayanıqlıq baxımından qənaətbəxş hesab edilməsi barədə rəy verilmiş və xx.xx.2023-cü il tarixdə Qusar rayon İcra Hakimiyyəti Başçısı tərəfindən tikinti obyektinin istismarına icazə sənədi verilmişdir. Həmin rəydə həmçinin tikilinin layihəyə uyğun inşa edildiyi, metal konstruksiyalardan ibarət 1 mərtəbəli tikili olması qeyd edilmişdir. “İnzibati icraat haqqında” Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Göstərilən Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının mülkiyyətində olan torpaq sahəsi üzərində qanuni əsaslarla inşa etdiyi tikili üzərində mülkiyyət hüququnun qeydə alınmasından imtina edilməklə iddiaçının göstərilən hüquqlarının və qanunla qorunan mənafelərinin pozulmasına yol verilmişdir. Azərbaycan Respublikası İPM-nin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Bununla bağlı məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, Qusar rayonu, Gilahoba kəndində yerləşən 1.13 ha torpaq sahəsi üzərində qeyri-yaşayış binası (soyuducu anbarı) üzərində İddiaçı mülkiyyət hüququnun qeydə alınması və müvafiq çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Qusar rayonu, Gilahoba kəndində yerləşən 1.13 ha torpaq sahəsi üzərində qeyriyaşayış binası (soyuducu anbarı) üzərində İddiaçı mülkiyyət hüququnun qeydə alınması və müvafiq çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-2063/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2063/2024
05.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver