Məhkəmə qərarları › İş №2-1(118)-2063/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2063/2025

03.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2063/2025 03.04.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə (Açar sözlər: əlilliyin təyin edilməsi) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı ““Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi” ilə əlaqədar orqanizmin funksiyalarının pozulmasına görə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi” ilə əlaqədar orqanizmin funksiyalarının pozulmasına görə əlilliyin təyin edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. (iddia tələbi dəqiqləşdirilmişdir) İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, iddiaçı 2020-ci il 27 sentyabr tarixində başlamış 44 günlük Vətən Müharibəsində iştirak etmiş, Füzuli, Xocavənd rayonlarının erməni işğalçılarından azad edilməsi uğurunda gedən döyüşlərə qatılmış və xx.xx.2020-ci ildə döyüş zamanı aldığı travma nəticəsində sağlamlığını itirmişdir. Bu travmadan sonra səhhətində tədricən ağırlaşmalar baş qaldırmış, 0.07.2020-ci ildə hərbi xidmətdən tərxis edildikdən sonra xx.xx.2020-ci ildən xx.xx.2022-ci ilə kimi Sumqayıt şəhər Psixiatriya Xəstəxanasında polimorf psixotik pozuntu diaqnozu ilə stasionar müalicədə olmuşdur. xx.xx.2022-ci ildə SN Psixi Sağlamlıq Mərkəzinin baş direktoru prof. Fuad İsmayılov tərəfindən müayinə edilmiş və dissosiativ pozuntu, psixotik əlamətlər ilə F44 diaqnozu qoyulmuşdur. xx.xx.2022-ci ildən xx.xx.2022-ci il tarixə kimi Respublika Psixiatriya Xəstəxanasında eyni diaqnozla stasionar müalicə qəbul etmişdir. xx.xx.2023-cü ildən xx.xx.2023-cü il tarixə kimi Respublika Psixiatriya Xəstəxanasında təkrar stasionar müalicəyə qəbul edilmiş və ona “fəlakət (müharibə) keçirdikdən davamlı şəxsiyyət dəyişikliyi, tez-tez baş verən psixotik epizodlarla” diaqnozu təyin edilmişdir. xx.xx.2023-cü il tarixdə təkrar prof. Fuad İsmayılov tərəfindən müayinə edilmiş və ona “fəlakət (müharibə) keçirdikdən davamlı şəxsiyyət dəyişikliyi, tez-tez baş verən psixotik epizodlarla F 62.0” diaqnozu təyin edilmişdir. xx.xx.2023-xx.xx.2023-cü illərdə Respublika Psixiatriya Xəstəxanasında həmin diaqnozla stasionar müalicədə olmuşdur. xx.xx.2024-cü il tarixdə AR MN HHK-nın qərarına əsasən hərbi travma olmaqla Azərbaycan Respublikasının müdafiəsi zamanı aldığı təsdiqlənmiş və həm sülh, həm müharibə dövründə hərbi xidmətə yararsız hesab olunmuş və onun müşayiətçiyə ehtiyacının olması göstərilmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2024-cü il tarixli 2974 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Fəlakət (müharibə) keçirtdikdən sonra kəskin (ağır) dərəcədə ifadə olunmuş davamlı şəxsiyyət dəyişikliyi, tez-tez baş verən psixotik epizodlarla" diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir; “Gərginlik tip baş ağrısı. Hər iki gözün sadə miopik astiqmatizmi M 2, OD və M 1,0D nəticəsində görmə itiliyinin 0,2-yə qədər azalması, korreksiya ilə 1,0 olmaqla. Burun tənəffüsünün cüzi dərəcədə pozan burun arakəsməsinin əyriliyi. Xroniki farinqit. İkincili hissəvi adentiyä’ diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Ümumi xəstəlikdir” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Sumqayıt şəhər Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2022-xx.xx.2022-ci il tarixli 495/2022 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Polimorf psixotik pozuntu” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin PHŞ xx.xx.2022- ci il tarixli 10232 nömrəli Tibbi rəyində diaqnoz “Dissosiativ (konversion) pozuntu, psixotik əlamətlər //ə” kimi müəyyənləşdirilmişdir Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2022-xx.xx.2022-ci il tarixli 12729/22 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Dissosiativ-konversion pozuntu, psixotik daxilolmalarla” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2023-xx.xx.2023-cü il tarixli 10780201 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ Həkim Psixiatr Komissiyasının xx.xx.2023-cü il tarixli 1293 nömrəli Tibbi rəyində diaqnoz “Fəlakət (müharibə) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, tez-tez baş verən psixotik epizodlarla” kimi müəyyənləşdirilmişdir. (Təyin edilən diaqnoz 6 ay müddətinə qüvvədədir) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2023-xx.xx.2023-cü il tarixli 14572/23 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Fəlakət (müharibə) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, tez-tez baş verən psixotik epizodlarla” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2024-xx.xx.2024-cü il tarixli 12565481 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ Həkim Psixiatr Komissiyasının xx.xx.2024-cü il tarixli 4805 nömrəli Tibbi rəyində diaqnoz “Fəlakət (İİ Qarabaq müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, depressiv daxilolmalar, intihar fikirləri ilə” kimi müəyyənləşdirilmişdir. (Təyin edilən diaqnoz 1 il müddətinə qüvvədədir) Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı zəif görmədən, burun tənəffüsünün çətinliyindən, baş ağrısından, əsəbilik, yuxu və yaddaşın pozulmasından şikayətlənmişdir. Medikamentoz preparatlardan Rispaksol, Depakin, Cycladol qəbul etdiyini bildirmişdir. Əyani müayinə zamanı simulyativ davranış nümayiş etdirmişdir. Bələdliliyi bütün istiqamətlərdə saxlanılmışdır. Zahirən geyimi səliqəli, mimikası canlı olmuşdur. Ünsiyyətə həvəslə daxil olmuş, şübhələrindən bəhs etmişdir. Emosional labil, qıcıqlanma qabiliyyəti yüksək müşahidə edilmişdir. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Polimorf psixotik pozuntu, natamam remissiya. Fəlakət (ARƏB) səbəb-əlaqənin dəqiqləşdirilməsinə ehtiyac duyulur” kimi müəyyənləşdirilmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Müalicənin davam etdirilməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iştirak etmiş, etirazı müdafiə etdiyini bildirmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-nin xx.xx.2023-cü il tarixli 908 nömrəli Həkim Psixiatr Komissiyasının 1293 nömrəli rəyində göstərilmişdir ki, İddiaçı Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunub. Diaqnoz: “Fəlakət (müharibə) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, tez-tez baş verən psixotik epizodlarla”. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-nin xx.xx.2024-cü il tarixli 5097 nömrəli Həkim Psixiatr Komissiyasının 4805 nömrəli rəyində göstərilmişdir ki, İddiaçı Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunub. Diaqnoz: “Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, depressiv daxilolmalar. İntihar fikirləri ilə” Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 2974 nömrəli xəstəlik haqqında şəhadətnamədə göstərilmişdir ki, İddiaçı SHXÇDX-nin Sumqayıt şəhər baş idarəsi rəisinin xx.xx.2023-cü il tarixli 47 nömrəli göndərişi ilə MN Mərkəzi Hərbi Poliklinikasının hərbi həkim komisiyası tərəfindən şəhadətləndirilmişdir. İddiaçı xx.xx.2020-xx.xx.2021-ci il tarixədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmət keçib. SHXÇDX-nin Sumqayıt şəhər Baş İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə hərbi xidmətə çağırılmışdır. Anamnezindən məlumdur ki, irsiyyəti ruhi-əsəb xəstəlikləri ilə ağırlaşmayıb. İlkin psixo-fiziki inkişafı adi olub. Uşaq yaşlarında xasiyyətcə sakit, mehriban, təmizkar, səliqəli və intizamlı olub. Məktəbə vaxtında gedib. Orta təhsillidir. Subaydır, işləmir. Deməsinə görə xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Füzuli-Xocavənd istiqamətində gedən döyüşlər zamanı xəsarət almışdır (travma haqqında arayış təqdim olunmayıb). Aldığı xəsarətlə əlaqədar olaraq ilkin tibbi yardım döyüş meydanında göstərilmişdir. xx.xx.2021-ci il tarixdə hərbi xidmətdən ehtiyata buraxılmışdır. xx.xx.2022-xx.xx.2022-ci il tarixədək Sumqayıt Şəhər Psixiatriya Xəstəxanasında “Polimorf psixotik pozuntu” diaqnozu ilə stasionar müayinə və müalicədə olmuşdur (əsas: 495/2022 nömrəli xəstəlik tarixindən çıxarış). xx.xx.2022-ci il tarixdə SN Psixi Sağlamlıq Mərkəzinin baş direktoru, tibb elmləri doktoru, professor Fuad İsmayılov tərəfindən müayinə olunub, “Dissosiativ (konversion) pozuntu, psixotik əlamətlər ilə F 44” diaqnozu təyin olunub (əsas: 10232 nömrəli tibbi rəy). xx.xx.2022 - xx.xx.2022-ci il tarixədək Respublika Psixiatriya Xəstəxanasında “Dissosiativkonversion pozuntu, psixotik daxilolmalarla” diaqnozu ilə stasionar müayinə və müalicədə olmuşdur (əsas: 12729/22 nömrəli xəstəlik tarixindən çıxarış). xx.xx.2022- xx.xx.2022-ci il, Sumqayıt Şəhər Psixiatriya Xəstəxanasında, xx.xx.2022- xx.xx.2022-ci il tarixədək, xx.xx.2023 - xx.xx.2023-cü il tarixdə, xx.xx.2023- xx.xx.2023-cü il tarixədək Respublika Psixiatriya Xəstəxanasında, xx.xx.2023- cü il tarixdə MN МНР-da müayinə və müalicədə olmuşdur. Hərbi Həkim Komissiyasının qərarına əsasən “Fəlakət (müharibə) keçirtdikdən sonra kəskin (ağır) dərəcədə ifadə olunmuş davamlı şəxsiyyət dəyişikliyi, tez-tez baş verən psixotik epizodlarla” Gərginlik tip baş ağrısı. Hər iki gözün mioik astiqmatizmi М2,0D və M1,0D nəticəsində görmə itiliyinin 0,2-yə qədər azalması korreksiya olmaqla. Burun tənəffüsünü cüzi dərəcədə pozan burun arakəsməsinin əyriyliyi. Xroniki faringit. İkincili hissəvi adentiya” diaqnozları təyin edilmiş, “xəstəliklər cədvəlinin” 18a maddəsinin İİ qrafasına əsasən həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilmişdir. Xəstəlik tarixində həmçinin göstərilmişdir ki, İddiaçı xx.xx.2023xx.xx.2023-cü il tarixədək Respublika Psixialriya Xəstəxanasında “Fəlakət (müharibə) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, tez-tez baş verən psixotik epizotlarla” diaqnozu ilə stasionar müayinə və müalicədə olmuşdur (əsas: 6769/23 nömrəli xəstəlik tarixindən çıxarış). xx.xx.2023-cü il tarixdə SN Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyasında SN Psixi Sağlamlıq Mərkəzinin baş direktoru, tibb elmləri doktoru, professor Fuad İsmayılov tərəfindən müayinə olunub, “Fəlakət (müharibə) keçirtdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, tez-tez baş verən psixotik epizodlarla F62.0” diaqnozu fəyin olunub (əsas: 1293 nömrəli tibbi rəy). xx.xx.2023-cü il tarixdə X1 adına Milli Oftalmologiya Mərkəzində müayinə olunub, “Astiqmatizm H 52,2” diaqnozu təyin olunmuşdur (əsas: 7175 nömrəli tibbi rəy), xx.xx.2023-xx.xx.2023-cü il tarixədək Respublika Psixiatriya Xəstəxanasında “Fəlakət (müharibə) keçindikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, tez-tez baş verən psixotik epizodlarla” diaqnozu ilə stasionar müayinə və müalicədə olmuşdur (əsas: 14572/23 nömrəli xəstəlik tarixindən çıxarış), Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər baş idarəsi rəisi tərəfindən xəstəliyin səbəb əlaqəsinin təyini üçün hərbi- həkim komissiyasına göndərilmişdir. MN BKH-da baş psixiatr və kardioloq ilə konsultasiya olunmuşdur. Qiymətləndirmə nəticələrində qeyd edilmişdir...“müayinə tarixi: 13 iyul 2024-cü il. İddiaçı “dissosiativ (konversion) pozuntu, psixotik əlamətlər ilə. Fəlakət (müharibə) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, tez-tez baş verən psixotik epizodlarla. Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, depressiv daxilolmalar, intihar fikirləri ilə” diaqnozu ilə əlavə müalicəyə ehtiyacın olması əsası ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli, 645 saylı məktubu ilə məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 3698 saylı ekspert rəyində ekspert komissiyası nəticəyə gəlmişdir: 1-ci və 3-cü suallara cavab: İddiaçı hal-hazırda Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, depressiv daxilolmalar, intihar fikirləri ilə (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F62.0) müəyyən edilir. 2-ci sual: İddiaçı müayinəsi zamanı xəstəlikləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, № 187 qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarlarına dair” Əsasnamədə göstərilən xəstəliklərin əhatə dairəsinə düşürmü? (mövcud olduğu halda iddiaçının orqanizminin funksiyalarının pozulmasının faiz göstəriciləri və müddəti qeyd edilsin) Cavab: Ekspert komissiyasının üzvləri bildirir ki, qərarda qoyulmuş digər sual şəxsin əmək qabiliyyətinin qiymətləndirilməsinin meyarlarına aid olduğu üçün məhkəmə psixiatrik eksperizasının səlahiyyətlərinə aid deyildir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Hazırki iddianın növü məcburetmə haqqında iddiadır. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçıya xx.xx.2024-cü il tarixli qərarla əlilliyin verilməsindən imtina edilmiş, iddiaçı xx.xx.2024-cü il tarixdə iddia verməklə iddia müddətinə riayət etmişdir. Belə ki, həmin qərarın iddiaçıya hansı tarixdə təqdim edilməsi barədə cavabdeh sübut təqdim etməmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi” ilə əlaqədar orqanizmin funksiyalarının pozulmasına görə əlilliyin təyin edilməsini istəyir. Cavabdeh qeyd edir ki, iddiaçının hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “polimorf psixotik pozuntu, natamam remissiya. Fəlakət (ARƏB) səbəb-əlaqənin dəqiqləşdirilməsinə ehtiyac duyulur” kimi müəyyənləşdirilmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Müalicənin davam etdirilməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tələbində haqlı olmuşdur. Belə ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na əsasən: Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: .... 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; ... 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; .... Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Məhkəmə araşdırması zamanı ekspert rəyi əsasında müəyyən edilmişdir ki, İddiaçı hal-hazırda Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, depressiv daxilolmalar, intihar fikirləri ilə (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F62.0) müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarına əsasən: 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların Orqanizmin XBT- Orqanizmin Sıra ağırlıq dərəcəsi, mərhələsi, funksiyalarının 10 funksiyalarının №-si orqanizmin funksiyalarının pozulması (kod) pozulması faizi davamlı pozulmasının kliniki müddəti funksional xüsusiyyətləri 7.7.1. spesifik şəxsiyyət pozuntuları F60 fəlakət keçirdikdən sonra F62.0 şəxsiyyətin davamlı dəyişikliyi psixi xəstəlikdən sonra F62.1 şəxsiyyətin davamlı dəyişikliyi Qiymətləndirmə 7.7.1.1. fərdin fəaliyyətinə (özünü necə 35-60 2 il hiss etməsi, insanlarla qarşılıqlı əlaqəsi, davranışa nəzarət) mənfi təsir edən tez-tez (ildə 3 dəfədən çox) və/və ya uzunmüddətli periodlar (3 aydan çox davam edən dekompensasiyalar); münaqişəli, yayınma və ya yüksək dərəcəli asılılıqla ətrafdakılarla münasibət, ailə, peşə və sosial dezadaptasiya, özünə və ya ətrafa zərər yetirmə riski Qeyd edilən hallar isə iddianın təmin edilməsi üçün əsas təşkil edir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olmuş, cavabdehin dəlilləri əsassız olmaqla formal xarakter daşımışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi” ilə əlaqədar orqanizmin funksiyalarının pozulmasına görə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar