Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2065/2024 23.01.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı “onun diaqnostik qiymətləndirmədən keçməməyi səbəbindən Mingəçevir Şəhər Ə.Quliyev adına peşə liseyindən əmək xəsarətinə görə ödənilən məvacibdən hər ay 14 manat pulun çıxılmasının qanunsuz hesab edilərək, əmək xəsarətinə görə ödənilən məvacibin üzərinə hər ay üçün 14 manat məbləğin hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-5888/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə Cavabdeh yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi əsl cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə əvəz edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1988-ci ildə o vaxtkı adı Mingəçevir şəhər 39 nömrəli Texniki Peşə Məktəbi, indiki adı X1 adına Mingəçevir şəhər 1 - saylı Texniki Peşə Məktəbində X3 işlərkən əmək xəsarəti almış, sol əlinin 3 barmağı amputasiya olunub. 1998-ci ildə həmin akta əsasən X4 aldığım xəsarətə görə əmək haqqının 25%-ni ömürlük təqaüd müəyyən edib. Həmin təqaüd də Prezidentin pedaqoji təhsil işçilərinin əmək haqqının 20% artırılması üçün 2022ci il yanvar ayında imzaladığı fərmana əsasən 117,5 manat olmuşdur. Həmin məbləği 2022-ci il may ayına kimi almışdır. İyun ayından təqaüdünü 14 manat azaldaraq 103,5 manat ediblər. Bu barədə Azərbaycan Respublikası Təhsil Nazirliyinə ərizə ilə müraciət etmiş, ona müraciətə Peşə Təhsili üzrə Dövlət Agentliyində aidiyyətü üzrə baxılmışdır. Burda ona verdikləri yazılı məlumatda da özləri aydın şəkildə ifadə edirlər ki çalışan istehsalat təlimi ustaları. Birincisi o hal-hazırda çalışmır, necə diaqnostik qiymətləndirmədən keçə bilər?. İkincisi də 1998-ci ildə təqaüd müəyyən edilmiş şəxsə Nazirlər Kabinetinin 2022-ci ildə verdiyi qərar necə şamil edilə bilər? Cavabdehin verdiyi cavabla razılaşmayıb yenidən Təhsil Nazirliyinə yazılı müraciət etmiş, yenə onun şikayətinə düzgün baxmayaraq hüquqlarım bərpa olunmadı. 3-cü dəfə Əmək və X6 Nazirliyi yanında X2 müraciət etmiş və onların da ona köməkliyi dəyməmişdir, bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı direktorun xx.xx.1987 tarixli, 150 nömrəli əmri ilə Mingəçevir şəhər 39 saylı peşə məktəbinə köməkçi istehsalat təlim ustası vəzifəsinə qəbul edilmiş və xx.xx.1994-cü il tarixli, 126 nömrəli əmri ilə işdən azad edilmişdir. İddiaçı işlədiyi dövrdə əmək xəsarəti alması səbəbi ilə 1998-ci ildə əliilik dərəcəsi verildiyindən ona vəzifə maaşının 25 faizi həcmində müavinət ödənilmişdir. 2022-ci ilin əvvəlində sənədlərə baxış zamanı məlum olmuşdur ki, İddiaçı istehsalat təlim ustasının vəzifə maaşının deyil,müəllim vəzifəsinin 25 faizi həcmində əmək zədəsi üzrə müavinət alır. Həmin tarixdən İddiaçı istehsalat təlim ustasının vəzifə maaşının 25 faizi həcmində müavinət verilmiş və müəllim kimi ona artıq ödənilmiş vəsait geri qaytarılmışdır.Azərbaycan Respublikasının Konstitusiyasının 120-ci maddəsinin 2-ci hissəsinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları dərc edildiyi gündən qüvvəyə mindiyi üçün diaqnostik qiymətləndirmədən keçən istehsalat təlim ustalarının əmək haqqında olan artım ona şamil olunmamışdır. Bu səbəbdən 2022-ci il üçün İddiaçı müavinəti onun əmək stajına müvafiq hesablanmaqla diaqnostik qiymətləndirmə aparılmamış istehsalat təlim ustası kimi ən yüksək stavkanın 414 manatın 25 faizi olaraq 103.50 manat ödənilmişdir.2023-cü il tarixdən istehsalat təlim ustalarının əməkhaqqının 10 faiz artması ilə əlaqədar olaraq ona diaqnostik qiymətləndirmə aparılmamış istehsalat təlim ustasının maaşının, yəni 455 manatın 25 faizi olaraq 114 manat məbləğində müavinət ödənilir. Qeyd edilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: İddiaçının cavabdehə ünvanladığı pretenziya məktubu, Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən verilmiş 3-17-5/2-Ş-2169/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktubun surəti Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 3-29/2-136/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktubu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4)İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ ona ödənilmiş artıq müavinətin geri qayatrıldığı vaxtndan yaranmış olur. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq Nazirlik hazırkı iddiaya cavab verməli olması müəyyənləşdirilmişdir. Belə ki, hal-hazırda təhsil müəssisələrində peşə xəsarəti almış şəxslərə müvafiq sənədlərin aidiyyəti qurumlara respublika ərazisində göndərilməsi Nazirliyin səlahiyyətlərinə aiddir. Ona görə də məhkəmə hesab edir ki, Nazirlik hazırkı iddia tələbi üzrə cavab verməli olan orqandır. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı Nazirliyə müraciət etmiş, inzibati orqan onun müraciətinə rəsmi münasibət bildirməmişdir.Cavabdehin hərəkətsizliyi nəticəsində iddiaçının məhkəməyə müraciət etmək hüququ yaranmış olur. Məhkəmə iddianın mümükünlük şərtlərindən digəri olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına nəzər saldıqda hazırkı iddianın öhdəliyin icrası ilə bağlı olması və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmaması səbəbindən bu hissədə də iddia mümkün hesab edilmişdir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İddiaçının rəsmi ünvanının Sumqayıt şəhəri ərazisi olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı peşə xəsarəti ilə əlaqədar müavinət almış, lakin cavabdeh tərəfindən ona verilmiş müavinətin məbləği azaldılmışdır. İddiaçı həmin azalmanın qanunsuz olduğu qənaətinə gələrək, Cavabdeh tərəfindən həmin təqaudun bərpa edilməsin tələb etmiş, cavabdeh inzibati orqan həmin azalmanın qanunauyğun edilməsini əsas gətirərək iddiaçının tələbinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunidir. Belə ki, İddiaçı istehsalat təlim ustasının vəzifəsində işlədiyinə görə ona səhvən müəllim üçün nəzərdə tutulmuş vəzifə maaşının 25% həcmində əmək zədəsi üzrə müavinət ödənilmiş və bir müddətdən sonra həmin səhv cavabdeh təşkilat tərəfindən aradan qaldırılmışdır. Hesab olunur ki, cavabdeh inzibati orqanı tərəfindən qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilmədiyindən iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı “onun diaqnostik qiymətləndirmədən keçməməyi səbəbindən Mingəçevir Şəhər Ə.Quliyev adına peşə liseyindən əmək xəsarətinə görə ödənilən məvacibdən hər ay 14 manat pulun çıxılmasının qanunsuz hesab edilərək, əmək xəsarətinə görə ödənilən məvacibin üzərinə hər ay üçün 14 manat məbləğin hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-2065/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2065/2024
23.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver