Məhkəmə qərarları › İş №2-1(118)-2068/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2068/2023

08.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2068/2023 08.05.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi, İddiaçı (ünvan 1 ünvanında yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilə qədər olan dövrə görə ona 2-ci dərəcəli əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilə qədər olan dövrə görə ona 2-ci dərəcəli əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 03 mart 1966-cı ildə anadan olmuşdur. "İdiopatik qıcolma (əsas diaqnoz), sağ çiyin oynağının artrozu (yanaşı xəstəlik) diaqnozu ilə Modern Hospital”da 2013-cü ildə müalicə almışdır. Həmin xəstəlik 2013-cü ildə məndə yaranmışdır. Qeyd edilən xəstəliyə görə ona 2014-cü ildə 2-ci qrup əlillik təyin edilmiş, 2015-ci ildə 1 il müddətinə, xx.xx.2016-cı ildə isə 5 il müddətinə artırılmışdır. Əlilliyin növbəti qiymətləninə tarixi kimi xx.xx.2021-ci il müəyyən edilmişdir. Pensiya təyini üçün əlilliyin təyini kimi "Dəqiqləşdirilməmiş eksefalopatiya, Dissirkulyator ensefalopaliya qıcolma sindromu ilə, qabarıq ANS, hipertoniya İİ məror, U.b.f. xroniki xolesistit” diaqnozu qoyulmuşdur. Növbəti əlilliyin təyini məqsədilə xəstə kimi qeydiyyatda olduğu 1 №-li Xəstəxananın Poliklinika şöbəsi 25 may 2021-ci ildə Tibbi Sosial Ekspert Komissiyasına TQS №088 formalı 053 1003AAK74 №-li göndəriş ünvanlamışdır. Göndərişdə onun 2016- 2021-ci illərdə Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasında 4 dəfə, Sumqayıt 4 №-li şəhər Xəstəxanasında 4 dəfə, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında 1 dəfə, Sumqayıt 2 №-li şəhər Xəstəxanasında 1 dələ, "Modern Hospital”da 1 dəfə, Klinik Tibb Mərkəzi X3 1 dəfə, yəni 12 dəfə stasionar müalicə aldığı göstərilmişdir. Göndərişdə əsas diaqnoz kimi “Fokal başlanığıclı qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) idiopatik epilepsiya və epileptik sindromlar, Epilepsiya, ll-li generalizə olunmuş forma (ayda 5-6 dəfə)" qeyd edilmişdir. Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi xx.xx.2021-ci ildə əlillik təyinindən imtina etmişdir. İmtinaya səbəb kimi "əlavə müalicəyə ehtiyacın olması, Əlavə müalicə diaqnozu təsdiq edən müayinələrin tam aparılmadığı" qeyd edilib. 1 №-li X1 xx.xx.2021-ci ildə 2-ci dəfə TQS №088 formalı 0531003AAEE4 saylı göndərişlə sənədlərimi əlillik təyini üçün cavabdehə göndərmişdir. Xəstəliyin əsas diaqnozu kimi yuxarıda göstərilən xəstəlik qeyd edilmişdir. Həmin göndərişdə onun 12 dəfə stasionarda müalicə olduğum qeyd edilmişdir. Cavabdeh yenidən yuxarıda qeyd edilən səbəbdən əlillik təyinindən imtina etmişdir.3-cü dəfə 14 dekabr 2021-ci ildə 1 №-li X1 TQS №088 formalı 0531003AAMVN №-li göndərişlə sənədlərimi əlillik təyini üçün cavabdehə göndərmişdir. Yalnız bundan sonra cavabdeh ona xx.xx.2021-ci ildə 5 il müddətinə ümumi xəstəliyə görə ikinci dərəcəli əlillik təyin etmişdir. Beləliklə, əlilliyin qiymətləndirilməsi əsassız olaraq cavabdehin günahı üzündən xx.xx.2016-ci ildə deyil, xx.xx.2021-ci ildə müəyyən edilmişdir ki, iddiaçı bu müddətdə əlillər üçün nəzərdə tutulmuş imtiyazardan və pensiyadan məhrum olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsini dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərarın çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cababdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, iddiaçının əlilliyinin müddəti başa çatdıqdan sonra Sumqayıt 1 nömrəli şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “əlavə müalicəyə ehtiyacın olması” səbəbi ilə imtina cavabı verilmişdir. Sumqayıt 1 nömrəli şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “Göndərişin natamam doldurulması” səbəbi ilə imtina cavabı verilmişdir, yəni həmin vaxtlar üçün göstərilən səbəblərə görə qiymətləndirməni aparmaq mümkün olmamışdır. Göstərilən səbəblər aradan qalxdıqdan sonra isə ona Sumqayıt 1 nömrəli xəstəxananın poliklinika şöbəsi xx.xx.2021-ci il tarixli göndərişi əsasında 5 il müddətinə əlillik dərəcəsi verilmişdir. İş materiallarında olan : - AZE ******** seriyalı şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1966-cı il təvəllüdlüdür. - TSEK tərəfindən verilmiş tarixli qərarlardan görünür ki, İddiaçı 2016-ci ildən 2021-ci ilədək ikinci dərəcəli əlillik təyin edilmişdir. - Sumqayıt şəhər 1 nömrəli xəstəxanası tərəfindən verilmiş 0510003AAMVN nömrəli göndərişdən görünür ki, İddiaçı əlillik vəziyyəti ilə bağlı Tibbi Sosial Ekspert Komissiyasına göndəriş verilmişdir. -Sumqayıt şəhər 3 nömrəli xəstəxanası tərəfindən verilmiş 0531003AAK74 nömrəli göndərişdən görünür ki, İddiaçı əlillik vəziyyəti ilə bağlı Tibbi Sosial Ekspert Komissiyasına göndəriş verilmişdir - TSEK-nin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, İddiaçı əlilliyin təyin edilməsindən imtina edilmişdir. Səbəb kimi “əlavə müalicəyə ehtiyac olması” göstərilmişdir. - TSEK-nin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, İddiaçı əlilliyin təyin edilməsindən imtina edilmişdir. Səbəb kimi “ göndərişin natamam dolduurlması” göstərilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə görə əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; Həmin Qanunun 3.3-cü maddəsinə görə şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Qanunun 3.3-1-ci maddəsinə görə əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 1.2-ci maddəsinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. Əsasnamənin 1.5-ci bəndinə görə tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. Məhkəmə hesab edir ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində iddiaçıya əlilliyin yenidən təyin edilməsinin uzanması iddiaçının təqsiri deyildir. İddiaçı həmin müddət ərzində dəfələrlə zəruri sənədləri toplayaraq cavabdeh orqana müraciət etmişdir, lakin cavabdeh hər dəfə müxtəlif səbəblərlə ona imtina cavabı vermiş və nəhayət, üçüncü göndərişdən sonra ona 5 il müddətinə ll dərəcəli əlillik təyin etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Azərbaycan Respublikası İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildir. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli və iddiaçıya xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər olan dövrə görə 2-ci dərəcəli əlilliyin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər olan dövrə görə 2-ci dərəcəli əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun . Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti , 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar