Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2064/2024 23.08.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mirzəliyeva Türkan Ərşad qızının katibliyi, İddiaçı və onun nümayəndəsi-vəkili Vəkil1, Üçüncü şəxs X2, Üçüncü şəxs X4 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Quba bələdiyyəsinə qarşı “Quba bələdiyyəsinin 28 yanvar 2021-ci il tarixli, 02 saylı qərarının ləğv edilməsi” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Quba bələdiyyəsinə qarşı “Quba şəhərinin Dəvədabanı adlanan ərazisində yerləşən JN-182 nömrəli, KOD 30301004 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə və JN-4989A nömrəli, KOD 30301004 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında onun mülkiyyətində olan ümumilikdə 10 sot həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnun, daşınmaz əmlakın dövlət reyestrində cavabdehin adına edilmiş qeydin ləğv edilməsi, həmin qeyddən verilmiş çıxarışın etibarsız hesab edilməsi, həmin torpaq sahəsinin bələdiyyə tərəfidən digər şəxslərə satılmasına dair alqı-satqı müqavilələrinə dair qeydlərin ləğv edilməsi, həmin alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqavilələri əsasında daşınmaz əmlakın dövlət reyestrində edilmiş qeydlərin ləğv edilməsi, həmin qeydlər əsasında verilmiş çıxarışların etibarsız hesab edilməsi, həmçinin həmin hüquqverici sənədlər əsasında edilmiş digər qeydlərin ləğv edilməsi və qeydlər əsasında verilmiş sənədlərin müəyyən edilərək etibarsız hesab edilməsi” na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-257/2022 saylı, 11 fevral 2022-ci il tarixli qərardadı ilə X8 və X7, 2-1(118)-71/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə X9 məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdirlər. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-71/2023 saylı, 12 may 2023-cü il tarixli qərardadı ilə iddia tələbinin mümkünsüz sayılması qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-607/2023 saylı, 29 sentyabr 2023-cü il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-71/2023 saylı, 12 may 2023-cü il tarixli qərardadının ləğv edilməsi, inzibati işin yenidən baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “Quba bələdiyyəsinin 28 yanvar 2021-ci il tarixli, 02 saylı qərarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 31 iyul 2021-ci il tarixdə, 04-05 nəfər şəxs, biri özünü Gülsüm və torpağın alıcısı, digəri özünü bələdiyyə əməkdaşı kimi təqdim edən, əlavə iki nəfərlə birlikdə, qanuni əsaslarla iddiaçının mülkiyyətinə verilmiş və 15 il ərzində onun istifadəsində olan Quba şəhərinin “Dəvədabanı” adlanan ərazisində yerləşən 10 sot həyətyanı torpaq sahəsinə hücum edib, metal tor hasarını sökərək torpaq sahəsini zəbt etmişlər. Onlardan nə baş verdiyini soruşanda özünü torpaq sahəsinin alıcısı Gülsüm kimi təqdim edən şəxs (qadın) və bələdiyyə işçiləri ona bildirmişdirlər ki, bu torpaq sahəsini odan alaraq Gülsümə satmışdırlar. Gülsüm məsafədən ona daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış göstərsə də , çıxarışda edilmiş qeydləri oxumağa imkan verməmişdir. Məsələ ilə bağlı Quba bələdiyyəsinə ərizə ilə müraciət etmişdir. Quba bələdiyyəsinin 13 avqust 2021-ci il tarixli, № 808 nömrəli məktubunun əslində göstərilir: “Dəvədabanı massivində yerləşən bələdiyyə mülkiyyətinə məxsus 0,10 ha torpaq sahəsinin Sizin olması iddiası həqiqətə uyğun deyildir. Belə ki, torpaq sahəsi mülkiyyətə alınarkən torpaq sahəsinin kadastr göstəricilərinin və yerquruluşu planının Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestr Xidmətinin tabeliyindəki, "xxxx" MMC-nin Xaçmaz Layihə Tədqiqat idarəsindən, memarlıq və tikinti şöbəsinin rəyinin Rayon İcra Hakimiyyətindən və bələdiyyə torpaqlarının mülkiyyətə (istifadəyə və icarəyə) verilməsinə dair rəyinin “Bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə, icarəyə verilməsinə dair rəyin verilməsi haqqında” Təlimatın tələblərinə uyğun Xaçmaz Ərazi şöbəsindən hazırlanaraq təqdim edilir. Yuxarıda qeyd olunduğu kimi Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin və Rayon İcra Hakimiyyətinin müvafiq rəyləri əsasında prosedura müvafiq olaraq aidiyyəti üzrə torpaq sahəsi sonda DƏDRX 5 saylı Ərazi İdarəsinin hazırladığı çıxarış əsasında mülkiyyətə alınır. Sözügedən torpaq sahəsində sizə məxsus hər hansı qanuni sənəd olarsa həmin torpaq sahəsinin mülkiyyətə alınması mümkün olmazdı. Əlavə olaraq qeyd edir ki, təqdim etdiyi aktların qanunamüvafiq olaraq baza məlumatları yoxdur və ayrılan torpaq sahəsinin koordinatları əks olunmur. Təqdim etdiyiniz sənədlər əsasında iddia etdiyiniz yerin Sizə məxsus olubolmadığını məhkəmə qaydasında aydınlaşdıra bilərsiniz. O, cümlədən nəzərinizə çatdırmaq istəyirik ki, iddia etdiyiniz torpaq sahəsi Bələdiyyənin perspektiv inkişaf fonduna aid yaşayış məntəqələri torpaqlarına aid olduğuna görə qanunamüvafıq olaraq iki aztəminatlı, himayəsində fiziki qüsurlu övladları olan ailəyə və bir birinci Qarabağ Müharibəsi qazisinə notariat qaydada alqı-satqı yolu ilə satılmışdır”. Hesab edir ki, Quba şəhərinin “Dəvədabanı” adlanan ərazisində yerləşən, iddiaçının mülkiyyətində olan 10 sot həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində cavabdeh Quba bələdiyyəsinin adına edilmiş qeyd ləğv edilməli, həmin qeyddən verilmiş çıxarış etibarsız hesab edilməli, həmin torpaq sahəsinin bələdiyyə tərəfindən digər şəxslərə satılmasına dair alqı-satqı müqavilələri etibarsız hesab edilməli, həmin alqı-satqı müqavilələri əsasında daşınmaz əmlakın dövlət reyestrində edilmiş qeydlər ləğv edilməli, həmin qeydlər əsasında verilmiş çıxarışlar etibarsız hesab edilməlidir. Hazırki iddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Azərbaycan Respublikasının Dövlət X12nın 26 avqust 2021-ci il, № 864 nömrəli “Arxiv arayışı”-nın əslinə əsasən Quba RİHB-nın şəhər üzrə nümayəndəliyinin torpaq bölüşdürmə komissiyasının 24 aprel 1995-ci il tarixli, № 10 nömrəli iclas protokolundan göründüyü kimi komissiyanın 24 aprel 1995-ci il tarixli qərarı ilə Quba şəhərində fərdi mənzil tikintisi üçün torpaq sahəsi almaqdan ötrü növbədə duran X5 (Ünvan: Quba şəh., Fətəli xan küç., 2b) torpaq sahəsinin verilməsi məqsədəuyğun hesab edilmişdir. Hazırki iddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikasının Quba RİHB-nın Quba şəhəri üzrə nümayəndəsinin 25 aprel 1995-ci il tarixli, № 25 nömrəli “Sərəncamı”nın Dövlət X12 tərəfindən təsdiq olunmuş surətindən göründüyü kimi, Quba RİHB-nın şəhər üzrə nümayəndəliyinin torpaq bölüşdürmə komissiyasının 24 aprel 1995-ci il tarixli, № 10 nömrəli iclas protokolu təsdiq edilmiş, fərdi yaşayış evinin tikintisinin başlanmasına sərəncam verilmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Azərbaycan Respublikasının Dövlət X12nın 26 avqust 2021-ci il, № 865 nömrəli “Arxiv arayışı”-nın əslində göstərilən Quba RİHB-nın şəhər üzrə nümayəndəliyinin torpaq bölüşdürmə komissiyasının 14 sentyabr 1995-ci il tarixli, № 13 nömrəli iclas protokolundan göründüyü kimi komissiyanın 26 aprel 1995-ci il tarixli qərarı ilə Quba şəhərində fərdi mənzil tikintisi üçün torpaq sahəsi almaqdan ötrü növbədə duran X6 (Ünvan: Quba şəh., Gənclər küç., 52) torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikasının Quba RtHB-nın Quba şəhəri üzrə nümayəndəsinin 14 sentyabr 1995-cİ il tarixli, № 58 nömrəli “Sərəncamı”-nın Dövlət X12 tərəfindən təsdiq olunmuş surətindən göründüyü kimi, Quba RİHB-nın şəhər üzrə nümayəndəliyinin torpaq bölüşdürmə komissiyasının 14 oktyabr 1995-ci il tarixli, № 13 nömrəli iclas protokolu təsdiq edilmiş, fərdi yaşayış evinin tikintisinin başlanmasına sərəncam verilmişdir. 08 iyun 1971-ci il tarixli, A3 № 147413 nömrəli “Evlənmək haqqında şəhadətnamə”-nin notariat kontorunda təsdiq olunmuş surətindən göründüyü kimi X10 ilə mən nikah bağlayaraq ailə həyatı qurmuşdur. X3 vəfat etməmişdən əvvəl Quba rayonu aqrar islahat komissiyasının fəaliyyəti zamanı Quba RİHB-nın şəhər üzrə nümayəndəliyinin torpaq bölüşdürmə komissiyasının qərarı ilə ona verilmiş torpaq sahəsinə mülkiyyət hüququ onun adına rəsmiləşdirilərək bu barədə adına “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə verilmişdir. Belə ki, hazırki iddia ərizəsinə əlavə edilmiş JN - 4989A nömrəli, KOD 30301004 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin notariat kontorunda təsdiq edilmiş surətindən göründüyü kimi Quba rayonu aqrar islahat komissiyasının 05 may 2000-ci il tarixli, 05 saylı qərarı ilə Quba şəhərinin “Dəvədabanı” adlanan ərazisində fərdi yaşayış evi tikintisi üçün 0,05 ha torpaq sahəsi onun mülkiyyətinə verilmiş və həmin hüquq ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsinin qeydlər kitabında 1054 nömrə ilə qeydə alınmışdır. 18 avqust 2004-cü il tarixli, A3 № 114679 nömrəli “Ölüm haqqında şəhadətnamə”-nin notariat kontorunda təsdiq olunmuş surətindən göründüyü kimi X10 xx.xx.2004-cü İl tarixdə Quba şəhərində vəfat etmişdir. JN - 182 nömrəli, KOD 30301004 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin notariat kontorunda təsdiq edilmiş surətindən göründüyü kimi, Quba rayonunun Dövlət notariat kontorunun 27 aprel 2005 -ci il tarixli, 04 — ə - 764 saylı alqı-satqı müqaviləsi əsasında fərdi yaşayış evi tikintisi üçün Quba şəhəri ərazisində 0,05 ha həmin torpaq sahəsi ona satılmış və bundan sonra həmin torpaq sahəsinə onun mülkiyyət hüququ, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsinin qeydlər kitabında 1055 nömrə ilə qeydə alınmışdır. Həmin hər iki həyətyanı torpaq sahələri bitişikdir. 05 may 1997-ci il tarixli, AP seriyalı, № 644763 nömrəli ödəniş qəbzinin əslindən göründüyü kimi, əri X1 şəhərində olan torpağa dair 2250 (iki min, iki yüz əlli) manat məbləğində torpaq vergisi ödəmişdir. xx.xx.2019-cu il tarixli, № CLD**********19 nömrəli ödəniş qəbzinin əslindən göründüyü kimi o, Quba şəhəri “Dəvədabanı” massivində olan torpağa dair ötən dövrlərə görə Quba bələdiyyəsinin hesabına 10 (on) manat məbləğində torpaq vergisi ödəmişdir. 12 avqust 2006-cı il tarixli, № 268133 nömrəli ödəniş qəbzinin notariat kontorunda təsdiq olunmuş surətindən göründüyü kimi o, Quba şəhəri “Dəvədabanı” massivində olan torpaq sahəsinə görə Quba bələdiyyəsinin hesabına 04,40 (dörd manat, qırx qəpik) manat məbləğində torpaq vergisi ödəmişdir. xx.xx.2021-ci il tarixli, № ********* nömrəli ödəniş qəbzinin əslindən göründüyü kimi o, Quba şəhərində olan torpağa dair Quba bələdiyyəsinin hesabına əvvəlcədən 11,28 (on bir manat, iyirmi səkkiz qəpik) manat məbləğində torpaq vergisi ödəmişdir. “Torpağın mülkiyyətə verilməsinə dair” hər iki Şəhadətnamə əsasında əldə etdiyim hər iki torpaq sahəsini vahid ərazi kimi metal torla hasarlayaraq torpaq sahəsindən öz mülkiyyəti kimi istifadə edərək torpaqlara aqrar qulluq edərək əkib - becərmişdir, birgə torpaq sahəsində tikinti işi apararaq fərdi yaşayış evinin özəl hissəsini inşa etmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri İş üzrə təyin edilmiş şifahi məhkəmə baxışı iclasında iştirak etmiş İddiaçı və onun nümayəndəsi həmçinin vəkili Vəkil1 iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə təyin edilmiş şifahi məhkəmə baxışı iclasında iştirak etmiş üçüncü şəxslər X7 və X8 iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin mümkün hesab edilməməsi barədə qərar verilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Quba bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək JN182 nömrəli, KOD 30301004 və JN4989A nömrəli, KOD 30301004 “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamələr əsasında onun mülkiyyətində olan, Quba şəhərinin Dəvədabanı adlanan ərazisində yerləşən ümumilikdə, 10 sot həyətyanı torpaq sahəsi üzərində cavabdehin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi, həmin qeydiyyata əsasən verilmiş çıxarışın etibarsız hesab edilməsi, həmin torpaq sahəsinin bələdiyyə tərəfindən digər şəxslərə satılmasına dair alqı-satqı müqavilələrinə dair qeydlərin ləğv edilməsi, həmin alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, müqavilələr əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlərin ləğv edilməsi, həmin qeydlər əsasında verilmiş çıxarışların etibarsız hesab edilməsi, həmçinin, həmin hüquqverici sənədlər əsasında aparılmış digər qeydiyyatların ləğv edilməsi və qeydlər əsasında verilmiş sənədlərin müəyyən edilərək etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(105)-607/2023 saylı qərardadı ilə iddia tələbi mümkün hesab edilməmişdir. Bundan sonra iş baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə geri qaytarılmışdır. Hazırda iş sizin icraatınızdadır. Daha sonra iddiaçı vəsətət verərək cavabdeh kimi Quba bələdiyyəsini 5 saylı Xaçmaz Ərazi İdarəsi ilə dəyişdirilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələblərinin dəqiqləşdirilməsi ilə bağlı vəsatət vermişdir. İddiaçının iddia tələbini qəbul etmirik. İddiaçı məhkəməyə müraciət edərək əsaslandığı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamələrin özü mülkiyyət hüququnu təsdiq edən sənədlər kimi tanınmır. Həmin şəhadətnamələrin elektron bazası yoxdur, şəhadətnamələrin verilməsinə əsas olan sənədlər yoxdur. Şəhadətnamələrin özündə göstərilən torpaq sahəsi harada yerləşdiyi məlum deyildir. Başqa sözlə iddiaçının subyektiv hüququ yoxdur. Həmçinin işə baxan Sumqayıt Apellyasiya Məhkəməsi iddianın mümkünlüyü ilə bağlı məsələnin araşdırılmasını göstərmişdir. Hazırkı mərhələdə iddiaçı kimdən nəyi, hansı hüquqmüəyyən edici sənədlə istədiyi məlum deyildir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər. İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: Azərbaycan Respublikası Quba bələdiyyəsinin 28 yanvar 2021-ci il tarixli, 02 saylı qərarı; Azərbaycan Respublikası Dövlət X12 tərəfindən verilmiş 26 avqust 2021-ci il tarixli, 864 saylı və 865 saylı arxiv çıxarışları; JN 4989A, KOD 30301004 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın əsli və digər sənədlər.
Əsaslandırma hissəsi:
4. İddianın növü və mümkünlüyü “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir. İPM-in 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.
5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi.
Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara hüquqi qiymət verərək hesab edir ki, cavabdehin iddiaçının tələbinin təmin olunmasından imtinası əsaslı, iddia tələbi isə əsassız olduğundan iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Quba rayonu Aqrar İslahat Komissiyasının 05 saylı, 05 may 2000-ci il tarixli qərarı ilə İddiaçı fərdi yaşayış evinin tikintisi üçün Quba şəhəri ərazisindən alqı-satqı predmeti olan 0.05 ha torpaq sahəsinin satılması qərara alınmışdır. Buna dair iddiaçının adına JN 4989A, KOD 30301004 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” tərtib edilmişdir. İddiaçı JN 4989A, KOD 30301004 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”na əsasən ona ayrılan torpaq sahəsinin üçüncü şəxslər tərəfindən zəbt edilməsi ilə bağlı cavabdeh orqana müraciət etsə də, cavabdehin 13 avqust 2021-ci il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh orqan imtinanın əsası kimi Dəvədabanı ərazisində yerləşən 0.10 ha torpaq sahəsinin iddiaçıya məxsus olması barədə məlumatın həqiqətə uyğun olmadığını; torpaq sahəsinin bələdiyyənin perspektiv inkişaf fonduna aid yaşayış məntəqələri torpaqlarına aid olduğuna görə qanunamüvafiq olaraq iki aztəminatlı, himayəsində fiziki qüsurlu övladları olan ailəyə və birinci Qarabağ müharibəsi qazisinə notarial qaydada alqı-satqı yolu ilə satıldığını qeyd etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsaslı olmuşdur. Belə ki, iş materialları ilə müəyyən olunur ki, İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, mərhum X3na Quba RİHB-nın şəhər üzrə nümayəndəliyinin torpaq bölüşdürmə komissiyasının 24 aprel 1995-ci il tarixli, № 10 nömrəli iclas protokolundan göründüyü kimi komissiyanın 24 aprel 1995-ci il tarixli qərarı ilə Quba şəhərində fərdi mənzil tikintisi üçün torpaq sahəsi ayrılmışdır. İddiaçı ərindən miras qalmış torpaq sahəsinin Quba bələdiyyəsinin qərarı ilə üçüncü şəxslərə ayrıldığını iddia edir. Bu səbəbdən hazırda bələdiyyənin 28 yanvar 2021-ci il tarixli, 02 saylı qərarının ləğv edilməsini tələb edir. Məhkəmənin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə mütəxəssis rəyi verilməsi üçün ünvanlanmış sorğusu ilə müəyyən edilmişdir ki, iddiaçının iddia etdiyi (göstərdiyi) torpaq sahəsi üçüncü şəxslərə ayrılmış torpaq sahəsi ilə üst-üstə düşür. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47-ci maddəsinə əsasən, torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır. Bələdiyyə mülkiyyətinə aid torpaqlar: ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara; ehtiyat fondu torpaqlarına ayrılır. Hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara onların qanuni istifadəsində və icarəsində olan bələdiyyə torpaqları daxildir. Bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər.Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. Bələdiyyələr bələdiyyə mülkiyyətinə torpaq alınması zəruriyyəti yarandığı hallarda dövlət mülkiyyətindən torpaq almaq barədə müvafiq icra hakimiyyəti orqanları qarşısında vəsatət qaldırır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 4.0.1-ci maddəsi bələdiyyələrə qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək hüququ vermişdir. Qanunun 5.1-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur. Qanunun 6.1-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Qanunun 6.2-ci bəndinə Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Qanunun 6.5-ci bəndinə əsasən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Qanun haqqında 9.1-ci maddəsinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Həmin Qanunun 16.1-ci maddəsinə əsasən qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır. Qanununun 16.3-cü maddəsinə əsasən həmin Qanun qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə verilir, eyni zamanda torpaq vergisinə cəlb edilir. Həmin Qanunun 16.4-cü maddəsinə əsasən torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən torpaq sahəsinin geri alınması mümkün olmadığı hallarda isə artıq sahələr eyni hüquq əsasında həmin şəxslərin adına rəsmiləşdirilir. Məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı iddiaçının JN182, KOD 30301004 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən iddia etdiyi torpaq sahəsinin ona satılması barədə sənədlərin mövcudluğu müəyyən edilməmişdir. Belə ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin sorğuya cavabı ilə JN182, KOD 30301004 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin daşınmaz əmlakın elektron baza məlumatlarında öz əksini tapmadığı müəyyən edilmişdir. Digər məhkəməyə sorğu əsasında daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin 18 mart 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, dövlət notariat ofisində 27 aprel 2005-ci il tarixdə 4Ə-764 reyestr nömrəsi ilə təsdiq edilmiş müqavilə və onun qeydə alındığı reyestr kitabı arxivə təhvil verilməmişdir. Əlavə olaraq qeyd edilmişdir ki, sözügedən müqavilənin Dövlət Notariat arxivində saxlanılan nüsxəsində 764 reyestr nömrəli müqavilə 27 avqust 2005-ci il tarixdə təsdiq edilmiş və başqa şəxslər barəsində rəsmiləşdirilmişdir. Göründüyü kimi 27 aprel 2005-ci il tarixdə 4Ə-764 reyestr nömrəsi ilə təsdiq edilmiş alqı-satqı müqaviləsi arxiv sənədlərində aşkar edilmədiyi halda, həmin müqavilənin bağlanmadığını qəti şəkildə təsdiq edə biləcək sübut qeyd olunan reyestr nömrəsinin aparıldığı reyestr kitabı ola bilər. Lakin 2005-ci ilə aid alqı-satqı müqavilələrinin qeydiyyatına dair (4Ə) reyestr kitabı Quba rayon notariat ofisinin arxivinə təhvil verilmiş arxiv sənədləri arasında aşkar edilməmişdir. Başqa sözlə, həmin müqavilələrin də mövcudluğu və 4Ə-764 saylı reyestr nömrəsinin onlara aid olması reyestr kitabından dəqiqləşdirilə bilər ki, Notariat Ofisi bunun mümkün olmadığını bildirmişdir. Eynizamanda hazırki işdə iddiaçı JN 4989A, KOD 30301004 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən, Quba rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli, 05 saylı qərarı ilə Quba şəhəri ərazisində 0.05 ha torpaq sahəsinin ayrıldığını iddia edərək, həmin torpaq sahəsinin cavabdeh tərəfindən üçüncü şəxslərə satıldığını iddia edir. Məhkəmə araşdırması zamanı, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin sorğuya cavabı ilə JN 4989A, KOD 30301004 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin daşınmaz əmlakın elektron baza məlumatlarında öz əksini tapmadığı, Dövlət X12nın sorğuya cavabı ilə Quba rayon Aqrar İslahat Komissiyasının 2000-ci il tarixli 05 saylı iclasının 05 may deyil, 25 may 2000-ci il tarixdə keçirildiyi müəyyən edilmişdir. İddiaçı əvvəllər istifadəsində olmuş torpaq sahəsinin bələdiyyənin mübahisə edilən qərarı əsasında üçüncü şəxslərə satıldığını iddia etsə də, iddiaçı ona ayrılmış torpaq sahəsinin naturada quruluşunu, koordinatlarını müəyyən edən hər hansı sənədi (yerquruluşu planından çıxarışı, torpaq sahəsinin planını və ölçü sənədini, torpaq sahəsinin koordinatlarını) məhkəməyə təqdim etməmişdir. Belə ki, dəfələrlə mütəxəssis rəyinin verilməsi üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə soröular verilsə də, sonuncunun təqdim etdiyi arayışlarda, bildirilir ki, JN 4989A, KOD 30301004 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə və JN 4989A, KOD 30301004 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə DWJ baza məlumatlarında və elektron uçotda öz əksini tapmadığından JN 4989A, KOD 30301004 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə və JN 4989A, KOD 30301004 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə göstərilən torpaq sahəsinin mübahisəli torpaq sahəsi ilə eyni torpaq sahəsinin olub-olmamasının müəyyən edilməsi mümkün olmamışdır. Lakin, çıxarışla üçüncü şəxslərə məxsus torpaq sahələri tədqiq olunan mübahisəli torpaq sahələri ilə eynilik təşkil edir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdə də (şəhadətnamələrdə) torpaq sahəsinin koordinatları barədə heç bir məlumat qeyd edilməmişdir. Bununla daiddiaçı iddia etdiyi torpaq sahəsinin məhz üçüncü şəxslərə satılmış torpaq sahəsi ilə eyni olduğunu sübut edən heç bir sənədi məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə iddiaçı mübahisələndirilən qərarın ləğv olunması üçün əsas kimi göstərdiyi halları sübut edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqannın mübahisələndirilən qərarının ləğv edilməsi üçün hər hansı bir əsas mövcud deyildir. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Quba bələdiyyəsinə qarşı “Quba bələdiyyəsinin 28 yanvar 2021-ci il tarixli, 02 saylı qərarının ləğv edilməsi” nə dair iddiası təmin edilməməlidir.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Quba bələdiyyəsinə qarşı “Quba bələdiyyəsinin 28 yanvar 2021-ci il tarixli, 02 saylı qərarının ləğv edilməsi” nə dair iddiası təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Mirzəyeva